CƏLİL XƏLİLOV: Azərbaycan veteranları Rusiya hakimiyyətindən irqçi addımlara son qoyulmasını tələb edirlər Featured

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirilir. Saxta ittihamla 5 azərbaycanlıya evlərində yatdıqları yerdə basqın edib döyərək öldürən FSB qatilləri dünən Uralda Azərbaycan Diasporunun sədri Şahin Şıxlınskini vəhşicəsinə avtomobilindən yerə yıxaraq döyərək naməlum istiqamətə aparmış, buna “şahid qismində dindirilmə” adı qoymuşlar. Söz tapmaq çətindir. Bu vəhşiliyi edənlər gözgörəsi azərbaycanlılara qarşı nifrət sərgiləyirlər.

Hər bir taleyüklü məsələdə fikir bildirən, səs ucaldan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov baş verən olaylara dərhal münasibət bildiribdir.

“Ədəbiyyat və incəsənət” portalı Cəlil Xəlilovun bəyanatını diqqətinizə çatdırır.

 

 

Təyyarə olayından sonra Yekaterinburqda baş verənlər Rusiyanın hüquq-mühafizə orqanlarının irqçi, şovinist davranışının sübutudur.

Mülki insanların elə öz evlərindəcə güc orqanları tərəfindən amansızcasına qətlə yetirilməsi Rusiyanın hüquq anlayışından imtina etdiyini göstərir.

Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən azərbaycanlıların ailəsinə edilən hücum və bu hücum zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyən şəxslərin amansızcasına qətlə yetirilməsi Rusiya dövləti adına böyük utanc, hüquqi dövlət anlayışı adına rüsvayçılıqdır. Nəinki müasir dünyamızda, hətta Stalin dönəmində belə insanların məhkəməsiz şəkildə, doğmalarının gözləri önündə güllələnməsi baş verməyib. Lakin bu gün biz müasir Rusiyanın timsalında bu cür biabırçı və antihumanist hallara rast gəlirik ki, bu da təəssüf və ikrah doğurur. Baş verənlər Rusiyanın etniklərə qarşı aqressiv, şovinist siyasətinin göstəricisidir və bütün hallarda qəbuledilməzdir.

İran-İsrail müharibəsi zamanı İran ərazisində müdafiəsiz qalan, ciddi təhlükə altında qalan onlarla Rusiya vətəndaşı Azərbaycan dövlətinin himayəsi və iştirakı ilə ölkəmizə gətirildi və buradan Rusiyaya yola salındı. Həmin vaxt Rusiyanın əlaqədar dövlət qurumları dəfələrlə Azərbaycana öz təşəkkürlərini bildirdilər. Lakin bu hadisənin üstündən qısa zaman sonra Yekaterinburqda azərbaycanlıların kütləvi şəkildə zorakılığa məruz qalması, rəsmi Kremlin minnətdarlıq hissinin ötəri olduğunu, ona edilən yaxşılığı nankorluqla cavab verdiyini göstərdi. İranda Rusiya vətəndaşlarını ölümdən xilas etdiyimiz halda, Rusiyada azərbaycanlılar güc orqanları tərəfindən nümayişkaranə şəkildə qətlə yetirildi.

Ötən ilin təyyarə olayından sonra Rusiyanın azərbaycanlılar əleyhinə yeni, ölümcül bir addıma imza atması Kremlin məqsədli siyasətindən xəbər verir. 25 dekabr 2024-cü il tarixində AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarənin Rusiya səmasında vurulması və Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı hadisənin üstündən bir neçə ay ötsə də, Rusiya tərəfi hələ də müqəssirlərin müəyyən edilməsi və cəzalandırılması istiqamətində konkret addımlar atmayıb. Təyyarə olayının ardınca 27 iyun 2025-ci il tarixində Yekaterinburqda polis basqını zamanı heç bir müqavimət göstərməyən 5 azərbaycanlının qətlə yetirilməsi, xeyli sayda soydaşımızın həbs edilməsi və amansız işgəncələrə məruz qalması Kremlin qonşu xalqlara, eləcə də miqrantlara qarşı xoş olmayan niyyətindən xəbər verir. Hesab edirəm ki, Rusiya hakimiyyəti, bu dövlətin əlaqədar instansiyaları Yekaterinburq olayı ilə bağlı obyektiv araşdırma aparmalı, azərbaycanlılara qarşı lüzumsuz zorakılıq və şiddət sərgiləyən, onları qətlə yetirən şəxslərin cəzalandırılmasını təmin etməlidir. Əks halda, bu olay Azərbaycan-Rusiya münasibətlərinin bu gününə və gələcəyinə mənfi mənada təsir göstərməkdə davam edəcək, Kremlin səmimiyyətinə olan inamı ortadan qaldıracaq.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.