İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Onun barəsində ən dolğun məlumatı yazıçı Varisin “Qırmızı ləçəklər” romanından almaq olar. Dövlət sifarişi ilə 2019-cu ildə yazılmış, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası vasitəsilə təbliğ olunan bu roman bizə Vətən uğrunda canını verən əsl azərbaycanlı kişisinin obrazını canlandırır.
1953-cü ilin isti yayında – iyun ayının 24-də Qarabağın gözəlliklər beşiyi olan Xocalıda bir oğlan dünyaya gəldi. Onun adını Əlif qoydular. Uşaqlıqdan cəsarəti, dik duruşu, ədalətə olan meyli ilə seçildi. Sonralar bu uşağın adı Azərbaycanın yaddaşına şərəf, igidlik və şəhidlik simvolu kimi yazılacaqdı. O, həm Milli Qəhrəman kimi, həm də Şəhidlər Xiyabanında uyuyan ilk Qarabağ müharibəsi şəhidi kimi tarixə düşəcəkdi.
"Həyat və xidmət yolu"
Əlif 1970-ci ildə orta məktəbi bitirdikdən sonra Xankəndidə sürücülük kursu keçib və 1971–1973-cü illərdə Sovet Ordusunda xidmət etdi. Hərbi xidmətini Belarusda – Minskdə başa vurub. Hərbi nizam-intizam və ciddiyyət onun xarakterində əsas yer tutmağa başlayıb.
Geri döndükdə öz torpağında yad kimi qarşılanıb, Dağlıq Qarabağa yiyiələnmiş ermənilər ona nə iş veriblər, nə də təhsil almasına imkan. Belədə, Əlif yenidən Belarusa qayıdası olub.
1974-cü ildən etibarən daxili işlər orqanlarında fəaliyyət göstərməyə başlayıb. Həm təhsil alıb, həm milis sıralarında fəaliyyət göstərib. Frunze adına Xüsusi Milis Məktəbində və daha sonra SSRİ DİN Akademiyasında qiyabi təhsil alıb. Hüquq-mühafizə sahəsində peşəkarlaşdı və ciddi uğurlar qazanıb. Bundan sonra Əlif Xocalıya qayıdıb, Əskəranda milis işləyib. Haqqları pozulan azərbaycanlıları erməni basqısından qoruyub, tezliklə adı dillərdə dolaşıb. Lakin onun bu uğurları bəzi dairələri narahat edib.
Əlif Hacıyev Qarabağda erməni millətçi dairələrinin gizli fəaliyyətini ifşa etdiyi üçün əsassız ittihamlarla 10 il azadlıqdan məhrum edilib. Bu saxta ittihamlar onun iradəsini sındıra bilməyib. 1987-ci ildə cəzası 6 ilə endirilib və 1989-cu ildə o, azadlığa buraxılıb.
Lakin Əlif üçün sakit həyat yoxdur. O, yenidən vətənin çağırışına səs verib. 1990-cı ildə Daxili İşlər Nazirliyinə qayıdıb və doğma Xocalı Aeroportunun komendantı təyin olunub. Onun rəhbərliyi ilə hava limanı erməni silahlılarından geri alınıb. 1991-ci ilin sonlarında o, mayor rütbəsi alıb.
"Ailəsi və Qalina Hacıyeva ilə tanışlığı"
Əlif Hacıyev xidməti illərində Belarusda yaşadığı dövrdə Qalina Hacıyeva ilə tanış olub. Qalina ilə onların münasibəti dərin hörmət və sevgi üzərində qurulub. Milliyyət fərqi, mədəniyyət fərqi onların arasında maneə ola bilməmişdi – çünki onları birləşdirən ürək, insanlıq, ədalət sevgisi və mənəvi bağlılıq idi.
Onların bu sevgisi 1981-ci ildə ailə qurmaqla rəsmiyyət qazanıb. Bu evlilikdən iki qız övladları – Zərinə və İradə dünyaya gəldi. Qalina xanım, Əlifin Azərbaycan vətəninə olan bağlılığını həmişə dəstəkləyib, onun çətin və məsuliyyətli həyat yolunda arxa olub. Bu ailə, çətin illərdə də möhkəm qalıb, vətənin taleyinə biganə qalmayıb.
"Xocalı faciəsi və Qəhraman ölüm"
1992-ci ilin fevralı. Qarlı, sərt və qara xəbərli gecə… 25-dən 26-na keçən gecə Xocalıya erməni silahlı qüvvələrinin amansız hücumu başladı. Dinc əhalinin üzərinə tanklar, toplar və avtomatlarla gəlirdilər. Əlif Hacıyev həmin gecə tam silahlı vəziyyətdə, başında dəbilqə, əlində avtomat – öz vəzifə borcunu yerinə yetirirdi.
O, yüzlərlə insanı Şelli kəndinə, meşələrə yönəldərək ölüm təhlükəsindən uzaqlaşdırmağa çalışdı. Silaha sarılıb öndə döyüşdü, əsgərlərinə ruh verdi. Lakin, düşmən çox və amansız idi. O, avtomat darağını dəyişərkən düşmənin atdığı güllə ona tuş gəldi. Əlif Hacıyev şəhid oldu – amma geri çəkilmədi, qorxmadı, əyilmədi. Onun meyiti beş gün sonra meşədən tapılaraq Bakıya gətirildi. Şəhidlər Xiyabanında dəfn olunub.
"Təltifləri və əbədi xatirəsi"
1992-ci il, 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Əlif Hacıyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib. O, “Qızıl Ulduz” medalı ilə təltif edilib. Onun adı Bakının Nizami rayonunda bir küçəyə verilib. Onun haqqında sənədli filmlər çəkilib– “Xocalının Əlifi” kimi yaddaşlara yazılıb. Hər il doğum və şəhidlik günlərində anım mərasimləri keçirilir, məktəblərdə onun haqqında danışılır. Qalina xanım və övladları isə bu gün də onun adını yaşadır, onun döyüş yolunu gələcək nəsillərə çatdırmaq üçün çalışırlar.
"Əlif Hacıyev - ölümü ilə də yaşamağı öyrədən qəhrəman. Qəhrəmanlar ölməz… Vətən səni unutmayacaq, Əlif!"
O, təkcə bir mayor, bir komendant deyildi. O, Xocalının qalası, millətin vicdanı, vəfa və igidliyin simvolu idi. Həm döyüş meydanında, həm ailəsində, həm də xalqının qarşısında o, məsuliyyətli və fədakar duruş sərgiləyib. O, bu torpağın oğluydu və bu torpaqda şəhid oldu. Onun qəlbi Xocalı üçün döyündü, son nəfəsinə qədər…
İndi Xocalı azaddır. Və Əlif Hacıyevin də ruhu şaddır.
“Ədəbiyyat və incəsənət”
(24.06.2025)