Sabir Rüstəmxanlının Ramiz Qusarçaylıya açıq məktubu Featured

 “Ədəbiyyat və incəsənət” portalı Xalq şairi Sabir Rüstəmxanlının ustad şair Ramiz Qusarçaylıya açıq məktubunun mətnini təqdim edir.

 

Əzizim Ramiz!  Axırıncı görüşümüzdə mənə “İki gül” adlı şeirlər  kitabını vermişdin. Bundan da öncə “Vətən” poemasını oxumuşdum. Əvvəllər olduğu kimi dostlarımızın kitabları haqqında isti-isti ətraflı rəy yazmaq, fikir bildirmək olmur. Yaş artdıqca vaxt sıxıntısı da artır...

“Vətən”- poeziyamızın parlaq nümunələrindən biri kimi ədəbi ictimaiyyət tərəfindən layiqli qiymətini alıb. Bu il nəşr olunmuş “İki gül” kitabı da sənin lirikanın yeni bir uğurudur. Kitab bir çox cəhətləri ilə geniş təhlil oluna və sənin böyük poetik istedadının özəlliklərini, poeziyamızdakı özünəməxsus yerini bir daha göstərə bilər. Kitaba ön söz yazmış dostumuz, Akademik Nizami Cəfərov bu işi ustalıqla yerinə yetirib. Mən də öz növbəmdə səni ürəkdən təbrik edirəm.

Kitabını oxuyarkən 1987-ci ildə, qürbətdən mənə yazdığın məkubu xatırladım.

O məktubda sən “könüllü sürgün”ə getdiyini, Donetsk vilayətinin, Makeevka şəhərində  hər gün 1500 metr dərinlikdə daş-kəsəklə əlləşib kömür çıxartdığını yazırdın.  Bu sözlərinə Vətəndən ayrılarkən ürək ağrısı ilə pıçıldadığın misralarını da əlavə etmişdin:

Başım çox toxundu bu daş başlara,

Başım öyrəşmədi bu daş-başlara,

Əlim öyrəşmədi bu “daş-qaşlara”

Çıxıb gedəcəyəm “baş saxlamağa”.

 

Sürən kim, minən kim bu arabanı,

Yıxılan çox oldu bu arabadan.

Mənə kim tanıtdı bu “xarabanı”

Çıxıb gedəcəyəm bu “xarabadan”

Ancaq bundan sonra qürbətə getsən də Vətəndən qopa bilmədiyini, Vətən üçün darıxdığını da yazmışdın:” İndi o”xaraba” üçün burnumun ucu göynəyir. Bilirəm ki, orda Ə.Kərim var, M.Araz var, M. İsmayıl var, S. Rüstəmxanlı var.”

Sonra da Vətəndən üzr istəmişdin. Amma sən şairsən, o üzürxahlıqla ürəyin sakitləşmədi. Çünki o incikliyin arxasında Azərbaycana dəli bir məhəbbət dayanırdı və sən o “xaraba”nın sənin gözündə hansı ucalıqda dayandığını, hansı böyük tarixin sahibi olduğunu, 

mənəvi dünyasının cənnət mənzərəsini “Vətən” poemanda yaratdın.

Bəlkə qürbətdə o əziyyətləri görməsən bu gözəl poema da, “Azərbaycan bayrağı”şeirin də yaranmazdı.

Savaşda qələbə qazanan Əsgərdir, Silahdır.

Ancaq əsgəri bu zəfərə hazırlayan bir də Söz silahıdır.

Buna görə də qələbədə ədəbiyyatın rolunu da unutmaq olmaz.

Vətən eşqi və qələbə inamı ilə dolu olan “İki gül” kitabın və Zəfər bayramın mübarək!

(7 noyabr, 2026)

 

“Ədəbiyyat və incəsənət”

(11.11.2026)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.