Azərbaycan dramaturgiyasının kamil tədqiqatçısının 91-ci ildönümünə Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Mərhum Filologiya elmləri doktoru Arif Səfiyev 6 may 1934-cü ildə Füzuli şəhərində dünyaya pənah gətirib. Şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsinə qəbul olub. 1958-ci ildə universiteti tamamlayıb və əmək fəaliyyətinə başlayıb.

 

Özü də, "Avtomobil nəqliyyatçısı" qəzeti redaksiyasında ədəbi işçi kimi.

1961-ci ilədək redaksiyada çalışıb. Sonra Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olub. 1964-cü ildə Aspiranturanı tamamladıqdan sonra institutda elmi işçi kimi qalıb. 1969-cu ildən 1973-cü ilədək elmi katib vəzifəsində işləyib. 1973-cü ildən 1990-cı ilədək institutda baş elmi işçi kimi fəaliyyət göstərib. 1990-cı ildən hazırkı dövrədək institutun elmi katibi vəzifəsində çalışır. Arif müəllim "Sabit Rəhmanın komediyaları" mövzusunda tədqiqat aparmış, filologiya elmlər namizədi elmi adını almışdır.

 

O, bir neçə kitabın müəllifidir. Onlardan "Sabit Rəhmanın komediyaları", "Komediya və Həyat", "Sabit Rəhman", "Azərbaycan dramaturgiyası müasir mərhələdə" adlı kitabları göstərmək olar.

 

"Azərbaycan dramaturgiyası müasir mərhələdə" adlanan həmin monoqrafiyada müəllif ilk növbədə tədqiq etdiyi mərhələnin dramaturgiyası üçün əlamətdar olan özünəməxsusluqları müəyyənləşdirir; dövrün ictimai ziddiyyətlərini dərindən qavramaq, ictimai həyatın dərin qatlarına enmək, insanın mənəvi aləminə nüfuz edərək dramaturji təsvirin mərkəzinə onun iç dünyasını gətirmək və s. belə xüsusiyyətləri estetik məziyyət kimi dəyərləndirir, bu məziyyətlərin bədii təcrübədəki görüntülərini isə monoqrafiyanın "Dramaturgiyada müasir mövzu: qəhrəman və zaman problemi", "Tarixi mövzu və onun müasir bədii dərki", "Janrın yeni axtarışları" adlanan fəsillərində tezisləşdirir. 

 

Azərbaycan dramaturgiyasının kamil tədqiqatçıları arasında Arif Səfiyevin ayrıca yeri var. Onun adı Məmməd Arif, Əli Sultanlı, Mehdi Məmmədov, Yaşar Qarayev kimi müqtədir alimlərin sırasında çəkilə bilər. Arif Səfiyev Əli Sultanlının tələbəsi, Məmməd Arifin aspirantı, Mehdi Məmmədovun həmsöhbəti, Yaşar Qarayevin dostu-dərdişi olub. Onun tənqidçi "mən"i, alim şəxsiyyəti T. Hacıyev, Ş. Salmanov, Elçin, A. Hüseynli, Q. Kazımov kimi istedadlı yazıçı və filoloqların əhatəsində, onlarla qarşılıqlı elmi təmasda formalaşıb. A. Səfiyevin gənclik illəri Nizami adına Ədəbiyyat İnstitutunda, respublikanın ən nüfüzlü ədəbiyyatşünaslıq mərkəzində keçib. Öz biliyi, mütaliəsi, təvazökarlığı və xeyirxahlığı ilə həmkarlarının rəğbətini qazanıb, onlarda özünə qarşı böyük simpatiya oyadıb.

 

11 aprel 2024-cü il tarixində Arif Şəfiyev Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin! 

 

“Ədəbiyyat və incəsənət”

(06.05.2025)

 



 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.