“Biri ikisində” Xəlil Mirzənin şeirləri ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəXəlil Mirzənin şeirləri təqdim edilir.

Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

 

 

Xəlil MİRZƏ

QOŞA YAŞADIRIQ BİR DƏRDİMİZİ

Nə qədər yaxınsan, o qədər uzaq,
Mənsə, xəyallarda azmış yalquzaq.
Qapını döyməyə cəsarətim yox,
Mənə pəncərənə baxmaq qalacaq.

Bir zaman kəsiyi ayırır bizi,
Tapıb-itirmişik bir-birimizi.
Elə bir sədd vardır aramızda ki,
Nə mən dağ adlaram, nə də sən dənizi.

Sənin öz həyatın, öz qayğıların,
Mənim öz taleyim, öz duyğularım.
Nə sən bu qismətə dönən deyilsən,
Nə mən ola bilməm bəxtin açarı.

Belə yaşayırıq öz ömrümüzü,
Nə bir kimsə anır, nə duyur bizi.
Bu da bir yazıdır, bu da bir düzüm,
Qoşa yaşadırıq bir dərdimizi.



QARIŞDIM AYRILIĞA

Hər gün kədər, iztirab...
Sevda hara, mən hara?!
Həmdəmim qəmli şərab -
Girişdim ayrılığa.

Uzaqlaşdım dəmbədəm
Xülyadan, ənginlikdən.
O sənli sənsizlikdən
Sürüşdüm ayrılığa.

Ən ümdə arzu kimi,
Axdım dərdə su kimi.
Yoxa tamarzı kimi
Yaraşdım ayrılığa.

Ömür bitənə qədər
Nə vaxt bildim, nə qədər.
Ağlım itənə qədər
Öyrəşdim ayrılığa.

Taleyə “gülə-gülə”,
Əridim gilə-gilə.
Nə gülşənə, nə gülə -
Qarışdım ayrılığa...



EŞQİMİZƏ

Bu son görüş oldu, qərar verən sən,
Bu gündən qoydun sən son eşqimizə.
Parladı Gün kimi, soldu gül kimi,
Can, min kərə can, can eşqimizə.

Bu gündən həsrətin nökəri olduq,
Acı xatirələr şakəri olduq.
Bu gün belimizin bükəri oldu,
Buludlar yağdırdı qan eşqimizə.

Həsədlə baxardı bizə sevənlər,
Bəlkə, gətirdilər gözə sevənlər?!
Daha söyləməzlər üzə sevənlər
“Fidan” eşqimizə, “şan” eşqimizə.

Bitdi macəralar, bitdi nağıllar,
O nazlı, o məsum, isti nağıllar.
Sevdalı günlərlə itdi nağıllar,
Ha sızla, ha odlan, yan eşqimizə...



HƏSRƏT YAĞIŞI

Bu, həsrət yağışı, bu, qəm yağışı,
Bu, əzab yağışı, sitəm yağışı.
Çəkib ürəyimə son damlayatək
Elə gözlərində tutam yağışı.

Təki, taleyinə yağmasın sənin,
Təki, qəhər olub boğmasın səni.
Təki, gözlərindən axmasın sənin -
Özüm dəryasında batam yağışın.

Yolun açıq olsun, bəxtin bəxtəvər,
Daha çəkməyəsən qüssə, qəm, kədər.
Sənə dua edib ölənə qədər,
Ölüb, gözlərində itəm yağışın.



ÇIXDIM YOLLARA...

...Yenə xəyallanıb çıxdım yollara,
Axıb xatirələr gölünə düşdüm.
Zindan ağırlığım məndən boşalıb
Yenə kəndimizin yoluna düşdü.

Yenə də bu yolda düşdüm izimə,
Məni neçə kərə kəndə yetirib.
Neçə pərvazlanan arzu daşıyıb,
Ümidə, ünvana, bəndə yetirib.

Çılğın arzuların ilk ünvanıdır,
Qoynunda min sevgi yaşadır kəndim.
Çiyninin qayğısı ulduz sanıdır,
Ülvi adətlərin yaşıdır kəndim.

Kəndimin min şəhər sevgisi vardır,
Şəhərin bir kəndlik sevgisi yoxdur.
Hər kəndin şəhərdə güzgüsü vardır,
Şəhərdə bir sevgi güzgüsü yoxdur.

Şəhərin kəndimə can borcu, qucaq-
Taleyin ən gerçək oyunu budur.
Şəhərin dərdlərin kəndim udacaq,
Şəhər yaranandan pis oyunçudur.

 

“Ədəbiyyat və incəsənət”

(15.10.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.