“Şeir saatı” Zeynəb Cəmaləddin ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında bu gün sizlərə Zeynəb Cəmaləddinin şeirləri təqdim edilir. Klassik şeir ənənələrinə sadiq qalan müəllifin qələm məhsullarını inanacağınıza əminik.

 

 

YUXU 

 

Bir qum saatından axıb getmisən,

Anlaya bilmədim axdığın yeri.

Buludlar içində çaxıb itmisən,

Gözlərim axtarır çaxdığın yeri.

 

Gəncliyim! Gəncliyim! Nə tez sovuşdun!

Ömrün çənbərində sirrə qovuşdun.

Məcməyi səmada yırğalamışdım,

Almaz ulduzları yığdığım yeri.

 

Arzular gözəldi, həyat müəmma,

Güzəştə öyrətdi məni hər "amma",

Torpağa tutundum, unutdum amma,

Çəhrayı buluddan baxdığım yeri.

 

Zülmətdə işığı dərk eləmişdim,

Ən çox öz qəlbimə ərk eləmişdim.

Könlümə, gözümə görk eləmişdim,

Ayrılıq oduyla yaxdığım yeri.

 

Zeynəb, nə xiffət et, nə də bat qəmə,

Hər şey bir yuxuymuş bəlkə, sən demə.

Qayıtmaq istədim həmin aləmə,

İtirdim yuxumdan çıxdığım yeri.

 

 

OLURMUŞ

 

Küləyin sovurub atdığı bir dən,

Torpağa sarılıb  taxıl olurmuş.

Xislətə nə etsin qüsursuz bədən,

Yalançı adamlar paxıl olurmuş.

 

Məchulu açmağa açardır heyrət,

Zirvəyə ucaldar ağıllı cürət.

Təsəlli edəndə fərsizi qeybət,

Sözləri ballanıb noğul olurmuş.

 

Ələnər ömürdən vaxt narın-narın,

Ürəkdir xəznəsi misilsiz varın.

Əgər mərd adamsa həmdəmin, yarın,

Sınaqlar, savaşlar nağıl olurmuş.

 

 

SAXLAR, A SAXLAR


Gəzdiyi məkanda varmı sağ-solu?
Gün Yeri, Yer Ayı yoxlar, a yoxlar.
Ağır qoşunuyla keçər Süd Yolu,
Qoşunun özünə bağlar, a bağlar.

Həm gündüz, həm gecə hikmətin kanı,
Ehtiva eyləmiş sirlə hər yanı.
Bir cüt qanad kimi sarıb dünyanı,
Tanrıdan əmanət saxlar, a saxlar.

Əjdaha od saçır odun külündə,
Saxlayır yüyənin güclü əlində.
Yeraltı ayğırın durub belində,
Göstərir dəyanət dağlar, a dağlar.

İnsanın cismi də sanki Yer kimi,
Torpağı eynidir, suyu bir kimi.
Gah həzin, dalğalı, gah da kür¹ kimi,
Hayqırar, kükrəyər, çağlar, a çağlar.

Taylının taylısı, bablının babı,
Olmasa, a Zeynəb, yetişməz tabı.
Nə çoxdu dünyada ömür kitabı,
Hər kəs öz ömrünə ağlar, ay ağlar.

 

1 kür – dəlisov

 

 

DAĞINTI

 

Hər qayanın etibarı

Əzəməti boyda deyil.

Bəzən kölgəsinə sığınarsan,

Bəzən küləklərdən qorunarsan.

Sükunətini təkəbbürü pozar.

Etibarını mənəmliyi.

Və bir gün

Töhmət olub,

Minnət olub,

Uçular üstünə-üstünə.

Parça-parça olub gözlərindən tökülər.

Ovular, qırılar, dağılar özü də,

sındırar səni də.

Geriyə dönüş axtararsan,

Geriyə dönüş də yox.

Geriyə dönüşün yollarını

Ortada dağ olan

dağıntılar tutub.

 

 

XƏYALLAR


Yenə ayaqlarım götürdü məni,
Üstü bənövşəli köhnə dəftərə.
Özümü aldadıb guya örtmüşəm
Keçmişə qapını lap nahaq yerə.

Bir duman içində açılır qapı,
Vərəqlər astaca xışıldadıqca.
Qapının dalından baxır qıyqacı,
Xəyallar çağırır məni açıqca.

Bu sirli aləmin gizli zühuru...
Ah, nəyi unutmaq istəmirəm mən?
Çəhrayı buludlar – çəhrayı yelkən,
Çəhrayı yağışda islanan mənəm.

Dəftər arasında saralmış vərəq,
Qat kəsib dəftərin orta yerində.
Bir həzin sədaya dönür kəlmələr,
Bir ağrı sızlayır incə, dərində:

“Mən səni görəntək inandım, gülüm,
Ömrümə yazıldın, ömrüm, inan ki.”
Quruyub bozarmış bir zərif çiçək,
Sözlərin altında möhürdü sanki.

Zaman bulaq təki arınıb axır,
Sovrulur, verdiyin bir də alırmış.
Ürəkdə qoyulmuş məsafələrlə
Ayrılıq keçilməz çəpər olurmuş.

...Qopub xəyalların cazibəsindən
Örtürəm dəftəri gözlərimdə nəm.
Titrəyib astaca görünməz olur,
Bənövşə qoxulu, nağıllı aləm.

 

BİLƏNLƏR

 

Görmədim öyünsün dərin adamlar,

Yaman çox danışır dayaz bilənlər.

Sovurmur havaya qəpik sözləri,

Qızıl xırdalayır az-az, bilənlər.

 

Sədaqət, düzlüyü dincə qoyurlar,

Doğrunun haqqına pəncə qoyurlar,

Həyanı, isməti küncə qoyurlar,

Həyanı, isməti mərəz bilənlər.

 

Xeyirə şər donu geyindirirlər,

Akrilə¹ dürr donu geyindirirlər,

Pişiyə şir donu geyindirirlər,

Tərəfkeş olmağı taraz bilənlər.

 

Riyakar bir gözəl tapıb neyləsin,

Su olsa torpağa hopub neyləsin?

Silikon dodağı öpüb neyləsin,

Çəhrayı dodağı kiraz bilənlər.

 

Dünya "imdad!" deyib lap çalır təbil,

Dünyaya od qoyur insan, bir qəbil.

Nə yerə tüpürməz, nə atmaz zibil,

Dünyanı öz evi, miras bilənlər.

 

¹ - plastik əsaslı bəzək materialı; süni muncuq

 

 

A CİV-CİV SƏRÇƏLƏR

 

Pəncərəm önündə lal olub çinar,

Duymuram civ-civi dan söküləndə.

Nigaran yuvalar üşüyüb  donar,

Quşbaşı-quşbaşı qar töküləndə.

 

Nə isə əskilir ürəkdə, gözdə,

Yerində gizlicə yerləşir kədər.

Nə yaxın çinarda, nə yolda-izdə

Görünmür nədənsə dəcəl sərçələr.

 

Görünmür cərgəsi işıq telində¹,

Gün döyər, yel vurar, külək yırğalar.

Arada səslənib qarğa dilində,

Əfəndi-əfəndi gəzər qarğalar.

 

Köçürdüb payız da qaranquşları,

Qayıdıb gələrlər bir də baharda.

Ruhumuz sizinlə xoş olsun barı,

A civ-civ sərçələr, hardasız, harda?

 

¹ işıq telləri - burada: elektrik naqilləri.

 

“Ədəbiyyat və incəsənət”

(26.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.