“Biri ikisində” Xaqani Şirvaniyə ithafən Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Nüşabə ARASLI

AMEA-nın müxbir üzvü

NƏVAİNİN FƏLSƏFİ QƏSİDƏLƏRİNDƏ XAQANİ TƏSİRİ

 

Öz poetik zənginliyi və bədii gözəlliyi ilə məşhur olan klassik Şərq poeziyası dərin mənası və düşündürücü məzmunu ilə seçilmiş, mürəkkəb tarixi proses və ictimai hadisələrə fəal münasibəti ilə səciyyələnmişdir. Şərqin mürəkkəb tarixi şəraitdə yazıb-yaradan qüdrətli sənətkarları baş verən ictimai-siyasi hadisələrdən kənarda qala bilmir, həyati hadisələri diqqətlə izləyir, şəxsi rəylərini çəkinmədən bildirirdilər. Xüsusən, həyatı əsrinin ictimai-siyasi hadisələri ilə bağlı, xalq həyatı ilə yaxından tanış, onunla saray yaşayış tərzi arasındakı fərqi görüb dərk edən görkəmli şairlər bu təzadı ürək ağrısı ilə təsvir etməklə yanaşı, insan ləyaqətinin yüksəkliyini, mənəvi bərabərliyi tərənnüm edir, yetkin insan haqqında mütərəqqi fikirlər söyləyirdilər. Bu baxımdan, dahi Azərbaycan şairi Xaqani Şirvaninin ictimai-siyasi lirikanın yaranma və inkişafındakı rolu xüsusi əhəmiyyət kəsb edir.

Xaqani ilk dəfə ərəb zəminində yaranıb farsdilli poeziyada da geniş yayılaraq Nasir Xosrov Ələvi, Sənai Qəzvini, Əbül Üla Gəncəvi, Rəşidəddin Vətvat və başqa sənətkarların da yaradıcılığında öz əksini tapan fəlsəfi şeiri yüksək poetik səviyyəyə qaldırıb, onu bir ənənəyə çevirərək özündən sonra gələn şairlərə də bu baxımdan böyük təsir göstərmişdir. O, dövrün ictimai-siyasi hadisələrinə fəal münasibət bəsləyən, Şərq ədəbiyyatındakı zəngin mifologiya, dini-tarixi, əfsanəvi rəvayətlərlə bərabər, yunan, hind fəlsəfəsinə bələd, habelə Azərbaycan, fars və ərəb mütəfəkkirlərinin fəlsəfi mülahizələri ilə yaxından tanış, mövcud elmi görüşləri mənimsəmiş alim bir şəxsiyyət olub. Elmin müxtəlif sahələrindəki biliklərini yüksək poetik səviyyədə əks etdirir, fəlsəfənin sırf spesifik cəhətlərini belə, bədii poeziya dili ilə ifadə edirdi.

O, fəlsəfi şeirin əsas janrı olan qəsidəni sarayın və ayrı-ayrı adamların xidmətindən qurtarmağa çalışıb onu mühüm fəlsəfi fikirlərin ifadəsinə istiqamətləndirən mütəfəkkir bir şair kimi şöhrətləndi.

Şairin fəlsəfi qəsidələrində ifadə olunan insan ləyaqəti, onun mənəvi yüksəkliyi, qənaətlə yaşamağın əzəməti və s. bu kimi fikirlər Xaqanidən sonra gələn bir çox mütəfəkkir sənətkarlar tərəfindən davam və inkişaf etdirilmişdir. Şərqin bir çox sənətkarları Xaqaninin yolunu izləmiş, mövcud fəlsəfi mülahizələrə ayıq gözlə baxmaq, bədii fikrin mübahisəli məsələlərini mühakimə etmək kimi Xaqani tərəfindən gətirilən xüsusiyyətlər sonrakı mütəfəkkirlərin əsərlərində də davam və inkişaf etdirilmiş, Nizami, Xosrov Dəhləvi, Nəsimi, Cami, Nəvai, Füzuli kimi mütəfəkkir sənətkarların yetişməsində əhəmiyyətli rol oynamışdır.

Xaqani qəsidəsinə ləyaqətli cavab verən, dahi şairin mühüm fəlsəfi və bəşəri ideallarını öz dövrünə uyğun orijinal şəkildə davam etdirən sənətkarlar içərisində özbək xalqının ölməz şairi Əlişir Nəvainin adını xüsusilə qeyd etmək lazım gəlir.

Özünəqədərki mədəni irsi mükəmməl mənimsəyən, Şərq poeziyasının mütərəqqi ənənələrini öz nadir yaradıcılıq dünyası ilə daha da zənginləşdirən Nəvai Nizami ədəbi məktəbinin layiqli davamçısı olmaqla bərabər, Xaqani yaradıcılığı ilə də yaxından tanış idi. Nəvai, xüsusən, “Sitteyi-zəruriyyəsi”ndə Xaqani və fəlsəfi şeirin digər görkəmli nümayəndələrini izləmiş, özünün fəlsəfi mülahizələrini, zəmanə və müasirləri haqqındakı ictimai-siyasi görüşlərini ifadə etmişdir.

Nəvai yaradıcılığının Azərbaycan ədəbiyyatı ilə qarşılıqlı əlaqəsi, dahi şairin öz böyük sələfi Nizamiyə münasibəti, Kişvəri, Füzuli kimi sənətkarlara təsiri barədə ədəbiyyatşünaslıqda bəhs edildiyi halda, onun Xaqani yaradıcılığına münasibəti ətraflı işıqlandırılmamışdır. Bunun səbəbi isə Nəvainin fəlsəfi qəsidələrinin son on ilə qədər bütövlükdə öz vətənində olmaması idi. Görkəmli özbək alimi Həmid Süleymanov tərəfindən Nəvainin altı fəlsəfi qəsidəsini özündə birləşdirən “Sitteyi-zəruriyyə”sinin elm aləminə tanıdılması dahi şairin yaradıcılığının yeni bir xüsusiyyətini — ictimai-siyasi görüşlərini qəsidə janrında gözəl ifadə etmək bacarığını bütün parlaqlığı ilə üzə çıxardı. H.Süleymanov “Sitteyi-zəruriyyə” haqqında qısaca məlumat da verərək dahi şairin ustad Caminin təklifi ilə bu qəsidələri yazıb Xaqani, Əmir Xosrov və Camini izlədiyini, burada öz mütərəqqi görüşləri və fəlsəfi panteist təlimlərini ifadə etdiyini bildirir. Özbək ədəbiyyatşünaslarından Mənzurə Qədimova da şairin “Sitteyi-zəruriyyə”sindən bəhs edərək, onun “Eynül-həyat” qəsidəsini geniş təhlil etmişdir. Bununla belə, Nəvainin Xaqani ilə bədii yaradıcılıq əlaqələri xüsusi tədqiqat kimi işlənmədiyindən, ətraflı öyrənilməmişdir. Bunun digər səbəbi isə Xaqani yaradıcılığının daha çox vasitəli yolla Nəvaiyə təsir göstərməsi idi. Nəvai Xaqaninin “Qəsideyi-şiniyyə”sinə cavab yazsa da, özünün fəlsəfi lirikasında daha çox Xosrov Dəhləvi, Cami sənəti ilə bağlı olmuş, Xaqanidən çox bu şairləri izləmişdir. Odur ki, öz qəsidəsində hökmdara üz tutaraq onun mədhində yazdığı bu əsəri ilk ustad Xaqanidən də gözəl yaradaraq Cami ilə Xosrov Dəhləvinin ruhlarından qüvvət aldığını bildirir:

 

Ze ruhe in do istimdad kərdəm nəzdə həg leykən
Deləm hər çe ze həg mixast fajez şod bedonsanəş.
Be Cami kər nədarəm rahe də’i əndər in mə’ni
Ke həst ostade-mən vin nəzm kəşte zibe divanəş.
Be Xosrov haçəte dəvi nəbaşəd zonke xanənde.
Şəvəd vaqef ço ajəd dər nəzər həm ino həm anəş.

 

(Haqq yanında bu iki ruhdan kömək istədim, ürəyim Allahdan nə istəyirdisə, bu cür nail oldum. Camiyə bu mənada iddia yolum yoxdur, çünki o mənim ustadımdır, bu şeir onun divanının bəzəyidir. Xosrov haqqında danışmağa ehtiyac yoxdur, çünki oxucu hər iki şeirə nəzər salarsa, özü məsələdən xəbərdar olacaqdır.)

Ancaq Nəvainin Xosrov Dəhləvi və Cami ilə belə bağlılığı o demək deyildir ki, Nəvai Xaqani təsirindən uzaqda idi. Məlumdur ki, Xosrov Dəhləvi kimi Cami də öz fəlsəfi görüşlərində Xaqanidən təsirlənmiş, onun fəlsəfi lirikasından bəhrələnmişdir. Xüsusən, Əmir Xosrov Xaqaninin adını tez-tez çəkmiş,  “Miratüs-səfa”sında böyük Azərbaycan şairini özünün müəllimi adlandırmışdır.

Odur ki, Nəvainin bu sənətkarlar, xüsusilə, Xosrov Dəhləvi ilə bağlılığı vasitəli yolla da olsa, Xaqani yaradıcılığı ilə yaxınlığını göstərir. Təsadüfi deyildir ki, Xaqaninin zəngin həyat təcrübəsi və dəqiq həyati müşahidələrindən çıxardığı fəlsəfi nəticələr Nəvai qəsidələrində də eyni sənətkarlıqla oxucuya təqdim edilir.

Məlumdur ki, öz “Qəsideyi-şiniyyə”sində ürəyini təlimverici ustad bilən Xaqani dizini də məktəb edərək zəki bir uşaq kimi mənəvi müəllimindən nəsihətlər aldığını göstərir. Şair bunun – yəni dizini məktəb edib təlim öyrənməyin hər kəsə qismət ola bilməyən çətin bir iş olduğunu bildirərək yazır:

 

Dəbestan əz səre zanust xase on şirmərdira
Ke çun sək dər pəse zanu neşanəd şirmərdanəş

 

(Dizini məktəb etmək şirləri öz qarşısında it kimi diz çökməyə məcbur edə bilən şir ürəkli adamlara məxsusdur).

O, həm də dözümlülük göstərib dizüstə oturmağı bacaranların itqılıq, həris adamlar qarşısında oturmaqdan azad olduğunu söyləyir, ona hər şeydən əvvəl susmağı öyrədib, bütün təlimləri ilə nadanlığını artıran bu məktəbin əzəmətini qələmə alır. Mənəvi ustadından tamaha, nəfsə uymamağı, zahiri dəbdəbədən çəkinmək, düşünmək, hər şeyin əslinə varmaq və s. öyrəndiyini yazır. Xaqani tamahın onu yüksəkliklərə qalxmağa sövq etdiyini, nəfsin yolunu azmaq istədiyini bildirir:

Məkər mixast ta mortəd şəvəd nəfs əz səre adət
Məra in serr ço peyda şod boridəm sər beponhanəş
.

(Nəfs öz adəti üzrə yolunu azmaq istəyirdi ki, mənə bu sirr aşkar olan kimi, mən onun başını gizlicə kəsdim.)

Şair nəfsə qalib gələrək ondan qurtardığını çox maraqlı bir şəkildə, oxucunu düşündürən bir tərzdə qələmə alır. Nəfsin gömüldüyü torpaqdan göyərən tikanın xaricdən tikan olsa da, daxilən gülüstan olduğunu bildirir. O, burada nəfsə qarşı insan hümmətini qoyur. Hümmət haqqında geniş danışaraq onu çox yüksək qiymətləndirir:

Məra hümmət ço xorşidəst şahənşah zend asa
Ke çərxəş zire ranəsto səre İsast bər ranəş.

(Mənim üçün hümmət günəş kimidir, çərx onun dizinin altında, İsa ilə diz-dizə oturub.)

Şair can ilə cahanı bu şahənşahın ayağına yıxılmış iki büt, tamah və ehtiyacı isə onun qapısında bağlanmış itə bənzədir. Şair hümmətin yüksəkliyini şahların cah-cəlalı ilə müqayisə edir, onun hind şahı və Çin xaqanından yüksəkdə durduğunu, hümmətin bu yüksəkliyini dərk edənlərin isə ömür boyu ondan ayrıla bilməyəcəyini söyləyir.

Xaqani bu qəsidəsində fəqirlik haqqında danışır, onu dünya nemətlərinə qarşı qoyur, əbədi bir xəzinə adlandırır:

Məra del qoft kənçe fəqr dari dər cəhan mənəkər
Nəime Mesr dide kəs çe bajəd rəhte Kənanəş.

(Mənə ürəyim dedi ki, sənin fəqirlik kimi bir xəzinən var, dünyaya baxma. Misir nemətini görmüş adam Kənan rahətini istəməz.)

Şair özünün mənəvi əzəmətindən söz açır, ürəyini arı yuvası kimi şəbəkəli, bayırı sadə, içərisini isə nemətlə dolu qəsrə bənzədir. Onu hörümçək toru kimi bəzəkli, içərisində isə milçəkdən başqa heç bir şey olmayan həşəmətli saraylardan üstün bilir.

“Qəsideyi-şiniyyə”də şairin həyat, yaradılış haqqındakı görüşləri, şikayət və narazılıqlarının bədii ifadəsi çox maraqlı bir şəkildə verilmişdir. Şair poetik sözün qüdrətindən son dərəcə məharətlə istifadə edərək təbiətin amansızlığından, dövranın ədalətsiz gərdişindən danışır, təbii gözəlliklərin əbədi olmadığını, hər şeyin keçici olduğunu, hər səadəti bir bədbəxtliyin, hər yüksəlişi bir tənəzzülün izlədiyini təbii və həyati qanunauyğunluqlardan aldığı misallarla təsdiq edir. Şair insanlara doğularkən ağladıqlarını xatırladıb bununla da həyata gələnlərin elə ilk andan peşman olduqlarını, bunun üçün dünyaya o qədər də aludə olmamağı, zahiri dəbdəbədən çəkinməyi, daxilən təmiz, mənəviyyatca zəngin yaşamağı öyrədir.

Xaqani bu qəsidəsində hər şeyin əslinə varmağa çağıraraq üzərində gəzdiyi torpağın qanla bəsləndiyini, dünyanın isə bu qanı öz nemətləri ilə insanlara yedirtdiyini bildirərək həç şeyə aludə olmamağı, naz-nemətə uymamağı tapşırır:

Məxor bade ke an xunəst kəz şəxse cəvanmərdan
Zəmin xordəsto birun dade əz take rəzəstanəş.
Zəmin dajəsto to tefli, to şirəş xorde u xunət.
həme xune to zon şiri ke xordəsti ze pestanəş.

(Badə içmə ki, o, cavanların qanıdır. Torpaq onu içmiş və meynə vasitəsilə xaricə vermişdir. Torpaq dayədir, sən uşaqsan. Sən onun südünü içirsən, o sənin qanını. Sənin bütün qanın ondan içdiyin süddəndir.)

Şair burada insan əxlaqı, yüksək əxlaqi sifətlərdən bəhs edir, insana üz tutaraq pis rəftarıyla heç kəsi incitməməyi, yalnız yaxşı işlər görməyi məsləhət bilir. Xaqaninin son dərəcə bədii bir gözəlliklə ifadə etdiyi bu fəlsəfi – didaktik görüşlər onun qəsidəsinə cavab yazan digər şairlərdə olduğu kimi, Nəvainin “Nəsimül-xüld” əsərində də öz əksini tapmışdır. Nəvai öz sələfinin daha çox fəlsəfi-əxlaqi nəsihətlərindən faydalanmış, Xaqani mülahizələrilə səsləşən ibrətamiz fikirlər irəli sürmüşdür:

Moəllem eşgo pire əgl şod tefle dəbestanəş.
Fələk dan bəhre tə’dibe vej inək çərxe kərdanəş.

(Eşq müəllim, ağıl qocası isə onun məktəb uşağı, fələk onun təlimi üçün bir məktəbdir) — deyərək ağılı eşq müəlliminin yanında ədəb öyrənən bir uşaq adlandırır. Şair dərd ünsürünü bu məktəbin divarı, çərxi isə onun eyvanı bilir. Müəllimin, yəni eşqin – nur, şagirdin yəni ağlın – zülmət olduğunu bildirən Nəvai ustadın öz şagirdinə cəhldən uzaq, ürfanla dolu bir elm öyrətdiyini qeyd edir. O, mərifət bağının gözəlliyindən, müəlliminin öyrətdiyi təlimlərin məziyyətlərindən söz açır:

Göründüyü kimi, Nəvai Şərq ədəbiyyatında geniş yayılmış,  Xosrov Dəhləvi, Cami, Füzuli və başqa şairlər tərəfindən də sənətkarlıqla işlənən bu mövzunu orijinal bir tərzdə qələmə alır, Xaqani ənənəsini özünəməxsus şəkildə davam etdirir. Şairin öz sələfləri ilə eyniyyət təşkil edən sufi-ürfani görüşləri də Nəvainin yaradıcılıq təbiətinə uyğun tərzdə öz əksini tapır. Mənən təmiz olmanın yollarını nişan verən şair bu çətin yolda ilk əvvəl nəfsə qalib gəlməyin zəruriliyini göstərir:

Əkər mərde rəhi əz nəfse napakət gozər onke
Dəra dər şare, dəşt ke pejmudənd pakanəş.

(Əgər yol əhlisənsə, napak nəfsdən qurtar ki, pak adamların keçdiyi yola gələsən.)

Nəfsi ən qorxulu düşmən hesab edən şair onu məğlub etməyin çətinliyini də bildirir, bu yolda əziyyətlərə qatlaşmağın, dəyanət göstərməyin lazım olduğunu söyləyir. Məhz bunun üçün də şair bu qalibiyyəti hər kəsə nəsib ola bilməyən böyük hünər adlandırır:

Kəsi ku bər çənin doşmən şəvəd qaleb təvan goftən
Ke dər mərdaneki Rostəm nəbaşəd mərde meydanəş.

(Kim belə düşmənə qalib gələrsə, onu mərdlikdə Rüstəmdən də artıq bir pəhləvan hesab etmək olar.)

Nəvai bu qəsidəsindəki fəqirliyin üstünlüyü, qənaətlə yaşamağın əzəməti, dünyaya uymamaq, sərvət xatirinə alçalmamaq və s. didaktik fikirlərin təlqini ilə də Xaqanini xatırlatmaqdadır.

Nəvai dərvişlə şahın qarşılaşdırılması və dərvişin sultandan üstünlüyü kimi ilk dəfə Xaqani şeirlərində gördüyümüz qabaqcıl fikirləri öz qəsidəsində əks etdirməklə də Xaqaniyə yaxınlaşmışdır. Bu mövzu təkcə “Qəsideyi-şiniyyə”də deyil, Xaqaninin bir çox başqa qəsidələrində də çox mənalı verilmişdir. Sadə yaşamağı, dərvişliyi insan üçün şərəf sayan Xaqani bu şərafəti qəsidələrində sultanın cah-cəlalı ilə müqayisə etmiş, şöhrət düşkünü olan tacidarların kasıb mənəviyyata malik olduqlarını bildirmiş, dərvişliyin mənəvi üstünlüyünü söyləmişdir:

Çe azadənd dərvişan ze asibe keranbari

Çe mohtaçənd soltanan be əsbabe cəhanbani.

Bəda soltanija kura bovəd rənçe delaşubi

Xoşa dərvişija kura bovəd kənçe tənasani.

Pəs əz si sal roşən kəşt bər Xaqani in məni

Ke soltanist dərvişivo dərvişist soltani.

(Dərvişlər dünyanın ağır zərərindən azaddırlar. Sultanlar necə də dünyanı saxlamağa möhtacdırlar. Yazıq o sultana ki, ürəyi həmişə həyəcandadır, xoş dərvişin halına ki, azadlıq kimi bir xəzinəyə malikdir. Otuz ildən sonra bu məna Xaqani üçün aydın oldu ki, dərvişlik sultanlıq, sultanlıq isə dərvişlikdir.)

Eyni fikri Nəvai də öz qəsidəsində özünəməxsus bir gözəlliklə ifadə edir:

Bovəd ajine dərvişan kamel in rəveş benekər
Çe ziba ajəd əz sahər konəd şahane dovranəş.
Ze şahən niz nəbud laciq in rotbe çoz şahi
Ke dərvişi ze şahi bərtərəst əz ejni orfanəş.

Şəhe dərvişvəş soltane fəqr ajin ke əz ijəd
Fəraze təxt şahi fəqro dərvişist dər şanəst.

(Dərvişin ayini kamildir, necə gözəl olar ki, dövranın şahları bunu gözləsinlər. Şahlara da şahlıqdan başqa bir ayin layiq deyil, ürfan gözündə dərvişlik şahlıqdan üstündür. Dərviş xasiyyətli şah fəqir ayinli sultandır, Allahın hökmü ilə təxtin üstündə fəqirlik və dərvişlik onun şərəfidir.)

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Nəvai təkcə “Nəsimül-xüld” əsərində deyil, “Sitteyi-zəruriyyə”yə daxil olan bütün qəsidələrində özünün ictimai-siyasi görüşlərini ifadə etmiş, həmçinin, “Ruhul quds”, “Töhfətül əfkar”, “Münhəçül nəcat”, “Eynül həyat”, “Qütul qülüb” adlı qəsidələrində öz böyük sələfi ilə səsləşən mülahizələr irəli sürmüşdür. Əvvəldə də dediyimiz kimi, şair təkcə “Qəsideyi-şiniyyə”dən deyil, Xaqaninin bütün fəlsəfi qəsidələrindən faydalanmış, ümumiyyətlə, Xaqani yaradıcılığının mühüm xüsusiyyətlərini əks etdirmişdir. Nəvai, xüsusən, özünün didaktik görüşləri ilə Xaqaniyə çox yaxınlaşır. O, əsərlərinin birində şaha müraciətlə deyir:

Şəha mədhe to nəbovəd hədde mən zanru ke

Rəsulallaha qoftən nəyarəd nə’te həssani.

Vəleykən daştəm təb azmacira həvəs yekrəh

Ke quyəm çənd beyti mozəət dər toure Xaqani.

(Şahım, sənin mədhin mənim həddim deyil. Allahın elçisinə həssan mədhi yaramaz. Ancaq Xaqani dövründə bir neçə nəsihətlər eləməklə təbimi sınamaq istəyirəm.)

Əvvəldə də qeyd etdiyimiz kimi, Xaqani qəsidələrinin çoxunda həyatın hər üzünü görmüş, dünyanın isti-soyuğuna bələd müdrik bir adam kimi çıxış edir, həyat və dünya haqqındakı fəlsəfi mülahizələrini didaktik görüşləri ilə cəmləşdirib oxucusuna təqdim edirdi. Nəvai də Xaqani dövründə nəsihətlər etməklə, təbini sınamaq istədiyini bildirərkən sələfinin yaradıcılığına məxsus fəlsəfi məna və dərin düşündürücü ifadə tərzini nəzərdə tuturdu. Elə bunun üçün də sonrakı beytdə öz şeirinin dərin məna daşıdığını xüsusi qeyd edirdi:

Behər beytəş ketabi dərc kərdəm sərbəsər hekmət

Behər yek dorc ponhan saxtəm səd qohəre kani.

(Hər beytində hikmətlə dolu bir kitab dərc etdim, hər mücrüsündə yüzlərlə gövhər gizlətdim.)

Burada şair öz şeirini tərifləməklə yanaşı, Şərqin böyük dahisi olan Xaqani kimi yazmaq qüdrətinə malik olduğu üçün razı qaldığını bildirir.

Şair təkcə həyati nəsihətlərilə deyil, zəmanə haqqındakı tənqidi fikirləri, dövrünün nüfuz sahibləri və ayrı-ayrı din xadimləri haqqındakı kəskin rəyi ilə də Xaqaniyə yaxınlaşır. Bu cəhətdən şairin Xosrov Dəhləviyə cavabən yazdığı “Töhfətül əfkar” adlı qəsidəsi xüsusilə diqqətəlayiqdir. Şair bu qəsidəsini Əmir Xosrovun Əttara cavabən yazdığı  “Bəhrül əhrarı”na cavabən qələmə alsa da, bir çox tənqidi xüsusiyyətləri ilə Xaqani yaradıcılığını da yada salır. Bu əsərdə, xüsusən, şairin vaiz, qazı, fəqih, müfti və digər nüfuzlu din xadimləri haqqındakı tənqidi fikirləri çox maraqlıdır.

Şair öz aqibətini düşünməyib yalnız bu günlə yaşayan şahları “ölkənin bəlası” adlandırır, zahiri cah-cəlalın şahların əzəmətini artırmayıb, onu alçaltdığını bildirir:

Şah ke yad əz mərk narəd zust viraniye molk

Xosrove bi aqebət xəsre bilado keşvərəist.

(Ölümünü yadına gətirməyən şah ölkənin viranəliyinin səbəbkarıdır. Aqibətsiz hökmdar ölkələr bəlasıdır.)

Nəvai bu qəsidəsində də zülmü pisləyir, zülm və ədalətsizliklərdən cəhalət törəndiyini qeyd edir:

Canebe cour ər bekirəd əhl bişək cahələst

Cahəl ər yabəd xelas əz cəhl elməş məzhərəst.

(Zülm yolunu tutan kəs, şübhəsiz ki, cahildir. Cəhalətdən qurtarmaq isə insanın elmini göstərir.)

Yaxud başqa bir yerdə:

Zolmo adel nə yeksanənd dər təmire molk

Xuk dikər dər şiyare molko dehqan dikər əst.

(Zalım və adil ölkənin idarəsində bərabər deyil. Torpağın əkilməsində donuz başqa, kəndli başqadır.)

Bu şeirdə şairin vaiz, fəqih, qazılar haqqındakı tənqidi fikirləri də öz kəskinliyi ilə diqqəti cəlb edir:

Vaeze tame kədaie nan bovəd fəgrəş həminəst
Kin bezire mənbər aməd on fəraze mənbər əst.

(Tamahkar vaiz çörək dilənçisidir. Fərq bundadır ki, o, minbərin altında, vaiz isə üstündədir.)

Fəqhra çon elləte məkro hile sazęd fəqih
Ni fəqih əst anke həpfe elləti fəqh əndər əst.

(Fəqirliyi məkr və hiylə aləti edən fəqih həqiqi fəqih deyil.)

Nəvai qəsidələrində insan əxlaqı, yüksək mənəvi sifətlərin təbliği ilə də Xaqanini izləyir. Şair də öz sələfinin yolu ilə gedərək qürurla yaşamağı, sərvət düşkünü olmamağı, dünyanın zahiri dəbdəbəsinə aldanıb şan-şövkət, mal-dövlət xatirinə insanlıq adını alçaltmamağı tövsiyə edir, insan rəftarı, təmiz əxlaq haqqında faydalı mülahizələr yürüdür:

Xori xakəstər ovla zon bovəd kəz sofle nan çuji

Əkər xod qorse məh başəd təhe xakəstəri nanəş.

(Alçaq adamdan çörək gözləməkdənsə, kül yemək yaxşıdır. Alçağın çörəyi ay külçəsi olsa da, dibi kül kimidir.)

İnsan öz davranışı, ədalətli, insaflı rəftarı ilə də öz yüksək adına sadiq qalmalıdır. Günahsızı incitmək, yaxud qələbə çaldığın düşmənə əziyyət vermək insana yaraşmayan hərəkətdir:

Bikonəhra saxtən azorde əz tiqe zəban

Natəvan kərdən rəke birəncra əz neştər əst.

(Günahsızı dil qılıncı ilə incitmək, ağrımayan bir damara neştər vurmaq deməkdir.)

Ədu kər qəsde canət kərd çun gader şodi bər vey
Ze təgdire həgəş midan yəqin pəs del mərəncanəş.

(Canına qəsd eləyən düşmənə qalib gələrkən bu qalibiyyəti təqdirdən bil, onun ürəyini incitmə.)

Nəvai hümmət haqqındakı yüksək rəyi ilə də Xaqanini xatırladır. Hümmət əhlinin həmişə yüksəkdə durduğunu, heç bir vəchlə alçala bilməyəcəyini söyləyir:

Əhle həmmətra ze nahəmvariye kərdun çe bak

Seyre əncomra çe fəm kəndər zəmin çuye cərəst.

(Hümmət əhli üçün fələklərin hamarsızlığının qorxusu yoxdur. Yer üzərindəki çala-çuxurların ulduzların seyri üçün nə maneçiliyi ola bilər?!)

Nəvai sələfinin əsərlərindəki narahat ruhu, dövranın ədalətsizliyi, insanın kölə vəziyyəti və həyati hadisələr, təbii qanunauyğunluqlar qarşısındakı acizliyindən doğan narazı əhvali-ruhiyyəni yaxşı dərk edir, yeri gəldikcə, insan həyatı, dünyanın vəfasızlığı və s. haqqındakı mülahizələrində bu tənqidi ruhu saxlamağa çalışır:

Became əxzəre gərdun əkər neku nekəri

Ze bəhre qətle to dani ke por ze zəhre fənast.

Bedovre mehpəş əgər benkəri şəvəd məlum

Ke əz şoa bəqəsdət do səd senani bəlast.

(Fələyin yaşıl camına əgər yaxşı baxsan, sənin qətlin üçün zəhər doldurduğunu görərsən. Günəşin dövranına diqqət eləsən, şüasının sənin qəsdində yüzlərlə bəla qılıncı saxladığını bilərsən.)

Dövrün, zəmanənin tənqidinə həsr edilmiş fikirlərindəki bədii ümumləşdirmə Xaqani sənətini yada salır. Nəvai bədii sözün qüdrətindən ustalıqla faydalanmaqla da, fəlsəfi görüşlərini poetik şəkildə yüksək sənət dililə ifadə etməklə də öz sələfinin layiqli davamçısı kimi yüksəlmişdir. Xaqani nəsihətləri məzmun cəhətdən olduğu kimi, bədii forması, ifadə tərzi, çox dəqiq seçilmiş təşbeh, poetik obraz, məcaz və istiarələri, təsirli mübaliğələri ilə də oxucunun diqqətini cəlb edir, onu düşündürür. Şair özünün etik-əxlaqi görüşlərini ibrətamiz bir şəkildə ifadə edir, bədii məqsədini aforizmlər, hikmətli atalar sözləri, təbiətin özündən aldığı həyati misallarla təsdiqə çalışır. Nəvai də öz sələfinin bu mühüm yaradıcılıq xüsusiyyətini davam etdirərək təlqin etdiyi bəşəri görüşlərini xalq məsəlləri ilə təsbitləndirir, atalar sözləri kimi mənalı beytlər yaradaraq, hikmətli aforizmlər işlədir. “Töhfətül əfkar”ında insanı zahiri bəzəkdən çəkindirmək istərkən bu nəsihətamiz fikrini həyati bir məsəllə təsdiq edərək yazır:

Qeyde ziynət məsğətə fərro şekuhe xosrovist
Şire zənçiri ze şire bişe kəm souləttərəst.

(Ziynətə aludəlik şahlıq şövkətini azaldır. Zəncirlənmiş şir meşə şirindən daha qəzəblidir.)

Yaxud:

Nükteye nadan ze bəhre rishxənde u nekust

Mohpeye xər dər xore təzyine əfsare xərəst.

(Nadanın nüktəsi onun özünə rişxənd etməyə yarar, xərmöhrə eşşəyin cilovunu bəzəmək üçündür.)

Başqa bir yerdə:

Pahpəvan ra faqevo nemət konəd məne səluk

Əsbe rah anəst ku ni fərbəho ni lağərəst..

(Yolçunu yoxsulluq və nemət yoldan qoyar. Yola nə kök, nə arıq olmayan at yarar.)

Belə misalların sayını istənilən qədər artırmaq olar. Bütün bunlar Nəvainin öz azərbaycanlı sələfinin yaradıcılığını dərindən mənimsədiyini və onu özünəməxsus bir tərzdə davam etdirdiyini göstərməkdədir. Bununla belə, Nəvainin fəlsəfi görüşlərini Xaqaninin təkrarı kimi anlamaq da səhv olar. Hər iki şair klassik Şərq şeirinin ümumi mövzuları kimi məşhur olan məsələlərdən bəhs edərkən də fərdi yaradıcılıq simalarına sadiq qalmış, yaradıcılıqlarına xas xüsusiyyətlərlə fərqlənmişlər. Məlumdur ki, böyük Xaqaninin sırf fəlsəfi fikirlərin ifadəsinə həsr etdiyi qəsidələrindəki ictimai tənqid, eyni zamanda, şairin şəxsi faciəsindən doğan kəskin bir etiraz, məğrur sənətkarlıq təbiətinə xas bir üsyankarlıq ruhu daşımaqdadır. Zəmanə və əhatəsində olduğu adamlar, ixtiyar sahibləri, hökmdar və ayrı-ayrı nüfuzlu şəxslərə qarşı müəllifin etirazını məharətlə ümumiləşdirdiyi belə şeirlərdə zəmanənin şıltaqlıqlarına dözmək istəməyən, öz fitri istedadından əmin, vüqarlı bir şairin kəskin ittihamları əsas yer tutur. Təsadüfi deyildir ki, belə fəlsəfi şeirlərinin əksəriyyətində şair həç kəsin mədhinə yer ayırmır.

Müasirlərinə gözəl sifətlər aşılayıb nəcib xasiyyətlər tərbiyə etməyə səy göstərən Nəvai isə öz bəşəri fikirlərini dövr və müasirləri üçün daha təsirli, ədəbi mühit və şəraitin tələbilə səsləşəcək bir tərzdə oxucularına təqdim edir.

Misal üçün hər iki şairin doğru yola, pisliklərdən qayıdıb xeyirli işlər ardınca getməyə dəvət edən nəsihətlərini götürək. Xaqani bilavasitə oxucusuna xitabən “əgər pislik etmisənsə, tövbə et, doğru yola qayıt” fikrini belə ifadə edir:

Səki kərdi konun ələfv miğu gər peşimani

Ke sək həm əfv miquyəd məgər del şod peşimanəş.

(İtlik etmisənsə, yəni nəfsə uymusansa, bağışla, əfv et, de ki, it də ürəkdən peşman olarsa, əfv deyir.)

Nəvai eyni fikri öz qəsidəsində daha yumşaq şəkildə ifadə edir:

Vəli əvvəl bəravər qosli əz əşki peşimani

Xoş anku həq nəsazəd zin peşimani peşimanəş.

(Əvvəl gözlərini peşmanlıq yaşı ilə qüsl elə. Xoşdur ki, haqq səni bu peşmanlıq üçün peşman etməyəcəkdir.)

Nəvainin zəmanə və müasirləri haqqındakı tənqidi fikirləri də onun öz humanist təbiətinə uyğun, zəmanənin estetik tələbləri və əhatəsində olduğu cəmiyyətin zövqünə müvafiq ruhda ifadə olunur. Şair öz sələfinin tənqidi görüşləri və mühakimələrindəki qətiyyəti saxlasa da, Xaqani təbiətinə məxsus sərtlik və kəskinliyi yumşaltmağa çalışır.

Bunun bir səbəbi də onda idi ki, Xaqanidən sonrakı dövrlərdə sufizmin bir cərəyan kimi daha da qüvvətlənməsi sonrakı fəlsəfi şeirdə panteist sufi görüşlər və təsəvvüfi təlimlərin daha da genişlənməsinə səbəb olmuşdu. Bu isə Xaqani qəsidələrindəki üsyankar ruhun özündən sonrakı fəlsəfi şeir və xüsusən, Nəvai yaradıcılığında daha çox fəlsəfi didaktika, təsəvvüfi təlimlərlə əvəz olunması ilə nəticələnirdi. Lakin bununla belə, hər iki şairin qəsidələrində gördüyümüz səsləşmələr, Nəvai qəsidələrindəki Xaqani təsiri bir daha təsdiq edir ki, Yaxın Şərq ədəbiyyatında geniş yayılmış Xaqani yaradıcılığı dahi özbək şairi üçün də bir sınaq meydanı olmuşdur. Nəvai bu meydanda öz qələmini müvəffəqiyyətlə sınayaraq Xaqaniyə və Xaqani davamçılarına layiqli cavablar yazmış, dahi şairin mühüm fəlsəfi-didaktik görüşlərini yaradıcılığına məxsus bir sənətkarlıqla davam və inkişaf etdirmişdir.

 

(Məqalə ilk dəfə “Azərbaycan – özbək ədəbi əlaqələrindən səhifələr” (Bakı: “Elm”, 1985, s.88-109) kitabında nəşr olunmuşdur.)

 

 

“Ədəbiyyat və incəsənət”

(16.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.