“Biri ikisində” Məhsətilərin söhbəti ilə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə qeyri adi bir müsahibə təklif edilir.

İki Məhsətinin söhbəti. Virtual dünyadakı klassik ədəbiyyatımızın görkəmli nümayəndəsi Məhsəti Gəncəvi12-ci əsrdən real dünyadakı 21-ci əsrdəki Məhsəti Musa ilə söhbətləşir.

“Biri ikisində” layihəsi ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.

 

– Salam, əziz adaşım.

– Salam.

– Bir az dərdləşəkmi?

– Açığı, mənimlə dərdləşməyə gücün çatmaz. Amma bir az söhbətləşə bilərik.

– Necə istəyirsən. O zaman istərdim, elə dövrümüzün müqayisəsi ilə başlayaq. 12-ci əsrdən baxanda 21-ci əsr necə görünür?

– 12 və 21 zahirən oxşardır. Sadəcə, rəqəmlərin yeri dəyişikdir.  İnkişafa gəldikdə,  əlbəttə ki, əsrlərimiz  müqayisə edilə bilməz. 21-ci əsr texnologiya əsridir. İnkişafdasınız. Ruh baxımından isə...  Bax, burda dediklərim sizi incidəcək. Amma reallıq budur ki, yazığım gəlir sizə. Ruhunuz sanki süni yetişdirilib. Eynən sizin broyler toyuqları kimi... Eynisiniz, yorucusunuz, asanlıqla idarəolunansınız...

– Yəni içimizdə bir düz-əməlli insan yoxdur?

– Əlbəttə, var. Amma elə 12-ci əsrdə də belə idi. Çoxluğun içində tək-tük fərqli düşünən, azad ruhlu insan olurdu.  Qalanları o tək-tük olanı qınamaqla, daşlamaqla məşğul idi. İndi də elədir. Heç nə dəyişməyib. 12-nin tərkibindəki rəqəmləri toplayanda 3 edir. 21-dəki də eynən. Yəni, 1+2=3 və ya 2+1= 3.

– Biz burada həm də qadın olaraq söhbətləşirik. Məlumdur ki, indi şairin  qadın və ya kişi olmasının elə də  fərqi yoxdur. Yaza bilirsənsə, meydan sənindir. Əlbəttə, başqa çətinliklər var və  bu haqda hələ danışacağıq. Amma öncə sənin dövrünə qayıdaq. O dövrdə qadın olmağın,  üstəgəl həm də şair qadın olmağın ən çətin tərəfi nə idi?

– Nəinki mənim dövrümdə, məndən əvvəl də bizim Tomris xatun, Sara xatun, Nüşabə, Möminə xatun kimi hökmdar, diplomat, dövlət işlərində yaxından iştirak edən qadınlarımız var idi. Məndən sonra da belə güclü qadınlarımız çox oldu. Lakin o qadınların arxasında məlum güc dayanırdı. Onlara atılan daş birbaşa taxt-taca atılan daş hesab olunurdu.  Mən isə saraya yaxın olsam da, xalqın içindən çıxan, azad bir şair idim. Mənim kimisinin şeir yazması, rübai deməsi,  cəmiyyətin qurmuş olduğu sədləri yıxaraq eşqi, azadlığı, insanı vəsf etməsi heç də xoş qarşılanmırdı. Əlbəttə ki, məni daşlayanlar alqışlayanlardan daha çox oldu. Amma  qorxum hünərimi, cəsarətimi yenə bilmədi. Gör necə demişdim bir zamanlar:

 

Hünərin səfası acıdır, müdam,

Odur, hünər suyu içmir bir adam.      

Alçaq adamların cəhalət odu,

Hünəri küləyə vermişdir tamam.

 

–Anladım. Sənin özünü sübut edə bilməyinin  əsas səbəbi cəsarətin olub. Bəs indiki qadın şairlərin çoxunun özünü sübut edə bilməməsinin səbəbi nədir? Əvvəldə dedim axı, indi artıq qadağalar yoxdur.

– Əvvəla, problemin biri  elə sənin sualında gizlənib. “Sübut etmək” deyirsən. İnsan niyə özünü sübut etməyə çalışmalıdır ki? Sübut yox, təqdim etmək lazımdır. Və özünü təqdim etmək üçün də öncə özünü tanımalı və olduğun kimi görünməkdən qorxmamalısan. Hisslərini çərçivəyə salmamalısan. Qadağalara gəldikdə isə, bu gün də tamamilə yoxdur deməyək. İndi mətbəxlərdə çürüyüb gedən o qədər istedadlar var ki... Əslində, mətbəx özü də yaradıcılıq tələb edir. Amma oranın da öz sahibi var. Bax, şahmat  oyununda da belədir. Hər fiqur özünə uyğun yerdə olmalıdır. Güclü fiqurlar işləməyəndə, zəif fiqurlar isə güclərindən artıq yük götürəndə taxta üzərində olsa da, bütün ordu  iflasa uğrayır. Qadın da, xüsusilə, istedadlı qadın da əziləndə, gizlədiləndə, özünə uyğun olmayan yerə atılanda, yaxud  zəif biri gücündən artıq işlərdə irəli çəkiləndə uduzan bütövlükdə cəmiyyət olur.

          Çox dərinə getməyəcəyəm. Getsəm, gərək Qulu bəy  “Ulduz” junalının bütün səhifələrini bizə verə. Amma ümumilikdə  bəli, qadın şairlərə bu gün çox da fiziki qadağalar yoxdur, lakin onlar yenə də azad ruhlu deyillər. Tədbirlərdə qadın azadlığından danışan, bu mövzuda saysız-hesabsız məqalələr yazan, təbliğat aparan qadınlar arxada sərbəst düşüncəli, açıqsözlü, açıqfikirli qadınların əleyhinə danışır, onlar haqqında xoşagəlməz fikirlər işlədirlər. Bu fikirlər çox zaman şayiələrin yayılmasına da səbəb olur.  Beləliklə, azadlıq  carçısı obrazında olanlar özləri hər addımlarını ölçüb-biçirlər, camaatın “nə deyərlər?”i ilə yaşayırlar. Odur ki, bu qadınlar şablon söz yığınından başqa heç nə yarada bilmirlər. Səmimiyyətin qorxuya uduzduğu yerdə  böyük sənət yarana bilməz...

– Amma bütün hissləri də açıq yazmaq olmaz axı.

– Niyə?

– Çünki bu, ədəbiyyatdır.

–Elə ədəbiyyat olduğu üçün çılpaq yazılmalıdır də! Başqa vaxt deyirsiniz: “Ədəbiyyat güzgüdür”. Amma bu tərəfdən də o güzgüyə baxmağa qorxursunuz.

–Başa düşürəm, ədəbiyyat çılpaqlığı sevir. Amma  yenə də müəyyən yerə qədər...  Necə ki, azad olsaq belə,  bədənimizi tamam aça bilmirik, hisslər də ruhumuzun paltarıdır. Onu tam soyunmaq doğru deyil.

–Bax, sizin özünüzü təqdim edə bilməməyinizin səbəbi də elə budur. Siz ruhla bədəni eyni tutursunuz. Eyni görürsünüz. Siz 21-ci əsrdə ruha da zorla “şuba” geyindirirsiniz. Maddi bağlılıqdan qopa bilmirsiniz. Amma mən 12-ci əsrdə yazırdım ki:

 

Əlimdə qədəhlə sənin küçəndən,

Hər gecə, sevgilim, sərxoş keçdim mən.

Eşqi şərab kimi tökdüm qədəhə,

Huşa getdim, düşüb sındı əlimdən.

 

Yəqin ki, heç olmasa burada qədəhin şərab içilən qab yox,  maddi dünya olduğunu anladın. Mən eşqdən məst olub huşumu elə itirdim ki, maddi dünyanı unutdum. Bəs siz onu unuda biləcək qədər “məst” ola bilirsinizmi?

– Niyə də yox?  Amma etiraf edək ki, o məstlik, o ilahi vəcd  anı şimşək kimi qısamüddətlidir. Onun təsiri ilə aydınlansaq da, ömür boyu məst olmaq mümkün deyil. Niyə elə düşünürsən ki, indiki qadın şairlər o anı yaşaya bilməz?

– “Yaşaya bilməz!” demədim. Yaşayırsınız.  Amma  yaşadığınızı şeirə gətirə bilirsinizmi? Yox! Cəsarətiniz çatırmı? Yox!  Ona görə də,  səmimi görünmürsünüz. O vəcdi ani həzz kimi yaşayıb-unudursunuz. Başqalarına yaşada bilmirsiniz. Belə deyək, sən gözəl bağban ola bilərsən. Amma bitirdiyin gülləri yalnız özün qoxulayırsansa, onun ətrafına tikanlı çəpər çəkirsənsə,  sənin yaxşı bağban olmağının nə faydası var?

– Amma etiraf edək ki, elə  çılpaq yazdığın üçün də sənə münasibət birmənalı olmayıb. Haqqındakı  film və iddialar barədə nə deyərdin?

– Tarix boyu azad qadınları həmişə ləkələməyə çalışıblar ki, başqaları onlardan nümunə götürməsin. Bax, elə sənin doğulduğun torpaqda yaşamış Həmidə Cavanşirdən danışaq. Bəyəm o, azad düşüncəsinə, azad davranışına görə az qınanılmışdımı? Hətta kişi paltarı geyinib at sürdüyünə görə, valideynlər qızlarını ondan uzaq tutur, hərəkətlərini təkrarlamalarını istəmirdilər. Amma o qızların içindən məhz Həmidə xanım tarixdə yaşamaq haqqı qazandı... Hə, adaşım, mən də qələmimlə, şəxsiyyətimlə mənə atılan palçıqdan ucada dururam. Məni tanımaq istəyənlər filmə deyil, misralarıma baxsın. Rübailərimdəki “mey”  ilahi eşqdir. Üsyanım riyakarlığa və saxta dindarlığa qarşıdır. Məni “əxlaqsız” adlandıranlar, əslində, öz daxillərindəki çirkabı mənim üstümə atırlar. Bax, bir müddət öncə sən “Kefli İsgəndər”in məzarından bir videoreportaj hazırladın. Reaksiyaları da gördün. Özün də anladın ki, hələ ötən əsrdə yazılmış bir əsər qəhrəmanının prototipi olan İsgəndərin məzarından belə, bugünkü xurafatçılar qorxurlar. Biri yazdı ki, “kafirə rəhmət düşmür”, biri yazdı ki, “ay kafir, şərab istehsal edəni tərifləyirsən”. Və sən özünə qarşı xoş olmayan rəylərlə də qarşılaşanda, sadəcə, o rəyləri silməklə canını qurtardın. Niyə cavab yazmadın? Çünki qorxdun. Öz adından qorxdun. Sabahından qorxdun. Mübahisələrin sənin əleyhinə daha pis şəkildə böyüyəcəyindən qorxdun.  Qorxan birinin  isə azadlıqdan danışması, kiminsə əxlaqını müzakirə etməsi gülüncdür.

– Çox sərt danışmırsan ki?

– Maskasız danışıram.

– Bu tərzdə söhbətə davam etmək çətindir. Amma başladığım işi yekunlaşdırmağa məcburam.  Deməli, sənin haqqında yazılan əsərlərdən Cavi Danın “Məhsəti” romanı çox inandırıcıdır. Bu arada qeyd edim ki, sənin adaşın mən olsam da, içində əsl Məhsəti yaşayan tək-tük qadın şairlərdəndir Cavi Dan... Hə, o əsəri oxuyanda əsl Məhsətini gördüm. O vaxt müəllifə yazdığım məktubda belə bir fikir də var idi: “Əsər boyu bəzən özümü Məhsətinin kölgəsi kimi hiss etdim. Bəzən Məhsətinin özü oldum. Bəzən isə... Bəli, bəzən isə hətta yuxarıdan aşağı baxdım adaşıma”. Bilirsən səni bəzən niyə sevə bilməmişdim? Əsərdə eyni zamanda bir neçə kişiyə olan sevgini həzm etmək çətin idi. Rübailərində də qəssaba, yun əyirən oğlana, torpaq ələyənə, dərzi oğluna, papaqçıya, Gəncə xətibinin oğluna olan busə yağışı, ehtiraslı pıçıltılar çox diqqət çəkir. Səncə, bu, bir əldə saysız-hesabsız qarpız tutmaq deyilmi?

– Axxx, Məhsəti... Əslində, mən böyük səhv etdim ki, səninlə söhbətə razılıq verdim. Bayaqdan danışdıqlarım nə idi? Sən məni dinləmirsənmi?  Hələ də anlamırsanmı ki, mənim üçün sevgi qəfəs yox, azad şəkildə uçmaq idi. Əlbəttə, mənim sevgimi cismani ehtiras kimi  qəbul etmək səfehlikdir. Mən gözəlliyə, zəkaya və sənətə aşiq idim. Ruhlardakı gözəlliyi görüb sevirdim. Ruhun isə cinsi yoxdur... Dediyin rübailərdə mən, əsasən, şəhər mühitini, zəhmət adamlarını vəsf etmişəm. Bunlar “Şəhraşub” adlanırdı. Və Şəhraşub təkcə mənim yox, bir çox şairlərin yaradıcılığında yer alırdı. Bu gün sizlərin 5-10 manat “şirinlik” almaq ümidilə idarə müdirlərinə, rəhbər şəxslərə yazdığınız yaltaq şeirlərin isə adı, janrı və ümumiyyətlə, ədəbiyyatda yeri yoxdur.

Mövzuya qadın tərəfdən yanaşanda, deməliyəm ki, əslində,  Azərbaycan qadınlarının çoxunun içində bir Məhsəti var. Mən bütün dövrlərdə bu qadınların iç səsiyəm. Sadəcə, onların bəziləri bu səsi üzə çıxarmağı bacarır, bəziləri isə susdurur, boğur, gizlədir. Bilirsən hər gün neçə-neçə məhsətilər ölür o eqoist, özünü hamıdan əxlaqlı göstərmək istəyən qadınların içində? Bilirsən əslində onların Məhsəti olmağa nə qədər ehtiyacları var? Fəqət, riyakarlıq edirlər. Əslində, mən elə qadınlar üçün daha maraqlıyam. İstər məni “sevməyən” qadınlar, istərsə də anlayan, duyan qadınlar üçün. Bax, əvvəldə adını çəkdiyin “Məhsəti”  romanın müəllifi Cavi Dan qadındırmı? Qadındır. Əksər rübailərimi kim tərcümə edib? Nigar Rəfibəyli. Məşhur “Məhsəti” heykəlinin müəllifi kimdir? Münəvvər Rzayeva. Bəs “Məhsəti” pyesini kim yazıb? Kəmalə Ağayeva...  Bir sözlə:

 

Zülmət gecə qəm çəkməyə nə həmdəmsən,

Cismim kimi incəlməmisən, möhkəmsən.

Aşiqlərə qiymət verə bilməzsən sən,

Aşiq deyil, eşq əhlinə nə məhrəmsən.

 

Ümid edirəm, nə demək istədiyimi anladın.

– Anladım. Həm də utandım. Tək öz adımdan yox, səni qınayan hər kəsin adından utandım. Etiraf edim ki, sən, doğrudan da, böyük cəsarət sahibi olmusan.  Bəs son olaraq, bir adaşın və azdan-çoxdan yazmağa çalışan bir qadın kimi mənə nə tövsiyə edərdin?

–Adımı daşımaq səninçün həm şərəf, həm də məsuliyyətdir. Tövsiyəm budur ki, başqasının diktəsiylə yazma. Qəlbin nəyi pıçıldayırsa, onu kağıza köçür. Səmimi ol. Azadlığını heç bir hissə qurban vermə. Və onu da unutma ki, Məhsəti olmaq təkcə gözəl söz demək deyil, həm də dediyinə əməl edə bilmək, hər anında dik dayanmağı bacarmaqdır.

                                                           

                                                               

“Ədəbiyyat və incəsənət”

(06.10.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.