İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Quba rayonu. Qırmızı qəsəbə. Əslən buradan olan məşhur biznesmenlər, dövlət xadimləri çıxıb. Həm də Azərbaycanın Milli Qəhrəmanı. 1-ci Qarabağ müharibəsinin əfsanəsi. Bu gün onun – Albert Aqarunovun şəhadətə qovuşduğu gündür. Məhz Şuşanın alınması günündə. Çünki, o məhz Şuşada Şəhid olub.
Albert 25 aprel 1969-cu ildə Bakı şəhərinin Orconikidze rayonunun Əmircan qəsəbəsində Qırmızı qəsəbədən olan yəhudi Aqarunovların ailəsində anadan olmuşdur. O, Suraxanı rayonundakı 154 saylı orta məktəbin səkizinci sinfini bitirmiş, 101 saylı texniki-peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnmişdir.
1987-ci ildə SSRİ ordu sıralarında hərbi xidmətə çağırılmışdır. Gürcüstanın Axalkalaki rayonunda xidmətə başlayan Aqarunov starşina rütbəsi alaraq tank komandiri olmuşdur. 1989-cu ildə ordudan tərxis olunmuş, bir müddət Suraxanı Maşınqayırma Zavodunda işləmişdir.
1991-ci ildə cəbhə bölgəsinə könüllü getmişdir. Əsgər yoldaşları tərəfindən əla atıcı və tankçı hesab edilən Aqarunov tank briqadasının tərkibində, kapitan rütbəsində Ağdam, Cəbrayıl, Füzuli, Laçın bölgələrində vuruşmuş, Azərbaycan Silahlı Qüvvələrinin ən effektiv hərbçilərindən biri olmuşdur. Orduda kifayət qədər təlimatçı olmadığından Aqarunov əsgər yoldaşlarına T-72 tankını idarə etməyi öyrədirdi.
Albertin döyüş yoldaşları, onun düşmənin iki tankını bir mərmi ilə vurma metodunu "yəhudi buterbrodu" adlandırmışlar. Bu səbəbdən ermənilər onun başına 5 milyon rubl mükafat qoymuşdular.
Şuşa Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə gedən yolda yerləşirdi və regionda Azərbaycanın nəzarət etdiyi ən böyük məntəqə idi. Bu səbəbdən erməni hərbi komandanlığı öz səylərini Şuşanı ələ keçirməyə yönəltdi və nəticədə, müharibənin episentri Şuşaya keçdi.
Artıq 7 mayda azərbaycanlı hərbçilərin çoxu Şuşanı tərk etmişdi və erməni qüvvələri gecə saatlarında şəhərə hücum etməyə başlamışdı. Aqarunov Şuşada qalan son azərbaycanlı hərbçilərdən idi.
"O, ƏLA ATICI İDİ " – düşmən Qaqik Avşaryan bunu etiraf etməyə məcbur olmuşdu.
Gün ərzində şəhərin şimalındakı teleqüllə və şərqindəki həbsxana uğrunda şiddətli döyüşlər gedirdi. Erməni tank komandiri Qaqik Avşaryan öz T-72 tankını Şuşanın şimal girişinə gedən yolla sürürdü və bu əsnada Aqarunovun tankı peyda oldu. Hər iki tank 350 metr məsafədən bir-birinə atəş açmağa başladı.
Avşaryanın tankı üç dəqiq zərbədən sonra alışdı, özü isə lyuku açıb çölə atlamağı bacardı, lakin sürücüsü və atıcısı həlak oldu. Bu hadisə nəticəsində ağır yaralanan Avşaryan sonradan Aqarunov haqqında "o, əla atıcı idi" demişdir.
Daha sonra Aqarunov Şuşa–Laçın yoluna doğru irəliləmişdir. O burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmış və ona yol göstərmək üçün tankdan enmişdir. Bu zaman o, erməni snayperinin açdığı atəş nəticəsində, 8 may 1992 -ci ildə şəhid olmuşdur.
Kapitan 11 mayda Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilmiş, mərasim eyni vaxtda molla və ravvin tərəfindən keçirilmişdir.
Ölümündən sonra Albert Aqarunov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür. O, bu ada layiq görülən ilk əsgərlərdən biri olmuşdur. Medal Aqarunovun bacısı Sofiya Məmmədovaya 1998-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən təqdim edilmişdir.
O, həmçinin, 2014-cü ildə "Vətən Övladı" ordeni, 2016-cı ildə isə "Həzi Aslanov" ordeni ilə təltif olunmuşdur.
Allah rəhmət eləsin!
P.S. Albert Aqarunovun obrazı Azərbaycan bədii ədəbiyyatında bir neçə dəfə yaradılmışdır. O cümlədən, yazıçı Varisin Moskvada “Müasir nəsr kolleksiyası” vintaj seriyasından çıxan “A.M.İ.N” romanında bu qorxubilməz, mərd insan tərənnüm edilmişdir.
“Ədəbiyyat və incəsənət”
(08.05.2025)