“Ədəbiyyat və incəsənət” portalının Tələbə yaradıcılığı rubrikasında bu gün sizlərə yaradıcılığını təqdim edən Həqiqət Əsgərovadır. O, Naxçıvan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə III kurs tələbəsi, “NDU Gənc Yazarlar və Ədəbiyyatşünaslar Klubu”nun üzvüdür.
Dil bir millətin ruhudur. Dil susarsa, millət lal qalar.
Azərbaycan xalqının minillərlə keçdiyi tarixi yolun ən etibarlı daşıyıcısı, mənəvi varlığımızın daimi keşikçisi ana dilimizdir. Bu gün Azərbaycan dili nəinki ölkəmizin rəsmi dövlət dilidir, eyni zamanda dünya azərbaycanlılarını birləşdirən qəlb tellərindən biridir.
Ərəb işğalı dövründən başlayan və tariximizin sətirlərinə kölgə kimi düşən əlifba dəyişiklikləri, təkcə yazı texnikası deyil, milli yaddaşın, mədəniyyətin və kimliyin üzərində aparılan dərin izlər buraxan dəyişmələr idi. Hər bir əlifba keçidi ilə xalq bir az da öz keçmişindən uzaqlaşır, yeni bir kimlik axtarışına çıxırdı... Bu tarixi dəyişikliklərdən sonra, nəhayət, 1991-ci il – müstəqilliyimizin bərpası ilə tariximizdə ən mühüm dönüş nöqtələrindən biri yaşandı. Azərbaycan yazı və kimlik sahəsində də öz istiqlalını bəyan etdi – latın qrafikasına dönüş baş verdi. Bu, təkcə texniki deyil, ideoloji və mənəvi bir qələbə idi. Qələmimiz azad oldu, sözümüz milliləşdi, yazımız tariximizlə barışdı.
Çünki əlifbamız yalnız hərf düzümü deyil – xalqın ruhudur.
Və o ruh artıq öz evinə – ana dilinə, azad düşüncəyə qayıdıb.
Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. Bu qərar təkcə texniki bir dəyişiklik deyildi. Bu, milli mənlik şüurunun, dövlətçilik düşüncəsinin və dil müstəqilliyimizin təntənəsi idi. O gündən bəri hər il 1 avqustda təkcə əlifbamızı deyil, ana dilimizi, kimliyimizi və tariximizi də yad edirik. Bu gün bizə bir daha xatırladır ki, milli varlığımızın əsas sütunlarından biri də məhz dilimizdir.
Əlifba dilin qapısı, dil isə xalqın ürəyidir.
Əlifba dəyişiklikləri tariximizə müxtəlif izlər buraxsa da, Azərbaycan dili öz bütövlüyünü qorumuş, xalqın düşüncə tərzini yaşatmışdır. Bu dildə dastanlar yaranıb, bu dil şəhid analarının ahına çevrilib, bu dil muğamda süzülüb, bayatılarda köklənib.
Əlifba bizim yazılı yaddaşımızdır. Onun vasitəsilə fikirlər tarixə çevrilir, yazılı mədəniyyət var olur. Hər bir hərf bir mədəniyyət daşıyıcısıdır, bir fikir işarəsidir. Onu dəyişmək bir sətirdə sadələşə bilər, amma bütöv bir nəsilin öyrənmə tərzinə və milli yaddaşına təsir edir.
Ulu öndər Heydər Əliyev demişdir:
“Ana dilimizi hər bir azərbaycanlı bilməli, onu sevməli və qoruyub saxlamalıdır.”
Bu fikir sadəcə çağırış deyil, həm də milli məsuliyyət daşıyan bir amal kimi nəsildən-nəslə ötürülməlidir.
Bu dil Şəhriyarın "Ana dili" şeirində göz yaşına dönür, Sabirin satirasında alova çevrilir, Vaqifin qoşmasında səhnəyə çıxır. Bu dil təkcə ünsiyyət vasitəsi deyil, bir mədəniyyətin daşıyıcısıdır.
Azərbaycan dili zəngin tarixi və ədəbi irsi ilə seçilən bir dildir. Dədə Qorquddan, Nizamidən, Xətai və Sabirdən süzülüb bu günlərə gələn dilimiz, bu gün də müstəqil dövlətin rəsmi dili kimi səslənir. Bu dil xalqımızın düşüncəsini, ruhunu, iradəsini ifadə edir.Bu gün dilimizdə danışmaqla yanaşı, ona sahib çıxmaq, onu saflığı ilə qorumaq və təhriflərdən uzaq tutmaq hər bir vətəndaşın borcudur. Xalq şairi Bəxtiyar Vahabzadə bu barədə belə yazır:
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!
Unutmayaq bu dildə:
Şəhidin son duası səslənir,
Qəhrəmanın andı ucalır,
Uşağın ilk "ana" sözü doğulur.
Bu dili qorumaq – Vətəni qorumaqdır.
Bu əlifbanı yaşatmaq – yaddaşı yaşatmaqdır.
Təsadüfi deyil ki, hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününü qeyd edəndə biz həm də Azərbaycan milli mətbuatının təməl daşının – “Əkinçi” qəzetinin – yaranmasını xatırlayırıq.
Bildiyimiz kimi bu il Azərbaycan mətbuatının yaranmasının 150 illiyidir. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” yalnız bir qəzet deyil, dilin, xalq maarifinin, milli düşüncənin tribunasına çevrildi.
“Əkinçi” – təkcə qəzet deyil, milli oyanış idi
Bu qəzet ana dilində nəşr olunan ilk mətbu orqan idi. Onun səhifələrində ilk dəfə olaraq xalqın gündəlik həyatından, kəndlinin, müəllimin, tələbənin dərdindən, cəmiyyətin problemlərindən ana dilində, xalqın öz dili ilə danışıldı. Bu qəzet:
Dilimizin mətbu mədəniyyətinin əsasını qoydu, yeni yazı üslubunu formalaşdırdı, maarifçi düşüncəni yayan ilk vasitəyə çevrildi.
Bu, sadəcə mətbuat deyildi – xalqın səsi, sözün işığı idi.
Əgər 1875-ci ildə Həsən bəy ana dilində mətbuatın əsasını qoyduysa, 2001-ci ildə Ulu Öndər dilin hüquqi və siyasi yüksəlişini təmin etdi.Tarixin yaddaşında elə günlər var ki, sadəcə təqvimdə deyil, xalqın taleyində, düşüncəsində və ruhunda iz buraxır. Məhz belə günlərdən biri də 1 Avqustdur – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü. Bu tarix yalnız bir dil bayramı deyil, millətin öz sözünə, kimliyinə və yazı mədəniyyətinə sahib çıxmasının təntənəsidir.
Dil xalqın ruhudur. O danışmadıqca xalq susar, o inkişaf etmədikcə millət dayanır. Azərbaycan dili əsrlər boyu qadağalara, dəyişikliklərə və yad təsirlərə baxmayaraq, öz saflığını və gücünü qorumağı bacaran nadir dillərdəndir. Bu dil nəinki gündəlik ünsiyyət vasitəsidir, həm də ədəbi, siyasi və ideoloji mübarizə aləti olmuşdur.
Bu gün biz fəxrlə deyə bilirik ki, Azərbaycan dili – Azərbaycan dövlətinin rəsmi dilidir. Bu status təkcə konstitusion bir qərar deyil, bir xalqın öz dilinə verdiyi dəyərin, sevgisinin və iradəsinin göstəricisidir. Ulu öndər Heydər Əliyevin 2001-ci il fərmanı ilə 1 Avqust tarixi həm də latın qrafikalı Azərbaycan əlifbasının dövlət səviyyəsində təsdiqləndiyi gün kimi tarixə düşdü. Bu fərmanla biz sadəcə yeni bir yazı sisteminə keçmədik, öz köklərimizə, tarixi yaddaşımıza və türk dünyasına bir addım daha yaxınlaşdıq.
Əgər “Əkinçi” ana dili vasitəsilə xalqla mətbuat arasında körpü saldısa, bu gün Azərbaycan mətbuatı da həmin körpünü rəqəmsal dövrün çağırışları fonunda möhkəmləndirməli, dilin saflığını və əlifbanın düzgünlüyünü qorumağa xidmət etməlidir. Mətbuat yalnız informasiya vasitəsi deyil, dilin tərbiyəçisidir. Bu səbəbdən jurnalistlər, yazıçılar və ziyalılar dil qarşısında məsuliyyətli keşikçi rolunu oynamalıdırlar.
Unutmayaq:
Əlifbamız – yazılı yaddaşımız, dilimiz – kimliyimizin əsası, mətbuatımız – bu səsi dünyaya çatdıran güzgüdür.
“Ədəbiyyat və incəsənət”
(01.08.2025)