İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan SSR xalq rəssamı Elbəy Rzaquliyev! Bu ad nələr demir. Azərbaycan təsviri sənətinidə öz dəst-xətti, nizami, axını olan, çox sayda şagird və ardıcıllar yetirən ustad, azman bir sənətkardan söhbət gedir.
Əlbəttə ki, 100 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Hələliksə, biz 99-dan danışaq.
Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuyarkən Bakı Pionerlər Evinin (o vaxtlar Dom Pioner adı ilə məşhur idi) rəssamlıq studiyasında məşğul olub. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə ÜDKİ-nin rəssamlıq fakültəsinə daxil olub. Burada rəssamlıq fakültəsində oxuyan gənc rəssam Q.Şeqal, Y.Pimenov, A.Dixtyar və M.Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb.
Təhsilini başa vurub, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb. Bundan sonra onun yaradıcılığı iki əsas istiqamətdə inkişaf edib: rəngkar və kino rəssamı.
Rəssamın kinostudiyada ilk işi kinorejissor Hüseyn Seyidzadə və Yan Fridin 1954-cü ildə quruluş verdikləri “Doğma xalqımıza” bədii-sənədli filmidir. O, bu film üzərində rəssamlardan C.Əzimov və A.Freydlə birgə işləyib. Bu filmin ardınca 1955-ci ildə dostu C.Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.
1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük müvəffəqiyyətlə nümayiş etdirib və sənətsevərlərin diqqətini özünə cəlb edib. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına, 1998-ci ildə "Şöhrət" ordeninə layiq görülüb. Azərbaycan Rəssamlar İttifaqının katibi olub.
Yaratdığı əsərlərdən "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digərləri böyük maraqla qarşılanıb. "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olub.
Filmoqrafiya
1. Araqarışdıran
2. Arşın mal alan
3. Arxadan vurulan zərbə
4. Arzularını çəkən rəssam
5. Bakıda küləklər əsir
6. Baladadaşın İlk Məhəbbəti
7. Bəxtiyar
8. Bəyin oğurlanması
9. Bir məhəllədən iki nəfər
10. Dənizə çıxmaq qorxuludur
11. Dərviş Parisi partladır
Mükafatları
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı ("Azərbaycan Böyük Vətən müharibəsində" mövzusunda silsilə rəsmləri üçün)
- "Əməkdə fərqlənməyə görə" medalı
- "Şöhrət" ordeni
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü
Rəssam 2007-ci il 15 sentyabrda 81 yaşında vəfat edib. Həmin il Mübariz Nağıyev tərəfindən Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edən “Arzularını çəkən rəssam” adlı qısametrajlı sənədli film çəkilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)