Könül, “Ədəbiyyat və incəsənət”
Ötən gün - mayın 18-i Beynəlxalq Muzeylər Günü idi. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 48 il öncə – 1977-ci ildə təsis edilən əlamətdar gün hər il müxtəlif devizlər altında qeyd olunur. Bu ilin mövzusu “Sürətlə dəyişən icmalarda muzeylərin gələcəyi” adlanırdı.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il Beynəlxalq Muzeylər Günü ölkəmizdə müxtəlif maraqlı aksiyalarla yadda qalır. Eyni zamanda nazirliyin tabeliyindəki muzeylərdə “açıq qapı” elan olunur. Ənənə bu il də davam etdi.
Silsilə tədbirlərə mayın 13-də start verildi.
Mayın 13-dən 17-dək Azərbaycan Milli İncəsənət Muzeyində “Mirzə Qədim İrəvani – 200” layihəsi çərçivəsində uşaqlar üçün maarifləndirici tədbirlər keçirildi. Azərbaycan və rus dillərində keçirilən proqram çərçivəsində XIX əsr milli təsviri sənətimizin inkişafında müstəsna rol oynamış Mirzə Qədim İrəvaninin (1825-1875) 200 illiyinə həsr edilmiş mühazirə və təqdimat oldu. Tematik və interaktiv ekskursiyalarda uşaqlar M.Q.İrəvaninin ekspozisiyada yer alan əsərləri ilə tanış oldular, ustad dərslərində rəssamın əsərlərini imitasiya etdilər.
Mayın 15-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Bakı şəhərində fəaliyyət göstərən 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə Beynəlxalq Muzeylər Gününə həsr olunan tədbir keçirildi. Tədbirdə gənclər müxtəlif xalqların milli geyimlərində mahnı və rəqsləri ifa etdilər. Həmçinin mövzu ilə bağlı sərgi nümayiş olundu.
Mayın 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində yeni “Musiqi və təsviri sənət” adlı ekspozisiya zalının açılışı və “Muzeylər mədəniyyətlər arasında bir körpüdür” mövzusunda tədbir keçirildi.
Həmin gün Milli Azərbaycan Tarixi Muzeyində “Tağıyev: zamanı aşan irs” adlı tədbir təşkil olundu. Tədbirdə Hacı Zeynalabdin Tağıyevin həyatı, xeyriyyəçilik fəaliyyəti, maarifçilik ideyaları və mədəni irsi haqqında geniş məlumat verildi. “Milli mesenatın ev-muzeyi və onun əhəmiyyəti”, “Tağıyev irsinin bu günə təsiri” mövzularında mühazirələr təqdim olundu. Tədbir çərçivəsində “Tağıyev: zamanı aşan irs” mövzusunda interaktiv viktorina da keçirildi. Yüksək nəticə göstərən şagirdlər sertifikat və hədiyyələrlə təltif edildilər.
Yenə də həmin gün Hüseyn Cavidin ev-muzeyində “Keçmişdən gələcəyə: Hüseyn Cavid və müasir cəmiyyət” adlı tədbir keçirildi. Tədbir çərçivəsində “Hüseyn Cavidin ictimai-fəlsəfi ideyalarının bugünkü zamanla əlaqəsi”, “Cavidin gələcəyə baxışı”, “Hüseyn Cavidin əsərlərində gələcək zaman, azadlıq və dəyişən insan anlayışı”, “Mənim muzeyim – mənim gələcəyim”, “Hüseyn Cavidin ev-muzeyinin mədəni yaddaşdakı yeri” mövzularında məruzələr təqdim olundu.
Mayın 16-da, həmçinin Səttar Bəhlulzadənin ev-muzeyində tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədovun “Mirzə Qədim İrəvani və XIX əsrdə İrəvanda Azərbaycan mədəni irsi” mövzusunda mühazirəsi dinlənildi.
Mayin 17-də AMİM-in “Muzeydə kino” layihəsi çərçivəsində M.Q.İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu” bədii-sənədli filmi nümayiş etdirildi.
Mayın 17-də Abdulla Şaiqin mənzil-muzeyində “Uşaqların dövrün tələbləri ilə uzlaşan muzeylərə inteqrasiyası” mövzusunda tədbir keçirildi. Tədbir çərçivəsində müasir dövrdə uşaqların maraqlarına və inkişaf ehtiyaclarına uyğun şəkildə muzeylərin təlim-tərbiyə prosesinə cəlb edilməsi ilə bağlı çıxışlar dinlənildi. Musiqi nömrələri təqdim olundu, qiraətçilərin ifasında şeirlər səsləndirildi.
Həmin gün Bülbülün memorial muzeyində Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi şagirdlərinin ifasında “Caz saatı” adlı konsert proqramı təqdim olundu.
Mayın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) teatr səhnəcikləri, həmçinin uşaqlar üçün ustad dərsləri təşkil olundu.
Mayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində bu mədəniyyət ocağının ekspozisiyasında nümayiş etdirilən eksponatlar haqqında məlumatların ziyarətçilərə rəqəmsal təqdimatı oldu.
Həmin gün Əzim Əzimzadənin mənzil-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyində də əlamətdar günlə bağlı tədbirlər təşkil olundu.
“Dünən, bu gün və sabah” adlı tədbirlər çərçivəsində rəsm dərnəyinin şagirdləri və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi üzvlərinin iştirakı ilə Əzim Əzimzadənin mənzil-muzeyində açıq havada ustad dərsləri təşkil olundu, sərgi nümayiş etdirildi.
Bir sözlə, mədəniyyətə dəyər verən ölkəmizdə Beynəlxalq Muzeylər Günü yüksək səviyyədə qeyd olundu.
“Ədəbiyyat və incəsənət”
(19.05.2025)