“Yenə gözlərimin yağış fəslidir...” Featured

“Ədəbiyyat və incəsənət” portalının “Axşam saatlarında” rubrikasında bu gün sizlərə Aləmzar Sadiqqızının şeirlərini təqdim edirik.

 

 

ALƏMZAR SADİQQIZI

 

ALƏM BOYDA AĞRISI VAR ADININ...

 

Uşaq, böyük kim gördüsə, ilk sözü:

"Nə gözəldi gözün sənin" – dedilər.

Bilmədilər amma o an, o dəmdə

Ürəyimi dibinəcən yedilər...

 

Deyəmmədim bu gözləri ağladan,

Namərd kimi köçüb gedən mərdi var...

Bu gözləri öpüb gedən, dönməyən,

Ata adlı sağalmayan dərdi var.

 

Hamı mənə, mən dərdimə vuruldum,

Qəm yazıldı o günlərdən gözümə.

Güldürməyi bacarmadım bir dəfə,

Gözlərimdən qəm süzüldü sözümə.

 

Biri vardı, öpmədi ki gözümdəm,

Ayrılıqdır gözdən öpmək, deyirlər...

Ayrılığı elə yazdı ömrümə,

Xatirələr ürəyimi yeyirlər.

 

Hər bu sözü eşidəndə susuram,

Dinmirəm ki, ürəyimdə gülürəm...

Bir də bilsəz, bu gözlərin əlindən

Bir ömürdü göz yaşından ölürəm.

 

Bu "gözləri  göydən gözəl mələyin"

"Özü payız, dərdi xəzəl" qadının,

Bu "taleyi birtəhər yazılanın"

Aləm boyda ağrısı var adının!

 

 

GEDƏK BİR CÜT GÜL QOYAQ...

 

Gözlərin aydın olsun,

Ürəyimdən qan axır...

Əlimlə kəsdim, tökdüm,

Bitdi bu sevgi, axır!

 

Bir azca sürt alnına

Ürəyimin qanından...

Könlümü qurban kəsdim,

Nəzir verdim adından.

 

Qəm eləmə bu gündən,

Get sevgi bazarına...

Gedək bir cüt gül qoyaq

Sevginin məzarına!

 

 

YENƏ ÜZ-ÜZƏYİK…

 

Yenə üz-üzəyik, yenə bu axşam

Mən səni görürəm hayana  baxsam,

Bir damla yaş olub gözündən axsam...

Olaram yolunda pərvanə, Tanrım...

 

Ey mənim dünyada ən böyük eşqim,

Ən böyük dayağım, ən gözəl şeirim,

Yuxumda sən məni sarvan seçmişdin

Sənə qonaq gələn karvana, Tanrım.

 

Mən sənin ən adil qulun, kölənəm...

Səninçün yaşayan, sənçün ölənəm,

Dərdimi həmişə sənlə bölənəm,

Gəlmişəm yolunda qurbana, Tanrım.

 

 

AZ QALIB...

 

Az qalıb... lap bir azca

Ta səni unutmağa.

Bu gün bilet almışam

 Özümə qayıtmağa...

 

Sənə ağır gəlirəm,

Yükü olmayan adam, 

Yandıranda gəlməyə

Tükü olmayan adam.

 

Nə sevməyə ürəyin,

Nə də göz yaşın qalıb.

Mənə təslim olmağa

Yalnız savaşın qalıb.

 

Sən bilməzsən sədaqət,

Nə də məhəbbət nədir,

Sevdiyinlə yaşamaq,

Həyat, səadət nədir...

 

Daha səni sevmərəm!

Bu söz bir andım olsun!

Bir gün ölüb gedərsəm,

Bu da son qəmin olsun!

 

 

GƏLMİŞƏM

 

Bir də görərsən ki, qapın doyülür,

Bir də görərsən ki, çıxıb gəlmişəm.

Məndən istədiyin hədiyyə ki var,

Ovcumun içinə sıxıb gəlmişəm.

 

Sən mənim ömrümə yağan qarmısan?

Dərdli payızmısan, ya baharmısan? 

Gerçəkmi, xəyalmı, ya yalanmısan? 

Mənəm, yanağından axıb gəlmişəm.

 

Arxada bir sənsiz ömür var, gülüm,

Sənə söz verməyə qısadı dilim,

Götür ürəyimi, yar dilim-dilim,

Sənin həsrətinnən yaxıb gəlmişəm.

 

Yağan yağmurunam, batan ayınam,

Gecikən ilinəm, günün, ayınam,

Gördüyün yuxunam, gələn yayınam...

Sənin gözlərinə baxıb gəlmişəm.

 

"Göy gözü göylərdən gözəl" mələyim,

Bənövşə ətirlim, küskün çiçəyim,

Ay ruhu özündən gözəl– göyçəyim,

Ruhuma qanadlar taxıb gəlmişəm! 

 

 

BİR ÖMÜR İÇİMDƏ ASDIĞIM ADAM...

 

Daha düşünməyə tabım  qalmayıb,

Nə də ağlamağa gözümün yaşı.

Bu şeir də olsun nakam ömrümün

Başına qoyduğum bir məzar daşı...

 

Daha yollarına baxan deyiləm, 

O yollar dağılsın qoy həsrətimdən!

Həmişə, hər yerdə yıxılmışam mən

Altıncı hissimin bəsirətindən...

 

Sənə gələn gündən anlamalıydım,

İkiyə bölünmüş yadımsan mənim.

Bir ömür içimdə asdığım adam,

Heç vaxt dadmadığım dadımsan mənim...

 

Sənsən milyon yerə bölünən adam,

Sən hardan biləsən məhəbbət nədir? 

Sən hardan biləsən bir məsum eşqin

Tək sənə verdiyi səadət nədir?

 

Yolun açıq olsun ürəyin kimi,

Gələni, gedəni yaxşı qarşıla...

Hələ ki ömrünü verirsən yelə,

Hələ anlamırsan nə var qarşıda.

 

Hələ gec bilərsən, gec anlayarsan

Məni itirməyin ağrılarını.

Əlində üç alma qaldığı zaman

Dinlərsən Aləmin nağıllarını...

 

 

BU SEVGİ

 

Minlərlə ağrıdan keçdi bu sevgi,

Yaşaya bilmədim, ölə bilmədim.

Nə sənin agrını mən bilə bildim,

Nə mən çəkənləri sən bilə bildin...

 

Yaşarıq beləcə, öllük beləcə,

Nə sənsiz, nə mənsiz dağılmaz dünya.

Min Leyli, min Məcnun çürüdüb həyat,

Əmin ol bizə də ağlamaz  dünya.

 

"Mehrabı eşq olan uca göylər"im

Yazıbdı bu qədər-qəzanı mənə.

Bəlkə də, Tanrının acıgı tutub,

Kəsib öz əliylə cəzanı mənə.

 

Aləmin ürəyi yarpaqdan incə,

Tanrının hökmünə dözərmi, bilməm?

Bir onu bilirəm sən dönənəcən,

Nə sənsiz yaşaram, nə sənsiz ölləm!

 

 

SƏNƏ BİR NAĞIL DANIŞIM...

 

Gəl sənə bir ocaq verim

Könlümün sazaq yerindən.

Özümdən gözəl gül dərim

Ömrümün uzaq yerindən.

 

Tut əlindən o çiçəyin, 

Apar, yar, qoy sənin olsun.

Bir gün səndən dönər olsam,

Sevgim mənə qənim olsun.

 

Qoy bütün dünya bir yana,

Mən də ki bir yana  olum.

Sən məni sığdır ruhuna,

Mən də sənin ruhun olum.

 

Gəl... sənə bir ömür verim

Ömrümün bitən yerindən...

Sənə bir nağıl danışım

Həsrətin itən yerindən.

 

 

BU GÜN DƏ BİR QƏMLİ NƏĞMƏ KİMİYƏM...

 

Bu gün də bir qəmli nəğmə kimiyəm...

Əli ürəyində dolan qadınam.

Səsin gəlməyəndə evi yıxılan,

Dünyası dağılan,  solan  qadınam...

 

Nə könlüm açılır, nə də ki, gözüm,

Nə səbrim qalıbdı, nə də ki dözüm,

Neyləsəm, tapmıram bu dərdə çözüm,

Hər sözü-söhbəti yalan qadınam.

 

Mənəm bu dünyanın qəmli qadını,

Çoxdan itirmişəm  ağız dadımı,

Sevdim doğmaları, sevdim yadımı,

Ömrü başdan-başa talan qadınam.

 

Allahın izniylə yazıb-pozuram,

Özüm öz könlümdə itib azıram,

Olsun, hər əzaba, qəmə razıyam,

Sevən könüllərdə qalan qadınam.

 

Aləməm, dünyada tək səni sevdim,

Sənsiz bu dünyada yiyəsiz evdim,

Səni vətən bildim, səni ev bildim,

Səninlə yaşayıb ölən qadınam.

 

 

SƏNƏ KÜS ADAM...

 

Mən bir az içində azan adamam,

Bir az da unutqan, bir az pis adam.

Məndən inciməyi heç düşünməyin,

Bir az "uşaq" adam, bir az hiss adam...

 

Mən sənə qoşulub ağlaya billəm,

Coşğun çaylar kimi çağlaya billəm,

Səni ürəyimə bağlaya billəm,

Sənə incik adam, sənə küs adam...

 

Bəlkə, bu dünyanın nağıl  qızıyam,

Bir Aləm qızıyam, bahar, yazıyam,

Küləyi, yağışı, qəmli sazıyam...

Bir az duman adam, bir az sis adam.

 

 

YENƏ GÖZLƏRİMİN YAĞIŞ FƏSLİDİR...

 

Yenə gözlərimin yağış fəslidir...

Bir yalan sevgini dəfn edir ömrüm...

Dünən nə umurdu, bu gün nə tapdı...

Daha məcrasına sığmayır könlüm.

 

Havamı bənzəyir, mənmi havaya? 

Buludlar, bəlkə də, əksimi çəkir,

Alıb ağuşuna küləklər məni,  

Təbiət sonuncu şəklimi çəkir...

 

Mənmi uzaqdayam, uzaqmı məndə...

Bilmirəm dünyanın hayanındayam.

Gah elə bilirəm, bir məzardayam, 

Gah da ömür adlı bir saraydayam...

 

Güldün, gülüşünə sığındım, ömrüm, 

Darıxdın, qoşuldum ayaz könlünə...

Mən bahar fəslindən çoxdan küsmüşəm,

Onunçün gətirdim payız ömrünə...

 

Bu da həyatımın qış nagılıdı...

Üç alma yerinə göydən qar yağar...

Mən bir az Allahın qəmli qızıyam...

Qoşulub buluda yağdıqca yağan...

 

 

BİR DƏ PAYIZINA GƏLMƏZ BU BAHAR...

 

Bir də görəcəksən, çıxıb getmişəm,

Bir də görəcəksən, dünya bomboşdu...

Sən məni göylərdən yerə endirdin...

Qoy olsun, əzizim, sənə bu xoşdu...

 

Bəlkə də, son sözü deyirəm sənə, 

Sən mənsiz yaşaya bilməyəcəksən...

Bəlkə də, yüz qadın ötər yanından...

Sən məni bir daha görməyəcəksən! 

 

Bəlkə, Allah bilir olub-bitəni...

Ancaq sən bilmirsən nələr olacaq...

Bəlkə də, bir heçlik uğrunda canım.

Dünyanda ən böyük heçlik olacaq! 

 

Yoracaq bu yollar, bu izlər səni, 

Üzünə bir qapı açılmayacaq...

Ardınca gözündən yaş ələyən yox,

Dönərkən "min sual" sorulmayacaq...

 

Bir də bu Aləmi doğmaz bir ana...

Bir də payızına gəlməz bu bahar...

Mən sənin ömrünə necə gəlmişdim, 

Nə Allah danışar, nə dost pıçıldar...

 

 

ÖLDÜRMƏSİN HƏSRƏTİN...

 

Səni çox incitmişəm,

Necə, nə cür, bilirəm...

Mənim cəzam Tanrıdan,

Sən kəsənə gülürəm...

 

Bütün günahlar sənin,

Cəzalar mənim olsun!

Götür, ürəyindən as,

Babalı sənin olsun.

 

Ömrüm yaralı quşdu,

Qırmısan qanadımı,

Bir qəfil ölüm ilə

Qıraram inadını...

 

Bəlkə, üz-üzə gəllik,

Mən susum, sən dinərsən...

Gözlərimə baxanda

Günahını görərsən.

 

Ömür ki var, nə sənin,

Nə də mənim olacaq.

Əzəl-axır ürəyim

Yenə sənin olacaq.

 

Öncə Allah, sonra sən,

Vurduqca vurun məni.

Neçə ki yaşayıram,

Sınayın, durun məni.

 

Bir günahım var mənim,

O da səni sevməkdi.

Bircə dərdim var ancaq,

O da səni yenməkdi.

 

Yığıb günahlarını

Qoyma mənim boynuma.

Bir gün köçüb gedərəm

Bu torpağın qoynuna! 

 

Min aləm var, bir Aləm,

O da sənin qismətin.

Qayıt Allah eşqinə,

Öldürməsin həsrətin!

 

“Ədəbiyyat və incəsənət”

(22.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.