“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərəArzu Əyyarqızının şeirləritəqdim edilir.
Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
Arzu ƏYYARQIZI
DARIХ BİRCƏ DƏFƏ
Baxıb göy üzünə xatırla məni,
Darıx bircə dəfə, darıx mənimçün.
Həsrətim dörd yandan səsləsin səni,
Darıx bircə dəfə, darıx mənimçün.
Yağan yağışlarda islat özünü,
Yusun gözlərindən vida sözünü.
İslan, islandıqca yumub gözünü,
Darıx bircə dəfə, darıx mənimçün.
Çaxsın ildırım da, yağsın yağış da,
Günəş şüaları sınsın yağışda.
Aypara rənglərə bizi bağışla,
Darıx bircə dəfə, darıx mənimçün.
Gecə pəncərəndən görünəndə Ay,
Darıx, darıxmaqdan ulduzları say.
Fikrə dal, soyusun əlindəki çay,
Darıx bircə dəfə, darıx mənimçün.
ATAMA MƏKTUB
Salam, ata…
Heç soruşma necəyəm…
Nigaran da qalma məndən, rahat ol.
Yetimlər tez böyüyərmiş sən demə,
Böyümüşəm, yaşamağa çoxdur yol.
Sən gedəni, imtahanım çoxalıb,
Yoxluğunu sınaq bilib dözürəm.
Gündüz gülüb-danışıram el gözü,
Gecə olur, göz yaşımı süzürəm.
Yüngüllükdür, heç nigaran olma, yox,
Ağlayıram, darıxmağım azalsın.
Saçımdakı boz boyanı soruşma,
İstəmirsən, qızın gözəl qız olsun?!
Deyirdim ey, bu qara rəng yaraşmır,
Dəliyəm də, qəfil ağa boyadım.
Xoşlamırdın saçıma rəng qoymağı,
Boyadım ki, hirsləndirim, oyadım.
Bir ümiddir, nə bilim ey, nə bilim...
Dedim, bəlkə hirslənəsən, coşasan.
Oyanasan o yatdığın məzardan,
Yaşayasan lap yüz əlli yaşacan...
Saçlarımı dərd qanına boyayan,
Canım atam, sənsizlikdir, biləsən.
Səni Tanrı bilirdim mən özümə,
Tanrı ölməz, inanmazdım öləsən.
BİLİRSƏN
Deyirəm, nə yaxşı, xəyallanmaq var,
Aranı yaylağa çəkə bilirsən.
Ən hündür dağlardan birinə çıxıb,
Hayqırıb dərdini tökə bilirsən.
Bütün arzuları gerçək edirsən,
Baş alıb dünyadan hətta gedirsən.
Ölürsən, ölməkdən ümid güdürsən,
Əynini kəfənə bükə bilirsən.
Gah aşiq olursan, gah da ki, dəli,
Söhbətin, sözün də olur quş dili.
Sağaltmır dərdini min həkim əli,
Tanrı qarşısında çökə bilirsən.
Tapırsan qədrini bilənləri də,
Səni yaddaşından silənləri də…
Dirildə bilirsən ölənləri də,
Ölümsüz bir dünya tikə bilirsən.
Xəyallar şirindir, ədalətlidir,
Xəyalda hər nə var, səxavətlidir.
Hər insan orada cəsarətlidir,
Bütün çəpərləri sökə bilirsən,
Qəlblərə mərhəmət əkə bilirsən.
KAŞ Kİ…
Kaş ki, adamlarda adamlıq ola,
Kimsənin yolunda quyu qazmaya.
Hər kəs həyatını özü yaşaya,
Özgə qərar verib tərsə yozmaya.
Yaşaya hər insan öz muradını,
Dada öz ömrünün şirin dadını.
Hər kəs bir ürəyə yaza adını,
Ayrılıb divara, daşa yazmaya.
Hər ömür bir təzə çiçəyə dönə,
Mələklər göylərdən yerlərə enə.
Daşlanan şeytan da lap çıxa günə,
Heç bəşər övladı yolun azmaya.
Tərəzi düz çəkə, mizan düz gələ,
Nahaq da, yalan da gəlməyə dilə.
Hər kəs yaşamaqdan doyanda ölə,
Yorulub həyatdan kimsə bezməyə.
Allahdan qorxmaya Allahın qulu,
Sevərək tapına, qət edə yolu.
Yaşaya şərəflə, ürəyi dolu,
Vicdanı itirib səfil gəzməyə.
CAN ATDIQ
Heç məmnun olmadıq öz yerimizdən,
Kökləndik səbəbsiz giley-güzara.
Günahkar axtardıq günah etdikcə,
Satdıq ömrümüzü qara bazara.
Unutduq candakı o “mən”imizi,
Bir nəzər salmadıq öz-özümüzə.
Bizi dilə tutan şirin yalanlar,
Bilmədik dəyməz heç bir düzümüzə.
Ana bətnindəki həyatdan bezib,
Can atdıq dünyaya, öldü canımız.
Özümüz özümüzün qatili olduq,
Dünyanın üstündə qaldı qanımız.
SƏN DEMƏ
Sən demə, dünyanın nağıl üzündə,
Hər kəsin bir qorxunc nağılı varmış.
Ağıllı adamın ağıl küpündə,
Bir dəli şeytanın ağılı varmış.
Hələ görünənin görünməyəni,
Görünməz olanın görəni varmış.
Qurumuş ağacın budaqlarından
Min ümid meyvəsi dərəni varmış.
İntihar ipində yaşamaq cəhdi,
Yaşamın özündə intihar varmış.
İntihar edən heç, etdirəndəsə,
Allahda olmayan ixtiyar varmış;
Sən demə yox da, nə desən varmış....
“Ədəbiyyat və incəsənət”
(12.10.2026)


