“Biri ikisində”də Pərvanə Məmmədlinin İsmayıl Cəmili barədə yazısı Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə filologiya elmləri doktoru PərvanəMəmmədlinin cənublu soydaşımız, şair İsmayıl Cəmilinin yaradıcılığı barədə essesi təqdim edilir.

                                                                    

GÖZƏLLİK - AZAD VƏTƏN BAYRAĞININ ÖPÜŞÜDÜR

 

Unutma ki, şairləri qışqırmayan bir millət, sevənləri torpaq olmuş yetim uşaq kimidir.

M. E. Yurdakul

 

İsmayıl Cəmili mənsub olduğu xalqın haqqını, hüququnu dilə gətirən, taleyüklü həssas məsələlərini şeirlərinə yansıdan milli  şairlərdəndir. Şairin  poeziyası xalqının  qan yaddaşının poetik daşıyıcısıdır.

 

“Müdrik əcdadlarımızdan miras qalmış üç şeyi sizə vəsiyyət edirəm: Ana dilimizi,  vicdanımızı, Vətənimizi”.

İsmayıl Cəmili Şah İsmayıl Xətai  babamızın bu tövsiyəsinə sadiq qalan varislərdəndir. Ana dili, Azərbaycan, vicdan, ədalət kimi qutsal məfhumlar İ.Cəmilinin poeziyasının ətrafında birləşir, çünki o, xalqının danışan dili, istəklərini söyləyən carçısıdır.

Ümumilikdə İ.Cəmili həm klassik  ədəbiyyatın qəzəl, rübai, həm folklorun bayatı, qoşma, gəraylı, həm çağdaş poeziyanın heca və  sərbəst   vəznlərdə əsərlər yazır. Öz şəxsi hissləri ilə yanaşı, cəmiyyətin siyasi-ictimai hadisələrini lay-lay oxucuya təqdim edir. Bu əsərlərdə sevgi də, kədər də, edam da, sürgün də, ölüm də eyni emosional şiddətlə, təsirli şəkildə oxucuya çatdırılır.

İ.Cəmili onlarca şeirində Ana dili, Vətən  mövzusunun müxtəlif tərəflərinə toxunmuşdur. “Dilim bölünməz vətəndir”, “Azərbaycan”, “Bir gün gülər Azərbaycan”, “Oyan, Azərbaycan”, “Eli, dili bağlıların”,  “Qutlu olsun qurtuluş sevdası Azərbaycanın”, “Elim mənim, dilim mənim”, “Canımda canlanır Azərbaycanım“, “Çalın sazım” və s. şeirlərində şairin  mübariz ruhu açıq şəkildə görünür.

İsmayıl Cəmili  elə ilk şeirlərindən  özünü azadlıq şairi, mücadilə şairi kimi göstərib. Azadlıq bir millətin yaddaşı və bayrağıdır. Şair də  bu bayrağı     hər zaman yüksəkliklərə qaldırmaq  istəyir: Və şair üçün ən acınacaqlısı da yan-yana düzülən azadlıq bayraqlarının içində vətəni Güney Azərbaycanın bayrağının olmamasıdır:

 

Burası vətən,

…Burası Muğan-ceyranı yaralı,

Sürgün maralı...

Burası Quzey- Qarabağı şikəstə,

Burası Güney-Segahı yetim, Nigarı bəstə…

 

…Burası son səngər, Əmirə qız,

Burası Şərqin incisi Təbriz!

Burası Xiyabani güllələnən

Azadistan,

Burası şəhid Səttarxan.

Burası elinə, dilinə zindan,

Burası “21 Azər”, dillərə dastan,

Burası vətən, Azərbaycan!

         (“Burası vətən”)

 

Şair Cəmili  sadə sözlərlə, danışıq dili ilə dərin hikmətləri, ürəkdən gələn fikirlərini açmağı bacaran sənətkarlardandır.

“Sən Azərbaycan, söylə…” adlı şeirində şair üsyanlarının bolluğuna, tökülən qanların, verilən qurbanların çoxluğuna baxmayaraq, milli haqqı olmayan bir millətin faciəsini dilə gətirir. “Çətin günlərdə İranın bəlasında yanıb, övladını qurban verib yalqız qalan”, “keçmişlərdə döyüşüb  min yara görən, sınmayıb dözən, vəfa edib, cəfa görən”, “soyulan, pay-bölüş olanda əllərlə talan olan” –  inqilablar beşiyi  və ilkinlər ölkəsinə – Azərbaycana üz tutub ürək ağrısı ilə  bir ritorik sual verir: “Sən ər Azərbaycan, söylə,  neyçün Azər becan (cansız) oldun?!”

Şair ictimai-siyasi hadisələrin gerçəkliyi içində böyük ümid, sabaha olan inam, vətəndaş qeyrəti axtarır:

 

Güvən övladına, ancaq özün qıl dərdinə çarə,

Könül vermə şəkər dilli, hər an oynaşlı dildarə,

Fırıldaqdır desə hər nə, burax, getsin özü qarə,

Canın qoydun, sözün üstə bu yolda imtahan oldun,

Sən Azərbaycan, söylə, neyçün Azər becan oldun?!

 

Pərişan sevgili yurdum, sənə qurban sevən canım,

          Tükənməz varlığım sənsən, səninlə var adım-sanım,

Özünçün bir özün göstər, dirilsin şöhrətim-şanım,

Gələr azadlığın ətri, o gün ki, sən əyan oldun.

Sən Azərbaycan, bir də bu xeyr işdə qəman oldun.

 

                                        (“Sən Azərbaycan, söylə”)

 

İ.Cəmili poeziyasının əsas ideya qayəsi olan azadlıq özünü Ana dili, kimlik, vətən üçlüsündə göstərir və azadlıq ideyası onun döyüşkən poeziyasının əbədi ruhuna çevrilir:

 

          Öz evində çağrılmamış qonaq olan,

Öz elinin dodağında

Öz yurdunda yasaq olan.

Şirin dilli vəfasızlar duzağında

Qolu bağlı, dustaq olan

Dilim-dilim parçalanan, səpələnən,

Varlığımın keşiyində oyaq olan,

Öz elinə dağlar kimi dayaq olan,

Oyanışa çıraq olan,

Dayanışa bayraq olan

Ana dilim,  ana dilim!

                 (“Ana dilim”)

 

Şair ustad ədib Məhəmmədtağı  Zehtabinin  “Sən osan, mən də buyam” şeirindəki “Su deyibdir mənə əvvəldə anam,  ab ki yox, / Yuxu öyrətdi uşaqlıqda mənə, xab ki yox. / İlk dəfə ki, çörək verdi mənə, nan demədi” misralarına  qarşılıq olaraq   “Ab su deyil”  söyləyir:

 

Ab içilməz,

Ab suvarmaz.

Ayrındırmaz, barındırmaz,

Ab su deyil.

Bulaqları bulandıran,

Yad tikanın kollandıran,

Gülümüzü soldurandır,

Bağımızı qurudandır.

Tərs axışı evimizi yıxan seldir,

Yersiz səsi kofuldayan qara yeldir!    

 

                                   (“Ab su deyil”)

 

Şair “nan”, “xak” öyrədilən bu oxulların (məktəblərin)  bizim və bizdən olmadığını, “varaq-varaq qondarma”, “yazı-yazı uydurma”, “yalanlarla doldurulmuş”,  “kökümüzdən uzaqlaşma odağı” və  “yadlaşmağın duzağı”  olduğunu yazır. Qətiyyətlə bildirir ki:

 

“Xak” əkilməz, “nan” yeyilməz, “su” içilməz,

Ana dilim dəyişilməz!  

 

            (“Ab su deyil”)

 

İ.Cəmilinin poeziyasında mübarizə, üsyan, savaş yolu da milli azadlıq düşüncəsindən, milli birlik fikrindən keçir. “Dustağa sığmayanlar”, “Dünənlərdən asılanlar”, “Bir gün gülər Azərbaycan”,  “Yenə oxullar açılır”, “Aydınlıq ölməz”, “Biz varıq”, “Boyunduruq”, “İllərin açıq yarası”, “Fərqi var bir az”, “İrannamə” və s. eyni ruhda yazılmış şeirlərdir.

Sevənlər üçün hər gün Sevgililər günüdür. Amma dünya təqvimində ilin bir günü ayrıca sevib-sevilənlərə  həsr olunub. Şair yaşamın  tutsaq (məhbus) olduğu vətənində sevginin  yasaqlandığını ürək sızıltısı ilə yazır:

 

Sevgililər günüdür,

Bizim tayda sevgi yasaq,

Sevgi yolu dərin duzaq,

Sevənlərin yeri dustaq,

Qamçı-qapaz, çırıl-çıplaq

Sevgisizlər caynağında

Əsir, əsir ana torpaq.   

 

     (“Sevgililər günüdür”)

 

İ.Cəmilinin şeirlərindəki  qeyri-adiliklərdən biri də sadə sözlərlə böyük mətləbləri açmasıdır. İsmayil Cəmili bəsit görünən sözlərdən, sadə bənzətmələrdən elə poetik fiqurlar yaradır ki, bunlara heyran qalmamaq mümkünsüz olur. Bəlkə də,  bu xüsusiyyətinə görədir ki, şairin şeirləri tez əzbərlənir, oxucunun rəğbətini qazanır.

Bir illik ömründə min bir iş görmüş “21 Azər” hərəkatı məğlub olsa da, sabahın tarixində yenidən baş qaldıracaq, parlayacaq və bir xalqın tarixində bütövlük rəmzinə çevriləcək, azadlığı dadmış güneyli  soydaşlarımızın həyatında yenidən və əbədi rolunu yüksək şəkildə oynayacaqdır.

Şair “Bu gündə” şeirində “21 Azər” inqilabına işarə edir, azadlıq ideyalarını yenidən alışdırmağı arzulayır. Çünki qan dəryasına çevrilən, hər dəfə neçə-neçə şəhid verən Vətəninin qan bahası olaraq azadlıq istəməyə haqqının olduğunu bildirir:

 

Bu gündə qudurğan qulluqçu yadlar

Asdılar, kəsdilər sevgi diyarın.

Qurudu fidanlar, yandı kitablar,

Qara qış taladı arzu baharın.

Azadlıq düşməni, satqın zalımlar

On minlər insanın tökdülər qanın.

Elini, dilini dustaq etdilər

İgidlər ölkəsi Azərbaycanın!

          Bu gündə!

 

                                        (“21 Azər”)

 

İsmail Cəmili tərcümə ilə də məşğuldur. Divan ədəbiyyatımızın incilərini, eləcə də, çağdaş şairlərin əsərlərini dilimizə çevirir. Ustad Məhəmmədəli Fərzanə İ.Cəmilinin yaradıcılığını izləyib ona xeyir-dua vermiş, onun Saib Təbrizinin qəzəllərini bizə tanıtması yolunda gördüyü işi yüksək qiymətləndirib yazmışdı: “İsmail Cəmililər bu gün xalqımızın düşüncə dünyasında Saiblərin doğma varisi olacaqdır”.

İ.Cəmilini oxucularına sevdirən onun yaradıcılığına xas olan səmimiyyətidir. O, bir mübariz şair olmaqla yanaşı, könülləri riqqətə gətirən əsrarəngiz lirik şeirlərin də müəllifidir.

 

Ay adının kölgəsində,

Yaz ətirli xəyallarda

Çiçəklənən arzularım,

Ay sənsizlik sazağında

Xəzan olan yüzlər yazım,

Gəl...

Baxışlarım sərilibdir yollarına,

Gələcəyim tapşırıqdır qollarına.

Dodaqlardan ayrılmazdır istəyin,

Boynubükük tarlalardır

Nisan kimi gəlişini gözləyən,

Yanan sevdandır şəfəqdə əriyən.

Vaxtsız axşamlar

Yorğun quşlar

Səni unutmasın deyə,

Qaranlıq qudurmasın deyə,

Gəl, sevgilim, düzlər üzülür.

 

   (“Gəl, sevgilim, gəl, qadası, gəl”)

 

“Gözəllik nədir?” sualına şair belə cavab verir:

 

Gözəllik yaşanan arzudur,

İnci dolu dənizdir;

Dalğa-dalğa, ləpə-ləpə, damla-damla...

Dayaq dağdır.

... Gözəllik

Yüz illərin gözlənilən

Gözəlinin görüşüdür.

Gözəllik

Özlənilən özgürlüyün yürüşüdür,

Gözəllik azad vətən bayrağının öpüşüdür.

 

(“Gözəllik”)

 

Uzun illər qürbətdə yaşayan bir milli fəal olan İ.Cəmili xalqının ağrısını, acısını, problemlərini çiyinlərinə yükləyərək  onu çəkib  daşıyır, həm də bir şair kimi  sevə-sevə, vəsf edə-edə firavan olması üçün, rahat yaşaması üçün qələmiylə mübarizə aparır.

İ.Cəmilinin poeziyası xalqın, millətin öz mənliyini, əzəmətli keçmişini dərk etmək uğrunda mübarizəsinin, bir sözlə, milli şüurun dirəniş  poeziyasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(23.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.