Piyada keçidinin cəhənnəmlikləri Featured

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Biri var işıqfor, biri də var piyada keçidi. İndi izah edirəm. İşıqforda yolu keçmək istəyən piyadalar üçün yaşıl, maşınlar üçün isə qırmızı işıq yanır. Bu məlumatı daltoniklərin bilib, bəzən yanlışlıq etməsindən savayı, demək olar ki, hər kəs yerli yerində bilir. İndi gələk əsas məsələyə...

 

İşıqforun qırmızı işığının yandığını görən bəzi sürücülər, uzaqdan elə yüksək sürətlə gəlirlər ki, sanki bu sürət qırmızını yaşıla dəyişəcək. Nəticədə gəlib qırmızı işıqda elə tormoz edirlər ki, təkərlər asfaltla sürüşmə sürtünmədən pulsuz konsert verib, caz ifa edirlər. İşıqforlu keçidlərdən yolu keçmək, işıqforsuz keçidlərdən keçməkdən böyük ehtimalla rahatdır.  

 

İşıqforsuz keçiddən keçməmişdən əvvəl, bolluca düşünməlisən. İçində bol tərəddüd yaranıb, get gəl edirsən. Elə bil böyük bir biznesə risk edərək yatırım edirsən. Biznes– sənin həyatındı, yatırımsa 4-5 metrlik yoldu. Öz həyatını 4-5 metr yol gedərək yenidən qazanmalısan. Gələn maşınları bir-bir izləyirsən. Beyin düşünür, bu da keçsin keçərəm, yox o da keçsin sonra keçərəm. Uzun fikirlərdən sonra "bismillah" deyib ayağını qoyursan piyada keçidinə. Bu səfər piyada keçidi gözlərində aşağısı lava püskürən siraat körpüsünə çevrilir. 4-5 metrlik yol, sənə kilometrlik yol təsəvvürü bəxş edir. 

 

Yola başlayanda uzaqdan da maşın elə sürətlənib gəlir ki, deyirsən bəs, elə indicə məni cizgi filmlərindəki kimi asfalta şəkil edəcək. Bir gözün yolda, bir gözün maşında....

Qorxudan ayaqlar tutulur, donub qalırsan ki, bu da son, elə indi maşın vuracaq, başlayım kəlmeyi-şəhadət gətirim. Mənşəyi məlum olmayan bir nəsnəyə 5 manat nəzir niyaz deyirsən. Bu halda maşın gəlir düz dayanır yanında, cismin yerində qalsa da, ruhun səninlə çoxdan halallaşıb aradan çıxıb. Budur, yolun sonuna gəldik, dərin bir nəfəs çəkib yola davam edirik. Bu sevgidə isə udan tərəf nəzir niyaz sahibi oldu. 

 

“Ədəbiyyat və incəsənət”

(17.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.