Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələrin veteranlar təşkilatı” İctimai Birliyinin “Qeyri - hökumət təşkilatlarına dəstək” Agentliyinin layihəsi əsasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı tədbir təşkil edilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Kitabxanadan verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi.

AMEA-nın Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vəfa Saleh uzun illər müharibə ərazisinin “qaynar” nöqtələrində təşkilatçısı olduğu layihələr, müsabiqələr, görüşlər haqqında danışaraq, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması olduğunu bildirdi.   Vəfa Saleh layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi.

Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim  diqqət və qayğı ilə yanaşdığını söylədi.

Tədbirin sonunda qonaqlar iştirakçıların suallarını cavablandırdılar.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.