“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.
filologiya elmləri doktoru, professor
ƏRƏB ŞAİRİ BUHTURİNİN “ŞİNİYYƏ” QƏSİDƏSİ İLƏ XAQANİ ŞİRVANİNİN “MƏDAİN XƏRABƏLƏRİ”NİN MÜQAYİSƏLİ ÖYRƏNİLMƏSİ
Böyük Azərbaycan şairi Xaqani Şirvaninin həyat və yaradıcılığı haqqında tədqiqat aparmış alimlər şairin əsərlərində ərəb-islam aləmi ilə bağlı məqamların olduğunu qeyd etsələr də, fikir və sənətkarlıq baxımından əlaqələrin öyrənilməsinə toxunmamışlar. Azərbaycan tədqiqatçıları akad. H.Araslı, prof. Q.Kəndli-Herisçi, prof. X.Yusifov Xaqani sənətinin əhatəli və çoxcəhətliliyini göstərdikdə zəngin ərəb-islam mədəniyyətindən bəhrələnməyini qeyd etmişlər. Xaqaninin mədhiyyələri qiymətləndirildikdə, məşhur ərəb şairi Həssan ibn Sabitin mədhiyyəçiliyindən təsirlənməsini Xaqani özü etiraf etmişdir. Şairin etiraflarında göstərildiyi kimi, o, IX əsrdə yaşamış ərəb şairi Əbu Ubadə əl-Vəlid əl-Buhturinin şeirlərinə yüksək qiymət vermişdir. Bu baxımdan, Xaqani Şirvani və Buhturi arasında müqayisəli tədqiqat aparmağa ehtiyac vardır. Müqayisə obyekti Buhturinin “Şiniyyə” qəsidəsi və Xaqaninin “Mədain xərabələri” qəsidəsidir.
Ərəb və İran alimləri bu mövzu ilə bağlı müəyyən işlər görmüşlər. Misir alimləri prof. M.Q.Hilal və prof. Ə.Əbdüləzizin kompravistik tədqiqatlarını, doktor Ə.M.Ənvarın ““Eyvani-Mədain”də Xaqani və Buhturi ilə” adlı məqaləsini nəzərdə tuturam (8, 173-174; 5, 108-111). Ərəb alimləri iki şairin əsərləri arasında fikri və sənətkarlıq əlaqələrini göstərmişlərsə, İran tədqiqatçısı Ə.M.Ənvar ümumi şəkildə müqayisədən bəhs etmiş, Buhturinin qəsidəsinin şərabla bağlı beytlərini islama zidd mövqedən qiymətləndirməyə daha çox aludə olmuşdur.
Bilindiyi kimi, Buhturi ərəb ədəbiyyatında məşhur şair Əbu Təmmamla birlikdə yeni bir mərhələnin əsasını qoymuş sənətkardır. Ərəb ədəbiyyatşünasları onun yaradıcılığında lirik hisslər və duyğuların güclü olduğunu, dəqiq müşahidənin nəticəsi olan möhtəşəm təsvirlərin verildiyini, şeirlərində üslubi sadəliyin daha çox müşahidə edildiyini qeyd edirlər (7, 519). XI əsr tənqidçisi İbn Rəşiq Qeyrəvani Buhturini “şeir sənətinin şeyxi” (“şeyxus-sinaətiş-şiriyyət”) adlandırmışdır (2, 6). Onun “Şiniyyə” qəsidəsi vaxtilə Sasani şahlarının paytaxtı qədim Mədain şəhərinin (Ktesifonun) qalıqlarına həsr olunmuşdur. Ümumiyyətlə, Mədain şəhərinin qalıqlarını görmüş bir çox məşhur adamlar və şairlər ona tarixin və hökmranlığın bir rəmzi kimi baxaraq fikir və düşüncələrini bildirmişlər. Bədii söz sənətinin sahibləri qədim ərəb şeirində olduğu kimi, tərk edilmiş obanın qalıqları qarşısında durub keçmiş xatirələrin göz önündə canlandırılması ənənəsinin davamı olan poetik nümunələr yaratmışlar. Burda X.əl-Bağdadinin “Bağdadın tarixi” əsərində imam Əli ibn Əbu Taliblə bağlı verdiyi epizodu (4,19) yada salmaq yerinə düşər. Həzrət Əli Mədainin yanından keçərkən bu qədim şəhərin qalıqları onun diqqətini cəlb etmiş və yoldaşlarına “Qurani-Kərim”dən aşağıdakı ayəni xatırlatmışdır: “Onlar neçə-neçə bağlar, çeşmələr qoyub getdilər, əkinlər, gözəl iqamətgahlar, içərisində həzz aldıqları nemətlər. Bax belə! Biz bunlara başqa adamları varis etdik” (“Quran”, əd-Duxan, 25-28). Burada diqqəti çəkən cəhət ondan ibarətdir ki, imam Əli Mədain önündə durmaqla qədim ərəb şeirindəki xarabalıqlar qarşısında xatirələr canlandırmaq ənənəsini yada salmır və islamın əsas kitabında göstərilən yalnız onları tikənlərə məxsus deyil, geniş mənada, həm də onlardan sonra gələn bəşər nəsli üçündür. Burada dünyaya həris olmamaq, saraylarla qürrələnməmək və bərabərlik haqqında islam dininin göstərişləri əksini tapmışdır.
Əli ibn Əbu Talibin “Divan”ında da göstərilən ayələrin ruhuna uyğun misralar vardır: “Təkcə xatirələri qalmış qədim padşahların zər yataqları, tacları və libasları hanı? Yığıb artırdıqları malları başqalarına miras qoydular. Özləri üçün möhtəşəm imarətlər ucaltdılar, sonra isə bu imarətləri tərk edib o dünyaya köçdülər...” (6, 138-139).
Beləliklə, islam əxlaqı və tarix boyu bəşər nəslinin keçdiyi yoldan ibrət götürmək kimi mühüm məsələlər “Quran”da obyektiv şəkildə qoyulmuşdur. Ona görə Kəsra eyvanı və ya Mədainin aqibəti mövzusunda fikir söyləyəndə ilk növbədə bu cəhətə diqqət vermək lazımdır.
Buhturinin Mədainə həsr etdiyi “Şiniyyə” qəsidəsinin yaranma tarixindən məlumdur ki, şairlərin hamisi xəlifə əl-Mütəvəkkil (847-861) sarayda öldürüldükdən sonra o, bir neçə yaxın adamı ilə Bağdaddan uzaqlaşmaq məqsədilə Mədainə gəlir və orada 5 gün qalır. Kəsra eyvanının təsvirinə həsr etdiyi 56 beytdən ibarət olan bu qəsidə vəsf şeirinin gözəl nümunəsidir. Tədqiqatçılar “Şiniyyə”nin məzmununu belə bir bölgüdə təqdim edirlər: 1.Giriş və şikayət; 2.Mədainə getməyin səbəbi; 3.Girməz sarayının təsviri; 4.Antakiyanın mənzərəsi; 5.Şərab haqqında; 6.Eyvanın təsviri; 7.Xəyalda canlandırma; 8.Düşüncələr.
Buhturi zamanından şikayətlənir və Şamdan İraqa, daha doğrusu, Abbasi xəlifələrinin sarayına gəlməyinə görə peşmanlığını bildirir. Xəlifə sarayındakı çəkişmələrdən uzaqlaşan şairin meyli qədim Sasani şahlarının sarayına yönəlmişdir. Sanki o, xəlifə sarayında baş vermiş faciə ilə qədim Sasani sarayının aqibəti arasında oxşarlıq görür. Buhturi Qafqaz dağlarının ətəkləri və Babil-əbvabı zəbt etmiş Sasanilərin hakimiyyəti altında olmuş yerləri ərəb yurdunu təmsil edən Sudandan üstün tutur. Şair öz fikrini əsaslandırmaq üçün belə bir müqayisə aparır: Suda ot bitməyən səhraya çevrilib. Bununla Buhturi öz dövrünün maraqlı ədəbi hadisəsinə işarə edir. Bu hadisə VIII-IX əsrlərdə ərəbdilli şeirdə yaranmış vəziyyətlə bağlıdır: islam dininin yayılmasından sonra ərəb dilində yaradılan ədəbiyyatda ərəb və ərəb olmayan xalqların nümayəndələri iştirak etdiyi kimi, bu dövrün ədəbi əsərləri sənətkarlıq və bədii dəyər baxımından qədim ərəb poeziyasından fərqlənirdi. Ərəb-islam xəlifəliyinin yeni əraziləri təbiətinə görə rəngarəng olduğu kimi, bu mənzərələrin bədii təsviri daha zəngin boyalarla və bədii ifadə vasitələrilə verilmişdir. Şair və ədiblər yaradıcılıq üslubuna görə, “köhnə” və “yeni” (“əl-qadim” və “əl-hədis”) kimi qruplara bölünürdü. Həmin dövrün ədəbi tənqidinin əsaslarını qoyan filoloqlardan biri İbn Quteybə Dinəvəri (828-889) “yeni” və “köhnə” dövr şairlərinin əsərlərini müqayisə edərək onların mühitinin roluna ayrıca diqqət vermiş və qeyd etmişdir ki, “qədim dövr şairləri tərk edilmiş köhnə obanın qalıqlarının yanında xəyala dalırdılar, bir yerdən başqa yerə köçmək üçün dəvələrə minirdilər, tikanlı otlar bitmiş ucsuz-bucaqsız səhraları keçərək axmaz isti su mənbələrinə yaxın düşmək istəyirdilər. Halbuki yeni dövrün adamlarının nisbətən rahat məskənləri və böyük imarətləri vardır, onlar axar şirin sular içir, nərgizin və qızılgülün ətrini duyurlar” (3, 149-151).
Bu ədəbi mübahisələrin iştirakçılarından biri kimi Buhturi həmin duruma işarə edərək qəbilə yurdunu ümumiləşdirən Suda haqqında yazır: “Abad yerlər qədim Suda kimi deyil, bu yurd (Suda) ot bitməyən səhralara çevrilib” (2, 190).
XII əsrdə böyük Nizami Gəncəvi Şirvanşah Axsitandan “Leyli və Məcnun” mövzusunda əsər yazmaq sifarişini aldıqda ərəb rəvayətini nəzmə çəkməyin çətinliklərindən biri kimi hadisələrin baş verdiyi səhra, çöl mühiti ilə bağlı yazır:
Qumun quruluğu, dağın sərtliyindən
Nə qədər qəm-kədərlə söz demək olar! (11, 37)
Beləliklə, Buhturinin qəsidəsində işarə edilən məqam ərəbdilli şeirin keçdiyi inkişaf xüsusiyyətlərilə bağlı olub poetik yaradıcılığın özünəməxsusluğunu və dövrün ictimai durumunu əks etdirir. Şairin obyektiv fikir söyləməsinə, hətta onun ərəb mənşəyi mane olmur. Lakin o, eyni zamanda, dərk edir ki, fikrində çox uzağa gedir və buna görə, vəziyyətə düzəliş verməyi də lazım bilir: “Zaman onların (Sasanilərin) dövranının gərdişini elə dəyişdirdi ki, paltarları köhnəlmiş göründü” (2, 191).
Şair ərəblərə mənsub olmayan qədim abidə ilə bağlı düşüncələrdə çətin vəziyyətdədir. O, Sasanilərə məxsus sarayın qalıqlarını vəsf edir və onun fəzilətindən söhbət açır. Buhturi bütün yaradıcılığı boyu ərəb əsilliyinin qeyrətini çəkmişdir, yalnız Abbasi xəlifəsinin sarayında baş vermiş faciəli hadisə şairi məyus etmişdir. Qəsidənin sonunda aydın olur ki, Sasanilərin keçmiş şöhrətini öyən müəllif ərəblərin qüdrətindən bəhs etməyi unutmur və eyni zamanda, göstərir ki, vaxtilə Sasanilər ərəblərə yardımçı olmuşlar. Şair VI əsrdə Cənubi Ərəbistanda Himyərilər yurduna hücum etmiş həbəş ordusu və onun başçısı – Ərbata qarşı vuruşmuş Sasani döyüşçülərinin köməyinə də işarə edir.
Qəsidənin 14-28-ci beytlərində Mədaindəki Ağ qəsrin, Çirmaz sarayının və Antakiya nişanələrinin qalıqlarının təsviri verilmişdir. Çirmaz sarayı haqqında Buhturinin istifadə etdiyi bədii təsvir vasitələri saray və toy, qəbir evi və matəm kimi ifadələrlə bağlıdır. Antakiya haqqında şairin düşüncələri qəsidənin maraqlı yerlərindəndir. Bilindiyi kimi, 540-cı ildə İran şahı Ənuşirəvan Bizans imperatoru Yustinianı Antakiya uğrunda ağır döyüşdə məğlub etmişdir və Mədaində həmin döyüşdən mənzərələr divarlara həkk edilmişdir. Şairin təsvirindən aydın olur ki, tutqun və sərt baxışlarla igidlərin döyüşü gedir, Ənuşirəvan Dirəfş bayrağı altında ordusuna başçılıq edir. Sarı və yaşıl libaslar geymiş cəngavərlər qürurla addımlayırlar. Sanki onlara atılan oxlar qalxanlara dəyib geri qayıdır. Şair döyüş mənzərəsinin təsviri verilmiş panorama qarşısındadır və heyrətlə yazır: “Gözə elə görünür ki, (bu mənzərədə surəti verilmiş igidlər) canlı insanlardır və onların arasında lal adamlara məxsus işarələrlə (sərt danışıq) gedir...Onlara (surətlərə) şübhəm artır və əllərimi onlara toxundurub (canlı olduqlarını) yoxlayıram” (2, 192-193).
“Şiniyyə”də şərabla bağlı beytlərdə Buhturinin təsvirləri onu dövrün yenilikçi şairlərinə yaxınlaşdırır. Mədain eyvanının təsvirinə 9 beytdə yer verilmişdir. Şair Mədaini “sənət möcüzəsi” adlandırmış və dağın yanında görünən “qalxana” bənzətmişdir. Lakin onun “taleyi gecələrə dönmüş”, xoşbəxtlik ulduzu Müştəri orada gecələdiyi üçün “uğursuzluq ulduzuna çevrilmiş” və “dövranın ağırlığı onun üstünə çökmüşdür”. Bir zamanlar qüdrətli şahlar tərəfindən tikilmiş bu eyvan və saraylar indi “təziyə yerinə çevrilmişdir”. Şairin qənaəti belədir: ərəb və ya qeyri-ərəb tərəfindən tikilməsindən asılı olmayaraq, onu inşa edənlərin fəziləti böyükdür, dövranın gərdişindən bu əzəmətli abidələr unudulmuş və tərk edilmişdir, indi də tədricən xarabalığa çevrilməkdədir. Buhturi sənətinin qüdrətilə ənənəvi ərəb qəbilə obasının qalıqları qarşısında durub xəyala dalmaqla qədim abidələr qarşısında durub xəyala dalmaq arasında əlaqə yaratmış və birincidən çıxış edərək ikincini inkişaf etdirmişdir (8, 178).
Xaqaninin Mədain xərabələri mövzusunda qələmə aldığı “Mədain xərabələri” qəsidəsi həcmcə Buhturinin qəsidəsindən kiçik olmasına baxmayaraq, daha çox mətləbləri çevrəsinə alır. Burada təsvir, düşüncələr, ibrət, fəlsəfi mühakimələr yeni və maraqlıdır. Təsvir obyekti kimi seçilmiş Mədainin yaxınlığındakı Dəclə çayı Xaqaninin qəsidəsində bir yenilikdir. Çox vaxt qəsidənin məzmunu aşağıdakı şərti bölmələrdə verilir: 1.İbrətə çağırış şəklində şikayət; 2.Dəclənin təsviri; 3.Eyvanın vəziyyətinə görə şairin təsirlənməsi və kədəri; 4.Düşüncələr; 5.Eyvanın təsviri; 6.Qədim İran şahlarının əzəmətinin xatırlanması; 7.Həyat fəlsəfəsi haqqında; 8.Şairin nəsihəti.
Əsərin bu şəkildə təqdimi və şərti bölmələrə verilən adlar zahiri baxımdan qəbul edilsə də, şairin əsas məqsədini açıqlayan fikirlər haqqında tam təsəvvür yaratmır. Nəsillər üçün ibrət məqsədilə yazılmış bu əsərin yalnız başlanğıcında və sonunda deyil, şərti bölmənin dördüncü, beşinci, yeddinci, səkkizinci bölmələrində də Xaqanini düşündürən, nəsihət verən və keçmişdən öyrənməyə çağıran şair sözü vardır. Lakin təklif olunmuş bölmələrin adında həmin fikirlərin olduğu görünmür.
Qəsidənin ilk beytində Xaqani sanki qəflətdə olan könlünü oyadır və onu ibrətli düşüncələrdən dərs almağa dəvət edir. Özünü qəflətdə sanmaq, ayılıb yeni bir məqsədi dərk etmək və bu vəziyyəti təsvir edib poetik və fəlsəfi düşüncələri oxucuya çatdırmaq bu əsərin başlıca məziyyətidir. “Miratus-səfa” qəsidəsində də şair könlündən bəhs edir, yunan fəlsəfəsinə əsaslanan dövrün fəlsəfi təlimlərinə uymasını qəflət hesab edir və nəfsin qulu olanları qəflətdə sayır.
Qədim Mədainin qalıqlarının təsvirində Xaqani şəhərin kənarında axan Dəclə çayına müraciət edərək ondan təsvir vasitəsi kimi istifadə etmişdir. Şairin tapıntısı Dəcləni canlı bir şahid kimi bu mənzərəyə cəlb etməkdən ibarətdir. Sanki çay şair və onu dinləyən şəxslə birlikdə eyvanın vəziyyətinə acıyaraq ağlayır. Xaqaninin təsvirində sanki “Mədain eyvanının zənciri qırıldığı vaxtdan bəri, Dəclə zəncirləndi, ona görə, zəncir kimi qıvrıldı” (12, 361).
Beytin şərhi aşağıdakı kimi verilir: “Mədain zəncirindən şah sarayının darvazasında zəng asılardı. Ehtiyacı olanlar və yoxsullar zənciri tərpətdikdə, zəng çalınardı. Bununla saray adamları və şah şikayətçilərin və ehtiyacı olanların müraciətindən xəbər tutardılar. Beləliklə, sarayın xüsusi adamları müraciət edənlərin ehtiyacını ödəyə bilərdilər. Bəzən onların qabağına şahın özü və ya ailəsindən bir nəfər çıxardı. Tarixin dönəmindən sonra isə zəng asılan zəncir Mədainin girişini bağlamışdır. Buna görə, Dəclə çayı sanki zəncirlənmiş və zəncir kimi qıvrılmışdır” (4, 84).
Bu təsviri və müqayisəni, habelə qəsidədəki digər bu kimi məqamları nəzərdə tutan Misir alimi Ə.Əbdüləziz Xaqaninin poetik məharətini farsdilli ədəbiyyatla yanaşı, zəngin ərəbdilli ədəbiyyat səviyyəsində qiymətləndirmiş və Azərbaycan şairinin yaratdığı poetik lövhələri farsdilli şeirdə yeniliyin təzahürü kimi göstərmişdir: “Xaqani yeni bir poetik surətə keçir. Bunu nə ərəb şeirində yaratmışıq, nə də buna bənzər bir halı farsdilli poeziyada tapırıq” (4, 74). Xaqani qəsidədə şahlıq haqqında fikrini ümumi şəkildə verməklə yanaşı, Sasani şahları Ənuşirəvan, Xosrov Pərviz və Hirə Əmiri Noman bin əl-Munzirin adını ayrıca qeyd edir ki, bunların hər biri tarixdə və bədii əsərlərdə fərqli keyfiyyətləri ilə təqdim edilmişlər. Məsələn, Ənuşirəvan ədaləti ilə seçilmişdir. Əlbəttə, burada şairin təxəyyülü də az rol oynamamışdır. Hökmdarları ədalətli görmək arzusu və bədii əsərlərdə onları ədalətli təqdim etmək səciyyəsi, Xaqanidən sonra bu istiqamətdə ideal obrazlar yaratmaq farsdilli şeirdə Azərbaycan ədəbi məktəbinin böyük nümayəndəsi Nizami Gəncəviyə nəsib olmuşdur.
Hər iki əsərdə şərab motivinə müraciət edilmişdir. Ərəb şairinin qəsidəsində hazırlanan və içilən sərxoşedici şərabdan söhbət gedirsə, Xaqanidə məcazi şərab nəzərdə tutulur.
Xaqani və Buhturi möhtəşəm Mədainin dağılması ilə bağlı təsvir edilən kədər motivinə də müraciət etmişlər. Buhturi sarayın xarabalığa çevrilməsinin səbəbini hər şeydən əvvəl dövranda, zamanda görürsə, Xaqani bunun qüdrətli Allahın əlində olduğunu bildirir.
“Mədain xərabələri” bədii sənət əsəri kimi yüksək qiymətə layiqdir. Keçmişdən, dərviş və sultanın mövqeyindən ibrət almağı təlqin edən müəllifin bu qəsidədə irəli sürdüyü ideya dövründə və bütün dövrlər boyu yüksək dəyərləndirilən şair qayəsidir:
Xaqani, bu dərgahdan sən daima ibrət al,
Ta almaq üçün ibrət gəlsin qapına xaqan (12, 363).
Xaqaninin qəsidəsində şan-şöhrətin müvəqqəti olduğu göstərilir və onun nəticələrindən ibrət götürmək motivləri güclüdür, tarixi yada salıb təsviri gücləndirməklə şairin didaktikası daha aydın görünməkdədir.
Beləliklə, ərəb şairi Buhturinin “Şiniyyə”si və Xaqaninin “Mədain xərabələri” eyni mövzuya həsr edilmiş gözəl sənət əsərləri olmaqla, hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Bu iki nümunə iki ədəbiyyat arasında ədəbi əlaqələrin zənginliyini göstərən dəyərli poetik əsərlərdir.
1. Azərbaycan ədəbiyyatı tarixi, II c., Bakı, “Elm”, 2007
2. Əl-Buhturi, Əbu Ubadə. Divan. I-II c., Beyrut,1962 (ərəb dilində)
3. Əd-Dinəvari, İbn Quteybə. Kitabyş-şir vaş-şuara. Leyden, 1904 (ərəb dilində)
4. Əbdussalam Əbdüləziz. Eyvanul-Mədain bayna əl-Buhturi və Xaqani, Ciddə, 1982 (ərəb dilində)
5. Ənvar Seyyid Əmir Mahmud. Ba Xaqani və Buhturi dər “Eyvane-Mədain”. “Səbke-Azərbaycan...” məqalələr məcmuəsi, Urmiyə, 2004 (farsca)
6. Həzrət Əli. İbn Əbu Talıb, Rəvai-ul-nikəm min əşari Əli ibn Talıb, Bağdad, 1988 (ərəb dilində)
7. Faxuri Xana. İstoriya arabskiy literaturı. I-II, t., Moskva, 1960
8. Hilal Məhəmməd Quneymi. Muxtaratun mun əl-ədəbil-farissiyyi, Qahirə, 1965 (ərəb dilində)
9. Həmidov İmamverdi. Azərbaycan ədəbiyyatı klassikləri ərəb ədəbiyyatşünaslığında. Bakı, “Elm”, 2007
10. “Qurani-Kərim”
11.Nizami Gəncəvi. Leyli və Məcnun. Filoloji tərcümə prof. M.Əlizadənindir. Bakı, 1981
12.Xaqani Şirvani. Seçilmiş əsərlər. Bakı, 1987
(Şərq xalqları ədəbiyyatı: ənənə və müasirlik mövzusunda Beynəlxalq elmi konfransın materialları
Bakı:2014,s.384-387)
“Ədəbiyyat və incəsənət”
(17.11.2026)


