“Biri ikisində” Nadir Qüdrətoğlunun şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə Nadir Qüdrətoğlunun şeirləri təqdim edəcək.

Layihə uğurlu ədəbiyyat işlərinin təbliğinə hesablanıbdır.

                                                                                                                   

Nadir QÜDRƏTOĞLU

BƏLKƏ DƏ, SEVMƏK DƏ SƏNƏTDİR, SİRDİR


Bəlkə də, sevmək də sənətdir, sirdir,

Gah xoşbəxt olursan, gah çəkirsən ah.

Sözlər çiçək açır, tikan bitirir,

Bir baxış qəlb qırır, açılmır sabah.

 

Bəlkə də, sevmək də sənətdir, sirdir,

Ustad ürəklərdə yaşanır bu hal.

Qəlblərdə misilsiz saray tikdirir,

Min illər görk olur, çəkilir misal.

 

Bəlkə də, sevmək də sənətdir, sirdir,

Hamı eyni cürə varmır bu sirrə.

Sevməkdir Allahın ulu təqdiri,

Gərək, şükr edəsən uca təqdirə.

 

Bəlkə də, sevmək də sənətdir, sirdir,

Gərək, həkk eləsin hər anı fırçan,

Gərək, bir söz belə unudulmasın

Sevmək sənətində, ey şair, rəssam!

 

Bəlkə də, sevməkdir ən qədim sənət,

Ustası az olur bu çətin işin.

Sevgi sənət olur, sənət ibadət,

Əgər eşq olarsa yarın, yoldaşın!

 

 

SƏNSİZ BU DÜNYAYA BAXMAZDI GÖZÜM

 

Sənsiz bu dünyaya baxmazdı gözüm,

Sənlə tamamlandı taleyim, sözüm.

Sönmüş arzuları yandırdın özün.

Bəxtimə yazılan qadınsan, inan.

 

Ruhuma toxunan bir nəğməsən sən,

Çəkdiyim nəfəsə dolubdur sevdan.

Nə qədər birgəyik, yaddır mənə qəm,

Sən mənim bəxtimsən, ömür payımsan.

 

Səndən ayrılmağa gücüm çatmaz ki,

Sən mənim günəşim, dolunayımsan[1].

Səndən başqasına könlüm yatmaz ki,

Sən mənim bəxtimsən, ömür payımsan.

 

Sözün gücü çatmır, hissin dili lal,

Mən sənin yanında uzaq kimiyəm.

Mən sənin yanında dil açmamışam;

Mən sənin yanında uşaq kimiyəm.

 

Neynirsən sən axı mənim sözümü?!

Yetər ki, gözümə baxasan, gülüm;

Görəsən, gözüm də leysanlar tökür,

Axır yanağımdan, sevda süzülür.

 

Səndən ayrılmağa gücüm çatmaz ki,

Bəxtimin qadını, əbədi sevdam!

Səndən başqasına könlüm yatmaz ki,

Eşqimin ünvanı, ey zərif mövlam!

 

 

ATAMIN ƏZİZ XATİRƏSİNƏ

 

Tutqun göy üzündən çəkildi bulud,

Bir insan ömrünün zamanı doldu.

Getdin, dörd bir yanda dərin bir sükut,

Getdin, son mirasın tək adın oldu.

 

Sən elin nuruydun, evin incisi,

Həsrətin nə yaman çəkilməz oldu.

Bir də gəlməyəcək sənin kimisi,

Getdin, son mirasın tək adın oldu.

 

Sən həm evdən getdin, həm də ki eldən,

Ellər ev-ev geydi matəm libası.

Bizə yas paltarı biçdin kədərdən,

Getdin adın qaldı-o son mirasın.

 

Susdun, danışmadın, səssizcə getdin,

Birdən anladım ki, bir yol son buldu,

Birdən anladım ki, hər şey xəyaldı...

Getdin, son mirasın tək adın oldu.

 

Yollar yorulardı, sən isə əsla,

Getdin, yarpaq kimi gülüşüm soldu.

Yarıda qırıldı hər şey-nə varsa,

Getdin, son mirasın tək adın oldu.

 

 

ÜRƏYİN BİR SİRDİR, QAPISI GİZLİ

 

Ürəyin bir sirdir, qapısı gizli,

Mən orda toxtayıb, tapdım özümü.

Saxla həmin sirrin içində məni,

Saxla, itirməyim heç vaxt izimi.

 

Məni, bu dünyamız dar olsa belə,

Bəslə öz sirrinlə, kənara qoyma.

Mənə bəs eləyir ayırdığın yer,

Qovma öz hücrəndən, bu cana qıyma.

 

Qartal yorğunluğu qanadlarımda,

Sən ol qaya başı-ən son limanım.

Bu qədər yuvadan, yer adlarından

Seçdiyim tək ünvan, ən son gümanım.

 

Sən mənim ömrümün gerçək yuxusu,

Gəl, tut əllərimdən, apar, hey apar.

Sən mənim ömrümün ən saf yavrusu,

Bəmbəyaz lopa qar, çiçəkli bahar.

 

Sənsiz bu şəhərdə hər şey yarımçıq,

Sənin varlığınla tamamdır Nadir.

Sən böyük səhrada bəyaz alaçıq,

Mən sənin kölgəndə uyuyan tifil.

 

“Ədəbiyyat və incəsənət”

(27.10.2026)



[1] Bədirlənmiş ay

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.