Sözdən yaddaşa Featured

NOVRUZ SÜLEYMANOVUN POETİK DÜNYASI VƏ BİR ADIN İKİ ÖMRÜ

 

İlhamə Qəsəbova,

Filologiya üzrə fəlsəfə doktoru, dosent.

“Ədəbiyyat və incəsənət

 

İnsan ömrünün sərhədləri bəzən onun yaşadığı illərlə ölçülmür. Bəzi insanlar özündən sonra söz qoyur, bəziləri əməli ilə, bəziləri isə adını və mənəvi dəyərlərini gələcək nəsillərə ötürməklə yaşayır. El yaddaşında belə insanlar yalnız bioqrafik məlumatlarla xatırlanmır; onların adı bir məkanın, bir nəslin, bir ailənin və bütövlükdə mənəvi yaddaşın ayrılmaz hissəsinə çevrilir. Bu baxımdan Novruz Musa oğlu Süleymanovun taleyi və yaradıcılığı xüsusilə diqqətəlayiqdir. O, bir tərəfdən Məzəm kəndinin sayılıb-seçilən ağsaqqalı, digər tərəfdən isə sözə və saz-söz ənənəsinə bağlı el şairi kimi yadda qalmışdır. Onun poetik irsi xalqın içindən doğan, həyat müşahidələrinə, el-oba duyğusuna, mərdlik və insanlıq anlayışlarına söykənən bir yaradıcılıq nümunəsidir.

 

El şairi Novruz Musa oğlu Süleymanov 1941-ci il oktyabrın 20-də Qazax mahalının Məzəm kəndində anadan olmuşdur. Orta təhsil almış, hələ uşaqlıq illərindən saz-söz sənətinə maraq göstərmiş, erkən yaşlarından şeir yazmağa başlamışdır. Sonralar el arasında el şairi kimi tanınmış, yaradıcılığında əsasən qoşma janrına müraciət etmişdir. Onun poetik düşüncəsinin formalaşmasında yaşadığı mühitin, kənd həyatının, el məclislərinin, aşıq sənətinin və xalq danışıq dilinin mühüm rolu olmuşdur.

Novruz Süleymanov yalnız yaradıcılığı ilə deyil, zəngin həyat təcrübəsi, müdrikliyi və ağsaqqal mövqeyi ilə də Məzəm kəndinin hörmətli insanlarından biri olmuşdur. Sözə, sənətə, el-obanın mənəvi dəyərlərinə bağlılığı onun kənd mühitində xüsusi nüfuz qazanmasına səbəb olmuşdur. Şeirləri müxtəlif məclislərdə söylənmiş, el arasında yayılaraq yaddaşlarda yaşadılmışdır. Onun yaradıcılığının mühüm xüsusiyyətlərindən biri də məhz bu şifahi dolaşım prosesidir. Şairin sözləri kitab səhifələrindən daha çox insan yaddaşında, məclislərdə, söhbətlərdə və el içində yaşamışdır.

Təvazökarlığı ilə seçilən Novruz Süleymanov yaradıcılığını nəşr etdirməyə xüsusi səy göstərməmiş, əsərlərinin bir qismini yazıya almaqdan belə çəkinmişdir. Bu səbəbdən onun zəngin poetik irsinin yalnız müəyyən hissəsini toplamaq mümkün olmuşdur. Əldə olan nümunələr onun xalq danışıq dilinə yaxın, səmimi, obrazlı və həyat müşahidələri ilə zəngin poetik düşüncəyə malik olduğunu göstərir. Şairin dili mürəkkəb poetik konstruksiyalardan daha çox xalqın gündəlik danışıq üslubuna, el deyimlərinə və aşıq şeirinin ifadə imkanlarına söykənir. Bu sadəlik onun yaradıcılığının zəifliyi deyil, əksinə, el şairliyinin əsas poetik xüsusiyyətlərindən biridir.

Novruz Süleymanovun poetik dünyasının mərkəzində el, oba, Vətən, insan, mərdlik, dostluq və mənəvi yaddaş dayanır. Onun “Məzəmdədi” şeiri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şair burada doğma kəndini yalnız coğrafi məkan kimi təqdim etmir. Məzəm onun üçün igidliyin, mərdliyin, sözün, sənətin və insanlığın məkanıdır.

“Balaca da olsa doğma vətənim” misrası ilə başlayan şeir ilk baxışda bir kəndə həsr edilmiş məhəbbət nəğməsi təsiri bağışlayır. Lakin mətnə diqqətlə yanaşdıqda burada daha geniş bir yaddaş funksiyasının həyata keçirildiyi görünür. Şair Məzəmin ayrı-ayrı insanlarını adları ilə xatırlayır, onların xarakterini, fərdi xüsusiyyətlərini və el içindəki mövqelərini poetik şəkildə təqdim edir. Beləliklə, şeir bir növ kəndin mənəvi salnaməsinə çevrilir.

Burada diqqəti çəkən başqa bir məqam real insanlarla epik və mifoloji qəhrəmanların eyni poetik müstəvidə təqdim edilməsidir. Koroğlu, Rüstəm-Zal, Musa, Süleyman, Xəyyam və digər adlar Məzəm kəndinin insanları ilə yanaşı çəkilir. Bu üsul təsadüfi deyil. Xalqın qəhrəmanlıq yaddaşında yaşayan obrazlar vasitəsilə şair öz kəndinin insanlarını da həmin mənəvi dəyərlər sisteminə daxil edir. Beləliklə, Məzəmin real sosial mühiti xalqın epik yaddaşı ilə əlaqələndirilir.

Bu mənada “Məzəmdədi” sadəcə kənd haqqında yazılmış şeir deyil. O, bir kəndin poetik portreti, el yaddaşının sözlə qorunan nümunəsidir. Novruz Süleymanov burada öz kəndinin insanlarını gələcək nəsillərə tanıtmaqla onların adlarını yaddaşda yaşadır. Bu xüsusiyyət sonralar onun ailə taleyində xüsusi məna qazanacaq “adın yaşaması” düşüncəsi ilə də səsləşir.

Şairin yaradıcılığında mərdlik və namərdlik qarşıdurması da mühüm yer tutur. “Kişi kimi”, “Unutma”, “Zaman” və “Zamana” şeirlərində onun mənəvi-əxlaqi mövqeyi aydın şəkildə ifadə olunur. Novruz Süleymanov üçün kişi olmaq yalnız fiziki güc və igidlik deyil. Kişilik, ilk növbədə, sözə sədaqət, dostluğa vəfalı olmaq, dar gündə insanın yanında dayanmaq, el-obaya bağlı qalmaq və namərdliyə qarşı mövqe tutmaqdır.

“Kişi kimi” şeirində bu düşüncə birbaşa və sərt poetik dillə ifadə edilir. Şair namərdliyin qarşısında baş əyməkdənsə, həyatın bütün çətinliklərinə mərd insan kimi sinə gərməyi üstün tutur. “El kişi kimi”, “sel kişi kimi”, “kişi kimi” ifadələrinin təkrarı şeirin ideya mərkəzini təşkil edir. Burada “kişi” anlayışı həm sosial, həm də mənəvi kateqoriyadır. Şairin ideal insan modeli mərd, etibarlı, sözünün sahibi olan və dar gündə sınaqdan çıxan insandır.

“Unutma” şeirində isə nəsihətamiz ton daha güclüdür. Şair insanın həyatda yüksəldikcə onu yetişdirən eli-obası, keçdiyi yol və sadəlik duyğusunu unutmamasını istəyir. “Tərəqqidə tənəzzülü unutma” fikri həyatın dəyişkənliyinə diqqət çəkən fəlsəfi mahiyyət daşıyır. İnsan yüksəldikcə yıxılma ehtimalını, uğur qazandıqca həyatın dəyişkənliyini unutmamalıdır. Şairin Ələsgərin adını çəkməsi də onun aşıq-şair ənənəsinə bağlılığını göstərir. Burada ustad sənətkarın adı həm sənət meyarı, həm də mənəvi ölçü kimi çıxış edir.

“Zaman” və “Zamana” şeirlərində Novruz Süleymanovun dünyaya münasibəti daha sərt ictimai-əxlaqi məzmun qazanır. Şairin narahat olduğu əsas məsələ mərdin darda, namərdin isə başda olmasıdır. “Qoyunu tapşırıb qurda” kimi xalq təfəkküründən gələn obrazlar vasitəsilə o, öz dövrünün sosial-əxlaqi ziddiyyətlərini ifadə edir. Bu şeirlərdə şairin əsas mövqeyi dəyişmir: haqqın, mərdliyin və insanlığın yanında dayanmaq.

Novruz Süleymanovun poetik dünyasında təbiət obrazları da mühüm yer tutur. “Bənövşə” şeirində bənövşə yalnız bir çiçək deyil, zərifliyin, məsumluğun, baharın və yenilənmənin poetik simvoluna çevrilir. Şair bənövşəni insanlaşdırır, ona sirr, duyğu və taleyə münasibət qazandırır. Təbiət burada insan ruhunun poetik aynasıdır. Bənövşənin saralmaması, solmaması arzusu əslində həyatın, gözəlliyin və məsumluğun qorunması istəyidir.

“Bülbül” şeirində isə təbiət obrazı daha fərqli məna qazanır. Bülbül ənənəvi xalq poetik düşüncəsində olduğu kimi burada da sevgi və həsrətin daşıyıcısıdır. Lakin Novruz Süleymanovun bülbülü həm də Vətəndən xəbər gətirən rəmzi obrazdır:

“Bəlkə vətənnən gəlibsən,
Açıbdırmı gül, ay bülbül.”

Bu misralarda bülbül şairin qarşısında danışa bilən, Vətəndən xəbər gətirə bilən bir varlıq kimi təqdim edilir. “Qürbətdə qolu bağlıyam” ifadəsi isə həsrətin sadəcə coğrafi uzaqlıq deyil, daxili sıxıntı olduğunu göstərir. Bülbülün səsi şair üçün Vətənə gedən mənəvi yolun səsinə çevrilir.

“Vurğun” şeiri Novruz Süleymanovun ədəbi yaddaşında Səməd Vurğunun xüsusi yer tutduğunu göstərir. Burada “Dəli Kür”, “Rüstəm-Zal”, “qartal”, “şikar” kimi obrazlar vasitəsilə Vurğunun sənətkarlığı ucalıq, qüdrət və qəhrəmanlıq anlayışları ilə əlaqələndirilir. Şair böyük sənətkar haqqında danışarkən belə xalq poetik təfəkkürünün obraz sistemindən istifadə edir. Bu da onun ədəbi dünyasının aşıq və el şairliyi ənənəsindən qidalandığını göstərən cəhətlərdəndir.

Novruz Süleymanovun şeirlərində insan taleyinin ağır tərəfləri də öz əksini tapır. “Ağlaram” və “Ana” kimi nümunələrdə hicran, ayrılıq, itki və mənəvi sarsıntı motivləri ön plana çıxır. Burada şairin şəxsi duyğuları ilə xalq şeirinin kədər poetikası birləşir. “Ana” şeirində ağrı daha şəxsi və dramatik xarakter alır. Ana obrazı doğmalığın, mərhəmətin və insanın ən çətin anında sığındığı mənəvi ünvanın simvoludur.

“Ağlaram” şeirində isə şairin yaddaş və itki anlayışına münasibəti diqqət çəkir. İtirilən insanlar, keçmişdə qalan xatirələr və yadigar qalan sözlər bir-birinə bağlanır. Şeirin sonunda “Novruzam, sözümü deyib nəhayət” deməsi də təsadüfi səslənmir. Şair üçün söz demək həm daxili ağrını ifadə etmək, həm də yaşananları yaddaşa həvalə etməkdir.

Novruz Süleymanovun poetik irsi müxtəlif mövzulara müraciət etsə də, onun bütün yaradıcılığını birləşdirən əsas xətt yaddaş və mənəvi dəyər anlayışıdır. O, Məzəmi və onun insanlarını, mərdliyi, dostluğu, Vətən duyğusunu, insan ağrısını və zamanın ziddiyyətlərini sözə gətirərək yaşadığı mühitin mənəvi salnaməsini yaradırdı. Onun şairliyi böyük iddialardan uzaq, lakin həyatın içindən gələn səmimi bir el şairliyidir.

Bu poetik yaddaşın qarşısında isə həyatın özünün yazdığı daha ağır bir səhifə vardı.

Novruz Süleymanovun həyatının ən böyük sınağı Qarabağ müharibəsi illərinə təsadüf etdi. 1992-ci ildə oğlu Şahin torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid oldu. Ata üçün övlad itkisi sözlə ifadə olunması çətin olan bir ağrıdır. El şairi üçün isə bu ağrı həm şəxsi faciə, həm də Vətən dərdi idi. Çünki Şahin sadəcə bir ailənin övladı deyildi; o, torpağın müdafiəsi uğrunda həyatını qurban vermiş Azərbaycan gənci idi.

Novruz Süleymanovun illər boyu şeirlərində ifadə etdiyi mərdlik, igidlik, Vətən və el-obaya bağlılıq anlayışları onun həyatında real hadisəyə çevrildi. Şair sözlə ifadə etdiyi mənəvi dəyərlərin ən ağır sınağını öz ailəsində yaşadı.

Burada bir ailə tarixinin daha dərin mənası üzə çıxır. Novruz Süleymanov sözü ilə el yaddaşını qoruyurdu. Oğlu Şahin isə canı ilə Vətənin yaddaşına yazıldı. Birinin silahı söz, digərinin silahı isə Vətəni qoruyan iradə idi. Bu iki talenin kəsişdiyi yerdə artıq yalnız bir ailənin deyil, bütöv bir xalqın yaddaşına aid mənzərə yaranır.

Şahinin şəhidliyindən sonra ailənin yaşatdığı bir ənənə isə bu yaddaşın başqa bir müstəviyə keçməsinə səbəb oldu. Şahinin qardaşının dünyaya gələn oğluna onun adı veril. Beləliklə, vaxtsız qırılan bir ömrün adı yeni doğulan körpənin adı ilə yenidən ailənin içində səslənməyə başladı.

Bu hadisə türk mifoloji düşüncəsində adın mahiyyəti haqqında təsəvvürlərlə səsləşən dərin məna daşıyır. Türk düşüncə sistemində ad yalnız insanı başqalarından fərqləndirən söz deyil. Ad insanın ailə, soy, nəsil və mənəvi yaddaş içindəki yerini müəyyənləşdirən mühüm işarələrdən biridir. Ad vermə yeni doğulan uşağın ailə və toplum yaddaşına daxil edilməsinin simvolik forması kimi də anlaşılır.

Xüsusilə vaxtsız dünyasını dəyişmiş, igidliyi və qəhrəmanlığı ilə yadda qalmış bir insanın adının yeni doğulan uşağa verilməsi bioloji davamlılıqdan daha çox mənəvi davamlılıq yaradır. Burada ölümün yaratdığı qırılma ad vasitəsilə yaddaşda bərpa olunur. Ölən insanın həyatı eynilə təkrarlanmır; onun adı, xatirəsi, mənəvi obrazı yeni nəslin yaddaşına ötürülür.

Bu baxımdan Şahin adının yeni doğulan uşağa verilməsi sadəcə bir ad seçimi deyildi. Bu, ailənin öz yaddaşına sahib çıxmasının, şəhid ömrünü unutmadığını göstərməsinin və həmin adı gələcəyə ötürməsinin mənəvi ifadəsi idi.

 

BİR ADIN İKİ ÖMRÜ: ŞƏHİD ŞAHİNDƏN AŞIQ ŞAHİNƏ

İnsan bəzən özündən sonra yalnız bir ad qoyur. Lakin elə adlar var ki, bir ömürdən digərinə keçərək yeni məna qazanır. Şahin adı da belə bir taleyə sahib oldu. Bir Şahin Vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəldi. Başqa bir Şahin isə həmin adı daşıyaraq böyüdü və saz-söz sənətini seçdi. Beləliklə, şəhidin adı ailə yaddaşından çıxaraq sənətin yaddaşına daxil oldu.

Aşıq Şahin Süleymanovun sənət yolu bu baxımdan yalnız fərdi yaradıcılıq yolu kimi qəbul edilə bilməz. Onun daşıdığı adın arxasında bir şəhid ömrü, bir ata ağrısı və bir ailənin yaddaşı dayanır. O, sazı əlinə alarkən yalnız sənətin ənənəsini davam etdirmir; həm də öz adının daşıdığı mənəvi yükü gələcəyə aparır.

Türk və Azərbaycan mədəniyyətində sazın yaddaş daşıyıcısı kimi xüsusi yeri vardır. Aşıq sazı ilə yalnız musiqi yaratmır, sözlərlə keçmişi çağırır, qəhrəmanları xatırladır, adları yaşadır, elin dərdini və sevincini ifadə edir. Bu baxımdan Aşıq Şahinin sənətində onun adının da xüsusi simvolik mənası yaranır.

Şəhid Şahin torpağın müdafiəsində dayanmışdısa, Aşıq Şahin mənəvi yaddaşın qorunmasında dayanır. Biri Vətənin fiziki sərhədlərinin müdafiəsində öz ömrünü qurban verdi, digəri sazı və sözü ilə həmin Vətənin mənəvi sərhədlərini qoruyur. Burada silah ilə sazı eyniləşdirmək deyil, onların daşıdığı mənəvi missiyanın bir-birinə bağlandığını göstərmək əsasdır.

Şəhidin adı yeni doğulan uşağa verildiyi gün bir xatirə qorundu. Aşıq Şahin həmin adı sənətə gətirdiyi zaman isə xatirə artıq fərdi ailə yaddaşından çıxaraq ictimai-mədəni yaddaşa doğru hərəkət etdi.

Novruz Süleymanovun yaradıcılığında gördüyümüz sözlə yaddaş yaratmaq missiyası yeni bir formada davam edir. Ata sözlə insanları, məkanı, el-obanın dəyərlərini yaddaşa yazırdı. Oğlu Şahin öz ömrünü Vətən yolunda qurban verməklə həmin yaddaşa yeni məna qazandırdı. Onun adını daşıyan Aşıq Şahin isə sazın səsində bu yaddaşı gələcəyə daşıyır.

 

Novruz Süleymanov sözü ilə bir yaddaş yaratdı, Şahin Süleymanov ömrü ilə həmin yaddaşı Vətən tarixinin bir parçasına çevirdi, Aşıq Şahin isə sazı ilə bu yaddaşı gələcəyə daşıdı.

Bu üçlükdə söz, şəhidlik və sənət bir-birindən ayrılmır. Söz yaddaşı yaradır, şəhidlik həmin yaddaşı müqəddəsləşdirir, sənət isə onu gələcək nəsillərə ötürür.

Bu mənada Aşıq Şahinin adı yalnız bir insanın adı deyil. O adın içində bir atanın sözü, bir şəhidin ömrü və bir ailənin yaddaşı yaşayır. Şahin adı bir ömürdən digərinə keçməklə sadəcə təkrarlanmayıb; mənəvi bir əmanət kimi yeni sahibinin həyatında yenidən məna qazanıb.

Bəlkə də buna görə sazın pərdələrində səslənən hər bir Şahin adı insanda yalnız bir sənətkar haqqında düşüncə yaratmır. O adın arxasında torpaq, Vətən, şəhidlik, ata ağrısı, ailə yaddaşı və gələcəyə ötürülən mənəvi əmanət görünür.

Novruz Süleymanovun həyatı sözlə başlayan, şəhidlik ağrısı ilə ağırlaşan və sənətdə davam edən bir yaddaş yolunun ilk mərhələsidir. Onun oğlu Şahin bu yolun ən ağrılı səhifəsinə çevrildi. Aşıq Şahin isə həmin səhifənin bağlanmasına deyil, yeni nəfəslə davam etməsinə səbəb oldu.

Bir Şahin torpaqda uyuyur, bir Şahin sazla yol gedir. Əslində isə yaşanan bir addır, bir xatirədir, bir mənəvi ömürdür.

İnsan həyatdan gedə bilər, amma adı, sözü, əməli və xatirəsi yaşadıqca onun mənəvi ömrü davam edir. Novruz Süleymanovun sözü el yaddaşında, Şahin Süleymanovun adı Vətən tarixində, Aşıq Şahinin sazı isə həmin yaddaşın gələcəyində yaşayır.

Bir ailənin taleyində söz sənətə, sənət yaddaşa, yaddaş isə gələcəyə çevrilir.

Allahdan Şəhidimizə, Atası Novruz kişiyə rəhmət diləyirik. Aşıq Şahin Süleymanova isə sazı qədər ömür diləyirik.

 

“Ədəbiyyat və incəsənət”

(25.09.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.