İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, bu 5 may günü qəfil snayper gülləsi ilə həyatının 26-cı baharında dünya ilə vidalaşan Azərbaycanın Milli Qəhrəmanı Elşad Yəhyayevin doğum günüdür.
Elşad Yəhyayev 5 may 1966-cı ildə Şəki şəhərində doğulmuşdur. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə getmişdir. 1977-ci ildə ailələri ilə Bakıya köçmüşdür.
Təbii ki, yaşayış yeri dəyişiləndə insanın dünyagörüşü də dəyişir. 1983-cü ildə Xətai rayonundakı 56 saylı orta məktəbi bitirmiş, 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərb sənətinə böyük sevgi bəsləyirdi, bu sevgi onun 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olmasına rəvac verib. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə dönüb. Bu zaman artıq Birinci Qarabağ müharibəsi başlamışdı.
Əsl vətənpərvərlər heç vaxt vətən sevgisini içlərində boğa bilməzlər.
Polis baş leytenant Elşad könüllü olaraq DİN-ə müraciət edir və onu "N" saylı hissəyə taqım komandiri təyin edirlər. Cəsur komandir Sırxavənd, Naxçıvanlı, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərə öz şücaətini göstərən döyüşçü xeyli qulduru məhv eləyir. Naxçıvanlı kəndində qaynar döyüşlər gedirdi, ermənilər ağır itki verdilər və geri çəkildilər…
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının taqım komandiri bu döyüşdə xeyli düşməni məhv etmişdi, lakin qəfil snayper gülləsi onun gənc ömrünü qırdı, 20 iyun 1992-ci il o, qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Şəki rayonundakı 12 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(05.05.2025)