“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizlərə gənc şair Ruslan Dostəlinin özüylə söhbəti və şeirləri təqdim edilir.
Layihə ən dəyərli ədəbi nümunələrin təbliğinə hesablanıbdır.
RUSLAN DOST ƏLİ
...ÖZÜYLƏ SÖHBƏTİ
Mən həmişə düşünmüşəm ki, ən çətin şey insanın özüylə səmimi olmasıdır. Başqalarına rol oynamaq asandır. Güclü görünmək də olar, laqeyd görünmək də. Amma adam öz içində gizlənə bilmir. Mən də bu gün gizlənmədim, özümlə danışdım, istədim sizinlə də bölüşüm:
– Gecələr az yatırsan.
– Elə bilirəm, yatanda məni unudar...
– Səni kim unuda bilər ki?
– Özüm. Adamı ən çox özü unudur...
– Yenə şeir kimi danışdın.
– Yox… Şeir başqa şeydi. Şeir adamın danışa bilmədiyini aparıb bir yerə qoyur. Mən, sadəcə, danışmağa çalışıram.
– Səncə, insan niyə yazır?
– Bəzi ağrılar danışanda kiçilir. Adam qorxur ki, hiss etdiyi şey bir gün yox olar. Yazı onu saxlayır.
– Bəs sən nəyi saxlamaq istəyirsən?
– Səsi.
– Hansı səsi?
–Kənddə qış axşamı küləyin darvazanı vurmağının səsini… Anamın uzaqdan öskürməyini… Yağış yağanda damın altında oturan adamın susmasını… İnsan hər şeyi unudur, amma bəzi səslər qalır…
– Qəribə adamsan. Hamı gələcək haqqında düşünür, sən keçmişin səsini qoruyursan.
– Gələcək səs çıxarmır hələ. Ona görə adam keçmişi eşidir.
– Heç özündən qorxursan?
– Hə…
– Bəlkə, ona görə yazırsan?
– Bəlkə də... Amma məncə, insan yazmır… İnsan batmamaq üçün nədənsə yapışır. Kiminin əli siqaret tutur, kiminin dua, kiminin də qələm.
– Sən hansısan?
– Məncə, hamısından bir az.
– Ağrını niyə qoruyasan ki?
–İnsan yaralarını sevər. Çünki ən çox onları yaşayanda özünə bənzəyir.
– Səncə, xoşbəxtlik nədi?
–Səs-küysüz bir axşam. Heç nəyi sübut etmədiyin bir yer. Və yanında susa bildiyin adam.
– Bir gün tam susacaqsan?
–Bilmirəm… Amma qorxuram, o gün gələndə artıq yazmağa heç nə qalmasın…
...VƏ ŞEİRLƏRİ
***
Ciyəri yanır suların,
Sular da çimmək istəyir.
Ağaclar kölgə axtarır,
Çiçəklər çiçək istəyir...
Hər şey ayaq-baş, tərsinə,
Bəs tutunaq hansı dinə?
Allah da düşüb çətinə,
Bizlərdən kömək istəyir...
Durdum yan-yana sözümnən[1],
Gördüm, böyüyəm özümdən.
O kimdi, göyün üzündən
Tullanıb öpmək istəyir?!
***
Əli göyə gedir, dizi torpağa,
Nə göydən əl çəkir, nə yerdən keçir.
Gör, bu vaxt saatda neçəynən[2] gedir,
Mənim görmədiyim hər yerdən keçir.
Yenə bu toy səsi gör hardan gəlir,
Kimdi bu mahnını gündə çaldıran?
Bizim təbiətin öz havası var,
Ona ağaclardı qolun qaldıran...
Sevdiyin payız da müftə işləmir,
Küləklər cibinə pul qoyub gedir.
Tanrı yazımızı yazıb göndərir,
Zaman da altına qol qoyub gedir.
Ən yaxşı əsəri Tanrı yazıbdı,
Qoy inanmayanlar mərc eləsinlər!
Bu dəfə şeirini bir qırağa at,
Ver, alın yazını dərc eləsinlər.
***
Bir əlimdə silah, bir əlimdə gül,
Olmur ey, İlahi,
yox, olmur belə.
Gah yağır, gah kəsir hey bu yağışlar,
Dolmur ey bu boşlar, yox, dolmur belə.
Silahlar açılır, güllər açılır,
Bağlanır-açılır qapılar, Allah.
Hər gecə göylərə əllər açılır,
Yaxan nə yaxaymış,
tapılar, Allah...
Səhərlər açılır qapılar kimi,
Dünyaya açılır səhər qapılar...
Deyirdim, deyirdim:
“Bu yer üzündə
görəsən, hardadı ən böyük qapı?!
...Tapılar, səbir elə, bir gün tapılar...”
Yerdə belə qapı yoxuymuş, demə,
Göy üzü ən böyük qapıymış, demə...
Qapını nə yaman örtüb getmisən,
Bəlkə, cəftəsini qırmısan, Allah?!
Bəlkə də, nə vaxtsa bizə hirslənib
Göyü üzümüzə çırpmısan, Allah!
Hər dəfə çırpanda sən bu qapını,
Bulud ovxalanıb tökülür yerə,
Yağır başımıza yağış halında.
Di gəl ki, dolmur ey, dolmur bu yerlər,
Mən deyən olmur ey, olmur bu yerlər.
Sən mənə baxmazsan pəncərələrdən,
Sən məni hər yerdən görərsən, Allah.
Gələcəm demişdim, görərsən, Allah!
Gör nələr olurmuş qərib həyatda:
Bir əlimdə silah, bir əlimdə gül,
Durmuşam göy boyda qapının altda...
***
Bax, yenə küləklər oyun çıxardır,
Ağaclar oynayır, toz çıxır yerdən.
Yerdən bir gül çıxır Nərgiz adında,
Mən elə bilirəm qız çıxır yerdən...
Qışın ortasında Lalə görmüsən?
Qışın ortasında yanıb-yaxılıb
Bağrının başına “Lalə” deyən var.
Dərdlərin əlindən dəliyə dönüb,
Dərdlərin əlindən yuxusu qaçan,
Hər gecə özünə layla deyən var...
Bu yol hara gedir başın götürüb,
Adamlar dayanıb, yol gedir, Allah.
Desəm, inanmazsan, adam görmüşəm,
İllərdi, düşübdü yolun ağına
Özüylə qol-qol yol gedir, Allah...
***
Görən, məni kim ağladar,
Görən, kim güldürər məni?
Bu yağışda anam kimi
Kimsə geyindirər məni?
Dostlar keçər sağ-solumdan,
Hərdən azaram yolumdan:
Kim çıxar, tutar qolumdan
Yolumdan döndərər məni?
Qəfil, yenə də azmışam,
Yenə andımı pozmuşam:
O qıza şeir yazmışam,
Bilməsin, öldürər məni...
***
Gözüyumulu qaçırdım əlindən tutub,
İndi addımbaşı səndələyirəm...
Elə öyrətmisən acı çəkməyə,
Hər səhər çayımı tünd eləyirəm.
Kimsədə görmədim zərrəni belə,
Gözümü dikmirəm daha heç kimə.
Uca sarayları tikən ustatək
Vurğunam saçını hörmək eşqimə...
Hardan öyrənmisən belə getməyi,
Hardan öyrənmisən axı bunları:
Könlüm cəhənnəm ey, elə getmisən,
Xaraba qoymusan bütün yolları.
Özüymüş adamın ən ağır yükü,
Özüm ilişirəm öz ayağıma...
Mən ki saçlarını evim bilirdim,
Heyranam evimi dağıtmağına!
***
Sevgi nə uduzmur, nə “mars” eləmir,
Sevmək də insanı xilas eləmir,
Duamız Allaha təmas eləmir,
Gedir, göy üzünə dəyir-qayıdır.
Bu bəxt də duymayır nə duyan kimi,
Nə yatmır bir körpə uyuyan kimi.
Gözləyir, biz evdə olmayan kimi,
Gəlir, qapımızı döyür-qayıdır.
Yaxşı bağlamısan ümid Allaha,
Bu günə kömək et, çıxsın sabaha.
Adam dediklərin yaşamır daha,
Gəlir, bu dünyaya dəyir-qayıdır.
***
Çox şeyi danışmaq istəmir adam,
Söz var ki, bilmirsən, dilindən qaçır.
Cəbhədə gözünü dörd açan oğlan
İndi bir gözünü zülmnən[3] açır...
***
Yenə oyun çıxardırsan,
Fırlanırsan başıma.
Nə yaxşı arxadan gəldin
Və çıxmadın qarşıma...
Baxma zəif tərəfimsən,
Bu tərəf gücləndirir məni.
İnan, səninlə içdiyim
Su da kefləndirir məni…
Otur, fırlanım başına,
Sən də mənim oyunuma bax:
Əmr elə, boynum vurulsun,
Bir az da dur, boynuma bax...
***
Müharibəyə qədər ailəsinə baxan adamlara
Müharibədən sonra ailəsi göz qoyurdu.
Qarabağda gedən ağır döyüşlərdən sonra
Qapıbir qonşumuz
Sənəm xalanın işi xeyli yüngülləşmişdi;
Ərinin ancaq bir ayağını yuyurdu...
***
Bir də ki, düşməni bağışlamamaq
Özünü vətənə bağışlamaqdı.
Torpağa sərilmiş hər igid oğlun
Gözünü son dəfə açıb-yummağı
Vətəni gözüylə alqışlamaqdı!
***
Yadıma nə düşdü?
Şair deyirdi ki:
“Müharibə yoxdursa,
Səni sevmək ən vacib işdi...”
***
Hərə
Köşkdən aldığı lotereya kimi
Xəlvətə çəkilib,
Həyəcanla alın yazısını pozurdu.
Məni nə qədər qınayırsız qınayın,
Bu oyunda hamı eyni cür uduzurdu:
“Bəxtinizi bir daha sınayın...”
***
Burda işin-gücün olmayan vaxtı,
Gəl, məsləhət verim, minnətin olsun:
Öyrən yavaş-yavaş məni sevməyi,
Barı, əlində bir sənətin olsun...
***
Sənə uduzmaq da bir ayrı zövqdü,
Adamı nə gözəl “mars” eləyirsən!
Toylarda qolunu qaldırmasan da,
Hissimlə möhtəşəm “dans” eləyirsən.
***
Bircə düşmənliyim özümlə qalıb,
Özümdən qeyri kim var, hamısın bağışlamışam.
Qəribədi ki, gözlərim zəiflədikcə
Daha uzaqgörən olmağa başlamışam...
***
Deyirsən: “Hamı bikardı”,
Deyirsən ki: “Kim işləyir?”
Alnım yazı taxtasıdı,
Allah müəllim işləyir...
***
Sən hələ bilmirsən, sınar, tökülər,
Sən hələ bilmirsən, ürək ət deyil.
Heyif ki, ömrümün qara tərəfi
Təkcə saçlarından ibarət deyil…
***
Ölüb yoxa çıxmaq böyük dərd deyil,
Adam var, ölmədi, sağ yoxa çıxdı.
Sənin güvəndiyin dağa qar yağdı,
Mənim güvəndiyim dağ yoxa çıxdı...
***
Baxma, Günəşin əli dəydi,
Hər yer od tutub yanır.
Qadın ağlayanda elə bilirəm,
Günəş də islanır...
***
Mən səndən yüz dəfə yaxşı ağlaram,
Sən məndən min dəfə qəşəng gülürsən.
Nə olsun, ürəyi görən yoxdu ki,
Üzümdən-gözümdən sən tökülürsən...
***
Mən sənin yanında gözüyumulu
Qaçırdım, uçurdum göylərə sarı.
Bu üçcə metrlik evin içində
İndi gözlərimi dörd açıram ki,
Yıxılmaq təhlükəm azalsın, barı...
***
Mən nəfəs verəndə sənnən[4] verirəm,
Mən nəfəs alanda alıram sənnən.
Mən də bir ustayam, öz sənətim var:
Sözü kəlbətinlə alıram səndən…
***
“Məni ürəyində saxla” demirəm,
Vaxt gələr, görərsən, ürəyin mənəm.
Harda soruşsalar: “Qız, haralısan?”
De ki: “Bir oğlanın ürəyindənəm...”
“Ədəbiyyat və incəsənət”
(02.10.2026)


