Azərbaycanın turizm imkanları Körfəz Əməkdaşlıq Şurası ölkələrində tanıdılır

 

Azərbaycanın turizm imkanları Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrində tanıdılır. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə noyabrın 13-dək davam edəcək “Roadshow 2025” tədbiri çərçivəsində bu gün əl-Küveyt şəhərində ölkəmizin turizm potensialı təqdim olunub.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Azərbaycanın turizm şirkətlərinin, otellərin nümayəndələri, Turizm Bürosunun əməkdaşları əl-Küveytdə, həmçinin yerli turizm şirkətləri ilə ikitərəfli görüşlərdə iştirak ediblər. Eyni zamanda, 100-ə yaxın yerli şirkətin nümayəndələri ölkəmizin turizm məhsulları və imkanları, eləcə də bu istiqamətdə aparılan məqsədyönlü tədbirlər barədə məlumatlandırılıblar. Bundan başqa, ölkəmizə turistlərin gəlişini asanlaşdırmaq üçün görülən işlərdən də danışılıb.

“Roadshow 2025” çərçivəsində növbəti tədbirlər Doha, Məsqət, Əbu-Dabi və Dubay şəhərlərində keçiriləcək.

Tədbirdə iştirak edən Azərbaycanın “Zakher Travel” şirkətinin rəhbəri Cəfər Qarayev AZƏRTAC-ın müxbirinə müsahibəsində KƏŞ ölkələri ilə turizm sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, şirkəti Azərbaycanın malik olduğu böyük yay və qış, müalicə, sağlamlıq turizm potensialını KƏŞ ölkələrinin yerli şirkətlərinə təqdim edir.

Tədbirdə Azərbaycanın Küveytdəki səfirliyinin müşaviri Mirdavud Sultanov iştirak edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.