“Biri ikisində” – Vaqif Yusifli Aypara Ayxanın şeirləri barədə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün də sizləri Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik. Qocaman tənqidçi bu dəfə gənc şair Aypara Ayxanın şeirləri barədə söz açır.

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 Vaqif  YUSİFLİ

ƏDƏBİ   FRAQMENTLƏR

AYPARA  AYXANIN  “MUTASİYA”SI

 

 Ya rəbb, bəlayi-eşq ilə qıl aşina məni,

 Bir dəm bəlayi-eşqdən etmə cüda məni.

                                    (M.Füzuli)

 Azərbaycan poeziyasından qırmızı xətt kimi keçən bu beyt insanın  ən ali hissi olan Eşqin məna və mahiyyətini simvollaşdırır. Böyük Aristotel də demişdi ki: “Dünyanın heç bir neməti  insanı sevgi qədər  doydura bilməz”. İnsan çörəksiz, susuz, havasız yaşamadığı kimi, sevgisiz də yaşaya bilməz. Siz elə bir Azərbaycan şairi  tapa bilməzsiniz ki, sevgi xətti onun yaradıcılığından keçməsin. Bizim əksər şairlərimizin ilk şeirləri gənclik duyğularının zili, bəmi olan sevgilər deyilmi?  Və illər keçdikcə, o sevgi hissləri  daim xatırlanıb.

XX əsr Azərbaycan poeziyasında hansı şairi sırf məhəbbət şairi kimi fərqləndirmək olar? Yəni o mənada ki, onun yaradıcılığında bütün mövzuların şahı sevgi olsun; “Sevgi  bir kiçicik qəlbə sığsa da, Bəlkə, sevgi özü bir kainatdır” məqamından (Nəbi Xəzri). Bu sevgi kainatını  biz Füzuli yadigarı Əliağa Vahidin qəzəllərində görürük (“Vahidəm, xalqımın qəzəl şairi, Məhəbbət şairi, gözəl şairi”)… O kainatın ayrı-ayrı “hissələrini” istənilən şairimizin şeirlərində tapa bilərik.  Amma bizim nəslin yaddaşına  Nüsrət Kəsəmənli  əsl sevgi şairi kimi daxil oldu. Niyə? O səbəbdən ki, onun şeirlərində yaşanılan hisslər, ürəkdən qopan duyğular inandırıcıydı. Söhbət ondan getmir ki, Nüsrət Kəsəmənli daha çox ayrılıqdan, “Getmək istəyirsən, bəhanəsiz get” məqamından söz açırdı, söhbət ondan gedir ki, Nüsrət Kəsəmənlinin lirik qəhrəmanı  (şair “Mən”i)  öz hisslərində səmimi idi - o, bütün varlığıyla sevgi aləmində yaşayırdı, saxta “sevgi oyununa” meyil eləmirdi. İlk şeir kitabı “Mutasiya”nı çap etdirən Aypara Ayxanın sevgi şeirləri ilə söhbəti davam etdirək.

Aypara Ayxanın “Mutasiya” şeirlər kitabının başlıca qayəsi də acı bir “sevgi nağılı” fonunda bu mutasiyanın-dəyişilmənin səbəblərini açıqlamaqdır. “Sevgi nədir?” sualını vermiş olsaq, Ayparanın şeirlərindən belə bir cavab alınar: “Sevgi kədərdir, qüssədir, qarşılıqlı tərəfin vəfasızlığı, etibarsızlığı, gəlməyi bilinməyən gedişidir, sevginin müqəddəsliyinə, ülviliyinə inanan məsum bir qəlbin aldanışlarıdır...” İzah üçün yenə sözlər tapa bilərik. Gəlin, bu sevginin ibtidasından başlayıb sonuna varaq:

 

SEVGİ  ANDI belə başlayır:

 

Səni zirvələrin qarı

Sevdiyi kimi sevirəm.

Durnaların ilk baharı

Sevdiyi kimi sevirəm.

Körpə ana ağuşunu

Sevdiyi kimi sevirəm.

Bülbülün gülü, çəməni,

Dağların sisi, dumanı,

Göyərçinlərin səmanı

Sevdiyi kimi sevirəm.

 

Bu istək, bu inam  təbiidir, yalan deyil. Hərçənd ki, buna oxşar müraciətlərə şeirlərdə tez-tez rast gəlirik.

 Sevən insanın  həyəcanlı günləri. Onun keçirdiyi hisslər, duyğular...  Əgər bu sevgidirsə, onu ürəyində daşıyan qadın tənhalıqla, yuxusuz gecələrlə, darıxmaqla baş-başa qalmalıdır:

   

          Qəlbim yaralı quştək çırpınır sol qəfəsdə,

    Mən sənsiz darıxanda.

    Sevincim qaçaq düşür, üzdən nəşə çəkilir,

    Gözümdəki yuxular birdən ərşə çəkilir,

    Ürəyim manqal üstə sanki şişə çəkilir.

   

Sonra HƏSRƏT gəlir.  “Bahar ətirli eşqin” üstünə  qar yağır, dolu düşür:  

 

    Nə qədər ürəkdən sevsək də, fəqət

   Kədər, iztirabdır yolu bu eşqin.

    Səadət günəşi doğsun deyərkən,

    Üstünə yağır qar, dolu bu eşqin.

 

Sevgidə qarşılıqlı münasibətlər fənayə uğrayırsa, Hicran - Ayrılıq qılıncları  bu sevginin qarşısını sədd kimi kəsir. Xatırlayaq M.Füzulinin “Leyli və Məcnun” poemasını. Məcnun Leyliyə xitabən deyir: “Gər mən, mən isəm, nəsən sən, ey yar? Vər sən, sən isən, nəyəm məni-zar?”  Aypara Ayxanın  lirik qəhrəmanı-sevən qadın da eyni hissləri keçirir:

  

         Yad oldun, yaddan da çox,

  Yandırdın oddan da çox,

   Sevdim həyatdan da çox,

   Sevmədin bir kərə sən.

 

Amma  sevənləri Ümid yaşadır və bu Ümid tükənmirsə…

Həsrətin, Hicranın  küləkləri yaman əsir, amma sevən insan bu hicran yağışına, bu həsrət şimşəyinə  baxmır, gözü həmişə yollara dikilir. “Ürəyimi  intizarda qoyanım, Bu dünyanı görən gözüm, hardasan?” Amma bu son Ümid də barsız-bəhərsiz olur. Ayrılıq sevən qadına  Ölüm kimi görünür. Sevən qadın dərk edir ki, öz qəlbini  bir qəlbsizə əmanət edib. MUTASİYA baş verir... Sevgi nifrətə çevrilir.

Bu da təbiidir – o, sevdiyi insanı  “dünyanın  mərkəzi və kainatı” hesab etmir  daha:

 

Bax, süqut etdi illərlə qəlbimdə  qurduğun imperiyan,

Sultanı olduğun taxtın da devrildi.

Sevgim mutasiyaya uğrayaraq  nifrətə çevrildi.

 

Beləliklə, ibtidası  böyük hərflərlə yazıla biləcək “SEVİRƏM”lə başlayan bir məhəbbətin tarixi  mutasiyaya uğrayır. Kimdir günahkar? Sevən qadınmı? Biz onun sevgidən nifrətə qədər uzanan yolunu izlədik. Əslində, bir qəlbin tarixidir bu. Onun iztirablarına təbii baxırıq. Böyük filosof Hegel deyirdi ki: “Məhəbbətin həqiqi mahiyyəti ondan ibarətdir ki, özünü düşünməkdən əl çəkəsən, özünü başqa “mən”də tapasan”. A.Dümanın bir fikri var: “Hörmət hissindən məhrum olan məhəbbət çox davam etməz və yüksəlməz”. Aypara Ayxanın sevən qadını  özünü başqa bir “mən”də tapa bilmir. Və ona görə də, hörmət hissindən, qarşılıqlı münasibətdən məhrumdur. O sevir, amma sevilmir. Mutasiyaya uğratdığı bu adam kimdir? Bütün şeirlərdə onun sifəti məlum deyil.

Aypara Ayxanın “Mutasiya” şeirlər kitabının başlıca-aparıcı xəttindən söz açdıq. Amma həmin kitabda sırf vətənpərvərlik mövzusunda şeirlər də var. Həm də ucadan, lap ucadan qürur hissilə söyləniləcək şeirlər:

 

İvanın, Karapetin  önündə əyilmədi,

Tarixin sınağından üzüağ çıxdı bu xalq.

Qıra bilmədi heç nə polad iradəsini,

Hürriyyət zirvəsinə  bayrağın taxdı bu xalq.

 

Yurd üçün, bayraq üçün canlarından keçənlər,

Ruhunuzun önündə sayğıyla baş əyirik.

Şəhid oldunuz deyə, bu gün bu torpağa biz

Fəxarətlə, qürurla, şövqlə Vətən deyirik!

 

Aypara Ayxana uğurlar arzulayaq! Arzu edək ki, mövzu dairəsini genişləndirsin, dünyaya, həyata, sevgiyə kədərlə yox, nikbinliklə baxsın.

 

“Ədəbiyyat və incəsənət”

(08.09.2026)

 

 

 

 

 

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.