Şərəf Cəlilli, filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün
İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli müharibələrdən biri idi. Milyonlarla insanın fəlakəti, səfaləti, ölümü, şəhər və kəndlərin, ölkələrin iflası ilə nəticələnən bu müharibə bir millət, məmləkət olaraq bizim də taleyimizdə dərin iz buraxdı.
Bütün dövrlərdə yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla tarix yaradan Azərbaycan xalqı bu müdhiş müharibə zamanı sübut etdi ki, quruluşundan, zamanından asılı olmayaraq o, süngüsü ilə tarix yazan igidlər yetirə bilər.
Biz bir millət, məmləkət olaraq bu müharibədə varımız, dövlətimiz, sərvətimiz, ondan da qiymətli canımız – övladlarımızla iştirak etdik. Daha doğru, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer aldıq. Cəsarətin, ləyaqətin, Vətənə sonsuz sevginin simgəsi, bəlgəsi olduq. Bu müdhiş müharibədə əldə olunan zəfərdə mənsub olduğu millətin, məmləkətin yerini və rolunu müəyyən edən Ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".
Stalinqrad və Moskva kimi strateji əhəmiyyətli şəhərlərin sırasında Bakı da vardı
İkinci Dünya müharibəsi bölüşdürülmüş dünyanın yenidən bölüşdürülməsi uğrunda savaş idi. Onun günahsız qurbanları isə haqq, ədalət uğrunda səngərlərə sipərə çevrilmişdi. Hitler Almaniyasının hədəfləri təkcə SSRİ-nin ərazi bütövlüyünü pozmaq deyildi. Kapitalizmin Sosializm üzərində qələbəsinə nail olmaq, dünyanın sərvətinə sahiblənmək idi. Belə bir dəhşətli dönəmdə onun, həm də hədəfində Yaxın və Orta Şərqə hücum etmək bu ərazilərdə mövcud olan neft-qaz yataqlarını ələ keçirməkdi. Tarixi mənbələr də, sübut edir ki, 1941-ci il iyunun 22-də başlayıb 1945-ci il mayın 9-da başa çatan İkinci Dünya müharibəsində Hitler Almaniyası Bakı neftinə xüsusi əhəmiyyət verirdi. Yaxın və Orta Şərqə əl qoymaq məqsədi ilə müharibənin ilk ilindən Şimali Qafqaza, Mazdoka qədər irəliləyən faşistlərin Staliqrad və Moskva kimi strateji əhəmiyyətli şəhərlərin sırasında Bakını da daxil etməsi onu iqtisadi, siyasi, həm də strateji əhəmiyyəti ilə bağlı idi. Bakıya nəzarət Güney Qafqaza, eyni zamanda Yaxın və Orta Şərqə nəzarət idi.
Milyonlarla insanın ölümü, ölkələrin fəlakəti ilə sona çatan İkinci Dünya müharibəsində Azərbaycan təkcə milyonlarla vəsaitini, sərvətini itirmədi, 300 mindən çox igid oğul və qızının “Qara kağızı”, acı xatirələri ilə başbaşa qaldı. İkinci Dünya müharibəsində həlak olan 57 milyon insanın 27 milyonu Sovet İttifaqına, onun 300 mini isə qeyd etdiyimiz kimi Azərbaycana məxsus idi. Hitler Almaniyasının, daha doğrusu Adolf Hitlerin “Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!” nidası ilə başlayan İkinci Dünya müharibəsi məşhur “Barbarossa” planına düzəlişlərdən sonra, elə yenə onun “17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq əmrini verdi. İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla Sovet xalqı İkinci Dünya müharibəsinə qatıldı. Müharibə Sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi”.
Hərb tarixi ilə bağlı məlumatlara istinad edərək təqdim etdiyimiz bu faktlar bir daha sübut edir ki, İkinci Dünya müharibəsi həqiqətən də ədalətlə ədalətsizlik, haqqla haqsızlıq uğrunda savaş olmaqla yanaşı, o həm də Böyük Vətən müharibəsi idi. Faşist Almaniyası Sovet İttifaqında yaşayan irili-xırdalı minlərlə xalqın haqq və hüquqlarını pozaraq savaşa qalxmışdı. Qeyd etdiyimiz kimi o sırada, yeraltı və yerüstü bioresursları ilə dünyanın qan damarı olan Azərbaycan, Azərbaycan nefti ilə bağlı xüsusi plan, strategiya işlənmişdi. Necə ki, hələ İkinci Dünya müharibəsi başlamamışdan öncə Hitler Almaniyası Bakı ilə bağlı siyasi qərar almışdı.
“Moskvanın müdafiəsinə görə” medalı ilə mindən çox azərbaycanlı təltif edildi
İkinci Dünya müharibəsinin ilk ilindən ölkəmiz hərbi əməliyyatların əsas mərkəzlərindən birinə çevrilməsə də, faşizmin hədəf nöqtələrindən biri idi. Bütün sərvətləri, insan resursları ilə faşizmə qarşı səfərbər olunan Azərbaycan insanı Sovet İttifaqında yaşayan digər vətəndaşlar kimi Moskva, Stalinqrad, Odessa, Sevastopol, Kiyev, Volqoqrad kimi məşhur şəhələrin, Ukrayna, Belorusiya, Latviya, Litva, Estoniya kimi respublikaların faşizmdən azad edilməsinə öz töhfələrini verdilər.
Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçən igidlərimiz qəhrəmanlıq dastanını al qanları ilə yazdılar. Hərbi-pilot Hüseynbala Əliyev 17 yara alsa da təyyarəni yerə endirmiş, göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Tarixi mənbələr onu da sübut edir ki, “Moskva, Stalinqrad ətrafında gedən döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar həyata keçirmişdilər”. Moskva uğrunda gedən döyüşlərdə Novqorod vilayətində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsünün 400 nəfərdən çox faşist əsgər və zabitini məhv etməs bu gün də 9-10 saat ərzində baş tutmuş uğurlu əməliyyatlardan biri kimi hərb tarixi ilə bağlı mühazirə mətnlərində qorunur.
İkinci Dünya müharibəsinin bütün istiqamətlərdə gerçəkləşən əməliyyatları olduqca ağır və gərgin şəraitdə getsə də, Moskva və Stalinqrad uğrunda savaşlar misilsiz itkiləri, eyni zamanda qəhrəmanlıqlarla müşayiət olunmuşdu. Moskva uğrunda əməliyyatlarda Azərbaycan əsgər və zabitinin yazdığı tarix üstündən 80 il ötməsinə baxmayaraq qəhrəmanlıq örnəyi kimi təbliğ olunur. “1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə min nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və "Moskvanın müdafiəsinə görə" medalı ilə təltif olunmuşdur. Onların sırasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leyntenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri yer almışdı. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayper dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş, düşmənə ağır zərbələr endirmiş ki, bunun da müqabilində hər biri Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Şimali Qafqazın, 1943-cü ildə Ukraynanın azad edilməsində yüksək fəallıq göstərən əsgər və zabitlərimizin qüdrətini dünyaya nümayiş etdirmişdilər.
Şimali Qafqaz uğrunda savaşın gerçək qəhrəmanları dağıstanlılar və azərbaycanlılar idi
Azərbaycan arxa cəbhə olsa da, bu ağır və dəhşətli günlərdə, 1942-ci il avqustun 25-də Azərbaycan KP(b)P MK və Azərbaycan XKS respublikada müdafiə-istehkam xəttləri tikintisi üçün qərar qəbul etmişdi. Qərara əsasən Balakən, Zaqatala, Qax, Oğuz, Qələbə rayonlarında Baş Qafqaz aşırımlarını müdafiə edən qoşun hissələri Bakı Müdafiə istehkam xəttinin tikintisinə nail olmuş, xəttin tikintisi üçün 5 min inşaatçının, 90 min vətəndaşın iştirakı ilə bu torpaqları alınmaz qalaya çevirmişdi. Arxa cəbhədə tarix yaradan Azərbaycan xalqı Zaqafqaziya cəbhəsində, daha doğrusu Şimali Qafqaz uğrunda gedən döyüşlərdə Qafur Məmmədov, İdris Süleymanovun, Ukrayna cəbhəsində Məlik Məhərrəmov kimi igidlərin, milli diviziyaların qəhrəmanlarının əzmkarlığı ilə alman faşizmini diz çökdürənlərin, rəşadətli döyüş yolu ilə tarixi zəfərə imza atanların sırasında yer almışdı.
Azərbaycan milli diviziyaları zərurətdən yarandı
Tarixə İkinci Dünya müharibəsi, eyni zamanda Böyük Vətən müharibəsi kimi daxil olan Hitler Almaniyasının, faşizmin iflası ilə nəticələnən müharibənin başlaması ilə əlaqədar “baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə akademik Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür”.
“Ədəbiyyat və incəsənət”
(06.05.2025)