“Ədəbiyyat və incəsənət” portalı iki gün ardıcıl Təranə Dəmir yeni şeirlərini təqdim edir. Payız ovqatlı 8 şeir, 8 xəzan yarpağı. 4-ü bu gün, 4-ü sabah.
TƏRANƏ DƏMİR
1-Cİ YARPAQ
Heç kimə qaynamır qanım haçandı,
Açılmır sabahım, danım haçandı,
Neynirəm isinmir canım haçandı,
Don vurub könlümün gün tərəfini.
Baş əyib getmişəm qədərə, neynim,
Vermişəm bir ömrü hədərə, neynim,
Çoxdan alışmışam kədərə, neynim,
Seçmişəm dünyanın qəm tərəfini.
Savaşa bilmədim həsrətə qarşı,
Bahar deyə-deyə gətirdim qışı,
Gözlədim bir dəfə vüsal yağışı
Tutmadı saçımın dən tərəfini.
Yaşadım eləcə düşmənə acıq,
Bir gözüm yuxulu, bir gözüm açıq,
Nə tapdım hamısı alayarımçıq,
Doldura bilmədim kəm tərəfini.
Qaldı əllərimdə yaxam, bilmədim,
Çırpındım, özümdən çıxa bilmədim,
Özümə sevgiylə baxa bilmədim,
Sevmədim dünyanın mən tərəfini.
2-Cİ YARPAQ
Mən bir payız yolçusuyam,
Küləyim var, yağışım var,
Enişim var, yoxuşum var,
Hər açılan səhərlərin,
Hər qaranlıq gecələrin
Yanağında göz yaşım var.
Baxışımda xatirələr,
Kirpiyimdə qəm gül açıb.
Başımın üstündə səma,
Ayağım altdan yer qaçıb.
Sazaq vurub ürəyimi,
Bir də çətin oda düşə.
Bir də çətin sevdalana,
Bir də çətin bəndə düşə.
Hələ mənim irəlidə
Xəzan donlu, yaz həvəsli
Arzularla savaşım var.
Məndən uzaq dur, ay adam,
Mən bir payız yolçusuyam,
Sənin mənlə nə işin var?
3-CÜ YARPAQ
Bu gələn payız da mənə bənzəyir,
Dumanı tanışdı, çəni tanışdı.
Bulud gözlərindən ayrılıq yağır,
Həsrəti tanışdı, qəmi tanışdı.
Başdan ayağacan bahar xəstəsi,
Təpədən dirnağa vüsal acıdı.
O da mənim kimi Sözə qaçandı,
O da mənim kimi masal acıdı.
Dolaşır arzular əl-ayağına,
Bir arzu içindən min xəzan baxır.
Sevdalar oyanır daş yuxusundan,
Xəyallar uzaqdan yarımcan baxır.
Gör necə bənzəyir bu payız mənə,
Ürəyi nigaran, hissi yarımçıq.
İkimiz əl-ələ verib gedirik,
Gedirik küləyə, yağışa acıq.
4-CÜ YARPAQ
Yenə payız gəlincə
Yarpaqlar budaq-budaq
Ağaclardan küsəcək.
Yenə dəli küləklər,
Yenə leysan yağışlar
Küçələrin, yolların
Nəfəsini kəsəcək.
Heç gedən baharın da
Arxasınca ürəklə
Su səpən olmayacaq.
Beləcə yağış-yağış,
Beləcə külək-külək
Bu şəhər bu payızın
Nazıyla oynayacaq.
...Hələ yasaq sevdalar,
Hələ günah keçisi.
Hələ bomboz tənhalıq,
Hələ dəli darıxmaq,
Hələ payız gecəsi...
“Ədəbiyyat və incəsənət”
(12.11.2026)


