Ailə, nəfs və əxlaq dramı Featured

Zemfira Məhərrəmlinin “Nəfs” romanı haqqında

 

Adilə Nəzərova,

filologiya üzrə fəlsəfə doktoru

 

İnsan övladının həmişə bəşəriyyəti düşündürən, düşündürdüyü qədər də sarsıdan ən əbədi daxili mübarizəsi məhz nəfslə bağlıdır. Dinlərin və fəlsəfi sistemlərin mərkəzində dayanan bu anlayış insanın həm ucalığını, həm də süqutunu şərtləndirən əsas amildir. Klassik dini-fəlsəfi təlimlərdə, xüsusən də Şərq mistisizmində və təsəvvüfdə nəfs insanın tərəqqisinə mane olan, onu daim dünya malına, şəhvətə və eqoizmə bağlayan şər mənbəyi kimi səciyyələndirilir. Əsrlər boyu mütəfəkkirlərin və peyğəmbərlərin xəbərdar etdiyi kimi, nəfsinin quluna çevrilən insan gec-tez öz mənəvi səltənətini dağıtmağa məhkumdur. Tanınmış yazıçı-publisist Zemfira Məhərrəmlinin “Nəfs” romanı da məhz bu əbədi fəlsəfi həqiqəti – müasir həyatın çərçivəsində tamahın insanı necə mənəvi aşınmaya apardığını canlı bədii lövhələrlə göz önünə sərir. Müəllif bu romanda insanın daxilindəki nəfs və tamah hissinin necə məhvedici bir qüvvəyə çevrildiyini, mənəvi sərhədlərini itirən fərdin həm özünü, həm də ətrafındakı saf insanları uçuruma sürüklədiyini bədii boyalarla, psixoloji dərinliklə təsvir edir.

 

Əsərin adı onun bütün fəlsəfi və əxlaqi yükünü özündə daşıyır. İnsan övladının ən böyük imtahanı məhz nəfsi ilə olan mübarizəsidir. Romanda hadisələr Bakıda yaşayan, zahirən nümunəvi və xoşbəxt görünən bir ailənin timsalında cərəyan edir. Baş qəhrəman Aynur yüksək intellektə, zərif ruha və saf mənəviyyata sahib ziyalı qadındır.

Tanınmış bioloq alim Salman Süleymanlı və müdrik ana Pakizə xanımın ocağında böyüyən Aynur üçün dürüstlük, ləyaqət və sədaqət həyatın dəyişməz meyarlarıdır. Onun həyat yoldaşı Pərviz isə imkansız bir ailədən çıxmış, uşaqlığı atasının sərxoşluğu və ailədaxili münaqişələr içində keçmiş bir gənc olaraq həyata atılmışdır. Pərvizin təhsil almasında, cəmiyyətdə mövqe tutmasında və nəhayət, böyük bir tikinti şirkətinin filialına rəhbər təyin olunmasında məhz qayınatası Salman kişinin nüfuzu və maddi-mənəvi dəstəyi həlledici rol oynamışdır. Lakin var-dövlət, vəzifə və şöhrət Pərvizin gözünü elə tutur ki, o, keçmişini, ona uzanan xeyirxah əlləri və illərlə sevib-seçdiyi ömür-gün yoldaşını unudur.

Müəllif əsərdə insan xarakterinin ikiləşməsini və mənəvi aşınmasını tədrici inkişaf xətti üzrə göstərir. Pərvizin öz katibəsi Nura ilə qurduğu gizli münasibət, ondan nikahdankənar övladının dünyaya gəlməsi və şirkətdə baş alıb gedən maliyyə maxinasiyaları ailənin təməlini sarsıdır. Burada Zemfira Məhərrəmli iki mənfi qadın obrazını – Nura və Yasəməni ön plana çıxararaq cəmiyyətdəki mənəvi deqradasiyanın fərqli tərəflərini açır. Nura restoranda ofisiant işləyən, yeganə məqsədi varlı bir kişini ələ keçirib dəbdəbəli həyat sürmək olan hiyləgər və tamahkar qadındır. O, Pərvizin zəifliyindən istifadə edərək həm onun ailəsini dağıdır, həm də iş yerində külli miqdarda pul mənimsəyərək şirkəti uçuruma aparır. Digər mənfi qadın obrazı olan Yasəmən isə Pərvizin qardaşı Farizin ailəsini dağıdır. Xəstəhal ana Səriyyənin övladlarına baxmaq adı ilə evə daxil olan Yasəmən hiyləgərliklə uşaqları doğma analarına qarşı çevirir, Səriyyənin ruhi xəstəxanaya salınmasına və evindən didərgin düşməsinə səbəb olur. Lakin əsərin gedişatında müəllif bu cür münasibətlərin nə qədər saxta və müvəqqəti olduğunu ustalıqla sübut edir: Fariz maliyyə böhranına düşüb var-dövlətini itirən kimi Yasəmən “Pulsuz kişi ilə yaşamaq mənlik deyil” yazaraq onu və uşaqları tərk edir. Nura isə gizlətdiyi pullar əlindən çıxdıqdan sonra övladını da götürərək ölkəni tərk edir. Hər iki obraz tamah üzərində qurulan münasibətlərin mütləq iflasa məhkum olduğunu göstərən canlı bədii nümunələrdir.

Romanda xüsusi diqqət çəkən və əxlaqi məsuliyyət baxımından dərindən təhlil edilməli olan obrazlardan biri də Pərviz və Farizin anası Vəsilədir. Vəsilə vaxtilə əzab-əziyyətlə, zəhmətlə övladlarını böyütmüş, əyyaş ərinin zülmünə sinə gərmiş bir qadın idi. Lakin oğlanları varlandıqca Vəsilənin də xarakterində kəskin dəyişiklik baş verir; o da dünya malının parıltısına aldanır, təkəbbürlü və tamahkar bir insana çevrilir. Əsərdə Vəsilənin ən böyük səhvi onun analıq və ağbirçəklik missiyasını unudaraq oğlanlarının haram pullarına şirniklənməsidir. O, övladlarının ailə xəyanətlərini vaxtında durdurmaq, onları doğru yola çəkmək əvəzinə, oğlanlarının məşuqələri olan Nura və Yasəməni öz evində qonaq qəbul edir, süfrəsinin başında oturdur, hətta nikahdankənar doğulan körpəyə qayğı göstərir. Daha da acınacaqlısı odur ki, Vəsilə gəlinləri Səriyyə və Aynurun haqqına girir, oğlanlarına əmlaklarını başqalarının adına keçirməyi məsləhət görür ki, boşanma zamanı gəlinlərinə heç nə çatmasın. Yazıçı Vəsilə obrazı vasitəsilə cəmiyyətə mühüm bir mesaj verir: valideyn övladının səhvlərinin üstünü örtəndə və onun haram qazancına şərik çıxanda, əslində öz övladlarının mənəvi məhvinə imza atmış olur, onları uçuruma sürükləyir.

Əsərdəki müsbət qütbün daşıyıcısı olan Aynur obrazı isə Azərbaycan qadınının ləyaqət, səbir və daxili güc mücəssəməsidir. Aynurun faciəsi onun səssizliyində və qürurundadır. O, ərinin xəyanətini öyrəndikdə küçələrə düşüb qalmaqal yaratmır; övladları İlqarın və Almaniyada yaşayan qızı Aysunun psixoloji sarsıntı keçirməməsi üçün dərdini öz içində çəkir, gündəlik qeyd dəftərçəsinə sığınır. Aynurun Pərvizlə üzləşdiyi səhnələrdəki dialoqlar onun necə sarsılmaz bir mənəvi dayağa malik olduğunu göstərir. O, Pərvizin “ərəb şeyxlərinin gör neçə arvadı var, maddi imkanım çatırsa, həm sizi, həm də o biri ailəmi saxlaya bilirəmsə, niyə də olmasın” kimi bəsit və mənəviyyatsız bəraətlərini rədd edir. Aynur üçün ailə ruhların doğmalığı və qarşılıqlı hörmət məbədidir. Buna görə də o, qırılan inamın bir daha bərpa olunmayacağını anlayaraq Pərvizi əsla bağışlamır.

Şirkətin prezidenti Sərdar Qulamov obrazı isə əsərdə ədalətin, halallığın və köhnə kişilik məktəbinin təmsilçisi kimi çıxış edir. Onun dostu Salman müəllimin ruhuna olan ehtiramı və Aynuru doğma qızı kimi müdafiə etməsi cəmiyyətdə hələ də ali mənəvi dəyərlərin yaşadığını təsdiqləyir.

Zemfira Məhərrəmlinin qələminə xas olan ən gözəl bədii xüsusiyyətlərdən biri əsərin emosional qatını gücləndirən təbiət təsvirləri və poetik bənzətmələrdir. Romanda payız fəsli və yağış qəhrəmanların daxili dünyasının aynasına çevrilir. Bir vaxtlar Aynurla Pərvizin sevgisinin şahidi olan parklar, xəzəllər və yağış damcıları illər sonra ayrılığın və kədərin rəmzinə dönür. Müəllifin “Payız aşiq olmuş, ...bənizi qaçmış bahardır” bənzətməsi əsərin ən təsirli poetik tapıntılarındandır. Bu ifadə həm təbiətdəki solğunluğu, həm də vaxtilə bahar kimi coşub-daşan bir məhəbbətin xəyanət rüzgarı qarşısında necə saralıb-solduğunu bütün incəliyi ilə ifadə edir. Eyni zamanda, Aynurla Pərvizin uşaqlıq illərində kənddə çəkilmiş köhnə fotoşəkil və həmin doğma yurd yerlərinin 30 illik işğaldan sonra dağıdılmış mənzərəsi əsərə həm nostalji, həm də vətənpərvərlik ruhu qatır.

Yazıçının yaradıcılıq üslubuna xas olan özünəməxsus cəhətlərdən biri nəsr mətninə ustalıqla hopdurulmuş poetik parçalar və fəlsəfi sitatlardır. Zemfira Məhərrəmli digər əsərlərində olduğu kimi, bu romanında da sözün poetik gücündən məharətlə faydalanır. Əsər boyu dünya və klassik ədəbiyyatın nüfuzlu simalarına – məsələn, Fridrix Lorkaya, Fyodor Dostoyevskiyə, Şəms Təbriziyə, eləcə də dahi Nizami Gəncəviyə müraciət olunması, onların kəlamlarından və düşüncələrindən bəhrələnməsi romanın intellektual qatını daha da zənginləşdirir. Bu cür sitatlar əsərin bədii keyfiyyətini artırmaqla yanaşı, yazıçının geniş dünyagörüşünə və çoxməlumatlılığına dəlalət edir, eyni zamanda oxucu üçün maarifləndirici və öyrədici xarakter daşıyır.

İstər Salman müəllimin dilindən səslənən Nizami Gəncəvi misraları: “Qəlbini çalmasın bu mal, bu dövlət, / Azı bir xiffətdir, çoxu fəlakət...”, istər İlqarın xatırladığı Süleyman Rüstəm şeiri, istərsə də romanın finalında avtomobilin radiosundan səslənən “Nəfs” adlı rep parçası əsərin ideya yükünü zirvəyə qaldırır. Müəllifin öz qələmindən çıxan və müasir ritmlə – rep janrında təqdim olunan həmin misralar romanın bütün fəlsəfəsini ümumiləşdirir:

Saldı bizi dildən-dilə,

Aləmə güldürdü bizi.

Nəfsimizi öldür, Allah,

Nəfsimiz öldürdü bizi.

Bu poetik əlavələr yazıçının həm də incə şair ruhuna sahib olduğunu göstərir və oxucuya bədii mətnin emosional təsirini daha dərindən hiss etdirir.

Romanın finalı qanunauyğun və ibrətamizdir. İşdən çıxarıldığını öyrənən, bütün doğmalarını, Aynuru, övladlarını və hətta nikahdankənar qızı Melisanı itirən Pərviz dərin peşmançılıq və sarsıntı içində sükan arxasında idarəetməni itirərək qəzaya uğrayır. Müəllif bu sonluqla göstərir ki, haram üzərində qurulan səltənət və başqalarının göz yaşları bahasına qazanılan xoşbəxtlik gec-tez dağılmağa məhkumdur. Radiodan gələn:  “Gözümüzü yığ bir az, /  Tamahdan qurtar bizi.” misraları isə təkcə Pərvizə ünvanlanmır, bütövlükdə cəmiyyətə, nəfsinin əsirinə çevrilən hər bir insana ünvanlanmış bir xəbərdarlıq sədası kimi səslənir.

Xüsusilə vurğulamaq lazımdır ki, ailə institutlarının ciddi sarsıntılara məruz qaldığı müasir dövrdə bu kimi əsərlərin bədii və mənəvi dəyəri əvəzsizdir. Roman insan talelərinin necə faciəvi şəkildə bitə biləcəyini əyani şəkildə göstərməklə hər bir oxucunu dərin düşüncəyə qərq edir. Əsəri oxuyan hər kəs – istər ata, ailə başçısı, istərsə də ana cəmiyyət və övladları qarşısında daşıdığı mənəvi məsuliyyəti bir daha dərk edir, səhvlərdən nəticə çıxarmağa sövq olunur.

Həm romanın mətnində, həm də kitabın arxa qapağına çıxarılan yekun düşüncələrdə müəllifin xalq hikmətinə, atalar sözlərinə və məsəllərə tez-tez müraciət etməsi əsərin tərbiyəvi təsir gücünü daha da artırır. Xüsusilə Pərvizin süqut anındakı peşmançılığını ifadə edən və arxa qapaqda oxucunu qarşılayan “İnsanın özünə elədiyini el yığılsa, edə bilməz”, “Od düşdüyü yeri yandırarmış”, eləcə də əsər boyu səslənən “Çox istəyən azdan da olar”, “Yuva yıxanın yuvası olmaz”, “Örkən nə qədər uzun olsa, doğanaqdan keçər” və s. kimi el deyimləri sadəcə bədii bəzək funksiyası daşımır. Zemfira Məhərrəmli əsrlərin sınağından çıxmış bu hikmətlər vasitəsilə oxucuya birbaşa müraciət edir, ona nəfsin fəlakətlərindən çəkindirən səmimi məsləhətlər verir və mənəvi oyanışa səsləyən güclü bir çağırış edir.

Nəticə etibarilə, Zemfira Məhərrəmlinin “Nəfs” romanı müasir dövrümüzün ən aktual mənəvi problemlərinə güzgü tutan, oxucunu öz vicdanı ilə üz-üzə qoyan dəyərli bir sənət nümunəsidir. Əsər dilinin səlisliyi, psixoloji təhlillərinin dərinliyi, obrazlarının canlılığı və daşıdığı yüksək əxlaqi-tərbiyəvi ideya ilə oxucunun yaddaşında dərin iz buraxır.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.