Kamera və Orqan Musiqisi Zalında baş tutan “Üzeyir sənətinin gənclik sədaları” adlı konsertin iştirakçıları müxtəlif alətlərdə ifa edən gənc solistlər oldu. “Gənclərə dəstək”layihəsi çərçivəsində keçən kamera musiqi axşamında Azərbaycan Respublikası mədəniyyət nazirinin Birinci müavini Elnur Əliyev iştirak edib, tədbir iştirakçılarını salamladı. Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, E.Əliyev çıxışında gənc ifaçılarla aparılacaq işin xüsusi əhəmiyyətini vurğuladı: “Bu il Azərbaycan üçün çox fərqli ildir. XIII Ü.Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalının bir hissəsinin açılışının Şuşada baş tutması möhtəşəm hadisədir. Bu – cənab Ali Baş Komandanın bizə verdiyi ən böyük hədiyyədir! Gənclərimiz çox peşəkar və istedadlıdırlar. Onlar bizim gələcəyimizdirlər. Gələcəyimiz gənclərimizdən, onların peşəkar səviyyəsindən asılı olacaq. Biz bu gün böyük bir musiqi ənənəsinin, musiqi məktəbinin banisi Üzeyir Hacıbəyli musiqisinin varisiyik və çox istərdik ki, bu ənənələr davam etsin. Arzu edirik ki, bundan sonra da Azərbaycan ilk növbədə incəsənətini, istedadlarını tanıtsın. Təbii ki, Ü.Hacıbəyli də məhz əsas diqqətini gənc nəslin yetişdirilməsinə yetirirdi. Əsas məqsəd gələcəyi qurmaqdır”.
Daha sonra gənc ifaçılar izləyicilərə müxtəlif nəsilləri təmsil edən Azərbaycan bəstəkarlarının – Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Elmira Nəzirova, Adil Bəbirov, Azər Dadaşov, Tofiq Bakıxanov və başqa bəstəkarların əsərlərindən ibarət proqram təqdim etdilər.
* * *
Növbəti kamera konserti Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti Fəxrəddin Kərimovun rəhbrəlik etdiyi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və solsitlər – violinist Ümidə Abbasovanın və violonçel ifaçısı, əməkdar artist Aleksey Miltıxın iştirakilə keçdi.
Konsertin rəngarəng repertuarına Üzeyir Hacıbəylinin “Arazbarı”, Arnold Şönberqin “Noktürn”, Fikrət Əmirovun “Nizami” simfoniyasının finalı, Maks Bruxun “İsveç xalq melodiyalarına Serenada”, Pyotr İlyiç Çaykovskinin “Noktürn” əsərləri daxil edildi. Gənc ifaçılar, respublika və beynəlxalq müsabiqələr laureatları Lalə Əhmədova (bəstəkar) və Yusif Abbasov (bəstəkar), Ümidə Abbasova (violin), Cəlal Kərimov (bariton), Nuranə Əliyeva (piano), Nərgiz Kəngərli (piano), Aynur Abdullayeva (piano), Surə Rüfət (violin), Teymur Kazımov (vokal), Hidayət Sadıqbəyli (piano), Fatimə Əliyeva (piano), Xanım Quluzadə (piano) və Sevda Cəbrayılova (qanun) çıxış ediblər. Konsertmeysterlər Arzu Səfərova, Dilarə Kərimova və Svetlana Əhmədova oldu.
Bununla yanaşı, Bakıda ilk ifası həyata keçən əsərlər də oldu. Belə ki, Antonio Salyerinin “Simfonia Venezia”, Xoakin Turinanın “La Oracion del torero” əsərləri Bakıda premyeralarını yaşadı.
Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalında böyük kamera musiqisi axşamı
View the embedded image gallery online at:
https://www.edebiyyatveincesenet.az/en/musiqi/item/534-uzeyir-hadz-baeyli-ad-na-beynaelkhalzh-musizhi-festival-nda-boeyuk-kamera-musizhisi-akhsham#sigProGalleria72aec5ebf3
https://www.edebiyyatveincesenet.az/en/musiqi/item/534-uzeyir-hadz-baeyli-ad-na-beynaelkhalzh-musizhi-festival-nda-boeyuk-kamera-musizhisi-akhsham#sigProGalleria72aec5ebf3