ŞƏKİ – xatirələrimin əfsanələr şəhəri Featured

İmran Verdiyev,

Azərbaycan Respublikasının Əməkdar müəllimi.

“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

  

Bəzi şəhərlər var ki, insan onları sadəcə görür, tanıyır və yaddaşında saxlayır. Bəzi şəhərlər isə zaman keçdikcə insanın həyatına qarışır, xatirələrinə hopur, duyğularının bir parçasına çevrilir. Şəki mənim üçün məhz belə şəhərlərdən biridir. “Dayanıb bir dağ təki, dağlar qoynunda Şəki”.

Oğuzda yaşasam da, hələ uşaq yaşlarımdan Şəki mənim təsəvvürümdə əfsanələr, sirli tarix və qədim mədəniyyət məkanı kimi canlanırdı. Bu şəhərin adında belə, mənə qəribə bir doğmalıq, bir az da nağıl sehri vardı. O vaxtlar Şəkini tanımırdım, küçələrini gəzməmiş, tarixi abidələrini görməmişdim. Ancaq haqqında eşitdiklərim, xəyalımda canlandırdıqlarım bu şəhəri mənim üçün başqa yerlərdən fərqləndirirdi. Şəki tarixi ilə, təbiəti ilə, mədəniyyət və sənət aləmi ilə, insanları ilə gözəldir. Amma mənim üçün onun ən böyük gözəlliyi yaddaşımdakı yeridir.

 

 

 Şəkiyə ilk səfərim isə xəyal etdiyim o nağıl dünyasına səyahət kimi başlamadı. Həyat məni bura daha ciddi, daha kövrək bir səbəblə gətirdi. Hələ orta məktəbin yuxarı siniflərində oxuyurdum. Atam və anam ağır xəstə idilər. Onlar birlikdə Şəkidə xəstəxanada müalicə olunurdular. Hər bazar günü valideynlərimi görmək üçün Şəkiyə gedirdim. Bu səfərlər mənim üçün adi yolçuluq deyildi. Bir tərəfdə yeniyetməlik çağının qayğıları, digər tərəfdə valideynlərimin səhhəti ilə bağlı narahatlıq dayanırdı.

O illərdə Şəkinin küçələrini, binalarını, insanlarını indiki qədər diqqətlə müşahidə etmirdim. Çünki insanın yaddaşında bəzi məkanlar ilk növbədə yaşadığı hisslərlə qalır. Mənim yaddaşımda da Şəki əvvəlcə valideynlərimə qovuşduğum, onları görmək üçün tələsdiyim, bazar günlərinin həyəcanını yaşadığım bir şəhər kimi yer aldı. Onunla bağlı ilk xatirələrimin içində övlad sevgisi, ailə bağlılığı, qayğı və nigarançılıq vardı. İllər keçdikcə həmin xatirələr şəhərə olan münasibətimə xüsusi bir məna qazandırdı.

Sonralar Şəkiyə yolum dəfələrlə düşdü. Bu dəfə artıq şəhəri başqa gözlə seyr etməyə başladım. Tarixi daşlara, divarlara, küçələrə həkk olunmuş bu qədim diyarın mənəvi zənginliyi ilə yaxından tanış oldum. İlk ziyarət etdiyim məkanlardan biri, şübhəsiz ki, Xan sarayı oldu.

“Xan sarayı Şəkinin yalnız memarlıq incisi deyil, həm də Azərbaycan xalqının estetik təfəkkürünün, sənət duyumunun və bədii təxəyyülünün möhtəşəm ifadəsidir”. Onun rəngarəng şəbəkələri, divar rəsmləri, naxışların dili ilə danışan interyeri insanda heyrət doğurur. Burada sanki daş, ağac, şüşə və rənglər bir-biri ilə danışır, keçmişin səssiz hekayəsini bu günə çatdırır. Günəş şüalarının rəngli şüşələrdən süzülərək divarlarda yaratdığı mənzərə isə adi memarlıq gözəlliyindən daha artıq təsir bağışlayır.  Sarayın hər guşəsində bir sənətkar nəfəsi, hər naxışında bir tarix izi duyulur.

Sonra həyatımın başqa bir mərhələsi başladı. Ali təhsil aldım, müəllim oldum. Uzun illər Oğuzda məktəb direktoru kimi çalışdım. Pedaqoji fəaliyyətim dövründə Şəki ilə əlaqələrim daha da genişləndi. Artıq bu şəhərə yalnız qonaq və ya tarixi abidələrə maraq göstərən bir insan kimi deyil, təhsil işçisi, məktəb rəhbəri, maarifçi kimi də gəlirdim.

Müxtəlif vaxtlarda Şəkinin məktəblərində oldum, “açıq dərslər” keçdim,   təhsil müəssisələrinin fəaliyyəti ilə maraqlandım, onların iş təcrübəsini öyrəndim. Seminar və treninqlərdə, elmi-praktik konfranslarda iştirak etdim. Bu görüşlər mənə Şəkinin yalnız zəngin tarixi ilə deyil, həm də müasir təhsil mühiti, ziyalı potensialı və insan kapitalı ilə seçilən bir şəhər olduğunu göstərdi.

Mənim üçün bu səfərlərin ən yaddaqalan tərəflərindən biri də şagirdlərimlə birlikdə Şəkiyə etdiyim maarifləndirici ekskursiyalar idi. Onları Xan sarayına, görkəmli şəxsiyyətlərin ev-muzeylərinə aparırdım. M.F.Axundzadənin, S.Rəhmanın, B.Vahabzadənin və başqa sənət adamlarının həyat və yaradıcılığı ilə bağlı məkanlarla tanış edirdim.

İstəyirdim ki, şagirdlər tarix və ədəbiyyat haqqında yalnız dərsliklərdən oxuduqları məlumatlarla kifayətlənməsinlər. Görsünlər, hiss etsinlər, həmin şəxsiyyətlərin yaşadıqları mühiti təsəvvürlərinə gətirsinlər. Çünki kitabda oxunan tarixlə insanın öz gözləri ilə gördüyü tarix arasında müəyyən fərq var. Tarixi məkanla canlı təmas bilikləri yaddaşa, yaddaşı isə mənəvi təcrübəyə çevirir. Düşünürəm ki, müəllimin ən mühüm vəzifələrindən biri də şagirdin dünyagörüşünü genişləndirmək, onda milli-mədəni irsə maraq və ehtiram yaratmaqdır. Şəki bu baxımdan mənim üçün əvəzsiz bir öyrənmə məkanı idi. Burada hər küçə, hər tarixi bina, hər muzey bir dərs vəsaiti təsiri bağışlayırdı. Məncə, bir şagirdin yaddaşında bəzən bir muzey otağı, bir əlyazma, bir tarixi əşya bütöv bir dərslikdən daha dərin iz buraxa bilər. Çünki gördüyün, toxunduğun, ruhunu hiss etdiyin tarix artıq sənin üçün uzaq keçmiş olmayıb, mənəvi təcrübəyə çevrilir. Şəki bu mənada şagirdlərim üçün də, mənim özüm üçün də böyük bir açıq məktəb idi.

Şəkinin mədəni həyatı da məni özünə cəlb edirdi. Şəki teatrında tamaşalara baxmaq, səhnə sənətinin bu qədim şəhərdə yaşatdığı ənənələri duymaq ayrıca zövq verirdi. Teatrın yaratdığı bədii ovqat, aktyorların səhnə təqdimatı, tamaşaçıların sənətə münasibəti şəhərin mədəni simasını daha yaxından tanımağa imkan yaradırdı.

Bir də Şəkinin mətbəxi var. Bu şəhərin mətbəxi də onun tarixi və mədəni kimliyinin ayrılmaz hissəsidir. Şəki halvası, pitisi və başqa yerli təamlar təkcə dad xüsusiyyətləri ilə deyil, həm də özünəməxsus hazırlanma ənənələri ilə seçilir. Şəki mətbəxində qədim məişət mədəniyyətinin, zəhmətin, ustalığın və qonaqpərvərliyin izləri yaşayır. Burada süfrə sadəcə yemək üçün açılmır, həm də insanları bir araya gətirən ünsiyyət və qonaqpərvərlik məkanına çevrilir. Hələ Şəki sənətkarlarının əl işlərini demirəm.

İllər keçdikcə Şəki mənim həyatımın müxtəlif səhifələrində görünməyə başladı. Bir vaxtlar xəstə valideynlərimi görmək üçün gəldiyim şəhərə indi pedaqoji təcrübə mübadiləsi, mədəni tədbirlər, ekskursiyalar və şəxsi görüşlər üçün gəlirdim. Hər səfər əvvəlkinin üzərinə yeni bir xatirə əlavə edirdi. Şəhər də sanki mənimlə birlikdə dəyişir, hər dəfə başqa bir tərəfini açırdı.

 

İllər keçdi. Həyatımın daha bir mühüm mərhələsində Şəki ilə bağlılığım yeni məna qazandı. Qızım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında təhsil alırdı. Bu dəfə də yolum tez-tez Şəkiyə düşürdü. Qızımı görmək, halını öyrənmək, onunla vaxt keçirmək üçün bu şəhərə tez-tez gəlirdim.

Beləcə, Şəki mənim həyatımın müxtəlif dövrlərində fərqli hisslərin şahidi oldu. Bir vaxtlar xəstə valideynlərimin yanına tələsən məktəbli idim. Sonralar peşəkar fəaliyyətinin bir hissəsini burada keçirən müəllim və məktəb rəhbəri oldum. Daha sonra şagirdlərini bu şəhərin tarixi-mədəni irsi ilə tanış edən maarifçi, ardınca isə övladının təhsil aldığı şəhərə gələn bir ata...

Zaman dəyişdi, həyatın qayğıları və məqsədləri dəyişdi, amma Şəkiyə münasibətim getdikcə daha da doğmalaşdı.

Bu gün də Şəkiyə tez-tez baş çəkirəm. Şəki haqqında düşünəndə anlayıram ki, şəhərləri doğmalaşdıran təkcə onların gözəlliyi, tarixi abidələri və təbiəti deyil. Əsl doğmalıq insanın həmin məkanla bağlı yaşadığı hadisələrdən, keçirdiyi hisslərdən, orada qazandığı xatirələrdən yaranır. Bir şəhər insanın həyatında nə qədər çox iz buraxırsa, onun mənəvi xəritəsində bir o qədər böyük yer tutur.  

Şəki də mənim mənəvi xəritəmdə xüsusi yeri olan şəhərdir. Burada uşaqlığımın nigarançılığı, gəncliyimin axtarışları, müəllimlik fəaliyyətimin zəngin təcrübəsi, övladımla bağlı xoş xatirələrim bir-birinə qarışıb. İndi düşünürəm ki, uşaqlıqda əfsanələr məkanı kimi təsəvvür etdiyim Şəki əslində həyatımın öz əfsanəsinə çevrilib. Bu əfsanənin qəhrəmanları isə tarixi şəxsiyyətlərdən, memarlıq abidələrindən daha çox, mənim həyatımda iz qoymuş insanlar, yaşanmış günlər və unudulmaz xatirələrdir.

Bəlkə də, buna görə Şəkiyə hər gəlişim mənim üçün sadəcə bir səfər deyil, həm də öz keçmişimə qayıdışdır. İndi Şəkiyə hər gəlişimdə yalnız onun bugünkü mənzərəsini seyr etmirəm. Burada öz keçmişimin müxtəlif yaşlarda olan izləri ilə də qarşılaşıram.  

Şəki mənim yaddaşımda hər gəlişimdə bir az da doğmalaşan, hər ayrılışımda yenidən görmək istədiyim; tarixi ilə heyrətləndirən, xatirələri ilə özünə bağlayan bir şəhərdir.  

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2026)

 

 

                                                                  

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.