"İldırımötürən"in müəllifi Əli Əmirli Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, tələbələr ona böyük sevgi ilə yanaşırlar. Tetarlarda pyesləri qoyulur, böyük maraq doğurur. "İldırımötürən" povesti ədəbi ictimaiyyət və oxucular tərəfindən böyük rəqğbətlə qarşılanıb. Ziyalı kimi də böyük hörmət və ehtirama malikdir. Söhbət Əli Əmirlidən gedir. Bu gün doğum günüdür, 78 yaşı tamam olur.

 

Əli Əmirli 1948-ci il oktyabrın 30-da Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Ağdam şəhərində 1 saylı orta məktəbi bitirdikdən sonra Bakıda Elektrik maşınqayırma zavodunda fəhlə işləyib, eyni zamanda Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinin axşam şöbəsində təhsil alıb. Fəhlə işlədiyi 4 il ərzində zavodun çoxtirajlı "Elektrik" qəzetində oçerk və hekayələri ilə çıxış edib.

 1971-ci ildə "Qızıl Şərq" mətbəəsində korrektor vəzifəsində işləyib. 1971-ci ildən 2006-cı ilədək Əli Əmirli Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-tədqiqat, elmi-texniki informasiya institunda əvvəl ədəbi redaktor, sonra redaksiya-nəşriyyat şöbəsinin müdiri, daha sonra direktor müavini vəzifələrində çalışıb. 1974–1975-ci illərdə ali təhsili başa vurduqdan sonra əsgəri xidmətdə olub, leytenant rütbəsi ilə tərxis edilib.

Əli Əmirli əmək fəaliyyəti ilə paralel olaraq ədəbi yaradıcılıqla məşğul olub, hekayə, povest və romanları ilə "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında çap olunub, kitabları dövlət nəşriyyatlarında nəşr edilib. 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının (AYB) üzvüdür. Yeddi il Birliyin dramaturgiya seksiyasına rəhbərlik edib. 2021-ci ildən Birliyin idarə heyətinin üzvüdür.

1990-cı ildən başlayaraq Əli Əmirli yaradıcılığını dramaturgiyaya yönəldib. Onun 30-dan çox səhnə əsəri ölkənin, demək olar ki, bütün teatrlarında və 10-a yaxın xarici ölkə teatrında tamaşaya qoyulub. Ölkənin baş teatrı olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının son 30 illik repertuarında Əli Əmirli imzası görünməkdədir. Dramaturq 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

2000-ci ildən başlayaraq Əli Əmirli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində elmi-pedaqoji fəaliyyətə başlayıb, əvvəl müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışıb, gələcək kinoşünaslara və kinodramaturqlara dramaturgiyanın sirlərini təlim edib. 2018-ci ildən Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professorudur.

Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğul olur. Bu illər ərzində onun onlarla hekayəsi, povest və romanları dövri mətbuatda, o cümlədən "Azərbaycan", "Ulduz", "Literaturnıy Azerbaydjan" jurnallarında dərc edilib. "İldırımötürən", "Axirətdən qabaq gəzinti", "Haram", "Meydan", "Sonalar gölü", "Bir il", "Ərizə", "Tapança", "Ölü doğan şəhər" kimi roman və povestlərin və iyirmidən yuxarı hekayənin müəllifidir.

 

Kitabları

1. Bir qış günü (hekayələr)

2. Yeddi hekayə

3. İldırımötürən (povest)

4. Axirətdən qabaq gəzinti (roman)

5. Haram (roman və povest)

6. Meydan (roman)

7. Ölü doğan şəhər (roman)

 

Pyesləri

1. Ərizə

2. Meydan

3. Tiran və aktyor

4. Ağqoyunlular və Qaraqoyunlular

5. Bala bəla sözündəndir?

6. Xoşbəxt gün

 

Əli Əmirli 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(30.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.