İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
Sovetlərin son dönəmlərinin ən bestseller yazıçısı... Tirajları yüz minə çıxardı. Kitabları əl-əl gəzərdi...
Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Hacızadə 1935-ci il avqustun 28-də Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Rayonun Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra ADU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil alıb. Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb. Əfqanıstanda mütərcimlik edib
Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki Şərqşünaslıq İnstitutunda) baş elmi işçi vəzifəsində işləyib (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışıb. 1994–96-cı illərdə "Nizami" jurnalının baş redaktoru olub. "Mənim müəlliməm" adlı ilk hekayəsi 1956-cı ildə Uşaqgəncnəşrin buraxdığı "Gəncliyin səsi" almanaxında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.
"İtkin gəlin" romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilib. 2002-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasına üzv olub. 2003-2008-ci illərdə VHP Ali Məclisinin üzvü olub. Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, "Təyyarə kölgəsi", "Vəfalım mənim" romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı..
1980-ci illərin ikinci yarısında Ə. Hacızadənin qələmə aldığı "Möcüzə" romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirirdi. Yazıçının XX əsr İran poeziyasının məşhur nümayəndələrindən olan Fərruxi Yəzdiyə həsr olunan monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır. Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə edib.
Kitabları
1. Heykəl gülür (hekayələr)
2. Unutmaq olmur (povest)
3. Məhəbbət olmayan evdə (povestlər)
4. Fərruxi Yəzdinin poeziyası
5. Cehiz (hekayələr)
6. Pəhləvan (hekayələr)
7. Təyyarə kölgəsi (roman)
8. Möcüzə
9. Yandırılmış Adam
10. Dünyanı Tanı
11. Vəfalım Mənim
12. Əfsanəsiz İllər
13. İtkin Gəlin
14. İnam
Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub, İranda "Ölməz şəxsiyyətlər" mükafatına layiq görülüb, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilib.
8 oktyabr 2009-cu ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(08.10.2026)


