İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“…Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad qəhrəmancasına ön xətdə şəhid olmuşdu. Onunla birgə polkovnik Mirzəyev İlqar da şəhid olub. Bu onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər və döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər.”
Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev
Bəli, bu gün "Artilleriyanın atası" ləqəbli Şəhid İlqar Mirzəyevin doğum günüdür. O, 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olmuşdur. Orada məskunlaşan yüz minlərlə azərbaycanlı türkü idi.
1980–1990-cı illərdə Qardabani şəhərində tam orta məktəbdə təhsil almışdır. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları Birinci Qarabağ müharibəsinin başlamasına səbəb olanda, təbii ki, İlqar da buna biganə qala bilməmişdir.
Müharibənin yeni-yeni alovlandığı 1991-ci ildə İlqar Mirzəyev təhsil almaq üçün sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) vermişdir. 2003-cü il avqustun 10-da İlqar Mirzəyev ixtisasın artırılması üçün Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının müdavimi olmuşdur. 2005-ci il iyulun 2-də təhsilini uğurla başa vurmuşdur.
2 il ərzində Müdafiə Nazirliyində xidmət edəndən sonra o, 2015-ci il avqustun 14-dən 2015-ci il oktyabrın 28-nə qədər "N" saylı hərbi hissənin Komandir müavini və Qərargah rəisi vəzifəsində xidmət eləmişdir.
İlqar Mirzəyev 2015-ci il oktyabrın 28-də isə artıq "N" saylı hərbi hissənin Komandiri idi.
APREL DÖYÜŞLƏRİ
2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı "N" saylı hərbi hissənin Komandiri olan İlqar Mirzəyev cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərdə savaşmışdır. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış zirvəsi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuşdur.
Həmin döyüşlərdə Ermənistanın müdafiə naziri Seyran Ohanyan tərəfindən qurulan və Ermənistan Ordusunun "yenilməz Ohanyan səddi" olaraq tanınan müdafiə xətti 40 dəqiqə ərzində darmadağın edilmişdir. Komandanlığın rəhbərliyi altında 2 saat ərzində Ermənistan Ordusunun 21 postu darmadağın edilmişdir və 7 strateji nöqtə işğaldan azad edilmişdir.
TOVUZ DÖYÜŞLƏRİ
2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Dövlət Sərhəd Xidmətinin mövqelərini artilleriya qurğularından atəşə tutub.
İyulun 12-dən 13-nə ötən gecədə Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gərgin anlar davam edib. 13-dən 14-nə ötən gecə və səhər saatlarında Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.
İlqar Mirzəyev iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Təltifləri
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
- "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı
- "Qızıl Ulduz" medalı (ölümündən sonra)
Ohanyan səddini 40 dəqiqədə aşan ƏFSANƏVİ QƏHRƏMAN - məkanın Cənnət olsun! Amin!
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)