Bizim mənəvi qatillərimiz olan İŞƏGÖTÜRƏNLƏR Featured

 

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Uzun müddətdir ki, işsiz idim və nəhayət qərara gəldim ki, uzaq bir tanışın işlədiyi müəssisədə olan iş üçün müraciət edim. Uyğun vakansiya üçün CV göndərdim. Müsahibəyə dəvət etdilər. Həyəcanlı şəkildə qapını döyüb içəri girib əyləşdim. Ordan-burdan danışdıq, mənə bir neçə sual ünvanladılar.

 

Birinci sual o oldu ki, özünüzü 5 il sonra harada görürsünüz?

 

Doğrusu, beynimdə bu gündən sabaha ümid olmadığını bilirdim. İnsan bilmir, sabah başına nə gələcək. Amma özümü toparlayıb uyğun bir cavab verdim.

 

Növbəti sual “Biz sizi niyə işə götürməliyik?” oldu.

 

Bu sualla da daxilimdə mübarizə apardım. Bir az mübahisəli sual təəssüratı yaratdı. Deyə bilmədim ki, evdə arvad-uşağın gözlərinin içinə rahat baxıb istəklərini yerinə yetirə bilmək üçün mənə işləmək lazımdır. Bu suala da uyğun cavab verdim.

 

Üzdə təbəssümlə “Biz sizinlə yaxın günlərdə əlaqə saxlayarıq” deyib, eyni əhvalla sağollaşdıq. Sevincimin həddi-hüdudu yox idi. Evdə arvaddan gəlib muştuluq istədim.

 

Hər ötən günün rəsmi iş vaxtının bitməsinə qədər zəng edəcəklər deyə, telefon əlimdə gözlədim. Bir neçə gün telefonla elə doğmalaşdım ki, arvad belə xəyanət səbəbilə şübhələndi. Hər gün işə olan ümidim getdikcə azalmağa doğru gedirdi.

 

Beynimdə suallar çərpələng kimi uçuşurdu. Artıq iki həftə keçmişdi. Düşünürdüm ki, əgər məni işə götürməyəcəklərsə, niyə dedilər ki, “biz sizinlə yaxın günlərdə əlaqə saxlayacağıq”?

Görəsən, onlar üçün zaman anlayışı nədir, hansı planetin saat qurşağına görə hərəkət edirlər? Və ya, mən onlar üçün uyğun deyiləmsə, niyə bunu mənə bildirmədilər? Necə ümidlə, son çarə kimi gözlədiyimi bilmirlər, yəqin.

 

Arvadın hər səhər “nə oldu?” sualı məni lap əldən salmışdı. Yuxuda belə o sualı görürdüm. Beləcə, bir ay keçdi. Bu suallardan yaxa qurtarmaq üçün küçədə gəzişərkən həmin müəssisədə işləyən tanışla rastlaşdıq. Hal-əhval tutduq bir-birimizdən. Söhbət əsnasında mənə dedi ki, “bu yaxınlarda səni gördüm”.

 

Sözünün ardını gətirmək istəyərkən, sözünü kəsib artıq iş üçün çağıracaqlar deyə düşünüb, şəstlə “məni ora işə çağıracaqlar” deyib, müraciət etdiyimi dedim.Bir az da özüm məsələnin üstünə əlavə etdim. O isə bayaq qaldığı yerdən davam etmək istədi. Bir az tərəddüdlü şəkildə, duruxaraq sözünə davam etdi. Əslində, “səni gördüm” deyərkən özünü yox, şəklini görmüşəm deyə səsləndi.

“Doğrusu, belə olduğunu bilmirdim,” — dedi.

“Onda mən yanlış anlamışam nələrisə. O gün üzərində sənin şəklin, məlumatların olan CV-ni peraşki yeyərkən əlləri batmasın deyə istifadə edərkən görmüşdüm. Rast ki, sən belə deyirsən, o zaman səni təbrik edirəm. Xeyirli olsun.”

 

İşə düzəlmək xülyalarıma beləcə xitam verildi.

O gündən, harda gözümə peraşki sataşırsa, sanki iynə olub gözümə batır. Düzü, özümlə bacara bilmirəm, amansız işəgötürənlərin acığını zavallı peraşkidən çıxmağıma son qoya bilmirəm heç cür.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.