İnci Məmmədzadə,
“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi
John Creasey (Con Krizi) XX əsrin ən məhsuldar ingilis yazıçılarından biri hesab olunur. O, xüsusilə detektiv, kriminal, casusluq və macəra romanları ilə tanınıb. Bundan başqa, elmi-fantastika, vestern və romantik əsərlər də yazıb. Creasey yaradıcılığı boyu çoxsaylı təxəllüslərdən istifadə edib və 600-dən artıq kitabın müəllifi kimi tanınır.
John Creasey 17 sentyabr 1908-ci ildə İngiltərənin Southfields bölgəsində, zəhmətkeş ailəsində anadan olub. O, ailənin doqquz övladından yeddincisi idi. Uşaqlıq illəri maddi baxımdan asan keçməyib. Creasey hələ uşaq yaşlarından yazmağa böyük maraq göstərirdi. Məktəbdə müəllimlərindən biri onun yazıçılıq qabiliyyətini fərq etmişdi. O, 14 yaşında məktəbi tərk etdikdən sonra yazıçı olmaq arzusunun arxasınca getməyə çalışıb.
Lakin onun yazıçılığa gedən yolu çox çətin olub. Uzun müddət yazdığı əsərləri heç bir nəşriyyat qəbul etmirdi. Rəsmi bioqrafik məlumatlarda onun 743 dəfə rədd cavabı aldığı qeyd olunur. Bu rəqəm onun haqqında ən çox xatırlanan faktlardan biridir. Bu uğursuzluqlara baxmayaraq, Creasey yazmaqdan əl çəkməyib. Creasey müxtəlif vaxtlarda katiblik, satış və başqa işlərdə çalışıb.
Bu dövrdə bir tərəfdən dolanışığını təmin edir, digər tərəfdən isə yazıçılıq fəaliyyətini davam etdirib. Onun ilk kitabının 1930-cu ildə nəşr edildiyi, ilk kriminal romanı “Seven Times Seven”in isə 1932-ci ildə işıq üzü gördüyü göstərilib. 1930-cu illərin ortalarından etibarən onun yazıçılıq karyerası sürətlə inkişaf etməyə başlayıb. 1935-ci ildən etibarən artıq özünü əsasən peşəkar yazıçılığa həsr edib
John Creasey haqqında danışarkən ən diqqətçəkən məqam onun möhtəşəm yazı məhsuldarlığıdır. Mənbələr onun kitablarının sayını 560-dan 600-dən çoxa qədər göstərir. John Creasey-in rəsmi kitab siyahısında isə 600-dən artıq əsər qeyd olunur. Onun belə böyük həcmdə yazmasının əsas səbəblərindən biri müxtəlif təxəllüslərdən istifadə etməsi olub. Creasey eyni vaxtda çoxsaylı kitablar yazdığı üçün bütün əsərləri öz adı ilə nəşr etdirmirdi.
Ən məşhur təxəllüsləri arasında:
J. J. Marric
Anthony Morton
Gordon Ashe
Michael Halliday
Norman Deane
Jeremy York
M. E. Cooke
Peter Manton
Robert Caine Frazer
və başqaları var idi.
Bu səbəbdən müxtəlif kitabları oxuyan oxucu bəzən onların eyni yazıçı tərəfindən yaradıldığını bilməyə bilərdi. Creasey yalnız klassik detektiv romanlar yazmırdı. Onun yaradıcılığı kifayət qədər geniş idi.
Əsas istiqamətləri:
- Kriminal romanlar – cinayətlər, qətllər, oğurluqlar və istintaqlar.
- Polis romanları – polis əməkdaşlarının cinayətləri araşdırması və mürəkkəb işləri həll etməsi.
- Casusluq və macəra – gizli təşkilatlar, dövlət təhlükəsizliyi, beynəlxalq təhlükələr və sui-qəsdlər.
- Elmi-fantastika – texnologiya, qeyri-adi silahlar və gələcəklə bağlı elementlər.
- Vesternlər – xüsusilə ABŞ-ın sərhəd bölgələrini və silahlı qarşıdurmaları təsvir edən əsərlər.
- Gənclər üçün əsərlər və digər janrlar.
Science Fiction Encyclopedia onun xüsusilə kriminal və triller əsərlərində dövrün təşkilatlanmış cinayət, terror və siyasi təhlükə qorxularından istifadə etdiyini qeyd edir
Creasey-in ən tanınmış obrazlarından biri Richard Rollison, yəni “The Toff”dur. Rollison yüksək sosial təbəqəyə mənsub, imkanlı və nüfuzlu bir şəxsdir. Lakin o, adi varlı adam obrazından fərqlənir: cinayətlərin araşdırılmasına və insanların müdafiəsinə qarışır. Silsilə 1938-ci ildə “Introducing the Toff” əsəri ilə başlayıb və sonrakı onilliklər ərzində çoxsaylı kitablarla davam edib. “The Toff” obrazının əsas xüsusiyyəti onun həm sosial mövqeyindən, həm də müşahidə və araşdırma qabiliyyətindən istifadə etməsidir.
Digər məşhur obrazı John Mannering, yəni The Barondur.
Bu əsərləri Creasey əsasən Anthony Morton təxəllüsü ilə yazırdı. İlk Baron romanı “Meet the Baron” 1937-ci ildə nəşr olunub. Silsilədə Mannering-in cinayət dünyası ilə əlaqəli hadisələrə qarışması, oğurluqların və mürəkkəb cinayətlərin arxasındakı həqiqəti üzə çıxarması təsvir edilir. Baron obrazı o qədər məşhurlaşmışdı ki, sonradan televiziya ekranına da uyğunlaşdırılıb.
John Creasey-in həyatının ən maraqlı tərəflərindən biri onun yazıçılıq yolunda yaşadığı uğursuzluqlardır. O, yüzlərlə dəfə rədd cavabı almasına baxmayaraq yazmağa davam edib. 743 rədd cavabından sonra nəhayət əsərləri nəşr olunmağa başlayıb. Onun həyat hekayəsi buna görə yazıçılıq tarixində səbr və inadkarlığın nümunələrindən biri kimi xatırlanır. Maraqlıdır ki, 1937-ci ildə onun “Meet the aron” əsəri uğur qazanıb və bundan sonra karyerası daha da sürətlənib.
Rəsmi bioqrafiyaya görə, həmin əsəri yazarkən maddi çətinlik içində olduğundan kitabı karbon kağızına yazmalı olub. Creasey-in əsərləri yalnız İngiltərədə deyil, ABŞ-da və başqa ölkələrdə də geniş yayılıb. Rəsmi müəllif mənbəyinə görə, onun əsərləri 25-dən çox dilə tərcümə edilib və 80 milyondan çox nüsxə satılıb.
Bu göstəricilər onu XX əsrin ən kommersiya baxımından uğurlu kriminal yazıçılarından birinə çevirib. John Creasey 9 iyun 1973-cü ildə, İngiltərənin Wiltshire bölgəsində vəfat edib. Onun ölümünə qədər yaradıcılığı davam etmiş və ölümündən sonra da bəzi əsərləri nəşr olunub.
“Ədəbiyyat və incəsənət”
(17.09.2026)


