Bunları bilmirdim. Təəssüf... Featured

Rasim Qaraca,

yazıçı, naşir.

“Ədəbiyyat və incəsənət”

 

Bunları bilmirdim. Təəssüf...

1918-ci ildə Şamaxıda ermənilər azərbaycanlılara qarşı qırğınlara başlayanda Abbas Səhhət evini tərk etməyə məcbur olur. O, heç bir əlyazmasını, son illər çap etdiyi kitablarını özü ilə aparmağa imkan tapmır...

 

Çap olunmamış əsərlərini Şamaxıda qoyub çıxdığı üçün Səhhət çox peşman və narahat imiş. O deyirmiş ki, mən ancaq son əsərlərimlə xalqıma əsl xidmət göstərə biləcək, adımı həmişəlik əbədiləşdirəcəkdim. Buna görə də yolların təhlükəli olmasına baxmayaraq, oğulluğu Böyükağanı həmin əlyazmaları gətirmək üçün Şamaxıya göndərir. Lakin Böyükağa şəhərin yaxınlığına qədər getsə də, erməni dəstələrinin əlindən şəhərə daxil ola bilməyib geri qayıdır.

Abbas Səhhət atası, anası, qardaşı və ailəsi ilə birlikdə Şamaxıdan piyada Sabirabada gedir. Səhhət tamamilə taqətdən düşmüş, gözləri tutulan səksən yaşlı atası Əlabbası arxasında aparmalı, səkkiz yaşlı qızı Ruqiyyə Soltanı qucağına almalı olurdu. Onlar yolda min bir məhrumiyyətə və quldurların hücumuna məruz qalırlar. Beləcə Abbas Səhhət Sabirabada xəstə vəziyyətdə çatır.

Ə. Əminzadə xatirələrində qeyd edir ki, artıq xəstə olan Abbas Səhhət ona bunları demişdi: "Yolda bizi iki yerdə soydular. Hətta ikincisində məni döydülər. Ölmə-diril Qalağayına (Sabirabad-red.) çatdıq. Orada dolanmaq çox çətin oldu. Qara arpa çörəyini doyunca yeyə bilməmişik. Özüm də belə azarladım".

İki aya yaxın Sabirabadda qaldıqdan sonra iyun ayının əvvəllərində Səhhət Gəncəyə köçməyə qərar verir. Lakin Gəncəyə gələndən sonra vəziyyəti daha da pisləşir və gəldiyi gündən yatağa düşür.

 

P.S. Görkəmli şair, dramaturq, maarifçi, ədəbiyyatımızda romantizm cərəyanının nümayəndəsi olmuş Abbas Səhhət 1918-ci i 11 iyul tarixində Gəncədə gözlərini əbədi yumur. Onu da erməni təcavüzünün qurbanı adlandırmaq olar.

 

“Ədəbiyyat və incəsənət”

(17.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.