Mübariz – Vətənin adına yazılmış qəhrəmanlıq dastanı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Dünən Vətəni üçün düşmən səngərinə yollanmazdan öncə ailəsinə məktub yazan, onlarla vidalaşan qəhrəman Mübariz İbrahimovun anım günü idi.

Nu heç vaxt xalqımız unutmayacaq. Minlərlə gənc onu özünə örnək seçib.

 

Mübariz İbrahimov 7 fevral 1988-ci ildə dünyaya gəlmişdi.

O, adi bir kənddə – Biləsuvarın Əliabad kəndində dünyaya göz açmışdı. 1988-ci ilin soyuq fevral ayı idi. Təbiət qışın son nəfəsini çəkərkən, ana torpaq yeni bir oğlunu bağrına basırdı. Bu uşaq sadəcə bir körpə deyildi – Vətənin alnına yazılmış müqəddəs bir tale idi. Adını "Mübariz" qoydular – sanki qismətinə yazılan mücadiləni, döyüşkənliyi, qeyrəti qabaqcadan ifadə edən bir ad...

 

Uşaqlıq illərində sakit, amma iradəli bir uşaq idi. Məktəbdə dərslərinə ciddi yanaşar, vətən, tarix, qəhrəmanlıqla bağlı kitablara maraq göstərərdi. Döyüş filmlərinə baxar, əsgərlərə bənzəməyə çalışar, hətta kiçik yaşlarından “vətən uğrunda ölmək” nə deməkdir sualına cavab tapmağa çalışardı. Hələ o vaxtlardan ürəyində bir atəş yanırdı – bu atəş vətən eşqi idi.

 

2006-cı ildə hərbi xidmətə çağırıldı. Hər kəs üçün adi bir borc olan bu yol, Mübariz üçün bir amala çevrildi. Daxili Qoşunların xüsusi təyinatlı dəstəsində xidmət göstərdi. Gözlə görülməyən bir sükunətlə hazırlıq keçdi, dözümlü, cəsur, prinsipial bir əsgər kimi tanındı. Hərbi xidmətini başa vurdu, amma içindəki Vətən çağırışı onu yenidən cəbhəyə çəkdi. 2009-cu ildə könüllü olaraq yenidən ordu sıralarına yazıldı. Bu dəfə artıq rütbəli hərbçi – gizir kimi.

 

O, Vətən torpaqlarının bölündüyü, susqunluğun sanki həqiqətə çevrildiyi zamanlarda, sükutu qırmaq istəyirdi. Bilirdi ki, şəhidlik bir yoxluq deyil, əksinə, sonsuz bir varlıqdır. Onun inancı belə idi: “Əgər şəhid olsam, məni Vətən bilsin, düşmən tanısın!”

 

2010-cu ilin iyun ayında, gecənin qaranlığında Mübariz sükutu pozdu. Təkbaşına düşmən mövqelərinə keçdi. O gecə heç bir sirena çalmadı, amma torpağın ruhu titrədi. Mübariz 5 saat tək döyüşdü – sanki bir orduya bərabər idi. Qəlbində min illərin haqqı, əlində silah, arxasında isə millətinin qüruru vardı. Düşmənə ciddi itkilər verdirdi, qorxuya qərq etdi onları. Amma nəticədə o, şəhid oldu. Lakin bu şəhidlik bir susqunluq deyildi – bu, sükutu sındıran çağırış idi.

 

*Şəhid olsam ağlamayın, əksinə sevinin ki o mərtəbəyə yüksəldim* 

 

Fərqli hiss edirdim, hiss edirdim ki nəsə etmək istəyir, nəsə düşünür, amma mən həmişə onu sakitləşdirməyə çalışırdım ki, darıxma, müharibə olsa döyüşərsən. O, döyüşmək istəyirdi. İstəyirdi ki düşməndən qisas alsın. Bilərəkdən, düşünmədən həyatından, şirin canından keçmək- hər adam onu edə bilməz. Bu qərarı qəbul etmək çətindi. O, isə bu addımı atdı, Şəhid oldu.

(atası - Ağakərim İbrahimov)

 

Həmişə deyirdi haqqınızı halal edin getmək var, dönmək yoxdur. Bunu həmişə deyirdi. Bizi buna öyrəşdirmişdi. Hər gedəndə halallıq alırdı. Biz uşaqlığında da, gəncliyində də ondan inciməmişik.

(Şamama İbrahimova)

 

_Ondan Vətəni sevməyi öyrənmişəm - ilk öncə necə Vətəni sevmək lazımdı, Vətən necə Vətənə xidmət etmək lazımdır. O, Vətəni daim sevirdi. Hamıya məsləhət görürdü ki, xidmətini kişi kimi etsin. Nəinki mən bütün Azərbaycan ordusu üçün bir nümunədi. O, xalqı qaldırdı ayağa, Vətəni qaldırdı. Bildirdi ki Vətəni sevmək lazımdı, Vətən var.

(Faiq Hacıyev -əsgər)

 

Ayın 17-si günü zəng vurdu, saat 11 olardı. Bol-bol sədəqlər paylayın, ibadətlərinizi vaxtında edin. Uşaqları evləndirin, - dedi.

(Ailəsi)

 

_Mən oğlumu tanıyıram, bilirəm ki heç vaxt düşmən qabağından qaçmaz. O, heç vaxt səngəri qoyub qaçmaz, eve gəlməz. Bunu mən öz varlığım kimi bilirəm. Ola bilməz. Siz nə danışırsınız? Bilmirəm siz kimsiz. Onu o tərəfdə axtarın, mümkünsə ona kömək göndərin.

(Ağakərim İbrahimov)

 

_Televizora baxırdı, dedi ürəyimə damıb ki öləcəm, dedim, Allah eləməsin. 08:00-da məşq eləmək vaxtı idi. Özü ilə bərabər bütün əsgərləri də yığırdı. Hətta mən idman eləməyən insan, məndə də maraq yaratmışdı. İdman eləyə-eləyə vətənpərvərlik haqqında danışardı onlara. Mən sevinirəm ki o arzusuna çatdı. Təki bu hamımıza qismət olsun. Haradasa 10-un yarısı idi, dedim Mübariz, sən cavabdehsən şəxsi heyətə, dedi, baş üstə. Elə bu anda atəşkəs pozuldu, gəlmək istədi. Dedim, sən şəxsi heyətlə işlə, mən qalxıram. Gördüm atışma var, amma o qədər də yox. 20-25 dəqiqə gözlədim, qayıtdım. Gördüm ki, Mübariz yoxdu. Soruşdum, dedilər ki, posta qalxıb. Dedim, ordan gəlirəm, görmədim onu, ora bir yol var. Qalxdım yuxarı, gördüm yoxdur. Mübarizə zəng etdim, əvvəl çatdı, sonra zəng çatmadı. Bölük komandirinə zəng vurdum, ərz etdim ki, Mübariz yoxdu…

(Tural Həsənov - tağım komandiri)

 

Gecə 11-12 radələrində Borsullu kəndinin postundan istifadə edərək düşmən tərəfə hərəkət etmişdir. O, minalanmış sahəni uğurla keçib getmişdir.

(İradə İsaq - jurnalist)

 

Gizir Mübariz İbrahimov 18 iyun 2010-cu ildə Tərtər rayonunda qeyri - bərabər döyüşdə şücaət göstərərək Şəhidlik məqamına ucaldı.

Onun cəsədi düşmən torpağında qaldı. 141 gün... Azərbaycan xalqı onun yolunu gözlədi. Nəhayət, 6 noyabrda cəsədi Vətənə qaytarıldı. Bakıda, II Fəxri Xiyabanda dəfn olundu – orada, ən böyük oğulların yanında.

 

Azərbaycan Prezidenti tərəfindən “Milli Qəhrəman” adı verildi ona. Azərbaycanın "ilin adamı" adına layiq görüldü. Biləsuvardakı məktəb, küçələr, abidələr, hətta Türkiyədə hərbi texnikalar onun adını daşımağa başladı. O, fiziki olaraq bu dünyadan köçsə də, ruhu ilə minlərlə gəncin yoluna işıq oldu.

Mübariz təkcə bir hərbçi deyildi. O, cəsarətin, qürurun, səssiz qiyamın rəmzinə çevrildi. Vətən uğrunda canını fəda edənlərin dilində yeni bir dua, tarixdə isə əbədi bir iz oldu. Onun adı gələndə insanlar başını dik tutur, gözləri dolur – çünki bu ad torpağın öz səsinə çevrilib.

"Əgər şəhid olsam, məni itmiş saymayın... Mən Vətənin zirvəsinə yüksəlmişəm" – Mübariz İbrahimovun həyat fəlsəfəsi bu idi. O, bir döyüşçü kimi getdi, bir əfsanə kimi qayıtdı...

 

Azərbaycan xalqı igid oğlu ilə fəxr edir, qürur duyur. Vəfatından 15 il keçsə də o unudulmur, inşəAllah Vətən var olduqca da onun adını yaşadacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.