Mədəniyyətlə yüksələn birlik Featured

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Bizim aramızda təkcə sərhədlər yox, səs və ruh körpüləri var. Elə bir səs və ruh ki, Gündoğar rüzgarında, Türküstan ellərində yetişib, Çin səddini keçib, Aralın, Xəzərin dalğasında çağlayıb, Qafqaz dağlarında yanqılanıb. O səs - milli kimliyimizin, ortaq yaddaşımızın, bəşəri ruhumuzun səsidir. Belə bir səslə yazılıb Nəvainin Nizami məhəbbətli əsərləri, bu səslə tikilib Səmərqəndin Registanı, bu səsdir Xarıbülbülə anlam verən - onu bitkilikdən çıxardıb Könüldə, Yaddaşda bitirən, bax, bax, bu səsdir muğamı dastana, aşığı baxşıya bağlayan…

 

Dövlət başçıları arasında olduğu kimi, uluslar arasında da bu gün elə bir ruh körpüsü çəkilir ki, artıq Bakıda “Özbəkistan” parkı salınırsa, demək, azərbaycanlıların könlündəki bağça-bağ xoşluqla Təbiətə təslim edilir. Belə parklar, bağça-bağlar torpağın üzərindəki oyanışdan ziyadə, torpağın arzularının, yaddaşın üzə çıxması, çiçəkləməsidir. Burada təkcə ağaclar böyüməyəcək – qardaşlıq daha dərinlərə kök salacaq, ruhi gücümüz yeni meyvələr verəcək.

Bakı Bakıdır - keçmiş Qara şəhəri, bugünkü Ağşəhəri və gələcək ağgünləriylə! Bəs Qarabağ? - Qarabağ – yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının xoşməramlı yarış meydanıdır sanki. Bu ulu meydanda ilk kömək-məktəb əlini uzadan ölkənin adı: Özbəkistan! İlk məktəb – ilk işıq, ilk nəfəs! Uluğbəyin adını daşıyan ilk məktəb Özbəkistanın, yenə Füzulidəki Kurmanqazi adına mərkəz Qazaxıstanın, Ağdamdakı məktəb kompleksi layihə isə Qırğz Respublikasının qardaşlıq əlidir. - Hər biri öz yerində-göyündə və vədəsində!..

Bəli, biz bütün hallarda təkcə bir binanın tikintisindən danışmırıq. Bu – dağıdılmış yaddaşın, sındırılmasına çoxsaylı cəhdlər edilmiş qürurun, parçalanmış coğrafiyanın birləşməsinə qatılan türk əli, türk imzasıdır. Hələ Xankəndindəki tikiş fabriki – qardaş əlinin əməyidir. Bu əmək – ipək kimi incə, çinar kimi köklü, dağ kimi əzəmətlidir.

Bu jestlərin ardında siyasətdən daha böyük dayaqlar var: ulu qardaşlıq məsuliyyəti kimi! İki ölkə bir-birinin dərdinə qıraqdan baxmır, onu bölüşür, həmdərd olur. Bu, təkcə dövlət adamlarının yox, bir ulusun özünə olan sayğısıdır.

Daşkəndlə Bakı arasında artıq protokollardan üstün ruhi axınlar var. Müttəfiqlik – diplomatik termindən çıxaraq, milli ideala çevrilib. Ortaq yatırım layihələri, Orta Dəhliz planı, kənd təsərrüfatı işbirliyi - bunlar sadəcə iqtisadi göstəricilər deyil, əlbəttə. Əlbəttə, bunlar - Türk birliyinin gerçək işləyiş mexanizmləridir.

 

Bu işbirliyi – “bir gün olacaq” romantizmini aşıb və biz, “başlamışıq” gerçəkliyinin təcallalarından söz açırıq. İlham Əliyevlə Şavkat Mirziyoyevin liderlik sinerjisi, Türk dünyasının Avrasiya düzənindəki mövqeyini gücləndirən strateji hərəkət (hərəkat!) xəritəsidir.

Bu gün Azərbaycanla Özbəkistanın birlik tablosunda yalnız iqtisadi, siyasi, mədəni xətlər deyil, mənəvi vəhdət də görünür. Türküstanın bərəkət ətrini alanlar, Şuşada bülbül səsi eşidənlər bir-birini tanımamış sayılmaz. Bu coğrafiyada ruhun sınırı yoxdur.

Türk dünyası — yalnız tarix kitablarında axtarılmaz, aranmaz; bugünkü tikinti-quruculuqda, bugünkü parklarda, bağça-bağlarda və də könül bağlarında, ortaq mədəniyyət iqlimində, hətta bu günkü təbəssümlərdə yaşayır. Özbəkistan Prezidentinin Bakıya, ardınca Füzuli şəhəri üzərindən Ağdama, oradan Xankəndinə səfəri - bir ruhi gücün başqa bir qardaşın ruhi gücüylə görüşüdür. Bu görüşün alt qatında min illərin səsi, yuxarı qatında isə sabahın aydınlığı var!..

Tarix bəzən sözlə yazılar, bəzən səfərlə. Bəzən bayraq yellənər, bəzən qardaş əli uzanar. İkisi bir vaxtda olanda daha da gözəl olur! 02.07.2025-ci il – bu, təqvim vərəqindəki bir göstərici olmaqda qalmayıb, Türküstan ruhunun səfərə çıxdığı, zamanın çağırışa çevrildiyi gündür. O ruh ki, türkün Tanrısal - Göyüzündən gələn nəfəsidir; o çağırış ki, Türk dünyasının dərindən və üfüqügeniş birləşmək nişanəsidir.

Bu gün Özbəkistanla Azərbaycan arasında iqtisadiyyatın yanısıra, tarixi, mənəvi, strateji körpülər çəkilir. İki dövlətin arasında yox, iki xalqın qəlbində bir yol açılır. Bu yol, Aralın suyu ilə Xəzərin ləpəsi arasında nəfəs alan bir mənəvi marşrutdur.

Müttəfiqlik Müqaviləsi, Yatırım Fondu, məktəblər, fabriklər, parklar — bunlar daş, sement, kağız olmaqdan lap çoxdan çıxıb. Bunlar ruhun dirçəlişi, türk ulusunun çağdaş manifestidir. Siyasətüstü bir yığval var burda – ulusal şüur, Turan ülküsü, gələcəyə daşınan iradə!..

Bu sarsılmaz ruh, indi Qarabağ dağlarında qutlu və qurtuluşlu dərin nəfəs alır. Əlişir Nəvainin hikməti, Nizaminin poetikası, Uluğbəyin ağlı, dövlət böyüklərimizin iradəsi – bir yolun içində qovuşur: o yol Türk dünyasının ulu yoludur.

Bəli, bu yol asan olmadı, bundan sonra da çətinliklər ola bilər; amma yol - bizim yolumuzdur. Hər addımda bir yurd, hər dayanacaqda bir bayraq var. Bu yolun adı var: Böyük Türk birliyi!

Bakıdan Daşkəndə uçan bu ruh - iki şəhər arasında olmaqdan ziyadə, iki Ürək, iki tarix, iki yığval arasında uçur, uçur!.. Və bu ruhun qanadında bir alxış var: “Tanrı Türkü qorusun”!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.