“Qayıt” şeiri ilə o, poeziyamıza öz möhürünü vurdu - ƏLİ KƏRİMİN ANIM GÜNÜ Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Elə şairlər var ki, cəmi bircə şeirlə poeziya səltənətində özlərinə yer eləməyə müvəffəq olurlar. Elə bu gün anım günü olan Əli Kərim kimi. Onun “Qayıt” şeirini sovet gəncliyi də əzbərdən bilirdi, müasir müstəqillik dövrü gəncliyi də əzbərdən bilir.

Mən təklif edirəm ki, bugünkü anım günündə “Qayıt” şeirinə görkəmli bəstəkarımız Oqtay Kazıminin yazdığı “Nə gəlməz oldun” mahnısını ya korifey sənətkarımız Flora Kərimovanın, ya da səsindəki yanğı ilə mumu belə əridən Aybəniz Haşımovanın ifasında dinləyəsiniz. Qoy mərhum şairin yoxluğunda daim yaşayan ölməz kəlmələrindən yoğrulmuş bu ilahi mahnı ruhunuza qida versin.

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Əli Kərim 1931-ci il mart ayının 18-də Azərbaycanın Göyçay şəhərində anadan olub. Atası Paşa kişi fəhlə işləyib.

1948-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada ehtiyacı olduğu yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib. Bakıya qayıtdıqdan sonra "Azərbaycan" jurnalının redaksiyasında işləyib, şeir şöbəsinin müdiri olub.

Əli Kərimin ömrü, öz şair sözü kimi, poeziyada atributa çevrilib. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. İlk nəşr olunan əsəri 1948-ci ildə "Azərbaycan pioneri" qəzetində çıxmış "Təzə müəllim" şeiri olub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında "İlk simfoniya" poeması mükafata layiq görülüb. İlk kitabı 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibətilə Moskvada rusca çıxan "İki sevgili" kitabı olub.

 

Filmoqrafiya

1. Daş

2. Sənət sevincləri

3. Yeddi duyum

4. Son nəfəs

5. Sənətkar ömrü

6. Gələcəyin şairi

7. Əli Kərim

8. Yadigarlar

9. Könül dünyamız

10. Sətirlər

11. Ovqat

 

Şeirlərinə yazılmış mahnılar

- Flora Kərimova - Nə Gəlməz Oldun - musiqi: Oqtay Kazımi

- Yaqub Zurufçu - Yar Gəldi - musiqi: Adil Gəray

- Vaqif Şixaliyev - Azərbaycanım Mənim - musiqi: Hacı Zirəddin Tağıyev

- Ayşən Mehdiyeva - Azərbaycanım Mənim - musiqi: Adil Gəray

- Azad Zamanov - Qayıt - musiqi: Sevil Rüstəmova

- Flora Kərimova, Elxan Əhədzadə - Yar gəldi - musiqi: Elza Ibrahimova

- Nə xoşbəxt imişəm - musiqi: Cavanşir Quliyev

 

Əsərlərinin nəşri

1. İki sevgili

2. Həmişə səfərdə

3. Qızıl qanad

4. Qaytar ana borcunu

5. Uşaqlar və ulduzlar

6. Səfərdən sonra

7. Tənbəl ayı balası

8. Seçilmiş əsərləri (iki cilddə). I cild

9. Seçilmiş əsərləri (iki cilddə). II cild

 

Əli Kərim çox az yaşayıb, 30 iyun 1969-cu ildə 38 yaşında vəfat edib. Şairin əsərlərindən bir çoxu ölümündən sonra işıq üzü görüb.

1969-cu ilin 30 iyununda Bakıda vəfat edib, Göyçayda dəfn edilibdir şair. Dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb. Sumqayıt şəhərində Əli Kərim poeziya klubu fəaliyyət göstərir.

Ruhu şad olsun!

 

QAYIT

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun.
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun?!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halımı soruş, könlümü dindir,
Axşamlar yadıma düşür səhərim.


Qayıt, mənim gülüm, yerbəyer elə,
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm elə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi —
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, səhmana sal bu kainatı.

 

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.