“Ədəbiyyat və incəsənət” portalının “Hekayə saatı” rubrikasında bu dəfə sizlərə Pərvanə Əliqızının “Təzad” hekayəsi təqdim edilir.
PƏRVANƏ ƏLİQIZI,
“TƏZAD”
Aynadan baxan qızı tanıya bilmirdi. Özündən razı görkəmindən əsər-əlamət qalmamışdı. Ənlik-kirşanı güzgünün qabagına yığıb baxırdı. Nə edəcəyini bilmirdi. Başqa vaxt səhər yuxudan oyanır, qısaqol köynəyini və cins şalvarı əyninə keçirib, qarson stilində kəsilmiş saçlarını darayıb işə tələsərdi. Anasının təkidi olmasaydı, çay da içməzdi.
—Ay bala, çay soyuyur, gəl day. Güzgülənmək də təzə çıxdı.
Əvvəlki dəlisov qız deyildi. Gah saçında, gah xarici görkəmində, gah da əllərində qüsur axtarırdı.
Oğul övladları olmayınca atası onu oğlan kimi böyütmüşdü. Heç vaxt başqa qızlar kimi don geyinməmiş, ənlik-kirşan istifadə etməmişdi. İstifadə etdiyi ətirlər də xasiyyəti kimi çılğınlıq aurası yaradan qoxular idi.
Dəyişmək istəyirdi. Zərifliyi diqqət çəksin istəyirdi. Bacarmırdı... Anasından kömək istəsinmi? Axı qapını aramsız döyən anası onun gözəl olmaq, güzgülənmək həvəsinə qəribə baxırdı. Ona elə gəlirdi, gənc qız olduğunu hamı unudub. Gizlətdiyi qadınlıq duyğusunun nə vaxtsa üzə çıxacağını gözləmir, ya da bu duyğuların üzə çıxmasını tamamilə istəmirdilər.
Bir neçə qohuma məxsus, ümumi həyətdə, əmisi oğlanları ilə birlikdə böyümüşdü. Qıçları bir az əyri, sümüyü iri idi. Yaşıdı oğlanlar futbolçulara bənzəyirsən deyib söz atardılar ona. Yeriyəndə qollarını yana ataraq addımlayırdı. Bəyəndiyi yeganə xüsusiyyəti qaməti idi.
Nə etsəydi daha gözəl görünərdi görəsən? Kosmetikalardan əlini üzdü, onlardan istifadə edə bilmir. Balaca bacısı bəzənməyi ondan yaxşı bacarır. Anasından kömək istəsə, —Bu nə həvəsdi? — deyərdi.
Dünən baş verənlərdən sonra, gizli hisslər bəslədiyi ona məhəl qoyacaqdımı? Qapı təkrar döyüləndə səbri daşdı.
Qız elə bil ağlamaqçün himə bənd imiş. Kandarda görünməklə, ağlamaq səsi evi bürüdü ;
—Nə istəyirsiniz, kişilər belə evdən çıxanda səliqə səhmanına fikir verir. Öyrənmisiniz şalvarı əynimə keçirib, qaçmağıma.
Anası qızındakı dəyişikliyi artıq sezmişdi. Tez-tez kövrəlməyi səbəbsiz deyildi. Həmişə nigaran idi.... Onu başqa qızlar kimi gəlinlikdə, yaxud qucağında körpəsi təsəvvür edə bilmirdi. İndi həm sevinir, həm də qorxurdu. Görəsən qızın qəlbini yerindən oynadan adam kim idi? Necə adamdı?
On altı yaşından müxtəlif restoranlarda, kafelərdə işləmişdi. İlk vaxtlar qohumlar atanı qınayırdılar.
—Qızını oxut, sənət sahibi et, —deyirdilər.
Gəncliyindən zərərli vərdişlərə qurşanmış, hansı qaranlıq işlərlə məşğul olduğu bilinməyən ata: — O, mənim oğlumdur. Harada istəsə, işləyər. Vəssalam! — demişdi.
Bir müddətdən sonra hamı susub, kənara çəkilmişdi.
Hər axşam qapıdan içəri girəndə;—Oğul belə olar! —tərifindən sonra aldığı gündəlik 15 -20 manat zəhmət haqqını atanın ovcuna sayır, sonra səhər işə getmək üçün yolpulu almaqdan ötəri gözünü onun əlinə dikirdi. Başını aşağı salıb bir az əvvəl özünün verdiyi pula yad hərisliyi ilə baxır, palçıq ayaqlayan adam kimi ayağının birini götürüb o birini qoyurdu. Ala bilməyəndə: —Ata narahat olma, ayaqla gəzə-gəzə gedərəm, —deyib, razılaşırdı.
Kənardan izləyən ana sadəcə köks ötürüb, baxışlarını yayındırırdı. Anası ilə bacısı həmişə atadan şikayətçi idilər. O, isə işə başlayandan yalnız axşam qapıdan girəndə atasını görürdü. Alacağını alıb, dostlarının yanına tələsən ata, bir də gecənin hansı yarısındasa qayıdırdı. Səhər işə gedəndə evi bürüyən xorultusundan bilirdi geri qayıtdığını. Son zamanlar belə kiçik epizodlardan ibarət olurdu görüşləri. Uşaqlığında isə özünü “ağıllı“ göstərmək, onun xoşuna gəlməkdən ötəri necə fəndlərə əl atırdı.
Yeniyetmə dövrlərində atası dostlarının yanında özünü dartıb:—Bilirsiniz, mən heç vaxt kiminsə kölgəsinə sığınmamışam. Hər gün yeyib-içəcək qədər pulum var, —deyəndə, onun öyünməsində öz payı olduğunu düşünüb sevinirdi.
Jalənin yeni işə başladığı restoran əvvəlki yerlərə bənzəmirdi. Ailəvi, sakit bir məkan idi. Kollektiv gənc oğlanlar və qızlardan ibarət idi . Qızlar hər biri bacısı Lalə kimi baxımlı və gözəl idilər. Administratorları Rüfət adlı gülərüz, müştəri ilə dil tapmağı bacaran gənc oğlandı. Kollektivin xoş rəftarından hörmətə layiq insan olduğu hiss olunurdu. İşə gəldiyi gündən ona diqqət yetirirdi. Əvvəl bunu təzə işçi olmasıyla əlaqələndirirdi. Sonra atmacalarından anlamışdı: ona xüsusi marağı var.
Dünən restoranda ad günü keçirən ailənin məclisi gec bitmişdi. Narahat deyildi. Bilirdi, ona laqeyid qalmayan adam tək getməyinə razı olmayacaq. Atasının evə gəldiyi saatlarda məhəlləyə çatmışdılar . Onu ötürüb geri dönmək istəyəndə küçədə atasıyla qarşılaşmışdı. Dostlarının məclisindən başı dumanlı ayrılmış ata oğlanın yaxasından tutub;
— Sən kimsən mənim qızımı evə ötürürsən?— deyə bağırdı. Evinə qədər ötürdüyü qızı nəinki başqalarının, hətta içki düşkünü atanın belə yanında müdafiə etməyə cəsarəti çatardı. İki əli ilə biləyindən tutub;
— Mən onu oğlunuz bilirdim, “Oğulun “, oğlan dostunun olmasına niyə təəcüblənirsiniz? —deyərək sərt hərəkətlə əllərini yaxasından qopardı. Ayaqüstə güclə dayanan kişinin geriyə səndələyib, divara yapışmağına məhəl qoymadan yoluna davam etdi.
Çantasını yerə qoymamış, küçədən gələn mübahisə səsinə qulaq kəsildi. Bacısı maraqla pərdəni çəkib dostunu görmək istəyəndə, macal verməyib çəmkirdi :
—Nə boylanırsan? Maraqlı nə var orada?
Ərinin, axşam kiminsə arxasınca deyinməsindən bir şey anlamayan arvadı onu birtəhər yatağına uzandırb qapını örtmüşdü. Səhər yuxudan oyananda ağırlaşıb daşa dönmüş başını o tərəf -bu tərəfə hərləyib dünən baş verənləri xatırlamağa çalışdı. Gördükləri yuxu idimi, yoxsa gerçəkdən baş vermişdi.
Ayağa qalxıb ləngərlədikdən sonra özünü toplayıb , mətbəxə keçdi.
Yanaşı tikilmiş iki otağı birləşdirən uzun, ensiz bir otaqdı mətbəx. Bir tərəfində dolablar, bir tərəfində köhnə, çökmüş divan qoyulmuşdu. Tavanı alçaq evin bütün pəncərələri qapalı həyətə açıldığından və evdə həmişə siqaret çəkildiyindən, rütubətlə tütünün qarışıq qoxusu evdə ağır hava yaradırdı. Həyat yoldaşı pəncərəni açıb həm evin havasını dəyişir, həm də yır-yığış edirdi.
Yuxu ilə oyaqlıq arasında qadına xəbərdarlıq etməyi özünə borc bildi.
—Sən qızına nəzarət et! Hər adamla yoldaşlıq etməsin!
—Kimi deyirsən?
—Necə yəni kimi deyirəm, Jaləni!
Geri dönüb sifətini alça yemiş adam təki turşutdu: — Bəs oğlumdu deyirdin?!
Sual ona tanış gəldi, görəsən , yenə yuxuda eşidir? Qaya ağırlıqda başını qaşıdı, tüklərini tutub, dartışdırdı. Yox yuxudan oyanıb, ayıqdı,ağrını hiss edir— özünə təskinlik verdi.
Axşam, gördükləri yuxuymuş. Onu kənara itələyən də yuxuda gördüyü adammış.Dirsəyi sıyrılmışdı. Bu necə olmuşdu, görəsən? Çox fikirləşib özünü yormaq istəmədi. Ən yaxşısı arvada acıqlanmaqdır.
—Ay qız, mənimlə söz güləşdirmə. Nə deyirəm onu da, qızlarının hər ikisinə çatdır!
Qızının səhərki üsyanı onsuz da anaya yer eləmişdi, bir də kefli atanın xəbərdarlığını ona çatdırıb, qanını qaraltmaq fikri yox idi. Mövzunu dəyişmək üçün ;
— Çay içirsən? – deyib, cavab gözləmədən çay fincanını qabağına qoydu. Başını ev işləri ilə qatmağa çalışdı . Təkrar səhər baş verənləri düşünməyə başladı: “Görəsən işə necə çatdı”?
Aralarındakı qanqaraçılıqdan sonra heç nə yemədən evdən çıxdı. Metroya qədər piyada getdi.Nə edəcəyini götür-qoy etməliydi.
Özünü məzəmmət edirdi : “Daha gözəl görünmək cəhdlərin mənasızdı. Dəyişmək istəməklə deyil... Haraya məxsus olduğun göz qabağındadır. Yolun başındaca məğlub olacaqsan. Nə vaxta qədər tərəddüdlərə dözə biləcəksən. Ən yaxşısı işdən çıx, uzaqlaş o adamdan”.
Restorana çatanda, hamıyla qaş-qabaqlı görüşdü. Gəldiyi gündən xoş davrandığı iş yoldaşlarının üzünə baxmaq istəmirdi. Həmişə cəld hərəkət edən, bir göz qırpımında masaları səliqəyə salan qız, indi yad qonaq kimi ətrafa baxırdı.
Səhərdən onun gərgin olduğuna göz qoyan administrator yaxınlaşıb nədən işə başlamadığını soruşdu.
—İşdən çıxmaq istəyirəm,— həvəssiz cavab verdi.
Gözləmədiyi halda eşitdiyi sözlər onu narahat etdi. Lakin vəziyyəti yumşaltmaq üçün zarafata keçdi.
—İşdən çıxmaq nədir sənin sayəndə vaxtlı-vaxtında nahar etməyi, öyrənmişik. Getsən, bizi kim zorla yedizdirəcək? Səni heç yana buraxan deyilik!
Qız onun dediklərinə məhəl qoymadan, mətbəxdəki əşyalarını götürməyə getdi.
Birinci dəfəydi ondan belə saymaz hərəkət görürdü. Arxasınca gəlib, israrla nə baş verdiyini soruşmağa davam etdi.
Ürəyinə şübhə düşmüşdü:”Atası ilə aramızda baş verən mübahisəni eşidib, nədir? Yoxsa niyə belə etsin ki”? —deyə, fikirləşdi.
—Axşam evə gedəndə əhvalın yaxşı idi. Birdən-birə nə baş verdi. Niyə bu qərara gəldin?
Yanında onu dinləməyə hazır adam vardı. Bu ürəyincə idi. Lakin özünün diqqətə, qayğıya layiq olmadığını düşünürdü. Bacarsaydı , “Sən daha yaxşısını sevməyə layiqsən” —deyərdi. Fəqət indi getmək üçün bəhanə tapmalıydı.
—Hamınızdan bezmişəm, nə sizi, nə də evdəkiləri görmək istəmirəm. Elə indi işdən çıxıb gedəcəyəm!
—İşdən getməyinə səbəb yoxdur. Evdə problem varsa, danış... Bəlkə kömək edə bilərəm?
Onsuz da yalan danışmağı bacarmırdı. Onun göstərdiyi diqqətin qabağında yalan uydurmağı özünə heç yaraşdırmazdı. Sanki belə həssas davranmaqla qızı imtahana çəkirdi.
Atası ilə yad oğlanın arasındakı fərqi açıq-aşkar görürdü.
Qarşısında yad bir adam heç bir təmənna güdmədən ona qayğı göstərməyə hazır idi. Gözünü üzünə zilləyib cavab gözləyirdi.
Müvazinətini saxlaya bilməyib kürəyini pəncərənin tilinə söykədi və asta-asta aşağı sürüşüb aşpazlara məxsus, stula çökdü. Səhər güzgünün önündə oturduğu kimi əllərini dizlərinin üstünə qoyub, gövdəsini qabağa əydi. Haçandan – haçana yavaş-yavaş danışmağa başladı.
—Utanıram! Burdakı qızlar kimi ola bilmirəm. Kişi kimi olmaqdan utanıram...
Rüfət onun bütün hərəkətlərini gözündə canlandırdı. Hərdən dostlarının zarafatlarına uşaq kimi inanır, hərdən də tərsə düşüb dediklərini inkar edirdi. Heç nədən küsmür, inciyəndə tez barışırdı. İş yoldaşları ilə birlikdə nahar edəndə, hamının qayğısına qalırdı.
Restorana balaca uşaqla gələn ailələrə xüsusi diqqət yetirir və uşaqlarla əylənməkdən zövq alırdı. Onun məhz bu hərəkətlərinin şahidi olmuş oğlan özünə haqsızlıq etdiyi üçün ona qəzəblənirdi. Şəfqətlə :
—Kişi kimi olduğunu kim deyir!?
Guya onun nə dediyini anlamırmış kimi üzünə sadəlövh ifadə verib, dedi:
—İndi qızların çoxusu sənin kimi geyinir də, burda nə var ki...
Qız başını buladı:
—Özünü bilməzliyə vurursan...
Tez təslim olmağı sevməsə də guya indi yadına düşdü:
—Həə belə de... Atanla aramızda baş vermiş mübahisədən xəbər tutmusan!?
Əlini nəsə demək istəyirmiş kimi bir iki dəfə havada yelləyib, sonra belinə qoyaraq davam etdi :
—Səni bilmirəm, ancaq səninlə bağlı düşüncələrimi heç nə dəyişə bilməz.
Səhərə qədər gözündə Rüfətin ona rişxənd edəcəyini canlandırıb, gözünə yuxu getməmişdi. İndi isə vurulduğu oğlan atasının kim olduğunu gördüyü halda onu qınamırdı. Onda da xoşlamadığı tərəflər vardı. Bəzən çox səbirsiz olur, işçiləri tələsdirir, arada əhəmiyyətsiz nələrisə, şişirdib deyinirdi.Elə vaxt olurdu, onda da atasına bənzər təkəbbür görürdü.
Lakin atası ilə müqayisə edəndə onun daha yaxşı insan olduğunu deyə bilərdi. İndi eşitdiyi sözlərdən sonra dərindən nəfəs alıb, köynəyinin ətəyini didişdirməyə başladı.
Üzündəki ifadədən sözlərinin təsir etdiyini anlayan gənc, bir az da ürəkləndi.
Xoşlanmadığın adamlarla kobud davrana bilərsən: “Bəlkə belə olmağını daha çox bəyənirəm”, —deyə, ürəyindən keçirdi və ardınca:
— Mənim gördüklərimi görmürsən! —söylədi.
Gileylənirmiş kimi səsini alçaldıb :
—Elə bilirsən, bizim ailələrimizdə heç bir problem yoxdur? O səbəbdən atanın günahını üzərinə götürürsən?
Bilmədiyi tərəflərini gizli hisslər bəslədiyi adamın dilindən eşitmək onu çox kövrəltmişdi. Görəsən, bilsəydi, onun “dəlisov “ sevgisinə gülməzdi ki?.. Yoxsa, anasının gəlin kimi xəyal edə bilmədiyini o, artıq gəlinlikdə təsəvvür edirdi?
Uşaq kimi kövrəlib, sığınmağa yer axtarırdı . Qızın ürkəkliyini görüb, mehribanlıqla ;
—“ Heç kəsdən çəkinmə, səni qoruyacaq adam,yanındadır. Onu başqa yerdə axtarma! “— deyərək, mətbəxdən çıxdı.
“Mənim gördüklərimi görmürsən!.. “ sözünü astadan təkrarladı.Bir az da son sözləri deyəndə təşəxxüslə boynunu irəli uzatmağına gülməyi tutdu. Onda nə görmüşdü görəsən?
Mətbəxdəki iri metal tavada öz əksinə diqqətlə baxıb saçlarının ucunu barmağına doladı. Oradakı qızın gözlərində qığılcım parıldayırdı. İlk dəfəydi ki, öz əksini bəyənirdi.
“Ədəbiyyat və incəsənət”
(20.11.2026)


