“Biri ikisində” Xaqani Şirvaniyə ithafən Featured

“Ədəbiyyat və incəsənət” portalı ilə “Ulduz” dərgisinin “Biri ikisində” layihəsində bu dəfə sizlərə böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin 900 illik yubileyi çərçivəsində yazılar təqdim edirik.

 

Məmmədağa SULTANOV

XAQANİ ŞİRVANİ VƏ YAXIN ŞƏRQ ƏDƏBİYYATI

 

Orta əsr Azərbaycan ədəbiyyatının, xüsusilə, Nizami və Xaqaninin Yaxın Şərq ədəbiyyatına çox böyük təsiri olmuşdur. Böyük Azərbaycan şairlərinin sənətkarlıq qüdrəti, yüksək bəşəri fikirləri, dərin elmi və mədəniyyəti Şərqin bir çox sənətkarları və alimlərini cəzb etmiş, onlarda qibtə hissi oyatmışdır.

Böyük Azərbaycan şairləri içərisində Xaqani də Yaxın Şərqin hüsn-rəğbətini qazanmış, bir çox nəzirələrin meydana çıxmasına vəsilə olmuşdur. Şərqin böyük simaları, alimləri və şairləri Xaqani yaradıcılığına yüksək qiymət verdiyi kimi, bir çox şairləri də Xaqanidən ilham almış, onun yüksək sənətkarlıq qüdrətinə pərəstiş etmiş, əsərlərindəki “sirləri” kəşf etməyə çalışmışlar. XII əsrin ən böyük simaları Xaqanini şəxsən tanımış və onun sənətkarlığı qarşısında heyran qaldıqlarını söyləməkdən çəkinməmişlər. Onların əksəriyyəti Xaqaninin fəzl və kamalını, alimanə fikirlərini təsdiq edərək onu filosof və “ayəti həqiqi” adlandırmışlar. XII əsrin böyük şairlərindən Mücirəddin Beyləqani öz ustadı olan Xaqani haqqında yazır: “Xaqani şeir dünyasının şahlar şahıdır ki, onun fəzilət avazəsi Şirvandan Çinə yayılmışdır. Dünyaya çox böyük adamlar gəlib-getmiş, lakin Xaqaninin tayı görünməmişdir”.

Məşhur Hind ədəbiyyatşünası Şibli Nemani öz “Şerül-Əcəm” adlı əsərində Xaqani yaradıcılığından danışarkən belə deyir: “Şübhəsiz ki, Xaqani bütün şairlərdən üstündür. Ürfi Şirazi öz sonsuz qüruruna baxmayaraq, Xaqanidən mütəəssir olmuşdur. Nəzəri və daha bir çox müxtəlif yazıçılar onun adını hörmətlə yad etmişlər”.

Müasir İran ədəbiyyatşünası professor Əli Əbdürrəsuli Xaqani külliyyatına yazdığı müqəddimədə böyük Azərbaycan şairinə belə qiymət verir: “Xaqaninin təb qüdrətində, fikir yüksəkliyində, sözləri dolğunluq və kəskinliyində, bakir məzmunlar və ifadələr icadında misli yoxdur... O, fikir genişliyi, fəlsəfi görüş dərinliyi üzrə himmətli və dəqiq əsərlər müəllifi kimi tamamilə yeni üsluba malik olan yaradıcı bir şairdir”.

Eyni fikri biz qədim ədəbiyyatşünaslarda da tapırıq. İranın müqtədir şairlərindən biri olan Əbdürrəhman Cami öz “Nəfəhatül-üns” əsərində (səh. 546), Lütfəlibəy Azər öz “Təzkireyi-atəşkədə” əsərində (səh. 35), Rza Qulu xan Hidayət öz “Məcməül-füsəha” əsərində (səh. 200), Zəkəriyya İbn Məhəmməd Qəzvini “Asarül-bilad və Əxbarül-İbad” əsərində (Şirvan bəndinə bax) Xaqanini böyük bir nəzm ustadı kimi yazı aləmində özünəməxsus bir səpki və üslub icad edən sənətkar kimi qiymətləndirmiş və təqdir etmişlər.

Xaqani divanını çap edən Bombey nəşriyyatının bu divana yazdığı son sözdə deyilir: “Mərhum Xaqani söz Allahıdır. Onun nəzmi pərvinə nizam verib, onun əlilə əzəliyyət qələmi təklik və mücərrədliyin min bir bəzəyini vurmuş, adlı-sanlı şairlər və hər şəhrin və diyarın söz ustadları onun möcüzə yaradan kəlamı müqabilində bir iynə ucu qədər qiymətə malik olmamışlar”.

Yaxın Şərqin məşhur ədəbiyyatşünasları Xaqani yaradıcılığı haqqında çox müsbət fikirlər söyləmişlər:

Bədiüzzəman Xorasani belə deyir: “Xaqani şeir aləmində mahir bir sənətkar, bir sehrkar kimi xariqələr yaratmışdır. O, öz incə kəşfləri ilə başqalarında qibtə oyadan bakir təşbehlər, istiarələr yaradaraq əqli heyran edən məlahətli şeirlər ustadıdır”.

Hüseyn Daniş Xaqanidən bəhs edərkən deyir: “Xaqani, qüdrətli bəyan və təmtəraqi əlfazində bimanənd və yektadır. Sünuhati xiyaliyyəsi bəzən dərin cövlanlarla fəzayi təfəkkürün ən yüksək təbəqələrinə qədər çıxar və şəhaməti altında qareini əzər”.

Müasir İran yazıçılarından Seyid Hadi Hairi Xaqani sənətkarlığına belə qiymət verir: “Xaqani vəsf, təşbeh və mərsiyə sənətində ən dəqiq bir sənətkar idi ki, heç kəs bu cəhətdən ona üstün olmamışdır”.

Həqiqətən, Xaqaninin təşbeh, istiarə, kinayə və başqa təsvir vasitələri çox bakir və sənətkaranədir. Xaqani əsərlərinə “əşar-müşgülə” deyənlərin nə üçün belə dediklərini və Xaqani şeirlərini “çətinləşdirən” cəhətlərin nədən ibarət olduğunu İran ədəbiyyatşünası Bədiüzzəman belə şərh edir: “Xaqani şeirinin ruhunu dərk etməyən adamlar onda müğlət beytlər axtarırlar, lakin bu müğlətlik, şübhəsiz ki, Xaqaninin fikir və məna inkişafında deyil, bəlkə, onun özünəməxsus olan yeni ifadə tərzindədir. Bu tərz ifadə isə başqalarının bilmədiyi elmi-fəlsəfi əlfazin Xaqani tərəfindən böyük sənətkarlıqla işlədilməsində və tərkiblərin dərin elmi əsaslar üzrə qurulmasındadır”.

Tehran darülfünunun ədəbiyyat professoru Əli Əbdürrəsuli Xaqani “Divan”ının müqəddiməsində deyir: “Xaqaninin əsərləri mənaca dərin olduğu üçün şərhə ehtiyac görülür və həmin səbəbə görə də, çoxlarının həsədinə səbəb olmuşdur”.

Doğrudan da, XII əsrin məşhur şairləri içərisində ancaq Xaqaniyə çoxlu şərhlər yazılmış və onun şeirləri təfsir, təbir (bəzən də təhrif) edilmişdir. Xaqani sözləri mum kimi hər şəklə salaraq istədiyi mənanı olduqca bədii rəngarəng şəkillərdə işlətdiyindən, şeir elmindən xəbərsiz olanlar onun “sirlərini” anlamaqdan aciz qalırdılar.

Xaqani sənət aləmində yeni söz yaratmaq istədiyini belə ifadə etmişdir: “Mən sözü təzələyərək bütün köhnələri yudum, pozdum, çünki onlar təzək parçaları idilər, bu isə qiymətli dürrdür”.

Xaqani ən mürəkkəb hadisələri, ümumə bəlli olan vaqiələri əlvan bəzəklərlə, gözəl, lətif bədii ifadələrlə, ancaq özünəməxsus bir əda ilə yüksək şeiriyyət zirvəsinə qaldırmışdır. Xaqani istədiyi fikri, kəskin və son dərəcə təsirli ibarə və sözlərlə ifadə etmək bacarığına malik olan bir sənətkardır. O, qəm, kədər və hüznünü, şadlıq və fərəhini ifadə edərkən oxucusunu da eyni dərəcədə şadlandırmış və kədərləndirmişdir.

Bu cəhətdən aşağıdakı parçalar kiçik bir nümunə ola bilər: “Sən işıqsan, lakin mənə görünmürsən, hurisən, lakin məndən qaçırsan, öpüş səndən, can məndən – belə bazar (alver) daha yaxşıdır. Doğrudan da, mənim ciyərimi yedin, qəlbimi qana döndərdin, lakin bu mübarizədə tükümü də belə, incitmədin – belə vuruş daha yaxşıdır”. (“D”, səh.789).

Daxili qafiyəli bu qəzəldəki təzad, istiarə və müvazinə kimi bədii təsvir vasitələrinin nə qədər məharətlə işlədildiyi bir tərəfə dursun, burada şadlıq hissinin canlı ifadəsi nəzərə çarpmaqdadır.

Yaxud: “Təzə ay görəndə dodağını yadına sal və ruhumun bəndini xatırla, bu üç cür şey zərif olduqlarından bir-birinə müvafiq yaradılmışdır” (“D”, səh.121).

“Əgər xumaram, əgər məstəmsə, bunun səbəbini yarın gözlərindən soruşun. Onun gizli işarələri məni məndən ayırır” (“D”, Bombey nəşri, səh.1089). Və ya: “Ləbindən bir busə versən, ona canımı qurban verərəm, çünki bilirəm o dodaqlarınla sən mənə yeni can bəxş edəcəksən” (“D”, Tehran nəşri, səh.865).

“İki dodağına dilimi, ürəyimi, pulumu və başımı qurban verərəm, məgər mənim bu 4 şeyim üç busəyə dəyməzmi?” (“D”, səh.481).

Bu misalların sayını hədsiz qədər artırmaq olar, bu cür oynaq, səmimi parçalar Xaqani sənətində bir xüsusiyyət təşkil edir.

O, kədər və hüznünü də böyük bir qüvvətlə tərənnüm edirdi. Heç təsadüfi deyildir ki, dahi Nizami Xaqaninin mərsiyələrindəki qüdrətə məftun olaraq Xaqaniyə olan hörmətini ifadə üçün özünün Xaqanidən tez ölməsini və Xaqaninin ona mərsiyə deməsini arzulamışdı.

Doğrudan da, Xaqaninin mərsiyələri olduqca həssas bir qəlbin ən dərin həyəcanlarını tərənnüm etmişdir.

Xaqani təbiət lövhələrini mahir bir rəssam fırçası ilə təsvir etməyi dəxi gözəl bacarırdı, onun Səbəlan dağı, şah şikargahı, “Mədain xərabələri”, Dəclə çayının təsvirində sübhün açılışına, qürubun gözəlliyinə həsr etdiyi gözəl lövhələri vardır.

“Quşların deyişməsi” adlı şeiri onun təsvir qüdrətini göstərmək üçün münasib nümunələrdəndir. Bu səhnə Xaqaninin “Məntiqütteyr” adlanan qəsidəsindən bir parçadır. Burada ilk baharda çiçəklərin açılışı və könül açan bahar səhərində müxtəlif cinsli quşların səs-səsə verərək fəğan etmələri və bu quşların hər birinin bir çiçəyi başqasından üstün tutması təsvir edilir. Hər bir quş öz fikrinə haqq qazandırmağa çalışır: “Belə bir məclis önündə (baharda açılan əlvan çiçəklər məclisində – M.S.) quşlar toplaşdılar, səhər yenicə açılırdı, gecə tük kimi incə və kaman teli kimi zərif idi. Göyərçin hamıdan qabaq dilə gələrək çiçəyi tərifə başladı ki, guya onun acı yarpağı şirinliklərin əsası olur. Bülbül dedi, yox, qızılgül ağacı çiçəkdən gözəldir, çünki çiçək alçaq rütbədən və qızılgül isə ali rütbədəndir. Qumru dilə gələrək söylədi ki, sərv ağacı qızılgüldən gözəldir, çünki xəfif bir külək təsirindən qızılgül solub gedər. Kəklik dedi, yox, sərv sakitdir, buna görə də, lalə ondan yaxşıdır, zira o, səhralarda inqilab bayrağı qaldırmışdır. Turac dedi, lalə, əslində, ikiüzlüdür, buna görə də, savab əhli olanlar kimi birsifətli süsən ondan qiymətlidir. Teyhu quşu dedi, səbzə (göyərti) süsəndən gözəldir, çünki çəmənin ilk dəfə qapısını açan və son dəfə bağlayan odur. Tuti dedi, düz demirsiniz, söz yaşıllıqdan da yaxşıdır, o, ətri ənbərdən, rəngi kafirdən almışdır” və i. a. (“D”, səh. 44).

Bu cür davam edən mübahisənin bitməsi üçün hamı münsif olaraq Ənqa quşunu seçib onun deyəcəyi sözü mübahisəsiz qəbul etməyi qərara alırlar. Quşların müddəasını vüqarla dinləyən Ənqa quşu bülbülə bəraət qazandırır və qızılgülü məhəbbət rəmzi kimi daha yüksək qiymətləndirir.

Bu qısa deyişmə o qədər cazibədar və canlı təsvir vasitələri ilə təzyin edilmişdir ki, oxucu böyük bir poema oxuduğunu təsəvvür edir.

Xaqani baharı da eyni qüvvətlə təsvir etmişdir. O, Müvəffəqəddin Əbdül-Qəfara yazdığı üç mətləli qəsidəsinin nəsib (başlanğıc) hissəsində baharı təsvir edərək deyir: “İndi ki, gül yaxasını yırtmışdır (yəni açılmışdır), gərək əl mənim olsun, ətək gülüstanın, mən badəsiz ətrafa qızıl səpə bilmərəm, çünki külək ənbər saçmağa başlamışdır, xüsusilə, hər tərəfdə min xoşləhcəli Barbüd (Xosrov Pərvizin məşhur çalğıçısının adıdır) oturmuşdur. Ağaclardan çiçəklər elə tökülüb səpələnir, sanki göylər yerə ulduz yağdırır. O lalənin qəlbindəki qara rəngə bax! Elə bil Müştəri ulduzunun qəlbində Keyvan ulduzu yer etmişdir. Bu bağın səthində nərgizin surəti kirpikləri tökülmüş şəhla gözə bənzəyir. Qızılgül əyninə ətlas don geyərək ətəklərinə qızıl nəqşlər düzmüşdür. Gül, yaşıllıq, bənəfşə... qövsü-qüzeh kimi, əlvan rənglərə qərq olmuşdur. İndi gül vaxtı, bahar vaxtı, eyş-işrət vaxtıdır”.

 

***

 

Xaqaninin sənətkarlıq şöhrəti Azərbaycan miqyasını keçib Yaxın Şərqə yayıldıqca, özünü dahi hesab edən şairlərin bəziləri Xaqaniyə rəqib olur və hər vəch ilə onun bu əzəmət və qüdrətini kiçiltməyə cəhd edirdilər. Lakin belə çəkişmələrdə hər dəfə Xaqani sənəti öz üstünlüyünü bir daha sübut etmiş olurdu. Məsələn, Xaqaninin müasiri olan Əsir Axsketi böyük bir cəsarətlə Xaqaniyə tərizlər yazdı və sonra davam gətirməyib üzbəüz şeirləşmək üçün Orta  Asiyadan Şirvana üz qoydu. O, yolda Səlcuq şahı Sultan Arslan İbn Toğrul tərəfindən saxlanılmasaydı, ədəbiyyat tarixində çox maraqlı bir ədəbi deyişmənin vaqe olacağı şübhəsiz idi.

Xaqani ilə şeirləşən müasirlərindən birisi də Xarəzmşah Etsizin münşisi Rəşidəddin Vətvat olmuşdur. O, Xaqani şeirinin şöhrətini eşitdikdə 31 beytdən ibarət bir qəsidə yazıb Xaqanini “Fəzilət dəryası və filosof” adlandırmış və onun yardıcılıq qüdrəti qarşısında  öz zəifliyini etiraf etmişdi.

Müasirlərindən Cəmaləddin Əbdürrəzaq İsfahani Xaqaniyə yazdığı tərizin sonunda Xaqanini kiçiltdiyinə görə üzr istəyərək yazır: “Kim sənin şeirini mənə gətirsə, ona bənzər ki, Yəqub Kənana (Yusifin) köynəyinin iyini gətirir...  Qoy sənin fəzilətin əbədi olsun və sənin şöhrətin dünyanı tutsun. Çünki dünya sənin varlığınla fəzilət, şöhrət və rövnəq tapar” (Gülçin Cahanbani,  səh. 552).

Orta əsr müsəlman şərqində şöhrət tapmış həkim və fazil olan Məcdəddin Xəlil Xaqanini imamlıq dərəcəsinə qaldırır və deyir: “Əmiri imam Xaqani yüz xaqanın tacıdır. Onun parlaq təbi dirilik suyu qədər əbədi həyat verən qüvvəyə malikdir. Yox, dirilik suyu ona xidmət üçün Şirvan torpağının xidmətində hazırdır” (“Həft iqlim”, səh. 328).

Bütün bu təqriz və tərizlər Xaqaninin “bu gün dünyanın danışan dili mənəm” deməsinə haqq qazandırır.

 

***

 

Xaqaninin ən çox şöhrət tapan, özündən sonra gələn yazıçılar tərəfindən tənzir edilən əsərlərindən birisi onun divanının ilk qəsidəsi “Miratüs-səfa” (“Qəlbin ayinəsi”) adlanan “qəsideyi-şiniyyəsi”dir.

Bu qəsidənin başlanğıcının və buna yazılan nəzirələrin həm vəzn, həm qafiyə etibarilə nə qədər eyni tərz-ifadəyə malik olduğunu gözdən keçirək:

Xaqani 220 misradan ibarət olan bu fəlsəfi qəsidəni belə başlayır:

دل من پیر تعلیم است ومن طفل زباندانش

دم تسلیم سرعشروسر زانو دبستانش

نه هر زانو دبستانست هر دم لوح تعلیمش

نه هر دریا صدفدار است هرنم قطره نیسانش

خود آنکس را که روزی شد دبستان از سر زانو

نه تاکعبش بود جودی ونی تاساق طوفانش

دبستان از سرزانوست خاص آن شیر مردیرا

که چون سگ درپس زانو نشاند شیر مردانش

“Mənim qəlbim təlim verən bir ustaddır. Mən isə dil öyrənən bir uşağam. Öz nəfəsim sərməşqimdir və dizimin üstü məktəbimdir. Hər dizüstü məktəb və hər nəfəs dərs lövhü deyildir. Hər bir dəryada gövhər və hər bir yağış damlası neysan olmaz. O adam ki, onun ruzisi öz dizi üstündə yarandı, Cudi dağı ondan aşağıda durar və heç bir tufan onun topuğuna belə, yüksələ bilməz... Xüsusilə, Şirimərd adamların dizüstü məktəbi olarsa, aslanlıqdan dəm vuran adamları itlər kimi arxa ayaqları üstündə qaldırıb saxlar” və i. a. (“D”, səh. 214).

Xaqaninin bu qəsidəsinin dərin və dolğun məzmunundan ilk dəfə ruhlanan və ondan qüvvət alan böyük Hind şairi Xosrov Dəhləvi nəzirə olaraq yazdığı 352 misralıq qəsidəsini də Xaqani kimi başladı:

دلم طفل است پیرعشق استاد زباندانش

سواد آلوده سبق و مسکنت کنج دبستانش

نه هر پیری زباندانست و هردل طفل تعلیمش

نه هرخاری گل انگیز است و هرنورسته ریحانش

“Qəlbim bir uşaqdır, eşq ustadı onun dil öyrədənidir. Onun savadı çoxdur. Məskəni məktəb bucağıdır. Hər bir qoca dil öyrədən və hər qəlb təlim alan uşaq ola bilməz. Hər bir tikandan gül törəməz, hər göyərən reyhan olmaz” (Nizami adına Ədəbiyyat İnstitutunun əlyazmaları fondu, cüng 7475).

Bu qəsidənin axırlarında Xosrov Dəhləvi bu şeir tərzinin banisi olan Xaqani haqqında söz açaraq aşağıdakıları etiraf edir:

“Mən bu gün yüksək səslə elə bir söz yaratdım ki, onun banisini Şirvanda yuxudan oyatmış oldum. Əgər o, həssani-əcəm idisə, mən də Hindistan sahirlərindənəm ki, bir nəfəsdə özümü həssanın (Xaqaninin – M.S.) önünə çatdıra bilərəm. Ey bəxil və həsəd aparan adam, əgər mənim həyat suyum sənin üçün ölümdürsə, onun mənasını get Xızırdan soruş, sənə izah etsin. Mənim kamalım böyük ustad Xaqani deyən kimidir:

دل من پیر تعلیم است و من طفل زباندانش

Mən o ustadın bu sözlərlə başlayan əsərinə elə bir cavab düzəltdim ki, coşub-daşan bir sel kimi onun dərin dəryasına tökülmək üçün ona tərəf axdım... Buna görə mən də qəsidəmin adını “Miratüs-səfa” qoydum ki, onu Xorasan şirindillilərinə dil öyrətmək üçün göndərdim... Oğruların qorxusundan onun hər beytində bir xəzinə gizlətdim. İlahi, sən özün onu eyib axtaran tənqidçilərin bəlasından mühafizət elə!”.

Göründüyü kimi, bu hind sahiri Xaqanini ustad adlandırır. Özünü coşqun bir selə bənzədərək Xaqani dəryasına qovuşmaq üçün iftixarla ona can atdığını söyləyir.

Böyük Hind şairinin səsinə XV əsr Şərq şairi və böyük alimi Əbdürrəhman Cami səs verdi. “Təzkireyi-meratöl-xiyal” əsərində Cami haqqında belə deyilir: “O, yüksək istedada malik olub 99 kitabın müəllifidir. Bütün bu kitablar İranda, Turanda və Hindistanda kamal sahibləri tərəfindən təqdir olunmuş və heç kəs onlara etiraz etmək cəsarətinə malik olmamışdır” (səh.73).

Bu cür yüksək bir yaradıcılıq istedadına malik olan Cami də öz “Cilayirruh” (جلاءالروح) adlandırdığı 260 misralıq qəsidəsini Xaqani kimi başladı: “Müəllim eşqdir. Sakitlik aləmi onun məktəbidir. Bilən və bilməyənlər yanında qəlbim meydan oxuyar. Hər kəs belə müəllim və hər kəs belə şagird ola bilməz. Hər işıldayan daş parçası parlaq ləl deyildir”.

Cami həmin bu qəsidəsinin bir yerində Xosrov Dəhləviyə deyil, yenə bu qəsidənin əsl banisi Xaqaniyə müraciətlə yazır: “Söz ustad Xaqaninin sözü idi ki, hamıdan əvvəl söyləndi. Bu dünya mehmanxanasına sonra gələnlər onun süfrəsindən yedilər. Mənalar aləmini dərk etmək üçün hər kəs o süfrəyə bir yol tapdı. O ustadın məlahətləri onun nəməkdanına duz tökdü. Bu gün mən də şeir dəryasının qətrələrilə əlimi və ağzımı yumaq və gülüstanımı sulamaq üçün gəlmişəm. Əgər mənim şeir dəryamın şəbnəmləri Şirvana düşərsə, orada torpaqdan “əhsən, əhsən!” deyərək süsənlər göyərər və əgər Xosrov Dəhləvi bu dəryanın şehindən bir az dadsa, onun susuz qəlbi bu ürfan və məna aləmindən sirab olar. Əgər Xosrov üzündə Səfa Günəşi parladığı üçün öz şeirini “Miratüs-səfa” adlandırmışsa, mən də qəsidəmin adını “Cilayirruh” qoydum”.

Məşhur “Süleyman və Bilqeys” əsərinin müəllifi astarabadlı Mövlana  Nizam 248 misralıq “Minhacül-hüda” adlandırdığı qəsidəsini dəxi Xaqani kimi başladı: “Müəllim qoca eşqdir. Könül dərs alan bir uşaqdır. Üstünlük azadlıq istər. Qoy tənhalıq viranəsi onun məskəni olsun. Hər uşaq dərs öyrənə bilməz və hər qoca müəllim ola bilməz. Hər Tuti danışan və hər danışan dil bilən olmaz”.

Bu qəsidədə Mövlana Nizam özündən qabaqkı Xaqani nəzirəçilərinin adlarını çəkərək belə deyir: “Şeir bağının quşlarından hamıdan qabaq həssan adlanan və fəzilət dünyası olan Xaqani səsləndi. Onun ardınca söz mülkünün padşahı Xosrov Dəhləvi nəğmə oxudu. Ondan sonra öz qələmilə göylərin sirlərini və bilik kitabının baş səhifəsini yazan Cami gəldi. Ondan sonra yüz Səlman kimi şeir ustadı olan Nafi bu barədə susmayıb dil açdı. Ondan sonra mənə dünyasında tayı az tapılan və gövhər kimi sözlərilə dünyanı dolduran Süheylinin səsi yüksəldi. Bunlardan sonra mən də o böyük məclisin çıraq yandıranı oldum ki, bu çıraq bütün dünyanı işıqlandırsın. Əgər bu yazdığımdan bir qətrə şeh Xaqaninin qəbri üzərinə düşərsə, Şirvan torpağından göyərti əvəzinə şeir bitər. Əgər bu sözlərimi Dehlidə Xosrov eşidə bilsəydi, o, örtülü xəzinələrə bir yol tapardı. Əgər bunu Caminin türbəsi üzərində bir dəfə oxusalar, onun türbəsinə bütün Xorasan əhli ziyarətə gələr. Əgər bu sözlərimi Süheyli görsəydi, onu on dörd gecəlik ay kimi nöqsansız və bədr görərdi. Mənim şeirim hamıya yol göstərmək iqtidarına malik olduğu üçün onun adını “Minhacül-hüda” qoydum”.

Çox keçmədi, Zənd xanədanına mənsub olan Kərim xanın oğlu Mövlana Misali İbrahim Xaqaninin yenə bu qəsidəsindən mütəəssir oldu. O da “Ayinyeyi-geytinüma” adlandırdığı 184 misralıq qəsidəsini belə başladı: “Allah evinin eşqi müəllimdir, ürək onun məktəb xəzinəsidir. Təqdirin xətti lövh yazılarıdır, uşaqlar onun məşq edənləri; hər kəs qoca oldusa, onu mürşid hesab etmək olmaz. Hər Musanın adına Kəlimüllah deyilməz”.

Maraqlı burasıdır ki, Mövlana Misali bu qəsidənin axırlarında hər kəsdən qabaq Xosrov Dəhləviyə təşəkkür edir ki, o, Xaqani tərzini hamıdan tez mənimsəyib başqalarına bu tərz üçün yol açdı. O deyir: “Xosrovun pak ruhuna min dəfə afərinlər olsun. Onun eşq və həvəsinə, zövqünə isə yüz min dəfə əhsən ki, Misali onun şeirləri ucundan o məktəbin bir küncündə özünə yer tapıb savadlandı. İndi onu əcəmin fəsahət bilən adamları oxuyurlar ki, bəlkə, bu qəsidə bir təhər o böyük həssanın (Xaqaninin – M. S.) qulağına çatsın. Xosrovun ruhunun feyzindən bu qəsidə elə yarandı ki, əgər Xaqani sağ olsaydı, səmimi qəlbdən razılıq edərdi”.

Xaqaniyə nəzirə yazan şairlər silsiləsindən olan Mövlana Dehxarqanini, əsasən, sufizm düşüncələrilə dolu olan 188 misralıq qəsidəsinin bir yerində belə deyir: “Hər əsrdə dünyanın Xaqani və Xosrov kimi əqlli adamları bu cür həkimanə sözlər çox demişlər. Lakin söz dəryası bitməmişdir. Hamı dedi, lakin bu sehrli dərya nə artdı, nə də əskildi. Görəsən, bu nə cür dəryadır ki, onun nə əvvəli və nə sonu görünür?!”

Öz sənəti və şairliyi barədə olduqca yüksək fikirdə olan, bir çox şairləri bəyənməyən və əsrinə meydan oxuyan Mövlana Seyid Məhəmməd Ürfi Şirazi də Xaqaniyə nəzirə yazan şairlər silsiləsindən kənarda qala bilmədi. O da “Ümmanicəvahir” adlandırdığı 182 misralıq olduqca abidar qəsidəsini yenə ustad Xaqani kimi başladı: “Mənim qəlbim eşq bağbanıdır. Heyranlıq onun gülüstanıdır. Onun bağının darvazası əzəliyyətdə, xiyabanının sonu əbədiyyətdədir”.

O, bu qəsidədə bütün özündən qabaq gələn nəzirə yazanların heç birini yad etmir və ancaq Xaqaniyə müraciət edərək deyir: “O Xaqani ki, İsa nəfəsi arzusunda idi, budur, mən səbanın köməyi ilə bu nəfəsi onun üçün Şirvana göndərirəm...”

Əldə olan əsərlərə əsasən demək olar ki, Xaqaninin bu qəsidəsinə müxtəlif dövrlərdə 38-ə qədər nəzirə yazılmışdır. Bunların içərisində çox maraqlı olan daha birisini qeyd etməklə kifayətlənirəm. O da Mövlana Əbülqasim Şirazi Əmrinin “Ənvarül-üyun” adlı 348 misralıq böyük bir qəsidəsidir. Əmrinin bu qəsidəsi belə başlayır: “Mənim qəlbim Allah evidir və doqquz fələk onun barigahıdır. Göylərin ən yüksək qatı onun eyvanı və Cəbrail onun qapıçısıdır”.

Sonra Xaqaniyə nəzirə yazanların adlarını bir-bir sayaraq deyir: “Mənim bu qəsidəmi gözüaçıq adamlar Şirvana aparsalar, Xaqani onu İsfahan sürməsi kimi gözlərinə çəkər... Əgər o Gəncə nazimi (yəni Nizami Gəncəvi – M.S.) mənim bu xuraman misralarımı görsə, beş xəzinəsini onun ayaqlarına səpər. Onu Dehliyə aparıb Xosrova göstərsələr, o, iftixar üçün bu qəsidəni bir əklil edib başına çələng kimi qoyar. Nami bu aynaya baxsa, haqqın nurunu orada görər... Əgər Xacu bunu oxusa, mənim təbimə əhsən və afərin söylər. Əgər Kəmaləddin İsfahani bu qəsidəni görsə, məni həssan hesab edib tərifə başlar. Çox şükürlər olsun ki, Allahın mərhəmətindən Əmrinin ruhu da o pak dərgahın nurunun feyzindən cila tapdı”.

Bu qəsidədən belə ehtimal etmək olar ki, Xaqaninin “Miratüs-səfa” adlı qəsidəsinə Nizami də nəzirə yazmışdır. Zira, Əmri qəsidənin banisi olan Xaqanidən sonra Nizaminin adını çəkir. Nizaminin “Xəmsə”sindən başqa 20 min beytdən ibarət bir divanı (qəsidə, qəzəl və rübai) olduğunu və həmin divanın bu günə qədər tarixin qaranlıqlarında itib-batdığını nəzərə alarsaq, Nizaminin bu qəsidəyə nəzirə yazmış olduğunu ehtimal etmək mümkündür.

Nizaminin Xaqaniyə nəzirə yazdığına aşağıdakı dəlillər də bəraət qazandırmaqdadır. Bütün bu nəzirələrdən bəlli olduğu üzrə Xaqaniyə nəzirə yazan sonrakı şairlər öz qəsidələrində ancaq Xaqani nəzirəçilərinin adlarını qeyd etmişlər. Zira, bu əsərlərdə XII əsrin məşhur şairlərindən Əbüləla Gəncəvi, Zahir Fariabi, Fələki Şirvani, Mücirəddin Beyləqani, Zülfüqar Şirvani və başqalarının adları çəkilmir. Eyni zamanda, nəzirələrdə sonrakı əsrlərdə olduqca böyük sənət zirvəsinə yüksəlmiş Sədi və ya Hafiz Şirazi də yad edilmir. Güman etmək olmazmı ki, Əmrinin əlində Nizaminin Xaqaniyə nəzirə olaraq yazdığı qəsidə mövcud imiş?!

Digər tərəfdən məlumdur ki, Xaqaninin vəfatı zamanı şeir aləmi ona matəm saxlarkən Nizami də kədər dolu, yanıqlı bir qəlb ilə bu sevdiyi sənətkara mərsiyə demişdir. Təəssüf ki, Nizaminin 20 min beytlik başqa qəsidə və qəzəlləri kimi bu mərsiyə də tarixin qaranlıqlarında itib-batmış və bundan əlimizə yalnız ikicə misra gəlib çatmışdır. O demişdir:

همی گفتم که خاقانی دریغا گوی من باشد

دریغا من شدم اکنون دریغا گوی خاقانی

“Hey deyirdim ki, Xaqani mənim mərsiyəçim olsun, təəssüflər olsun ki, indi mən Xaqaninin mərsiyəçisi oldum”.

Xaqaninin “Miratüs-səfa” adlı qəsidəsinə Şah İsmayıl dövrünün məşhur şairlərindən Mövlana Məcd “Töhfətül-əhbab”, Molla Ədhəm Vaiz Xəlxali “Xirədnamə”, Mövlana Aşiqi “Məzhəruz-zat”, Əmiri Haşimi “Misbahül-bəqa” adlı nəzirələr yazmışlar. Həmçinin, Pirzadə Kazımi, Zərkeş İsfahani, Hacı Mirzə İbrahim Bidil kimi şairlərin də yaradıcılığında belə nəzirələr var.

Xaqaninin yenə bir çox böyük Şərq şairləri tərəfindən tənzir edilən başqa əsərlərindən onun Şirvanşah Əhsitan (Axsitan) tərəfindən həbsə salındığı zaman yazdığı “Həbsiyyə”sini göstərmək olar. Xaqaninin həbsdə yazdığı qəsidələrindən birisi belə başlayır:

صبحدم چون کله بندم  آه دود آسای من

چون شفق درخون نشیند چشم شب پیمای من

“Səhər-səhər mənim ahım duman kimi yüksəlir və gecə nalələrim şəfəq kimi qan (dəryaları) içərisinə qərq olub gedir” (“D”, səh.327).

Bu qəsidəyə, əlimizdə olan sənədlərə əsasən, 16 hind və İran şairi nəzirə demişdir. Onlardan ancaq ikisini nümunə üçün göstərməklə kifayətlənmək olar. Bunlardan birisi Kaşanda təvəllüd edib, Hindistanda vəfat edən məşhur “Fərhəngi-süruri” müəllifidir. Süruri Xaqaniyə nəzirə olaraq yazdığı qəsidəni də belə başlayır:

صبح چون مژگان گشاید چشم جیحون زای من

گرهر خورشید ماند درته دریای من

“Səhər-səhər Ceyhun yaradan gözlərim kirpik açarkən günəşin gövhəri mənim dəryama qərq olub gedər”.

Bu şeirdə Süruri özünü Xaqaninin canişini hesab edərək deyir: “Mən də aslan şahın zindanına salınmış Xaqani canişiniyəm. Mənim də gözlərim öz üstümə gövhər çiləməkdədir...”

İkincisi olduqca təkəbbürlü və qürurlu əfqan şairi İbni-Hüssam Şəmsəddin Məhəmməddir. O da Xaqani təsirindən qurtara bilməyərək eyni vəzn və qafiyədə yazdığı qəsidənin bir yerində Xaqaninin, doğrudan da, məna yaradan söz ustadı olduğunu etiraf etməli olur. O, belə deyir: “Doğrudur, məna aləmində Xaqani söz ustadı olaraq tanınmışdır, lakin o, mənim qabağımda şagirdliyə layiqdir” (?).

Xaqaninin bu qəsidəsinə müxtəlif şəhərlərdən müxtəlif nəzirələr yazmışlar. O cümlədən, Mövlana Ürfi Şirazini, Molla Həsən Kaşini, Mövlana Qəzalini, Mövlana Şani Təklini, Həkim Şəfayi İsfahanini, Mövlana Fərdi Ərdəbilini, Xacə Hüseyn Sənaini, Mövlana Zəki Həmədanini, İsmət Buxaraini, Mövlana Məanini, Əmir Məğribi Kaşanini, Rəşidulla Təbrizini göstərmək olar.

Xaqaninin:

ما فتنه بر توایم تو فتنه بر آینه

مارا نگاه در تو ترا اندر آینه

mətləli qəsidəsinə Xacə Hüseyn Sənai, Həkim Şəfai, Rəşidulla Zərgər Təbrizi, Mövlana Vəli Dəsti-bəyaz, Mövlana Qəzali, Mövlana Şani Təkli, Qiyas Həlvayi, Mövlana Katibi nəzirə yazmışlar.

Həmçinin, onun:

در ساحت زمانه زراحت نشان مخواه

تر کیب عافیت زمزاج جهان مخواه

mətləli qəsidəsinə Molla Zərifi Hirəvi, Mövlana Ürfi Şirazi, Molla Fərdi Ərdəbili və başqaları nəzirələr söyləmişlər.

Lakin heç şübhə yoxdur ki, 7 əsr boyu özünü Xaqaniyə oxşatmaq istəyən şairlər silsiləsindən ən çox təsirə məruz qalan XIX əsrdə Nəsrəddin şah Qacarın saray məddahı, İran klassik poeziyasının son müqtədir şairi şirazlı Qaanidir. Qaani bir neçə cəhətdən özünü Xaqaniyə bənzətməkdə haqlı idi. Hər şeydən əvvəl Qaani öz ruhu etibarilə yüksək təmtəraqlı, təntənəli və gurultulu sənət yaradıcısı olduğu üçün Xaqani sənətkarlığının, onun bu sahədə özünəməxsus tərzi-ifadəsini öyrənməli idi. O da Xaqani kimi saraya dəvət olunmuşdu. Xaqani Mənuçöhr İbn Firudin adı ilə müləqqəb olduğu kimi, o da Qaan Nəsrəddin şahın adı ilə Qaani adlanmışdı. Xaqaniyə əmisi Kafiyəddin Ömər İbn Osman tərəfindən Həssani Əcəm adı verildiyi kimi, Qacar Məhəmməd şah tərəfindən Qaaniyə də bu ad verilmişdi. Qaani yaradıcılığı ilə bir az yaxından tanış olmaq məqsədilə bu yazıçının sənəti üzərində bir az durmaq lazım gəlir.

“Asari-Əcəm” müəllifi Qaani haqqında aşağıdakı sözləri deyir: “Adı Mirzə Həbibdir. Şirazlı Mirzə Gülşənin xələfidir. Təhsilini məktəbi-müqəddəsdə alıbdır. Məntiq, hikməti-ilahiyyə, kəlam, həndəsə, heyət, hesab, nücum və sairə elmlər sahəsində yüksək dərəcəyə çatmışdır. Nəhayət o, öz müasirlərindən üstün mövqe tutdu və şah yanında hamıdan çox hörmətə layiq olaraq “Həssani-Əcəm” ləqəbini aldı. Onun söz sənətinin səsi və fəsahəti dünyanın hər yerinə yayıldı və divanı bir neçə dəfə təb olundu” (səh.430).

Hind alimi, məşhur Şibli Nemani də Qaani haqqında eyni fikirdədir: “Qaani İranın bugünkü (XIX əsr – M.S.) böyük şairlərindən biridir. Onun tərzi-ifadəsindəki səlasət və fəsahət, söz rəvanlığı onun qüdrət və məharətini nümayiş etdirən başlıca cəhətlərdən sayılır. O, hər mövzunu o qədər sadə və aydın bəyan edir ki, elə bil iki nəfər gündəlik söhbətə girişirlər” (“Şerül-Əcəm”, 5-ci cild, səh.13).

Sovet şərqşünası Y.N.Marr Qaani haqqında belə yazır: “Doğrudan da, Qaanini diqqətlə oxuduqda, Xaqanini yaxşı başa düşə bildiyini və onu çox sevdiyini sezmək mümkündür. Qaani Xaqanini bütün başqa şairlərdən yüksək tutmuş və ondan çox şey öyrənmişdir. İmzanın özü belə, bunu sübut edən dəlillərdən biridir”.

Bu böyük şairin özünü Xaqaniyə bənzətdiyini və Xaqaniyə bənzəyə bilməsilə nə qədər iftixar etdiyini özü etiraf etmişdir. Qaani Şücaus-Səltənəyə yazdığı qəsidədə belə deyir:

شاها به قاآنی نگر - خاقانی ثانی نگر

نی روح خاقانی نگر - اینک بگفتار آمده

“Şahım, bir Qaaniyə bax, onun simasında ikinci Xaqanini gör. Yox, Xaqaninin ruhuna bax ki, budur, dilə gəlmişdir” (“Divan”, səh.338).

Bu qəsidə eynən 7 əsr əvvəl Xaqaninin Şirvanşah Cəlaləddin Əhsitanı bayram münasibətilə təbrik etdiyi zaman yazmış olduğu qəsidənin təqlididir. Xaqani həmin qəsidəni bu mətləylə başlayır:

عید است و پیش صبحدم مژده بخمار آمده

بر چرخ هوش از جام جم یک نیمه بیدار آمده

Sonra Xaqani deyir:

عید همایون فرنگر   سیمرغ زرین پرنگر

ابروی زال زر نگر  بر فرق کهسار آمده

 

Xaqanidə bu cür misralar çoxdur və göründüyü kimi, Qaani tam mənası ilə bu şeirin təsiri altında qalmışdır.

Yaxud Qaaninin indi də dillərdə əzbər olan:

ساقی بده رطل گران زان می   که دهقان پرورد

انده برد غم بشکرد شادی  دهد جان پرورد

beyti ilə başlayan qəsidəsi Xaqaninin yenə Şirvanşah Cəlaləddin Əhsitana yazdığı:

امید عدلش ملک را چون عقل درجان پرورد

خورشید فضلش خلق را چون لعل درکان پرورد

mətləli tərcibəndinə nəzirədir.

Qaani özü bunu danmır, bəlkə, əksinə, özünü Xaqaniyə oxşatmaqla fəxr edir. Bütün keçmiş istedadlı və məşhur şairlər içərisindən Qaani ancaq iki nəfəri özünə ustad saydığını qeyd etmişdir: bunlardan birisi məşhur Ənvəri, digəri Xaqanidir. O deyir: “Keçmiş ustadlardan mən ikisini bəyənib ardlarınca getdim. Birincisi Ənvəri, sonra isə əsrinin alimi Xaqanidir” (“Divan”, səh. 360).

Bu şeirdən və ümumiyyətlə Qaani külliyyatını ehtiva edən əksər qəsidələrdən aydın olur ki, Qaani Ənvəridən daha çox Xaqaninin təsiri altında qalmışdır. O, Şirvanşah Əhsitanı şöhrətləndirmək sahəsində Xaqani sənətkarlığının rolunu anlayaraq belə deyir: “Xaqani kimi zəkalı bir məntiqə malik olan adama layiq olardı ki, gələcək zəmanələr üçün Şah Əhsitanın dastanını yazmış olsun” (“D”, səh.295).

Qaani öz şeirlərinin Xaqani tərəfindən oxuna bilməsini arzulayaraq başqa yerdə deyir: “Əgər bu şeirin avazəsi Şirvan torpağından keçərsə, Xaqaninin ruhu Qaanidən çox razı qalmış olar” (“D”, səh.191); “Onun yaxşılıq eləyən əlini tərif üçün Əfzələddinin (Xaqaninin – M.S.) pak ruhu Şirvan torpağından alqışlar gətirər” (“D”, səh.123).

Bu ümumi təsirdən başqa, Qaani də özünəqədərki başqa müqtədir şairlər cərgəsindən geri qalmaq istəməyərək Xaqaninin “Miratüs-səfa”sına dəxi, nəzirələr yazmışdır:

شها چون درفشان گردیده در مدح تو قاآنی

بود خاقانی ایام خاک پارس شروانش

“Ey mənim şahım, indi ki Qaani sənin mədhin üçün dürr səpməyə başladı, o, öz zəmanəsinin Xaqanisi olar və bu fars torpağı Şirvana çevrilər” (“D”, səh.224).

Burada fars torpağının vətənpərvəri olan Qaaninin dili ilə Xaqaninin sayəsində Şirvan torpağı bu şərafətə minir və fars torpağından üstün tutulur.

Qaani dərdə-qəmə düşdüyü vaxtlarda da Xaqani kimi iztirab çəkir və öz ələmlərini Xaqaninin “Həbsiyyə”sinin vəzn və tərzində ifadə edir:

رود آمون گشت جیحون زاشک جیحون زای من

رشک سیحون شد زمین از چشم خون پالای من

“Mənim Ceyhun doğuran göz yaşımın təsirindən Amun çayı Ceyhun oldu. Mənim qan səpən gözlərimin qorxusundan yer Seyhun çayının arzusunu çəkdi” (“D”, səh.332).

Bütün bu yuxarıda dediklərimizdən o məna çıxır ki, Qaani, əslində, Xaqani peyrəvilərindən birisi olub, Xaqaninin sənət qüdrətindən dərs və ilham alaraq onun kimi yazmağa və yaratmağa çalışmış və bununla da iftixar etmişdir.

Böyük Azərbaycan şairinin Yaxın Şərq ədəbiyyatına təsiri Qaani ilə bitmir. O, XX əsrin qabaqcıl İran şairlərinə, o cümlədən inqilabi ruha malik olan, coşqun ilhamlı Mirzadeyi Eşqiyə də təsirsiz qalmamışdır.

Mirzadeyi Eşqi, bəlli olduğu kimi, azadlıq sevən İran gənclərindən, qəhrəmancasına şəhid olan mütərəqqi, istedadlı qələm sahiblərindən idi. O, sözlərini qorxmadan söyləyən, xalqını azad və mədəni görmək istəyən,  yüksək qəlbə malik idi. Rza şah istibdadına qarşı mübarizə apardığı üçün qaranlıq həbsə düşdüyü zaman Xaqaninin məşhur “Miratüs-səfa”sı tərzində:

خوشا اطراف تهران و خوشا باغات شمرانش

خوشا شبهای شمران و خوشا بزم مقیمانش

mətləli “Həbsiyyə”sini yazır.

Nakam Eşqi Xaqaninin təkcə bu qəsidəsindən mütəəssir olmamışdır, eyni zamanda, Xaqaninin məşhur və dərin fəlsəfi əsəri olan “Mədain xərabələri”ndən də təsirlənmiş və özünəməxsus qabiliyyətlə yeni tərzdə səhnələşmiş bir “Mədain xərabələri” yazmışdır (“D”, səh.25).

***

Xaqaninin yaradıcılığı hələ dərindən öyrənilməmişdir. Onun başqalarına təsiri, çox güman, daha geniş və dərin olmuşdur.

Xaqani elə bir dəryadır ki, oraya atılan bacarıqsız üzgüçülər tez qərq olub gedər. Lakin mahir qəvvaslar bu dəryadan misli görünməmiş incilər tapıb çıxararlar. Çünki Xaqanidə elmin və sənətin hər bir sahəsinə aid məna tapmaq mümkündür. O, təsadüfi olaraq deməmişdir: “O hansı elmdir ki, mənim əqlim onu dərk etməmişdir?! Məni sınaqdan keçir ki, əsərlərimi görüb dərk edəsən” (“D”, səh.295).

 

(Məqalə ilk dəfə “Nizami” məqalələr toplusunun

dördüncü kitabında (Bakı, “Azərnəşr”, 1947, s.174-192) nəşr

olunmuşdur)

 

“Ədəbiyyat və incəsənət”

(10.11.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.