İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Hörmətli oxucu! Söhbət xalq arasında geniş yayılmış bayatıdan və rəvayətdən getməyəcək. Azərbaycan Respublikasının xalq şairi X.R.Ulutürkdən və onun “Apardı sellər Saranı” əsərindən, onun nəşr tarixindən gedəcək.
O X.R.Ulutürkdən ki, Ümummilli liderimiz H.Əliyev şairin vəfatı ilə əlaqədar vida mərasimindəki çıxışında demişdir: “…O, daim Azərbaycanın müstəqilliyi duyğuları ilə yaşamış, həyatının şüurlu hissəsini buna nail olmağa sərf etmiş, böyük xidmətlər göstərmişdir”.
B. Vahabzadə isə onu “millətimizin istiqlal mücahidi” adlandıraraq yazırdı ki, “onun zəngin və mərdanə poziyası da məhz Vətən və xalq idealları ilə mayalandığı üçün əsrlər boyu ürəklərdə yaşayacaqdır".
Azərbaycanın yorulmaz azadlıq mücahidi Xəlil Rza Ulutürkün Azərbaycan xalqının yaddaşında yaşayan məlum folklor motivindən qaynaqlanan “Apardı sellər Saranı” əsəri də Azərbaycan ədəbiyyatında xalq yaddaşı, tarixi hadisələr və insan taleyinin faciəsi ilə bağlı diqqətçəkən əsərlərdən biridir. Əsərin adı Azərbaycan folklorunda geniş yayılmış “Apardı sellər Saranı” ifadəsini xatırladır. Bu baxımdan poema xalqın yaddaşında yaşayan bir motivin bədii şəkildə yenidən işlənməsi təsiri bağışlayır.
Lakin Xəlil Rza bu əhvalatı olduğu kimi nəql etmir. O, folklor motivini tamamilə başqa, milli-tarixi məna ilə yükləyir. Şairin əsas poetik dönüşü budur: “Saranı sellər aparmadı” — Saranı yad qüvvələrin Azərbaycana uzanan əlləri apardı. Ədəbiyyatşünaslıq mənbələrində də qeyd olunur ki, şair qədim Arpaçay əfsanəsini deyil, Sara obrazının faciəsi fonunda Azərbaycanın faciəsini ifadə etmişdir. Şair üçün Sara bütöv Azərbaycandır. Saranın faciəsi Azərbaycanın faciəsidir. Günahkar isə Arpa çayı deyil, Azərbaycanın başına gələn bəlalara drijorluq edən “Şahənşah bağı” və “Qış sarayıdır”.
Yox, bunu görməyin Arpa çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından,
Yurduma uzanan əllər apardı.
Bu səbəbdən əsərin mövzusunu belə formalaşdırmaq daha doğru olar: folklordakı Sara faciəsi əsərin zahiri süjet mənbəyidir; əsas mövzu isə yad qüvvələr tərəfindən Azərbaycanın tarixi parçalanması, düşmən qüvvələrin işğalçılıq siyasəti və baş vermiş milli faciədir.
Əsərin əsas ideyasını isə belə ifadə etmək olar: xalqın milli yaddaşını qorumaq, tarixi faciələrdən nəticə çıxarmaq, soydaşlarımızı Azərbaycanın ərazi və mənəvi bütövlüyünə, azadlığına və müstəqilliyinə nail olmağa səsləmək.
Bu əsər B.Vahabzadənin 1959-cu ildə yazılmış “Gülüstan” poemasının məntiqi və məfkurə baxımdan davamı hesab olunur.
Mənbələrdə 1960-cı ildə yazılmış “Apardı sellər Saranı” əsərinin poema janrında olduğu, daha dəqiq desək, epik-lirik poema xarakteri daşıdığı qeyd olunur. Burada hadisələrin təsviri, tarixi motivlər və müəllifin emosional münasibəti birləşir.
Biz isə əsas diqqəti poemanın nəşr tarixinə cəlb etmək istərdik, Uzun müddət şapına icazə və imkan verilməyən əsərin dərc olunduğu tarix və mənbələr fərqli-fərqli göstərilir.
Məsələn, bir mənbədə əsərin ilk dəfə 1961-ci ildə “Azərbaycan” jurnalının 2-ci sayında dərc edildiyi qeyd olunur. (https://ali-shamil.tr.gg/Dissident-sora%26% 23287%3B%26%23305%3Bnda.htm?hl=ru-RU)
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi bibllioqrafiyada isə Xalq şairi X.R.Ülutürkün əsərləri, həyat və yaradıcılığı, içtimai-siyasi fəaliyyəti haqqında toplanmış materiallarda (Bakı-2017, səh: 143) isə əsərin ilk dəfə 1991-ci il noyabrın 7-də Bakıda “Bərəkət” qəzetində dərc olunduğu göstərilir. Burada çap olunmuş material həm də “Məftillərə sarınmış yaralar” poemasından bir parça kimi təqdim olunmuşdur.
Lakin “Şəki təqvimi” adlı facebook səhifəsində (Aze.wiki) 07 avqust 2026-cı il tarixdə yerləşdirilmiş tarixi fakt və arxiv fotosu isə başqa həqiqəti ortaya çıxarır. Oradan belə məlum olur ki, X.R.Ulutürkün “Apardı sellər Saranı” əsəri ilk dəfə 1960-cı ildə “Nuxa fəhləsi” qəzetinin (redaktoru M.Abbasov) 41-ci sayında, təxminən yaz aylarında dərc edilmişdir (https://www. facebook.com/share/p/18EiARkqmp/). Həm də B.Vahabzadənin “Gülüstan” poemasından 6 ay əvvəl.
Əgər “Gülüstan” əsərinin həmin qəzetin 23 oktyabr 1960-cı tarixli 127-ci sayında dərc olunduğunu nəzərə alsaq, onda belə məlum olur ki, “Apardı sellər Saranı” əsəri həmin ilin aprel ayında dərc olunmuşdur.
Sosial şəbəkədəki (Aze.wiki) vizual sübut da bunu təsdiqləyir.
“Ədəbiyyat və incəsənət”
(11.09.2026)


