prof. Ramazan Siracoğlu,
“Ədəbiyyat və incəsənət”
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?..
Poeziya aləminə gəldiyi vaxtdan çağdaş günümüzədək diqqət mərkəzində qalan həmişəyaşar şairimiz Mikayıl Müşfiq o məşum, qanlı-qadalı repressiya illərində, bədxahları tərəfindən nə qədər unutdurulmağa çalışılsa da, Azərbaycan xalqı onu heç zaman unutmadı. 1930 - 1950-ci illərdə məqsədyönlü şəkildə məşhurlaşdırılan, populyarlaşdırılan, fəxri titullara tutdurulan, “bəh-bəh”lə təriflənib göylərə qaldırılan, cəmiyyətimizə “ilahi nemət” kimi təqdim olunan ədiblər içində Müşfiq adını bizə daha doğma və munis qılan, özümüzünküləşdirən, onu ülviləşdirən səbəb nədir görəsən? Azərbaycanın fitrəti şeiriyyətdən yoğrulmuş əbədicavan şair oğlu Mikayıl Müşfiq şeiriyyət kəhkəşanının parlaq dan ulduzudur. O kəhkəşanın ki, orada Nizami, Nəsimi, Füzuli, Sabir, Cavid və Vahid kimi parlaq səyyarələr bərq vurur. Bu yazı gənc yaşında qətlə yetirilmiş şair Mikayıl Müşfiq, adı xalqı vahiməyə salan NKVD-nin— Daxili İşlər Xalq Komissarlığının - 1937-1938-ci illərdəki fəaliyyəti və o quruma canla- başla yardım etmiş bəzi “proletar şairlər” haqqındadır.
4 iyun 1937-ci il gecəsi Bakının Nijno Priyutskaya küçəsindəki 108 saylı evin qarşısında dayanan qara rəngli M-1 markalı maşından çıxan əməliyyat müvəkkilləri Mikayıl Müşfiqin mənzilinin qapısını döydülər. Qapını Müşfiq açdı. Özünü NKVD əməkdaşı olaraq təqdim edən N. Petrunin gənc şairə barəsində həbs qətimkan tədbiri görülməsi təsbit olunmuş 508 saylı orderi göstərib amiranə tərzdə əlavə etdi: - Mənzilinizdə axtarış aparılacaq. N. Petrunin təklif gözləmədən onu müşayiət edən daha iki nəfərlə içəri keçdi və axtarış başladı. NKVD-çilər Müşfiqə aid bütün kitab- dəftərləri ələk-vələk edirdilər. Onlar Türkiyədə və İranda nəşr olunmuş nəşrlərə xüsusi diqqət yetirirdilər. Axtarışda iştirak edən A. Şevçenko adlı əməliyyatçı onunla bərabər çalışan NKVD əməkdaşı M. Mustafayevə ərəb hərfləri ilə yazılmış kitab və dərgiləri göstərib tapşırıqlar verırdi: - Bunlara diqqət et, gör harada çıxıb, adı nədir? M. Mustafayev də həmin nəşrləri nəzərdən keçirib qeyd edirdi: - T. Fikrət- “Rübabi- şikəstə”, Ə. Hamid- “Məqbər”, M. E. Yurdakul- “Cəngə gedərkən”, N. Kamal- “İntibah”, Ö. Xəyyam- “Rübailər”, Sədi Şirazi- “Gülüstan”, Ə. Firdövsi- “Şahnamə”...
Əməliyyat müvəkkilləri N. Petruninə və A. Şevçenkoya bu adlar çox məchul idi. Petrunin Mikayıl Müşfiqə tərəf baxıb donquldandı:
-Mənzilinizdə nə üçün yoldaş Stalinin, Leninin, Marksın, Engelsin, Puşkinin, Qorkinin kitabları olmadığı halda bu lazımsız kitabları dəyərli sərvət kimi xüsusi qayğı ilə saxlayırsınız? Yoxsa, onları bəyənmirsiniz?
Müşfiq gecənin bir aləmində onun mənzilinə basqın etmiş bu qaba və cahil əməliyyat işçisinin anlaya biləcəyi tərzdə cavab verməyə çalışdı:- Sadaladıqlarınızın əsərləri mənim əzbərim olduğuna görə onların kitablarını evdə saxlamağı lazım bilməmişəm.
Axtarış bir neçə saat çəkdi. Əməliyyatçılar gedərkən Müşfiqlə bərabər ona aid olan bütün kitabları, jurnalları, şəkilləri, əlyazmaları və şəxsi əşyaları da özləri ilə apardılar. Müşfiq qapıdan son dəfə çıxarkən gözlənilməz axtarışdan bərk qorxuya düşmüş ömür-gün yoldaşı Dilbər xanıma ürək-dirək verdi: - Qorxma, bu işdə nəsə bir anlaşılmazlıq olub. Dövlət və hökumətə qarşı heç bir cinayət əməlim, qanunsuz hərəkətim olmayıb. İnşallah, şöbədə hər şey aydınlaşar. Məndən nigaran olma, tezliklə qayıdacağam. Özündən muğayat ol.
Dilbər xanım da Müşfiq üçün dua etdi: ALLAHa əmanət ol.
Uydurma ittihamla NKVD təcridxanasına gətirilmiş Müşfiqə çox işgəncə veriblər. Onu nəyin bahasına olursa-olsun sındırmağa, sinfi düşmən olduğunu etiraf etməyə nail olmağa çalışıblar. Müşfiq ilk mərhələdə qeyri- insani işgəncələrə baxmayaraq barəsindəki saxta ittiham qətiyyətlə təkzib edib. NKVD cəlladı müstəntiq Q. Platonov Müşfiqi əvvəlcə inandırmağa çalışıb ki, əgər o, cinayətini etiraf etsə, o zaman ədalətli sovet məhkəməsi onun çox gənc olmasını nəzərə alcaq və maksimum 8 il həbs cəzası verəcək. Müşfiq isə israrla heç bir cinayət əməli törətmədiyini, heş bir gizli antisovet təşkilatın üzvü olmadığını bildirib. İstədiyi cavabları ala bilməyən müstəntiq Müşfiqə çox əzablar verib. Müşfiq uzun zaman ona verilən müxtəlif ağlasığmaz işgəncələrə dözüb dayanıb. İşgəncələrlə şairin iradəsini ram edə bilməyəcəyini anlayan NKVD müstəntiqi Müşfiqi həyat yoldaşı Dilbər xanımla təhdid edib və 1937-ci ilin noyabr ayının 2-də onu da tutuqlayaraq təcridxanaya gətiriblər. Dilbər xanım işgəncəyə məruz qalmış Müşfiqi görəndə ağır ruhi sarsıntı keçirib:
Görəndə Müşfiqinin məhbəsdə Dilbər üzünü,
Qançır olmuş bədənin, qanlar sığanmış gözünü,
Dağınıq saçlarını, qəddi bükülmüş belini
Qışqırıb qəşş elədi, dərhal itirdi özünü…
Müstəntiq Q. Platonov gənc şairi qəbuledilməz seçim qarşısında qoyub: “Əgər etiraf etməsən...” Çarəsiz qalan Mikayıl Müşfiq dünyalar qədər sevdiyi Dilbərini qorumaq naminə "boynuna almışdır" ki, o, sovet dövlətini devirmək istəyən əks-inqilabi təşkilatın üzvü olmuş və o təşkilatın bütün qərarlarını müntəzəm şəkildə yerinə yetirmişdir. 1937-ci ilin noyabr ayının 27-də keçirilən istintaqda İsmayılzadə Mikayıl Müşfiq özünü Azərbaycan SSR cinayət məcəlləsinin 64-cü, 70-ci və 73-cü maddələri ilə təqsirli bilmişdir. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə hökmü vermişdir. Hökm yanvarın 6-sına keçən gecə ( ehtimal ki, Böyük Zirə - Nargin- adasında ) yerinə yetirilmişdir.
Keçmiş SSRİ-də 10 iyul 1934-cü ildən 15 mart 1946-cı ilə qədər fəaliyyət göstərmiş NKVD ( Народный Комиссариат Внутренних Дел ) 1937-1938-ci illərdə keçmiş Sovet İttifaqı ərazisində, o cümlədən Azərbaycan SSR-də, tüğyan etmiş kütləvi repressiyanın birmənalı şəkildə təşkilatçısı və icraçısıdır. Xatırlatmaq lazımdır ki, o illərdə bütün Sovet İttifaqında “staxanovçuluq” adlı gülünc bir kampaniya başlamışdı ( Donbas kömür mədənində işləyən A. Staxanov adlı bir fəhlə, guya, bir iş növbəsində 7 ton əvəzinə 102 ton kömür çıxararaq planı 15 dəfə artıq yerinə yetirmişdi). Bütün sahələrdə olduğu kimi, NKVD işçiləri də “vətənə normada nəzərdə tutulduğundan daha artıq cinayətkarı yaxalayıb zərərsizləşdirmək, kommunist əməyi zərbəçisi” adını almaq üçün canfəşanlıq göstərir, müstəntiqlər daha qısa müddət ərzində “etiraf”lar əldə etməyə səy göstərirdilər. İnsani dəyərlər, əxlaq, humanizm, ədalət onlar üçün heç nə idi. Ona görə də NKVD-yə gətirilənləri nəyin bahasına olursa-olsun “danışdırmağa”, “sındırmağa”, “cinayət əməllərini etiraf”a məcbur edirdilər. SSRİ prokuroru A. Vışinskinin söylədiyi “etiraf bütün dəlillərin şahıdır” ifadəsi NKVD müstəntiqlərinin devizinə çevrilmişdi. Qeyd olunmalıdır ki, bütün təşkilat, idarə, müəssisə və iş yerlərində cani-könüldən NKVD-yə bacardığı “köməyi” əsirgəməyən titullu və ya titulsuz adamlar mövcud idi. Onlar NKVD tərəfindən barəsində həbs qətimkan tədbiri seçilən şəxslər haqqında dərhal “ifşaedici” məlumatlar yazır, mətbuata çıxış imkanı olanlar isə, qəzetlərdə uzun sicilləmə yazaraq dünənə qədər dostluq etdikləri şəxsi ən ağlagəlməz ifadələrlə təhqir edən yazılarla, barəsində ən ağır cəza hökmü çıxarılmasını tələb edirdilər.
Azərbaycanda keçmiş zamanda, 1911-1923-cü illərdə, “Müsavat”, “İttihad”, “Əhrar” və sair partiyalarla bu və ya digər dərəcədə bağlılığı olanların hamısına, birmənalı şəkildə, güllələnmə cəzası verilmişdi. O məhkumların arasında Mikayıl Müşfiq də vardı. İ. O. Matuleviçin sədrliyi ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının mütəmadi olaraq yerlərdə təşkil etdiyi səyyar iclaslar məhkumların və vəkillərinin iştirakı olmadan keçirilirdi. Məhkumlara, adətən, güllələnmə hökmü bildirilmirdi. Gecə yarısı onları “etap olunma” bəhanəsilə xüsusi yerə gətirir, həkim müayinəsindən keçirilmək gərəkçəsi ilə soyundurur və əllərini bağlayırdılar. Bir söz soruşmaq istəyəni dərhal “kolotuşka- toxmaq” deyilən iki kiloluq xüsusi çəkiclə və ya tüfəngin qundağı ilə başlarına vurub susdururdular. Məhkumları gecənin qaranlığında üstü brezent örtüklü maşınla dörd silahlı nəzarətçinin müşayiəti ilə sahildə dayanmış gəminin yanına gətirib oradan Böyük Zirə ( Nargin) adasına daşıyırdılar.
Oradakı silahlı nəzarətçilər məhkumları təhvil alıb onları NKVD-nin xüsusi atıcı dəstəsinin ( onlara “çistilşik (чистильщик)-təmizlikçi- deyirlərmiş ) hazır vəziyyətdə gözlədiyi yerə aparırdılar. Məhkumları üzüstə yerə yatırdıqdan sonra hökmün icrasına başlanırdı. Sonra məhkəmə həkimi qətlə yetirilənlərin gözlərini fənərlə nəzərdən keçirib ölüm aktını imzalayırdı. Əksər hallarda məhkumların cəsədlərinə ağır daş bağlayıb dənizə atırlarmış. “Bəxti gətirən”ləri toplu halında basdırırmışlar. Qətlə yetirilənlərin yaxınlarına isə yalan məlumat verir, məhkumun sürgün olunduğunu və on il məktublaşmamaq cəzası aldığını söyləyirdilər. Mikayıl Müşfiq haqqında çıxarılmış hökmün dəqiq olaraq harada icra olunduğunu müəyyənləşdirmək üçün “son dərəcə məxfi” qrifli arxiv sənədlərinin hamısının açılmasına ehtiyac var.
Xalq arasında parlaq şəxsiyyət və nadir istedad sahibi Müşfiq haqqında çox əfsanələr gəzir. Bəzi rəvayətlərə görə, guya, 1938-ci ilin yanvarında M. A. Bağırov telefonla Müşfiqlə bağlı olaraq L. P. Beriyaya zəng edib, o da “artıq gecdir” söyləyib. Xatırladaq ki, L.P. Beriya 22 avqust 1938-ci ilə qədər NKVD sistemində işləməyib və N. Yejovun zamanında fövqəlkomissarlıq olan NKVD-yə heç kim, həm də L. P. Beriya, müdaxilə edə bilməzdi. M. Bağırov və L. Beriya subordinasiyanı yaxşı bilirdilər.
Başqa bir rəvayətə görə isə, Mikayıl Müşfiqi şəxsən M. A. Bağırov özü güllələdib. Guya, Mikayıl Müşfiq ərköyün xasiyyətli, dəliqanlı cavan imiş, istədiyi cür hərəkət edərmiş, yazıçı və şairləri, hətta döyməkdən də qalmazmış. Onun bu cür hərəkət etməsi xəbəri M. Bağırova çatmış, o da əsəbiləşib “onu gözümün önündən yox edin” deyib. Çekistlər də əmri yanlış anlayıblar və Müşfiqi güllələyiblər. Tamamilə məntiqsiz fikirdir. Ali təhsilli, dərin savadlı, ictimai mühitin qayda-qanunlarını gözəl bilən, mərifət və ədəb sahibi Müşfiqi sıradan bir dəliqanlı kimi təqdim etməyə çalışanlar nə qədər də dayaz düşünürlər?! Bu iddianın hüquqi və məntiqi əsası, demək olar ki, yox dərəcəsindədir. Zənnimizcə, bu versiya 1956-cı ildən sonra Sovet dövlətinin o zamankı rəhbəri N. S. Xruşşov, SSRİ-nin baş prokuroru R. Rudenko və onun satrapı A. Çeptsovun göstərişi ilə cəmiyyət arasında M. A. Bağırova qarşı ikrah doğurmaq, onu alçaltmaq və xalqın nəzərini əsl günahkarlardan yayındırmaq məqsədilə uydurulmuşdur.
Mikayıl Müşfiq gənc olmasına baxmayaraq, cəmiyyətdə baş verən dəyişiklikləri, siyasi orientasiyanı, dövrün tələblərini çox yaxşı görür və bütün təfərrüatı ilə dərk edirdi. Onun sosializm realizmi müstəvisində, xalqlar dostluğu zəminində, o dövrün ictimai-siyasi tələbləri ilə səsləşən çox şeiri var. Müşfiqin qələminə məxsus olan “Stalin” poeması o zamankı siyasi lirikanın ən bariz nümunəsi hesab olunurdu:
Bu yeni dünyanın məhvəri sənsən,
Fəcri Lenindirsə, səhəri sənsən!
Əsrin qan qırmızı alovlarından
Qurtaran bu yazıq bəşəri sənsən…
Yaddaqalan uğurlu şeirlərinə görə Mikayıl Müşfiq respublika komsomolu mükafatı laureatına layiq görülmüşdü.
M. A. Bağırovun razılığı olmasaydı, komissiya üzvləri, çətin ki, cürət edib Müşfiqə bu mükafatı verərdilər. Mikayıl Müşfiq “Azərnəşr” kimi çox ciddi bir nəşriyyatda redaktor idi. Respublikada nəşr olunan bütün ciddi siyasi-ictimai əsərlər məhz orada nəşr olunurdu. Müşfiqə etibar edilməsəydi kim onu o vəzifəyə irəli sürə bilərdi? Bizcə, Müşfiqi NKVD qurbanına çevirənlər onun poetik istedadını, gündən-günə artan şöhrətini qısqananlar, paxıllığını çəkənlər, özlərini ona dost kimi tanıdıb ailə sirrini öyrənənlər, “partiya və vətən qarşısında proletar borcunu yerinə yetirməyə çalışanlar”, “orden-medal həvəsinə düşənlər”, “o getsə daha rəqibim qalmaz” düşüncəsiylə hərəkət edənlərdi. Axı Moskvada sovet rəsmiləri hardan bilirdilər ki, Müşfiqin həyat yoldaşı Dilbər xanım Əhməd Cavadın qardaşı qızıdır? NKVD-nin iki-üç sinif təhsili olan soldafon müstəntiqləri “Azadlıq dastanı”ndan, “Səadət nəğməsi”ndən, “Göygöl”dən, “Duyğu yarpaqları”ndan, “Küləklər”dən nə anlayırlardı axı? Məgər onların Müşfiqi oxumaq qabiliyyətləri vardı? “Bizimkilər” isə Müşfiqi NKVD-yə, Moskvaya “Müsavat” ideoloqu Əhməd Cavadın yaxın qohumu, ideoloji varisi, sinfi düşmən kimi tanıtmışdılar.
Yeri gəlmişkən, M. A. Bağırov Əhməd Cavad birinci dəfə həbs olunanda xəbər tutub onu həbsdən azad etmişdi. Bu hadisə M. A. Bağırovun ÇK-da ( Fövqəladə Komissiyada) işlədiyi vaxt olub. Bir məqamı da xatırlatmaq lazımdır ki, M.A. Bağırov bir dəfə NKVD-yə müdaxilə etmək işinə görə Stalindən xəbərdarlıq alıb. NKVD şefi Sumbatov-Topurudze M. A. Bağırovla görüşəndə necə olursa, sözarası Cavid əfəndinin NKVD tərəfindən saxlanıldığını söyləyir. M.A. Bağırov sakit tərzdə, “ailəsinə toxunmayın” deyib. Sumbatov-Topurudze də bu sözləri az sonra onun xələfi olmuş M. Rayevə çatdırır. Azərbaycan SSR NKVD-nin yeni şefi M. Rayev bu məlumatı Moskvaya, baş komissar N. Yejova xəbər verir. SSRİ prokurorluğunda məsul vəzifədə çalışan İ. O. Matuleviçin (İ. Matuleviç SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının sədr müavini idi) dəstəyinə arxalanan Azərbaycan NKVD-nin şefi M. Rayev gizli şəkildə N.Yejova M. Bağırov haqqında vaxtaşırı donoslar ötürür, onu məhv etmək üçün məkrli planlar hazırlayırmış.
N. Yejov Kremldə M. A. Bağırov barədə tədbir görülməsi üçün İ. V. Stalinə müraciət edərkən İ.V. Stalin, “bu gedişlə sən, yəqin, mənim də haqqımda kompromat yığırsan” - deyə istehza edib. Stalin də Bağırovla görüşəndə “Yejova bəhanələr verməyin” deyib. 1938-ci ilin 22 avqustunda L. Beriyanın SSRİ NKVD-nin birinci müavini vəzifəsinə gətirilməsi və N. Yejovun həmin ilin noyabrında vəzifədən qovulması M. A. Bağırovu faktik olaraq cəzadan xilas edib.
Mikayıl Müşfiq haqqında böhtan və iftira dolu, tənqid adı altında təhqiramiz ifadələrin baş alıb getdiyi yazıları “Kommunist”, “İnqilab və mədəniyyət”, “Yeni yol”, “Gənc işçi”, “Ədəbiyyat”, “Hücum” qəzetlərinə yazanlar, hər halda, NKVD rəsmiləri deyildi. Onların bunları yazmağa nə dərin savadları, nə də vaxtları çatardı. Müşfiqin şeirlərini öz istədikləri şəkildə yozaraq onu rus dilinə öz bacardıqları şəkildə çevirərək qəti tədbirlər görülməsi məqsədilə Moskvaya göndərənlər də özgəsi deyildi. Müşfiqin “Küləklər” şeirindəki
Ey çılğın küləklər, nəşəniz daşarkən,
Bağların şehindən mey sorub coşarkən,
Nalqıran dağları atlayıb aşarkən,
Məni də alınız, uçayım dağlara,
Könlümdə nə varsa, açayım dağlara!-
bəndinə irad tutmuşdular: “Müşfiq dağlara qaçmaq, ürəyindəki gizli fikirləri orada söyləmək istəyir. Əgər onun gizli qara niyyətləri yoxsa, nə səbəbə dağlara qalxmaq istəyir?”
1930- cu illərdə bütövlükdə muğamata, tara, kamana, qəzələ, qəsidəyə mənfur keçmişin ətalət qalığı kimi baxan, özlərini proletar ədəbiyyatının və mədəniyyətinin qızğın tərəfdarı sayan bir qrup “proletarkult”çu bolşevik ədib Müşfiqin “Oxu, tar” şeirini marksizm ideologiyasına, Lenin- Stalin partiyasına meydan oxumaq kimi anladıqlarından yuxarılara “donos” yazır, gənc şairi susdurmanın zamanı gəldiyini bildirirdi: “Sovet Azərbaycanın şəhər və kəndlərindəki sosialist reallığını görmək istəməyən averbaxçı Müşfiq kontrrevolyusyon düşüncələri ilə oxucuları çaşdırmağa, onları mühafizəkarlığa çağırır:
Gözləri qibləyə açılan hasarlı binalar
dinləmiş əzəldən səsini;
Papaqlı atalar, çadralı analar
ötürmüş sayəndə köksünü.
Düşmüşlər gah şirin, gah acı toruna,
sevinə-sevinə, qoruna-qoruna.”
Müşfiqin “Tozanaq” şeirini təftiş edən “Krıtik” imzalı bir bədxah, oxucuları həmin əsərdə gizli antisovet fikirləri olduğunu inandırmağa çalışmışdı: “Uzun zaman siyasi mənsubiyyətini gizlədərək formaca milli, məzmunca sosialist ədəbiyyatı yaradanların sıralarına daxil olan bu sinfi düşmən, sovet Bakısında baş verən cahanşümul dəyişikliyi görmür, əlindəki mənhus zərrəbinlə onda qüsurlar axtarır, proletar sinfinin çalışdığı fabrik və zavodlardan ucalan tüstünü müzir, zəhərli ünsür olaraq görür:
Yеnə toz... aman, bu toz buludları nə istər
Bilməm səndən, еy Baкı, sən еy atəş diyarı!
Sən birdən dirçəlib, birdən boy atan şəhər,
Üzərindən qovsana bu iynəli ruzgarı!..
O dilbərin... qaşları altındaкı güllər, ah,
Rəvamıdır bulansın zəhərli tozlarınla?”
Başqa bir “vətənsevər” isə Müşfiqin romantik səpkili “Kimidir” şeirində şifrəli məlumat olduğu yazmışdır:
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamaşa görkəmi səmən kimidir.
“Nədən Müşfiq sevgilisini yaşıl libasda təsvir etmişdir? Bu rəngin islam dininin rəmzi olması məlum deyilmi? Əcəba, başqa rəng yoxdurmu?”
Bədxahları Mikayıl Müşfiqin məharətli təbiət təsviri verilmiş lirik “Buludlar “şeirinə əksinqilabçı çağırış mənası “tapmışdılar”:
Çünki keyfim kökdür, damağım çağdır,
Şimşək çaxdırmaya mən də hazıram,
Buludlar başında partlayacaqdır,
Könlümdə qıvrılan böyük ildırım.
“Uzun müddət maskalanaraq sıralarımıza daxil olmağı bacarmış Müşfiq öz oxucularını “Buludlar” şeirində silahlı üsyana səsləməyə də cəsarət bulmuşdur.”
O zamankı dövri mətbuatda M. Müşfiqin “Dağlar” şeirini təhlil edən bərk gedənlərdən biri məqaləsində bərk əsib-coşmuşdu:
“Dağlara çəkilən yolları müsibət və vəhşət olaraq görən, cəzasız qalacağından əmin olan, cılız düşüncəli bu səadət düşməni öz kontrrevolyusioner fikirləri ilə sovet oxucularında tərəddüd, inamsızlıq yaratmaq istəmiş, staxanovçu sovet fəhlələrini cəllad adlandırmışdır:
Aya, hanкı cəlladın pəncəsinə кеçdiniz,
Niçin böylə qəddiniz sındı, büкüldü, dağlar?...
İnsan oğlu – əzəldən o sinə dağlayandı,
Yoхsa onun хəncəri кöкsünüzə dayandı?!
Başınıza кül oldu, кönlünüz oda yandı,
Onda кi, yеrinizdə raylar çəкildi, dağlar!”
Faktlar sübut edir ki, Müşfiqi şəxsən tanıyan bəzi “həmkarları”nın yorulmaq bilmədən “dəniz kənarına” ( adamlar NKVD adını çəkməkdən ehtiyat etdikləri üçün oranı belə adlandırırdılar) ünvanladıqları məlumatlar ( oxu: donoslar ) əsasında 1937-ci ilin may ayının sonlarında Müşfiqin həbsi üçün artıq “hüquqi zəmin” yaradılmışdı.
Mətbuatda Mikayıl Müşfiqin şəxsən Mircəfər Bağırov tərəfindən həbs etdirilməsi barədə mülahizələr irəli sürülsə də bu iddia bizə inandırıcı görünmür. Zənnimizcə, respublikanın siyasi rəhbəri o qədər iş-gücün arasından Müşfiqin şeirlərini oxumağa nə vaxtı, nə də NKVD-yə onun həbs edilməsi barədə göstəriş verməyə təşəbbüsü olardı. Bəziləri düşünürlər ki, Bağırovun Müşfiqə antipatiyası varmış. Sual yaranır: M. Bağırov qeyri-adi qabiliyyəti ilə könülləri fəth etmiş gənc Müşfiqə qarşı niyə ədavət bəsləməliydi ki? 1936-cı ildə M. A. Bağırovun sədr olduğu dövlət komissiyası Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən şeir müsabiqəsinə Mikayıl Müşfiqin təqdim etdiyi “Səhər” poemasını "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görmüşdü.
Mərkəzi Komitənin ideoloji iş üzrə katibliyi respublikanın siyasi rəhbərinə çıxışlar üçün mətn hazırlayırdı. Mətn hazırlanan zaman müxtəlif sahələrin rəhbərlərindən yazılı məlumatlar tələb olunurdu. Müvafiq qurumların rəhbərliyi də tələb olunan məlumatları Mərkəzi Komitəyə təqdim edirdi. Təbii olaraq, yazıçı və şairlərin fəaliyyəti barədə məlumatları da Yazıçılar İttifaqının rəhbərliyi hazırlayırdı. Kimin hansı mövzuda, nə yazdığını, necə yazdığını Yazıçılar İttifaqından daha yaxşı kim biləcəkdi ki?
Müşfiqin şairlik qabiliyyəti qarşısında, söz meydanında aciz qalanlar, çağlayan təbinə duruş gətirə bilməyənlər Mərkəzi Komitəyə və NKVD-yə göndərdikləri məlumatlarla - “donos”larla onu təcrid edə bildilər. Təsəlliverici tərəf budur ki, Müşfiqin günahsız qanı yerdə qalmadı. Cavidi, Müşfiqi, Mümtazı, Sanılını Nəzərlini, Çobanzadəni, Xuluflunu və başqalarını xüsusi qəddarlıqla istintaq etmiş Qalustyan K.B. 22.04.1938-ci ildə Platonov Q.A. 26.08.1938-ci ildə güllələndi; Tsinman L.A. 28.11. 1937-ci ldə tutuldu, 20 il həbs cəzası aldı, 1952-ci ildə dəlixanada öldü; Azərbaycan SSR “üçlüyü”nə 10.01.1938- 11.11.1938-ci il tarixində başçılıq etmiş NKVD şefi Rayev Mixail Qriqorieviç (əsl familiyası və adı Kaminskiy Yakov Semyonoviç imiş, uzun müddət saxta sənədlərlə çalışıb ) 12. 11. 1938-ci ildə həbs olundu və 04.03.1939-cu ildə güllələndi.
1936-cı ilin mayında oxucularla görüşündə Mikayıl Müşfiqdən soruşmuşdular ki, onu ən çox qorxudan nədir? Müşfiq də bir anlığa susmuş, sonra da bu misraları söyləmişdi:
Bağdadda xurmalıqlar,
Su dibində balıqlar.
Ölüm ALLAHın əmri,
Olmaya ayrılıqlar…
4 iyun 1937-ci il gecəsi Müşfiqi Bakıdakı Nijno Priyutskaya, 108 ( keçmiş Kamo, indiki S. Rəhimov küçəsi ) ünvanında yerləşən mənzilindən alıb gedən məhbus maşını istedadlı şairi xalqdan cismən ayırsa da, mənəvi olaraq heç ayıra bilmədi. Qədirbilənlərin qəlbində Müşfiq sevgisi özünə yer tapdı. Onun adını unutdurmağa çalışanların özləri tarixin dolanbaclarında unudulub getdilər. Yazdıqları kitablar makulaturalıq oldu, məddahlıq etdikləri rejimlə bərabər özləri də tarixin tozlu arxivinə gömüldülər, ciblərində “üzvlük vəsiqəsi” gəzdirsələr də şair ola bilmədilər, qafiyəli söz yığınından ibarət olan “ədəbi irsləri” oxucusuz qaldı. Müşfiq isə hər gün daha da doğmalaşdı, daha da məşhurlaşdı. İllər nə qədər gəlib keçsə də özünün “Səməndər” şeirinin qəhrəmanı kimi, yanıb külə döndükdən sonra yenidən öz külündən ehya edən gur saçlı, şux baxışlı Müşfiq elə 29 yaşında, dodaqlarında donmuş təbəssümlə qalacaq, onu sevənlərlə bərabər daha firavan, daha məsud günlərə addımlayacaqdır.
İllər ötüb keçəcək, çevriləcək fəsil- fəsil,
Qalacaqdır yenə də amma əsilzadə əsil.
O illərdə əminəm, hər gələcək şanlı nəsil
Oxuyub yad edəcək şair Müşfiqin sözünü…
“Ədəbiyyat və incəsənət”
(28.10.2026)


