“Ədəbiyyat və incəsənət” portalının “Şeir saatı” rubrikasında sizlərə iki gün ardıcıl Adiə Nəzərin yeni şeirlərini təqdim edirik.
GƏL-GƏL
Canımdan can alan gecə içindən,
Qaranlıq zülməti yar, ey nur, gəl, gəl!
Ruhumun ən gizli, dərin küncündə,
Alovlanan eşqə var ey yar, gəl, gəl!
Cahan bir qəfəsdir, könül bir quşdur,
Sənsiz bu ömür də, cahan da boşdur.
Vüsalın yanğıma ən şirin nuşdur,
Sənsən ürəyimdə bərqərar, gəl, gəl!
Sən sirri-əzəlsən, sən haqqın özü,
Sənsən nurlandıran görməyən gözü.
Mən necə gizlədim bu yanan közü?
Üfür küllərimi, et yanar, gəl, gəl!
Adınla nəfəs var bu can içində,
Qoyma həsrət çəkim hicran içində,
Səni axtarıram ümman içində,
Ey ən dərin gizli, ən aşkar, gəl, gəl!
Yolunda əritdim bu ömrü zar-zar,
Eyləyə bilmədim halımı izhar.
Çəkdi həddindən çox canım intizar,
Qurtarsın hicrandan bu naçar, gəl, gəl!
KƏBƏDƏ YAZILAN ŞEİR
Gəldim, gecəmə ol həmdəm,
Atəşəm, ocağam, közəm,
Yanğıma şifadır zəmzəm, -
Su... – deyib səslərəm Səni!
Ey mehriban, ey qayğıkeş,
İslam haqq yoldur - şərti beş...
Sevgi yolunun sonu Eşq!
Bu... – deyib səslərəm Səni!
Hər parlayan daş zərdimi,
Bir kimsə sən tək ərdimi?
Gəldim qapına, dərdimi
Yu... – deyib səslərəm Səni!
Ay da çarşaf geyib göydə...
Dalğalanır damla göldə...
Qulaq tutulan bu çöldə,
Qu... – deyib səslərəm Səni!
Səcdə mənim, namaz mənim,
Qunut mənim, pərvaz mənim -
Qələm qeyri yazmaz mənim –
Hu... – deyib səslərəm Səni!
DOST DA ŞAD GÜNÜN DOSTUDUR
Bir qara zolağa düşdüm,
Kimsə tutmadı əlimdən.
Bir adam dərdimi sorub
Xəbər bilmədi halımdan.
Doğma bildiyim insanın,
Səsi çıxmadı, – “sus”dadır.
Gördüm ki, dost da sağ canın,
Dost da şad günün dostudur.
Qaldım özümlə baş-başa,
Bir kəs demədi, – neylədin?
Dərdimi danışdım suya,
Çırpınıb fəğan eylədi.
Yıxır kədərin tünlüyü,
Kimə aparım ki, pənah?!
Sovuşdur bu çətinliyi,
Ümidim sənədir, Allah.
Çıxım bu dardan, dolaqdan,
Bir ağ yola, nura çıxım.
Keçim bu qara zolaqdan,
Günəşi köksümə sıxım.
QƏRARSIZAM...
Həyatın sahilində dayanmışam,
hansı dalğaya özümü buraxacağımı düşünürəm.
Dəniz danışır,
mən susuram.
Dalğalar eynən mənim qərarım kimidir –
gah geri çəkilir,
gah irəli atılır...
Sonra yerlərini dəyişirlər
keçmişin ağrıları kimi...
Qismət, deyirlər...
amma
bəlkə də qismət deyilən şey
hazır olduğumuz an gələndir...
Qərarsızam, susuram.
Sahildə oturub
dalğalara baxıram -
və bir az sənə,
bir az özümə,
bir az da Tanrıya arxayınam...
SARI NAĞILLAR
Yenə də yarpaqlar küsüb ağacdan,
Kədərli-kədərli yana baxırlar.
Əlini yelləyib quru ocaqdan
Ayrılıb gedirlər sarı nağıllar...
Çılpaq budaqların titrəyir səsi,
Xəzəl xalı olur cığıra, izə.
Payızın qırovu, soyuq nəfəsi,
Xəyal tək ələnir üzərimizə.
Yaz gəlsin... Günəşin ilk öpüşüylə,
Oyansın yuxudan torpaq, kök, rişə.
Eşqin nəğməsilə – quş ötüşüylə,
Yenə yaşıllansın hər yan, hər guşə.
Yarpaqlar budağa, budaq ağaca,
Qaynayıb, qarışıb, yovuşar əlbət.
İndi yadlaşanlar qucaq-qucağa
Barışıq eyləyib qovuşar əlbət.
GÜNÜ GƏLDİ
Yenə soyuq hava ilə,
Hər ehtiyac günü gəldi.
Tox günlər yaşanıb getdi,
Kasıbın ac günü gəldi.
Namuslunun gülmür üzü,
Sındırırlar - ağlar gözü.
Namussuzun keçir sözü -
Odur - rəvac günü gəldi.
Qələm alan yazır qəzəl,
Söz qanmayan deyir: gözəl!
Arsız sevilməzdi əzəl,
Başlara tac günü gəldi.
Düzlər qalıb indi naçar,
Əyrilər yolu tez açar.
Haqsız olan Haqdan qaçar,
Zalım, xərac günü gəldi.
Adilə, ver sualını,
Təmiz eylə amalını,
Boşla, bu dünya malını,
Can saxla, bac günü gəldi.
YARIM YARDA İDİ
Axtardım səni illərlə,
Nə göydə, nə yerdə idin.
Dilimdəki pıçıltıda,
Alnımdakı tərdə idin.
Xəyalını çəkə-çəkə,
Düşübdü qəlbimə ləkə.
Yüz qapı döymüşəm bəlkə,
Sən demə tam burda idin.
Bunu Məkkədə anladım,
Qara daşın kölgəsində...
Milyonların nəfəsində...
Dərd, dəvası özgəsində -
Dəvada, həm dərddə idin...
Neçə göy var, heç dirək yox,
Alışmayan bir ürək yox,
Göyə uçmağa gərək yox,
Hara baxsam orda idin.
Tanıdı hər ahım Səni,
Tanıdı bu ruhum Səni.
Bir ömür axtardığımı –
Açıb gözümü Kəbədə,
Tapdım burda Şahım, Səni...
Dedim: mən niyə yarımam?
Bildim: yarım Yarda idi.
“Ədəbiyyat və incəsənət”
(24.11.2026)


