Tanınmış yazıçı, həbsxana həyatı sürmüş “dissident”, sosial media nəhəngi... Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Hazırda ölkədə ən məşhur olan yazıçı. Hətta məşhurluqda Çingiz Abdullayevi də üstələyib. Sosial media üzərində böyük nüfuz toplamağı bacarıb.

Kim nə deyir desin, amma Kəramət həqiqətən çox istedadlıdır. Dərin sarkazmları onu satira sahəsində ustadlaşdırıbdır. Obrazlı ifadələr, dərinə nüfuz etmək bacarığı kifayət qədərdir.

 

Kəramət Böyükçöl 17 oktyabr  1987-ci ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub. Atası Qəşəm Nəcəfzadə tələbə yoldaşı və şair Kəramət Şükürovun adını ona qoyub. Səbail rayonu 51 saylı orta məktəbi bitirib. 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 2010-cu ildə Azərbaycan Yazıçılar Birliyinə üzv olub.

Qəribə və olduqca təzadlı adamdır Kəramət Böyükçöl. İlk dövrlərdə adı istedadlı gənc yazar kimi çəkilirdi. Sonra - 11 noyabr 2015-ci ildən sərt tənqidləri və çıxışları ilə Azərbaycan Yazıçılar Birliyinə hücuma keçdi və birliyin üzvlüyündən kənarlaşdırıldı. Yeri gəlmişkən, o üzvlükdən kənarlaşdırılqdan sonra da davamlı olaraq Azərbaycan Yazıçılar Birliyini və onun üzvlərini tənqid etməkdədir.

Sonra daha çox içki içməsi və ailəsi ilə bağlı problemləriylə gündəmə gəldi, ailənin dağılması, uşaqlarından ayrı qalmasının sıxıntısını sosial mediaya çıxardı.

Onun fenomeni isə koronavirus dönəmində başladı. Kəramət Böyükçöl 18 avqust 2020-ci ildə kirayə qaldığı evdə sərxoş halda "Facebook" hesabından açdığı canlı yayımda hökuməti sərt tənqid və təhqir etdi, bu səbəbdən də polis tərəfindən tutuldu və zor tətbiq edilərək saxlanıldı.

O, canlı yayımda Azərbaycanın ddövlət rəsmilərinə, məşhurlarına qarşı təhqiramiz ifadələrdən istifadə etmişdi. Polis verdiyi açıqlamada qonşuların bu vəziyyətdən narahat olduğunu və şikayət etdiklərini bildirmişdi. Həmçinin polis yazıçının pis vəziyyətdə olduğunu və intihar edəcəyindən şübhələndiklərini qeyd etmişdi. Böyükçöl bir gün sonra sərbəst buraxıldı və yazıçının xəstəxanada məcburi müalicəsinə başlanıldı.

Bu olaydan sonra sosial mediada özünə “açıqfikirliliyi və cəsarətliliyi” səbəbindən böyük tərəfdar ordusu topladı, Facebook statuslarına minlərlə izləmə əldə etdi.

"YouTube" kanalında "Kəramətinə şükür" adlı həftəlik proqram hazırladı və bu proqramda siyasi və ictimai mövzular müzakirə edildi.

7 oktyabr 2021-ci ildə sağlamlıq problemləri ilə əlaqədar olaraq təkrar məcburi müalicə üçün Bakı Şəhər Narkoloji Dispanserə yerləşdirildi və 3 həftə sonra, 26 oktyabr 2021-ci ildə müalicəsini tamamlayaraq buraxıldı.

Daha çox “Çöl” romanı ilə ədəbi kuluarlarda səs salmağı bacarmışdı, 2023-cü ildə "Elçibəyin sirri" adlı kitabını oxucularına təqdim etdi.

Dövlət əleyhinə radikal çıxışlardan əl götürdükdən sonra uzun müddət fəaliyyətini Cavid parkında səyyar kitab satıcısı kimi davam etdirən Böyükçöl 31 yanvar 2024-cü ildə dövlət dəstəyi ilə Kerazon adlı kitab mağazasını açdı. O, daha sonra "Qazel" avtomobili alaraq satıcılıq fəaliyyətini "yeriyən kitab mağazası" ilə ölkənin regionlarında davam edəcəyini bildirdi, 2025-ci ilin avqustunda "Böyükçöl" adlı mikroavtobus-səyyar kitab evini açdı.

Ölkədə keçirilən böyük kitab sərgilərində təşkilatçılar ona mütləq ayrıca yer verirlər, bu yer, əsasən, girişdə olur və onun sərt tənqidindən qorxan məmurların böyük məbləğlərdə ondan kitab aldıqlarını görmək artıq adiləşibdir.

Daha sonra isə Kəramətin adı rəsmi qurumlardan böyük torpaq sahələrinin hədiyyə edilməsi ilə əlaqələndirildi, özü də bu faktları təsdiq etdi.

İndi Kəramət bədii yaradıcılığını davam etdirir, sosial media statusları ilə gündəmdədir, həm də aktual məsələlərdə dövlət xəttini dəstəkləyir. Elə son günlərdə onun hicab qadağasını dəstəkləyən statusu bu baxımdan qiymətlidir.

 

Kitabları

1. Çatlamış fincan

2. Çöl

3. Səkkizinci gün

4. Məni kim tapa bilər?

5. Əlqəmə

6. Səs

7. Fərarinin həyat sevgisi

8. Elçibəyin sirri.

 

Kəramət Böyükçöl 39 yaşına kifayət qədər böyük baqajla gəlib. Tanınmış yazıçı, həbsxana həyatı sürmüş “dissident”, sosial media nəhəngi, biznesmen. 40 illik yubileyi ərəfəsində ona kəsərli qələm, həqiqətin və haqqın yanında olmaq, gündəmdən düşməmək, bir sözlə, yaradıcılıq və həyat uğurları arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.