Laçında “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib

 

İyunun 19-da Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, konfransdan əvvəl Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Konfransada çıxış edən Prezidentin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov 8 Noyabr Zəfərinin tarixi əhəmiyyətinə diqqət çəkib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə sayəsində suverenliyimizin təmin olunduğunu vurğulayıb. Qeyd edilib ki, 8 Noyabr Zəfəri, bu Zəfəri xalqımıza bəxş edən müzəffər Milli Ordumuz ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün, xalqımızın və dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısıdır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında 8 Noyabr Zəfəri ilə ölkəmizin sadəcə hərbi deyil, siyasi-iqtisadi, mədəni-sosial həyatında yeni bir dövrün başlanıldığını qeyd edib. O, Prezident İlham Əliyevin böyük sərkərdəlik qabiliyyəti, yüksək siyasi səriştəsi, diplomatik uzaqgörənliyi sayəsində xalqımızın 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər əldə etdiyinə diqqət çəkərək həmin Qələbə sayəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu vurğulayıb. Polkovnik qeyd edib ki, bu gün xalqımızın, eləcə də hər bir azərbaycanlının qarşısında duran başlıca vəzifə 8 Noyabr Zəfərinin nəticələrinin qorunub saxlanılması, anti-Azərbaycan qüvvələrinin məkrli fəaliyyətinə qarşı birgə mübarizənin davam etdirilməsi, xalq-dövlət həmrəyliyinin gücləndirilməsidir.

Konfransda çıxış edən Laçın rayonu Ədalət Məmmədov adına Zabux kənd orta məktəbinin müəllimi, qazi Taleh İsgəndərli, Laçın rayon ictimaiyyət nümayəndəsi Qəzənfər Hüseynov 8 Noyabr Zəfərinin tarixi əhəmiyyəti və onun regionda yaratdığı yeni status-kvo ilə bağlı maraqlı fikirlər səsləndirib, ölkədəki sabitlik və həmrəyliyin qorunub saxlanılmasının vacibliyini vurğulayıblar.

Konfransın yekununda Müdafiə Nazirliyinin Gəncə qornizonunun İdeoloji və Mədəniyyət Mərkəzinin “Vətən uğrunda” ansamblının solistləri vətənpərvərlik mahnıları ifa ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.