“Biri ikisində” Xaqani Şirvaniyə ithafən Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Azadə RÜSTƏM

XAQANİ “MƏN”İ ÖZ SƏNƏTİNDƏ

(Portretdən eskizlər)

 

Elmi-nəzəri araşdırmalar normativ meyar və normativ-şərti ədəbi qanun-qaydaların orta əsrlər sənət əsərlərinin məzmun və forması arasındakı əlaqəni səciyyələndirən vacib şərt olduğunu qeyd edir. Nəzəri ədəbiyyat orta əsrlər sənətində təsvir edilən hadisə və obrazın təsəvvürlərdə “dünyayabaxış etiketi”, “əxlaq etiketi” və “bədiilik etiketi”nin vəhdətindən ibarət “ədəbi etiket”dən asılı olduğunu da göstərir. Tipoloji qarşılaşdırmalar isə bu tezisi təsdiqləyir, bütün dünya ədəbiyyatlarının orta çağlarda dayanıqlı, sabit ənənələr əsasında özül tapdığını sübut edir. Lakin nəzəri ədəbiyyatda normativlik və ədəbi etiketin orta əsrlər sənət nümunələrini tamamilə real gerçəklikdən və həyatilikdən uzaqlaşdırdığı qənaətində olan yazarlar da tapılır ki, sonuncularla bütövlükdə həqiqət adına razılaşmaq olmur. Şübhəsiz, orta əsrlər bədii təfəkkürünün qanunauyğunluqlarından çıxış edərək bu dövrlərdə yaranan ədəbiyyatın ideya-tematik motivləri və şəkli xüsusiyyətləri – janr, üslub, kompozisiya və məcazlar sistemi də normativ mahiyyət daşıyır. Bununla belə, bu ədəbiyyat, əlbəttə, onun klassik nümunələrində real həqiqətdən uzaq da deyildir. Orta əsrlərdə qələmə alınmış bədii nümunələrdəki hər hansı ştrixin, peyzaj təsvirlərinin və coğrafi yer adlarının qeyd-şərtsiz realistik təsvir üsulu ilə bağlanması nə dərəcədə sadəlövhlükdürsə, həmin nümunələri gerçəklikdən bütövlükdə ayırmaq, onlarda fərdi başlancığı, müəyyən bir sənətkar qəlbinin tərcümanı olan hiss-həyəcanı, od-alovu, hətta tərcümeyi-halından gələn, onu ətraf mühitə bağlayan nöqtələri, xətləri görməmək də düzgün elmi nəticəyə gətirməz. Hələ onu demirik ki, həyati, real, keçirilmiş hissin təsiri altında yazılmayan əsər heç zaman əbədilik hüququ qazana bilməz, yüzillikləri adlayıb oxucu qəlbini və düşüncəsini öz sənət alovu ilə alışdırmaz.

Bu yazıda biz XII əsr Azərbaycan poeziyası səmasında parlayan böyük Nizaminin böyük müasiri Xaqani Şirvaninin çoxcəhətli və zəngin yaradıcılığı fonunda onun portretini, iç aləmini və həyata baxış fəlsəfəsinin bəzi cizgilərini açıqlamaq fikrindəyik. Xoşbəxtlikdən dahi şair-mütəfəkkiri bizdən sürəkli zaman məsafəsi ayırsa da, onun şeir-sənət dünyası qarşıya qoyduğumuz problem çevrəsində söz açmaq üçün imkanlıdır, təlatümlü, coşqun həyatının, demək olar ki, çox məqamlarını şair öz əsərlərində işıqlandırmışdır. Əslində, Xaqani poeziyası küll halında onun həyatda üzləşdiyi, şahidi olduğu sevinclərin, acıların, iztirabların, həyəcanların, fərəhlərin bədiiləşmiş ifadəsidir ki, qərinələri adlayaraq gəlib bizə çatmışdır.

Şairin Azərbaycan ədəbiyyatında ənənəvi məsnəvi formasında ilk nümunələrdən olan, ictimai-fəlsəfi məzmunlu epik-lirik poeması, məşhur “Töhfət ül-İraqeyn” əsəri qarşımızdadır. Bu əsəri, sözün əsl mənasında, Xaqani “mən”i və Xaqani dünyaduyumunun aynası adlandırmaq olar. Bu əsərdə Xaqani sanki keçdiyi mürəkkəb, enişli-yoxuşlu olaylarla zəngin həyat yoluna nəzər salır, təmasda olduğu yaxınları-uzaqları, dostluq etdiyi və ya rəğbət bəsləmədiyi həməsrləri haqqında öz təəssüratını əks etdirir. Əsərin qəhrəmanı şairin özüdür. Poemada düşünən, danışan, sevinən, qəzəblənən, fəxr edən, kədərlənən də elə şairin özü, Xaqani “mən”idir. Biz bu əsərdə şairin siyasi və ədəbi müxalifləri ilə üzləşir, onu ürəkdən sevən, uğurları ilə sevinən qəlb dostları ilə tanış oluruq. Bu əsərdə şair öz tərcümeyi-halının bir çox səhifələrini açıqlayır, sadə zəhmət adamları olan toxucu babasından, atası Əli Nəccardan, can sirdaşı – anası Rabiədən, təbib-filosof əmisi Kafiəyddindən, alim əmioğlusu Vəhidəddindən ürək dolusu, iftixarla bəhs edir... Xaqani bu əsərdə uşaqlıq və gənclik illərinin bəxtiyar, məsud çağları ilə həyatının sonrakı tufanlı-qasırğalı günlərini qarşılaşdırır, çağlayan, coşub-daşan istedadına düşmən mühitdən, düha – şər qarşıdurmasından, hünər və həsəd uyuşmazlığından könül ağrısı ilə danışır. Poemanın “Günəşə xitab”, “Xızırla söhbət” hissələrini sakit, həyəcansız oxuyub keçmək olmur. Bu hissələr işığa, xeyirə, gözəlliyə susayan, düzlük, sədaqət və həqiqət axtarışında olan və onları həyatda, zamanının ictimai uyarsızlıqlarında tapmayan, görə bilməyən, ruhunun bütün hüceyrələri ilə insana-insanlığa, Xaliq tərəfindən xəlq olunmuşlara bir ömür qanuni yaşamaq haqqı uman el müdriki - el ozanının içdən gəlmə hayqırtıları təsiri bağışlayır.

Əlimizdə şairin 17 min beytlik, monumental lirik şeirlər toplusu –  “Divan”ı vardır və bu “Divan”da cəm olunan əsərlərin hamısı klassik Şərq şeirinin ənənəvi, sabit, normativ janr və şəkli formalarında qələmə alınmışdır. Əksəriyyəti qəsidələrdir və daha çox mədhiyyə-qəsidələrdir. Bəli, Xaqani də orta əsrlər ədəbi-nəzəri fikrinin tələb etdiyi normativ meyar, normativ-şərti ədəbi qanun-qaydalara riayət edirdi. Lakin bu normativ janr və şəkli formalar daxilində də o, həyat həqiqətlərindən çıxış edərək qələm işlədirdi. Bir çox mədhiyyə-qəsidələrində öz şair-insan-vətəndaş “mən”i – şəxsiyyətinin əlvan çoxcəhətliliyi ilə qarşımızda ucalır. Bu mədhiyyə-qəsidələrində biz Xaqaninin özünü həm də zamanının böyük ictimai xadimi kimi təsdiqlədiyini görür, Şirvanşahlar sarayının məhz onun siyasi fəaliyyəti sayəsində Şərqin bir çox dövlət ocaqları ilə dostluq əlaqələri saxladığını müşahidə edirik. Hələ şairin yazılış tərzi, bədii üslub və dolğunluğu ilə gözəl sənət nümunələri olan məktubları! Bütün bunlar Xaqani “mən”inin və Xaqani şəxsiyyətinin cizgilərini aydınlaşdırmaq, çağının ictimai-siyasi durumunda baş verən mühüm hadisələrə şairin münasibətini izləmək üçün qiymətli qaynaqlardır. Onun Xarəzmşah Əlaəddin Atsıza, Xalxal hakimi Məhəmməd ibn Əbdürrəhman Toğanyürəkə, Səlcuq hökmdarı sultan Məhəmməd ibn Davuda, Darayi-Dərbənd Seyfəddin Aslan Müzəffərə, Mosul atabəylərinə, Azərbaycan atabəyləri – Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslana yazdığı şeirlər, məktublar XII əsr Yaxın Şərq tarixinin bir çox qaranlıq səhifələrinə işıq çiləyən sənəd mövqeyindədirlər.

Onu boya-başa yetirən ana torpağı böyük məhəbbətlə sevirdi. İlhamını doğma Azərbaycanın gözoxşayan mənzərələrindən – bağlı-bağatlı obalarından, çeşməli-sulu meşələrindən, buludlara boylanan, başı bəyaz örpəkli dağlarından almışdı. Əsərlərində tez-tez doğma yurdu Şirvana söz oyunu işlədərək “Şərvan” deməyi vardı. Bu, onun sevimli yurduna deyil, bu yurdda kök salmış şərə-zülmətə gileyinin, nifrətinin ifadəsi idi. Əslində, Xaqaninin Şirvanın torpağına da, adamlarına da məhəbbəti ölçüsüz idi. Faktik material – əsərlərindən alınan nümunələr bunu təsdiq edir. Xüsusilə, qəriblikdə – İraq səfərlərində vətəni üçün bərk darıxır və bir-birinin ardınca vətən nisgilli, vətən həsrətli şeirlər qələmə alırdı.

Qayğıkeş övlad, sevən ata, sadiq ömür-gün yoldaşı, munis qohum idi. Qəlbləri sızladan, damarlarda qanı donduran, həzin-yetim mərsiyələri vardır. Onun vaxtsız dünyasını tərk etmiş əzizləri –  sevimli oğlu, çılğın bir məhəbbətlə sevdiyi ilk ömür çiçəyi – qadını, əmisi, qızı və b. haqqında, onların əvəzsiz itkisi ilə bağlı yazdığı mərsiyələr həssas bir qəlbin ruhu sarsıdacaq iztirablarından xəbər verir... Çox kövrək idi. Bu baxımdandır ki, ətrafında baş verən olaylara – Xeyirə də, Şərə də laqeyd, seyrçi münasibət bəsləyə bilmirdi. Bir az əvvəl öz keçmiş məddahlığından xəcalət çəkdiyini elan edir, lakin çağının bu və ya digər el sahibinin xalq üçün, dövlət üçün hər hansı işıqlı hərəkətini görəndə yenə mədhiyyəyə üz tuturdu. Əlbəttə ki, bu mədhiyyələr artıq tamamilə ayrı məzmun, başqa səciyyə daşıyır, şairin humanist və vətənsevər amalına xidmət edirdi. Elsevərlik, mərdlik, mətanət və qürur Xaqani “mən”i və sənətinin fikri yönümünü müəyyənləşdirən başlıca xüsusiyyətlərdir. Və yaradıcılığının bütün məqamlarında bu mənəvi keyfiyyətlər onun şair fenomenini səciyyələndirən amillər olmuşdur. Və bir də səmimiyyət. O, ilk gənclik illərində Şirvanşahlar sarayında hələ ətrafında cövlan edən şəri görüb dərk etmədən mədhlər yazanda da səmimi olmuş, cəmiyyətin içərilərinə kök və rişə salıb, artıb-çoxalan çirkinliklərlə mübarizədə də təbiətinəməxsus bu səmimiyyət hissi onu tərk etməmişdir.

Həyat səhifələrindən Xaqaninin öz ictimai-siyasi əqidəsinə görə iki dəfə zindana atıldığı məlumdur. Zindan həyatına dair onun da müasiri və dostu Fələki Şirvani kimi “Həbsiyyə” başlığı altında bir silsilə şeiri gəlib bizə çatmışdır. Nələr yoxdur bu şeirlərdə!? Burada şair hətta fiziki şərlə üz-üzə dayanır və onun bütün dəhşətlərini tünd, qatı boyalarla qələmə alır. Lakin o, zindanda da yenilməzdir, məğrurdur, “boynunda Zöhhak ilanıtək” zəncir, “ayaqlarında dəyirman daşını xatırladan kündə” özünün “Firudin xəzinəsinə bənzər əql və irfanına” qənim kəsilən bədxahlarına qarşı qələmini süngüyə çevirir, mübarizədən qalmır...

Şanlı-şövkətli Şirvanşahlar sarayı, dəbdəbələr, təntənələr yaradıcı “mən”inin ilkin mərhələlərində Xaqanini də sehrləmişdi və o, bir-birindən təmtəraqlı mədhləri ilə əyan-əşrəf yanında ad-san qazandı. Lakin çox keçmədi ki, sarayın zahiri parıltıları təbiətən məğrur və həqiqətsevən şairi usandırdı, o, bu zərin-zivərin aldadıcı olduğunu duydu və öz sənəti ilə saraya-dövlətə təsir etmək yolunu tutdu. Xaqani şeirinin ictimai kəsəri gücləndi və şair eybəcərlikləri tənqid mövqeyindən çıxış edərək biri digərindən ötkəm, tünd siyasi-lirik şeirlər müəllifi kimi daha çox tanındı. Xaqani böyük cəsarət tələb edən bir məsuliyyətlə çağının şərini atəşə tutdu, saray mühitini qara məhbəs adlandırıb, “zülmkar olarsa bir şah, az yaşar” – deyə haray çəkdi, sadə kəslərin mənafeyini müdafiə edərək, haqsızlıq və riyakarlıq aktlarına qarşı öz etiraz səsini ucaltdı. Yox, yalnız etiraz etmədi, bu qism şeirləri onun öz zəmanəsinə, əsrinə yönəlmiş üsyanın bədii təzahürü kimi səsləndi...

Biz onun yaradıcı “mən”indəki bu fikir intibahını, xüsusilə, şairin sufi ribat-zaviyələri və üxüvvətlə-əxilərlə yaxınlıq etdiyi çağlarda daha vüsətli bir inkişaf dövrü keçirdiyini müşahidə edirik. İndi o, “sərvət, mənsəb və şöhrət axtarmadan”, “bir tikə çörəyə, bir içim suya qane olub” öz yoxsul daxmasında sadə həyat sürməyi möhtəşəm kaşanələrdə yaşamaqdan üstün bilir, özünü vaxtı ilə məddahlıq etdiyi üçün danlayıb-dansayır, sarayları hərc-mərclik yuvası adlandıraraq üzünü haqqın-həqiqətin dərgahına tutur. Xaqani dünyaduyumunda indi ciddi dönüş baş vermişdir. İndi artıq şairin yaradıcı “mən”ində irfani çalar daha tutumlu, daha qabarıqdır. İndi artıq Xaqanini fəlsəfi məzmunlu İnsan və İnsanlıq, həyat, yaradılış, fərd və onun vəzifələri, olum və ölüm ətrafındakı düşüncələr məşğul edir və şair bu düşüncələri əsrarəngiz bədii-romantik uçuşlarla süslənən şeirinin poetik predmetinə çevirir.

Şairin iç aləmində və dünyaduyumundakı bu yönüm, xüsusilə, onun tanımlı “Mədain xərabələri” və “Meratüs-səfa” qəsidələrində bariz şəkildə öz əksini tapmışdır. Birinci – “Mədain-xərabələri” Xaqaninin İraq səfəri zamanı qədim Sasanilər dövlətinin bir vaxt əzəmətli, şanlı-şövkətli, XII yüzillikdə isə artıq qərinələrin qasırğaları –  tufanları ilə üzləşib tar-mar olan, dağılan, uçulan qəsrlərinin müşahidəsi zamanı keçirdiyi ruhi-hissi təlatüm və sarsıntılarının bədii inikasıdır. Bir vaxt bu qəsrlərdə çox ölkələrə meydan oxuyan Sasani şahları – Nuşirəvan, Hörmüz, Pərviz cah-cəlallı dövran sürürdülər. Bu qəsrlərdə Şərqin gözəli Şirin yaşamış, bu qəsrlər onun Xosrova olan böyük məhəbbətinin şahidi olmuşlar. Ancaq heyhat! O cah-cəlaldan bu gün əsər də qalmayıb. Fil aciz edən şahlar indi yerlə-yeksan olmuşlar. Torpaq Nuşirəvanın qanını Hörmüzün qafa tasında şərabtək içib... Zaman Pərvizin torpağından küp düzəldib, Şirinin ürək qanını meyə çevirib. Bu sarsıdıcı mənzərə təbiəti belə, həyəcana gətirir. Bu həyəcanın, bu ağrının təsirindən Dəclə ilantək qıvrıla-qıvrıla axır, dağlar-dərələr dilsiz bir sükutla haray qoparır, bir vaxt möhtəşəm qəsrlərin bu gün uçuq tağlarının hər naxışı bir tarix danışır – budur bu qəsidənin məzmunu. Lakin indiki halda bu məzmun bizə Xaqaninin şair “mən”inə yeni bucaqdan nüfuz üçün lazım olmuşdur –  bu əsər Xaqani “mən”inin dünyaya, insana hikmət dərsi, ibrət dərsidir. Şair insanlara – insanlığa yaradılışın iç mənasını anlatmaq istəyir – cahanda heç bir şey sabit deyildir –  sabit, əbədi olan yalnız haqdır – həqiqətdir. Qəsidənin fikir yükü şairin bu irfani dünyaduyumu üstündə qərar tutmuşdur, lakin iç mənadan düşən şüa Xaqaninin humanist-bəşəri görüşləri üstündə sınır. Məqsəd: bərli-bəzəkli kaşanələr ucaldıb, firəvan həyat sürən qurumu səfərbərliyə almaq. Amal:  xəzinələrdə istifadəsiz qalan var-dövləti bir parça çörəyə möhtac olanların ehtiyaclarına yönəltmək. Bəli, Xaqani “mən”inin və irfan dünyasının istiqamətverici özəyini xəlqilik və demokratizm ideyaları təşkil edir. Kimdir insan və insanlığa layiq olan kəs? – bu sual şairin “Meratüs-səfa” əsərindən də qırmızı xətlə keçib gedir. XII əsr Azərbaycan lirik şeirində ilk dəfə məhz bu əsərdə biz İnsan xislətinin zahiri və batini tərəfinin fəlsəfi-irfani obyekt kimi bədii fikrin mövzusuna çevrildiyini və dahiyanə bir müdrikliklə öz həllini tapdığını görürük. Bu əsərdə şair dünyaya iki baxış sistemini üz-üzə gətirir. Həyatı eyş-işrət və zövq mənbəyi hesab edən “həvəs zindanında dustaq olan divlər dünyası” və öz ruhani “mən”inə qapılıb mənəvi ucalığa çatanların dünyası. Qəsidədə fəqir-şah qarşıdurması diqqəti çəkir, şair “Günəş himmətli dərvişi” “şahdan, fəğfurdan” üstün tutur. Qəsidənin hər beyti mənəvi-ictimai şəri inkar pafosu ilə yüklənmişdir, şairin “içi məzarıstan, eşiyi gülüstan” olan dünyaya irfani baxışı da dünyanı şər-zülmət məskəni kimi qəbul edə bilməməsi ilə bağlıdır.

Xaqaninin hətta kiçikhəcmli əsərləri – qəzəl, qitə, rübailərində belə, onun şair – vətəndaş “mən”inin cizgilərini müşahidə etmək olar. Həyatının müxtəlif məqamlarına, təmasda olduğu ictimai-siyasi olaylara toxunan nə qədər qitələri vardır və başlıcası onlar da orta əsrlər ədəbiyyatının romantik şərtilikləri və normativ tələbləri fonunda şairin bu və ya digər həyati olay və problemlə əlaqəli keçirdiyi fərdi hiss və həyəcanlarına qlobal-bəşəri məna və məzmun çaları vermək məharətindədir.

Xaqani şeiri Xaqani şəxsiyyəti və Xaqani “mən”ini bütün incəliklərinə qədər təzahür etdirən bir sənət ensiklopediyasıdır. Beləliklə, Orta əsrlər ədəbiyyatını küll halında onu ərsəyə gətirən tarixi-ictimai zəmindən, real həyat həqiqətlərindən təcrid olunmuş şəkildə qavramaq, bu ədəbiyyatda yalnız ştamp halına düşmüş normativ qanun-qaydalar, ədəbi etiket, əvvəlcədən qəbul edilmiş və bütün sənətkarlar tərəfindən icrası vacib fikri-estetik-bədii qəliblər görmək – klassiki ancaq bu çərçivə içərisində tədqiq etmək tezisi özünü doğrultmur.

1997

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)


 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.