İstedad, tamaşaçı və mənəvi meyarlar haqqında bir neçə söz Featured

Əkbər Qoşalı,

“Ədəbiyyat və incəsənət” portalının redaktoru

 

Gülüş insanın ən gözəl mənəvi imkanlarından biridir. İnsan gülməyi bacardığı qədər də düşündüyünü, duyduğunu, gördüklərinə münasibət bildirdiyini nümayiş etdirir. Bir təbəssümün uzun-uzadı çıxışdan daha təsirli olduğunu görmüşük; bir satirik səhnənin cəmiyyətin illərlə dilə gətirə bilmədiyi həqiqəti üzə çıxardığı hallar olur. Ancaq gülüşün də öz yaddaşı, öz mədəniyyəti, öz məsuliyyəti var. Məsuliyyətin gülüşü daha kəsərli, iliyə işləyən olur…

 

Azərbaycanın Əməkdar jurnalisti, tanınmış yazıçı, “Ədəbiyyat və incəsənət” portalının qurucu baş redaktoru Varisin “Nə demək istəyirsən, “Komedixana”?” başlıqlı yazısını oxuyarkən məni düşündürən də bax, elə bu oldu.

Ünlü ictimai xadimin toxunduğu konkret məsələnin təfərrüatlarını təkrarlamaq istəmirəm. Söhbət yalnız bir səhnədən, bir yaradıcı kollektivdən, yaxud bir televiziya proqramından getmir; məsələnin miqyası daha geniş, mahiyyəti daha dərindir. – Biz nəyə gülürük, niyə gülürük və gülə-gülə nəyi qəbul etməyə başlayırıq?

Bu suallar, əslində, mədəniyyət fəlsəfəsinin, sənət sosiologiyasının, hətta ictimai əxlaqın önəmli sualları olmağı haqq edir.

“Komedixana” kollektivinin bir sıra aktyorlarının istedadını səmimiyyətlə etiraf edirəm. Onların bəzi səhnələri mənim də qarşıma çıxıb, dostlarım tərəfindən paylaşılıb. Obraz yaratmaq bacarığı, müşahidə qabiliyyəti, gündəlik yaşamın (yaşayışın, məişətin, mühitin…) gülməli tərəflərini tutmaq məharəti, güncəl mövzulara çevik münasibət – bütün bunlar qiymətləndirilməlidir. İstedadı görməmək ədalətsizlik olardı. Üstəlik, yaradıcı uğuru yalnız qüsurların kölgəsində dəyərləndirmək də doğru yanaşma sayılmaz.

Bax, elə buna görə də istedadlı insanlardan gözləntilərimiz daha böyükdür.

Necə deyərlər, istedad imkan olduğundan daha çox məsuliyyətdir.

Sənətçinin auditoriyası böyüdükcə onun sözünün, jestinin, yaratdığı obrazın ictimai təsir dairəsi də genişlənir. Özəlliklə indiki rəqəmsal çağda səhnə artıq yalnız səhnə olmaqdan çıxıb. Bir neçə dəqiqəlik görüntü minlərlə telefonun ekranına köçür, ailələrin gündəlik söhbətinə daxil olur, yeniyetmələrin dünyagörüşündə müəyyən davranış modellərinin formalaşmasına təsir göstərə bilir.

Bu anlamda sənət əsərinin ömrü onun nümayiş müddətindən xeyli uzundur.

Gülüşün estetikası ilə gülüşün etikasının bir-birinə yad anlayışlar olmadığı bəllidir.

Əlbəttə, komediya həyatın yalnız müsbət tərəflərini göstərmək yükümlülüyü daşımır; əksinə, komediyanın gücü çox zaman insanın naqisliyini, cəmiyyətin ziddiyyətlərini, münasibətlərdəki saxtalığı üzə çıxarmaqdadır. Xəsislik, tamahkarlıq, ikiüzlülük, mənəvi aşınma, eviçi anlaşılmazlıqlar – bunların hamısı satiranın mövzularıdır. Ancaq burada çox həssas bir sınır mövcuddur: naqisliyə gülmək başqa, naqisliyi gülüş vasitəsilə adiləşdirmək başqa...

Böyük satira insanı yalnız güldürmür, həm də öz gülüşünün səbəbi haqqında düşündürür. Əsl komediya bəzən tamaşaçının üzündə təbəssüm yaradarkən onun vicdanında rahatsızlıq oyadır.

Bu, sənətin zərif gücüdür.

Azərbaycanın zəngin gülüş mədəniyyətini yada salaq. Mirzə Fətəli Axundzadənin komediyalarında, Mirzə Cəlilin satirasında, Sabirin poetik etirazında gülüş heç vaxt sadəcə əyləncə vasitəsi olmayıb. O gülüşün arxasında cəmiyyətin özünü tanımaq, öz qüsurlarını görmək və dəyişmək ehtiyacı dayanıb.

Üzeyir Hacıbəylinin yaratdığı komik situasiyalarda da insan xarakterinin, ictimai münasibətlərin, təzadlı zamanların dərin müşahidəsi vardır.

Bizim gülüş məktəbimizin böyüklüyü ondadır ki, o, insanı alçaltmadan, ocaq (ailə) dəyərlərinə kəc baxmadan da insanın naqisliyini göstərə bilib. Bəzən sərt, bəzən acı, bəzən son dərəcə zərif şəkildə…

Bax, bu irs yalnız teatr tariximizdə qalmayıb və milli düşüncə mədəniyyətimizin də sərvəti sayılır.

Bəs bugünkü komediya həmin irslə necə “danışır”? Ondan nəyi əxz edir, nəyi yeniləyir, nədən uzaqlaşır?

Burada keçmişi ideallaşdırıb çağdaş yaradıcılığı inkar etmək fikrindən uzağam. Hər dönəmin öz dili, ritmi, tamaşaçı psixologiyası var. Yeni nəsil sənətçilər yeni ifadə vasitələri axtarmalı, yeni mövzulara üz tutmalı, bəzən ənənəvi təsəvvürləri də sorğulamalıdır. Lakin yenilik heç də mənəvi meyarların önəmsizləşməsi anlamına gələ bilməz.

Məgər çağdaş olmaq yaddaşsız olmaqdırmı?

Bir ulusun mədəniyyətinə mənsub olmaq yalnız onun dilində danışmaqdan ötə, o dilin arxasındakı tarixi təcrübəni, davranış mədəniyyətini, həya, ləyaqət anlayışlarını, ailə münasibətlərinin mənəvi dərinliyini, insanın insana münasibətindəki incəlikləri duymaqdır.

Əlbəttə, milli-mənəvi dəyərlər dedikdə donmuş, dəyişməz, müzakirəyə qapalı qaydalar toplusunu nəzərdə tutmuruq. Milli mədəniyyət canlı orqanizmdir; inkişaf edir, yenilənir, zamanla dialoqa girir; ancaq onun yenilənməsi ilə mahiyyətinin aşınması arasında fərq var.

Örnək versək, münasibətlərdəki ikiüzlülüyü, mənəvi prinsiplərin maddi maraq qarşısında geri çəkilməsini komediya vasitəsilə göstərmək güncəl və qiymətli mövzudur. Hətta belə bir mövzunun səhnəyə gətirilməsi özü də cəsarətli yaradıcılıq qərarı sayıla bilər. Amma həmin durumun bədii təqdimatı tamaşaçıya nə deyir? Maddi mənfəət qarşısında mənəvi mövqeyini dəyişən insanın miskinliyini açırmı, yoxsa bu davranışı sadəcə əyləncəli bir həyat norması kimi yadda saxladır?

Bax, əsas sual budur.

Burada yaradıcı kollektivdən hər səhnənin sonunda nəsihət söyləmək, müsbət və mənfi qəhrəmanları ayrıca car etmək istənmir. Sənətin didaktik göstərişlər toplusu olmadığını sənətçilər yaxşı bilir. Bəzən bir baxış, bir sükut, bir dramaturji dönüş ən uzun izahdan daha təsirli olur.

Yaxşı sənət tamaşaçıya nə düşünməli olduğunu diktə etmir; onu düşünməkdən yayındırmır.

Bu gün başqa bir təhlükəni də görməmiz gərək – söhbət, populyarlığın bəzən keyfiyyətin əsas ölçüsünə çevrilməsindən gedir.

Baxış sayı, bilet satışı, sosial şəbəkə paylaşımı, alqış – bütün bunlar yaradıcı uğurun müəyyən göstəriciləridir; ancaq heç biri özlüyündə sənətin mənəvi və estetik dəyərinin qəti meyarı olaraq çıxış etmir.

Minlərlə insanı güldürmək böyük bacarıqdır. Minlərlə insanı güldürərkən düşündürmək isə daha böyük sənətkarlıqdır.

Unutmamalı olduğumuz başqa məqamlar da var. – Bəli, Azərbaycan tamaşaçısı bugünün istehlakçısı olmaqdan daha çox, böyük bir mədəni irsin daşıyıcısı, sabahın mədəni mühitinin iştirakçısıdır. Ona təqdim etdiyimiz hər səhnə bu anlamda mədəni yaddaşla gələcək arasında kiçik, lakin təsirsiz olmayan bir körpüdür.

Mən istərdim ki, “Komedixana”nın istedadlı yaradıcı heyəti öz uğurlarına bu gözlə (də!) baxsın.

Onların gücü var, əlbəttə. Əlbəttə, müəyyən yanlış yanaşmaları yenidən dəyərləndirmək, repertuar seçimində daha həssas olmaq, obrazların bədii taleyini daha dərindən işləmək də onların gücü daxilindədir.

Bu, yaradıcı azadlığın sınırlandırılması çağırışı olmayıb, yaradıcı azadlığın daha yüksək peşəkarlıq və mənəvi məsuliyyətlə tamamlanması arzusudur.

Azad sənət özünü tənqid etməkdən qorxmayan sənətdir.

Tənqidə münasibət də mədəniyyət göstəricisidir. Xeyirxah tənqid sənətçinin qarşısını kəsməyə xidmət etmir, onun daha uca yaradıcılıq imkanlarına diqqət çəkmək üçün səslənəndə ictimai fayda qazanır.

Varisin qaldırdığı məsələyə də mən bu baxımdan yanaşıram. Onun rahatsızlığında bütövlükdə milli gülüş mədəniyyətimizin gələcəyinə dair ciddi bir sual görürəm.

İstərdim, bu sual yaradıcı düşüncənin, peşəkar müzakirənin mövzusuna çevrilsin.

Biz eyni mədəniyyət məkanının insanlarıyıq. Səhnədə olan da, səhnəyə baxan da, səhnə haqqında yazan da bu ulusun dilindən, yaddaşından, mənəvi sərvətlərindən bəhrələnir.

Bu mənsubiyyət nə sənətçiyə toxunulmazlıq verir, nə də tənqidçiyə mütləq həqiqət yiyəsi olmaq imtiyazı... Ancaq hər ikisindən məsuliyyət tələb edir.

Ulusun gülüş mədəniyyəti onun özünə münasibətinin də ifadəsidir. – Bu, bir həqiqətdir.

Biz özümüzə gülə bilməliyik. Öz qüsurlarımıza da, köhnəlmiş təsəvvürlərimizə də, gündəlik yaşamımızın qəribəliklərinə də…

Özümüzə gülmək haşa özümüzü itirmək ola bilərmi?..

Gülüş insanı qəmdən, qayğldan yüngülləşdirə bilər, amma insanı yüngülləşdirməməli, yüngülsaqqal etməməli – insanlığın çəkisini azaltmamalıdır.

İstedadlı sənətçilərimizə yeni uğurlar diləyirəm. Qoy səhnələrində gülüş bol olsun, tamaşaçı sevgisi əskilməsin. Ancaq o gülüşün arxasında düşüncə, o sevginin içində güvən, o uğurun mayasında milli mədəniyyətimizə sayğı da daim yaşasın. Oğlun ata ilə şit zarafat etməsi, hətta atasını şillə-təpiyə tutması yaxud fiziki qüsurlu insan obrazından gülüş obyekti qondarmaq, bir eli araqiçənlər kimi təkrar-təkrar vurğulamaq və s. bekara, vecsiz, bəyənilməz “sənətçi”likdir…

Gülüş keçib gedir, onun yaratdığı mənəvi iz isə qal oğlu qaldır.

Böyük sənətin ölçüsü, bəlkə də, elə həmin izin dərinliyidir…

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.