İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Oğuz rayonunun Kərimli kəndinin cənubunda, Yaqublu kəndinin yaxınlığındakı ərazini yaşlı əhali hələ də “Silikovun yeri” adlandırır. Həqiqəti bilməyən bəziləri Silikovlar haqqında fəxrlə danışır, hətta keçmiş “həmyerlilərinin” general olmaları ilə öyünürlər də.
Bəs kim olub bu Silikovlar?
Bunlar mənşəcə Vartaşen (Oğuz) udilərinin qriqorianlığı qəbul edən təbəqələrindən olublar. Pravoslav udilərlə aralarında həmişə münaqişə olub. Məsələn, onlar elit pavoslav udilərdən olan maarifpərvər bejanovlarla daim münaqişəyə giriblər. Hətta Silikovların məzhəb məsələsinə görə soydaşları pravoslav bejanovların bir neçə nəfərini Vartaşendə küçədə gülləmələri barədə o dövrün gürcü qəzetlərində məlumatlar da verilir.
Biz qriqoryan məzhəbli Silikovların nəsilləri barədə məlumat vermək fikrində deyilik. Ancaq bir ata və onun beş oğulundan biri haqqında məlumat verəcəyik. Bəri başdan deyək ki, buradakı faktların bir qismi də rəsmi erməni mənbələrindən götürülüb.
Udi əsilli, irsi zadəgan və qriqoryan inanclı ata Stepan Artemyeviç Silikov 14.07.1841-cı il tarixdə Yelizavetpol quberniyasının Nuxa-Ərəş qəzasının Vartaşen kəndində anadan olmuşdur. (Bəzi mənbələrə görə, sonralar Nuxaya (Şəkiyə) köçmüşdür.)
Rus ordusunun zabiti idi. Tiflis Kadet Korpusunu və I Pavlovsk Hərbi Məktəbini bitirib. Rus-Yapon müharibəsinin iştirakçısı olub. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi zamanı Qars türk qalasına hücumda iştirak edib. 1878-ci il noyabrın 12-də Cəbrayıl qəzasının (Yelizavetpol quberniyası) başçısı təyin edilib. 09 noyabr 1896-cı ildə illik 860 rubl maaşla general-mayor rütbəsi ilə təqaüdə çıxıb.
Oğuzda onun böyük torpaq sahələri olub. Q.Cavadov və R.Hüseynovun “Udilər” əsərində (səh:96-97) oxuyuruq: “Yaqublu kəndinin sakinləri Stepan Silikovun torpaqlarında yaşayırlar. O, hərbi qulluqçu olmasına baxmayaraq, öz torpaqlarını icarəyə verir, bu yolla geniş sahələrini əkib becərtdirir. Onun kiçik qardaşı Rüstəm isə hər il Yaqublu kəndinə gələrək yetişdirilmiş məhsulun toplanmasında iştirak edir”, icarə haqlarını toplayırdı.
Beş oğlu və iki qızı olub. Stepan Artemyeviçin bütün oğulları Rusiya İmperator Ordusunda zabit olublar.
Biz ancaq S.Artemyeviçin havasını udub, çörəyini yeyib böyüdüyü torpağa xəyanət edən nankor oğlu Movses Silikovdan söz açacağıq. Əslində haqqında danışılası adam deyil. Amma zənn edirik ki, düşməni də tanımaqda yarar var.
Bu bədnam Movses Silikov 1862-ci il sentyabrın 2-də (14-də) Yelizavetpol quberniyasının Vartaşen kəndində hərbçi udi ailəsində (Stepan Artemyeviçin ailəsində) anadan olmuşdur. Moskva Hərbi Gimnaziyasını, Aleksandrovsk Hərbi Məktəbini və Rusiya İmperiyasının Baş Qərargah Akademiyasının zabitlər məktəbini bitirib. 1884-cü ildən kiçik zabit rütbəsində hərbi xidmətə başlamış və bir müddət sonra İrəvana hərbi komendantın müavini vəzifəsinə göndərilmişdir. Batalyon adyutantından diviziya komandirliyinə qədər yüksəlmişdir. 1916-cı ildə general-mayor rütbəsi alıb.
Onun I Dünya Müharibəsində Vandakı, Muşun, Bitlisin alınmasındaki fəaliyyətini və Ərzurum ələ keçirildikdən sonra ora komendant təyin edilməsini və rus ordusundakı digər xidmətlərini (və təltiflərini) bir tərəfə qoyaq. Hərbçi idi, əmr qulu olub. Bunu haradasa başa düşmək olar.
Lakin biz diqqəti rus imperiyası dağılandan sonra bu namərdin azərbaycanlılara və türklərə etdiyi xəyanətə və onlara qarşı törətdiyi cinayətlərə cəlb etmək istərdik.
Qafqaz cəbhəsi dağıldıqdan və rus qoşunları getdikdən sonra M.Silikov təqaüdə çıxmışdı.
Lakin öz razılığı ilə 1918-ci ilin fevralında Qafqaz diviziyasının sabiq komandanı, general Tovmas Nazarbekyanın komandanlığında erməni korpusu formalaş- dırılarkən həmin Nazarbekyanın əmri ilə II atıcı diviziyanın komandiri təyin edilib. (Саркисян Ерванд. Экспансионистская политика Османской империи в Закавказье : накануне и в годы первой мировой войны . Ереван : Изд-во АН Арм. ССР, 1962, с.337.).
Çox güman ki, bu işdə onun ermənilərlə eyni məzhəbdən olması da az rol oynamamışdır. Soyadına –yan artırıb, Silikyan olan bu satqın cani-könüldən ermənilərə hərbi xidmətə başlayıb.
O, günahsız azərbaycanlıların qənimi və qatili olub. Əli türklərin qanına bulaşıb.
Qədim udi xalqının üzqarası olan bu cinayətkar barədə mənbələrin birində oxuyuruq: “…Hansı diviziyaların hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv edəcəkləri əvvəlcədən planlaşdırılmışdı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzur və Qarabağın dağlıq hissəsində; general Areşov, Dro və Njde İrəvan, Irəvan ətrafı, Zəngibasar, Eçmiədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində; general-mayor M.Silikov isə Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün azərbaycanlıları qırıb məhv etməli idi... (Bu alçaqlar elə bu plan əsasında da “işə” başladılar-İ.V.) Göyçə mahalına hücum edən Silikov Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin evlərini yandırıb, əhalisini qılıncdan keçirəndən sonra Zood kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar taxıl tələb edir. Səməd ağa bu tələbi rədd edir. Ermənilər hücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə iki dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. Əslən şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırır...
Silikovun erməni quldur dəstələri Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar. Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular, hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı: ”Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar, meyidlərini qurd-quş yesin...” (https://www.adalet.az/az/posts/detail/ermenilerin-qerbi-azerbaycanda-toretdikleri-qirginlar-166665)
07 iyul 1919-cu il tarixli “Azərbaycan” qəzetinin 218-ci nömrəsində isə yazılmışdı: “Erməni Cümhuriyyəti daxilində qalaraq, Novo-Bayəzid uyezdinin Göyçə gölü şərq, cənub və cənub-qərbində yaşayan müsəlman kəndliləri, vaxtilə erməni təcavüzləri müqabilinə mərdanə surətdə irz-namuslarını müdafiədə bulunmuşlar. Sonra Erməni Cümhuriyyəti tərəfindən indiki Hərbiyyə naziri general Movses Silikovun komandası altında top, pulemyot dəstələri göndərilib irzlərini təcavüzçülərdən müdafiə edən məzbur (göstərilən-İ.V.) uyezdin müsəlman kəndlərini topa-pulemyota tutub, əhalisinin salamat qalanlarını yerlərindən qaçırmışlar”.
İrəvan Quberniyası Yenibəyazit qəzası Göyçə mahalının 26 kənd sakininin Gəncə Qubernatoruna ünvanlanmış 02 mart 1919-cu il tarixli, 06 mart 1919-cu ildə 3162 nömrə ilə qeydə alınmış ərizəsində (DİN-in dəftərxanası, 80 saylı işdən çıxarış, IV şöbə) göstərilir ki, “1919-cu il fevralın 28-də Silikov, kornet Xaçaturov və adyutantın dəstəsi müsəlman kəndlərinə gəlmiş və hər kənddən 750 pud taxıl və 100 pud quru ot tələb etmişdir; həmin şeylər bu miqdarda olmadığından camaat mükəlləfiyyətdən azad edilməyi xahiş etmişdir. Bu zaman Silikov qamçı ilə vurmağa və söyməyə başlamış, hətta kənd sakini Məci Süleyman oğlunu öldürmüşdür. Qalan zabitlər isə daha dörd müsəlmanı yaralamışlar”.
M.Şahüseynovun “Qəbələ” qəzetinin 13 aprel 2000-il tarixli sayındakı “Onlara güzəşt oluna bilməzdi” yazısından isə məlum olur ki, “Andraniklə yanaşı, digər erməni generalı Silikov Türkiyədə döyüşmüş erməni hərbiçilərdən ibarət çoxsaylı erməni ordusu ilə Göyçəyə, Basarkeçərə, Kəlbəcərə, indiki Laçın bölgəsinin şimal hissəsinə tez-tez basqınlar etməklə Aran Qarabağa girmək istəyirdilər....Göyçədə, Basarkeçərdə və Kəlbəcərdə Andraniklə 2-ci erməni generalı Silikov çox böyük qırğınlar törətmiş, insanları qaçqın salmışlar... Göyçənin 32 kəndini yandıraraq məhv ediblər. Basarkeçərdə isə demək olar ki, əhali qalmır”.
M.Silikov həm də qısa müddət ərzində döyüşə hazır nizami birliklər yaradıb və onları türk qoşunlarını dəf etmək üçün hazırlayıb. Tezliklə İrəvan qüvvələr qrupunun komandiri təyin edilib.
1918-ci ilin mayında Aleksandropolu (Gümrünü) azad edən türk qoşunları İrəvana, qırğına məruz qalmış azərbaycanlılara köməyə gedəndə Silikov nizami qoşunlara və milislərə ümumi komandanlığı öz üzərinə götürüb, Sardarabad və Başaparan döyüşlərində türk hərbi qüvvələrinə qarşı vuruşmuşdur. Bu döyüşlər sayəsində Ermənistan tam məhv olmaqdan xilas olmuşdur. Buna görə Sərdarabat döyüşünün digər iştirakçılarından bir zamanlar M.Silikovun komandanlığı altında xidmət edən türk düşməni, bədnam İ.Baqramyan sonralar onu “ən istedadlı hərbi lider” kimi tərif etmişdi. Silikyanın müasiri tarixçi H.Ter-Martirosyan isə onu "Ermənicə bilməyən, ancaq örnək bir erməni” adlandırmışdı. Ermənilər indi də Movses Silikovu “erməni generallarının müqəddəs üçlüyündən (D.Pirumyan, D.Kanayan (Dro), M.Silikyan) biri” kimi təsvir edirlər. O həm də xalqımızın qatı düşmənlərindən O.Andranik, Q.Njde, M.Areşov, X.Araratov və Q.Korqanovun yaxın silahdaşı olub.
Rus zabitlərinin aktiv iştirakı ilə Ermənistan Respublika Ordusu yaradılarkən də general-mayor M.Silikov (Silikyan) əlahiddə erməni diviziyasının komandiri təyin olunub. Yuxarıda “Azərbaycan” qəzetindən gətrdiyimiz sitatdan belə məlum olur ki, o hətta bir müddət hərbi nazir də olub.
Sən demə, anadan olduğu torpağa – öz doğma Vətəninə xəyanət edib, Ermənistanı vətən seçən, ”Canımı Vətənə və Allaha verəcəyəm, namusumu özüm üçün saxlayacağam,”- deyən bu cinayətkarın heç namusu da yoxmuş. Zatən belələrində namus olmaz ki?!
1920-ci ildə Ermənistan sovetləşdikdən sonra yeni hökumətin formalaşdığı illərdə M.Silikov ordudan tərxis olunub və ömrünün sonunadək dövlət təhlükəsizlik orqanları tərəfindən təqiblərə məruz qalıb. Bütün təltif və mükafatları əlindən alınıb, 1937-ci il dekabrın 10-da Sardarabadın bir çox digər dırnaqarası “qəhrəmanları” ilə birlikdə Nork dərəsində güllələnib. Cəhənnəmə vasil olub. Arzu edək ki, atəşi bol olsun!
Düşmənlərimizi tanıyaq və unutmayaq! Dədə-babalarımız demişkən, “Əski düşmən dost olmaz!”
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)