“Biri ikisində” – Vaqif Yusifli İbrahim İlyaslı barədə Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün sizləri yenə də Tənqid rubrikasında Vaqif Yusifli ilə görüşdürəcəyik. Bu dəfə ustad tənqidçi şair İbrahim İlyaslının yaradıcılığına göz yetirir.

 

Layihə ən dəyərli bədii nümunələri gündəmdə saxlamağa xidmət edir.

 

 Vaqif  YUSİFLİ

 

ƏDƏBİ   FRAQMENTLƏR

 

SAZIN  KÖYNƏYİNDƏN  KEÇƏN ŞAİR – İBRAHİM  İLYASLI

 

 

On beş il öncə gözəl şairimiz İbrahim İlyaslının şeirləri haqqında bir resenziya yazmışdım. Onu gənc şair kimi təqdim etmişdim. İllər keçib, İbrahimin şeirlərində o gənclik ruhu indi də yaşayır. Yəni o şeirlərin poetik intonasiyası, düşüncə tərzinin gəncliyə məxsus coşqunluğu heç dəyişməyib. Ona görə, İbrahimi hələ də GƏNC ŞAİR hesab edirəm.

 

Onu bir şair kimi səciyyələndirənlər yazırlar ki, İbrahim İlyaslı sazın ruhunu şeirində yaşadan aşıq-şairdir. Məsələn, tənqidçi həmkarım Rüstəm Kamal doğru buyurur ki, “İbrahim İlyaslı aşığın dilini-lüğətini, qoşma, gəraylı qanunları ilə  fonetik düzənini gözəl bilir. Aşıq şeirinin forma-şəkil tərəflərini, aşıq şeirinin fəlsəfəsini dərindən mənimsəməsi də bu üzdəndir”. Amma mən onu təkcə aşıq şeirinin nəzm və şəkillərində - gözəl qoşmalar, gözəlləmələr, gəraylılar yaradan  bir şair-aşıq kimi yox, həm də müasir poetik təfəkkürə malik bir şair kimi səciyyələndirirəm. Qoşmanı, gəraylını hamı yazır, amma bu say çoxluğunda yaddaqalan nümunələr azdı. Əksər müəlliflər qoşma və gəraylının özünü yox, onun şəklini yaradırlar. İbrahimin qoşma və gəraylıları içərisində bu iki şeir formasını mükəmməl şəkildə təqdim edən nümunələrlə rastlaşırıq.

Nədir onun qoşma və gəraylılarının özəlliyi? İbrahim İlyaslı  ənənəvi  xalq-aşıq şeirinə xas olan xüsusiyyətləri çox gözəl mənimsəyib. Onun bəhrələndiyi mənbə, ilk növbədə, klassik aşıq şeiridir-Aşıq Ələsgərin, Xəstə Qasımın, Abbas Tufarqanlının, Aşıq Alının, Hüseyn Bozalqanlının, Aşıq Şəmşirin əsrlər boyu yaratdıqlarıdır. İbrahimin qoşma və gəraylılarında məhz o ustadların nəfəsi duyulur. Sözlər, ifadələr, bədii təsvir vasitələri o ustadlardan gəlir, amma “köhnə havalarda” yeni notlar səslənir:

            

          Səni görən divanədi,

          Bilirəm, səndən ötəri.

          Göz yaşımla dağı-daşı

          Dəlirəm səndən ötəri.

 

          Uydurmadım daha nələr?

          Tükənibdi bəhanələr.

.         Qonşunuza axşam-səhər

          Gəlirəm səndən ötəri.   

 

          İbrahiməm, için-için

          Göynəyirəm, gedir köçün.

          Ölmürəm yaşamaq üçün,

          Ölürəm səndən ötəri!

 

Siz klassik aşıq şeirindəki AŞİQ obrazı ilə tanışsınız. Bu obraz vasitəsilə Dədə Ələsgər də, Xəstə Qasım da, Tufarqanlı Abbas da içərilərindəki qayım-qayım qaynayan pünhan dərdlərini bəyan ediblər. Misal  gətirdiyimiz gəraylıda da duyğusal bir Aşiq öz sevgisini izhar edir. Bu gəraylı  bizim aşıq  poeziyasının inciləri olan o gözəl gəraylılardan heç də geri qalmır.

İbrahim İlyaslı ovqat şairidir. İnsanın ovqatı isə müxtəlif hadisələrə, içində keçirdiyi hisslərə, duyğulara köklənir. Onun  “Ruhani” saz havasına yazdığı  bir şeiri var, o şeiri hansısa  kədərli hadisədən sonra  qələmə almaq olar. Yəni O AN o şeiri doğurub: “Ruhani” havasını dinləyəndən sonra…

             

          Səsiyin sehrindən qara daş yanır,

          Bulaqlar dil açır, qayalar çopur.

          Elə çağlayırsan, qanım daşdanır,

          Elə eydirirsən, ürəyim qopur.

 

          Bağrımın başına batan oxdumu?

          Yoxsa ki, saplandı xəncər tiyəsi?

          Allahın yoxdumu, Tanrın yoxdumu?-

          Tifaqın dağılsın, adam yiyəsi!

 

          Aman ver, salamat çıxaq sabaha,

          Buna nə Göy dözər, nə də Yer, aşıq.

          Dedim, bir “Ruhani” dilləndir, daha

          Demədim, qətlimə fərman ver, aşıq.

 

İbrahim İlyaslının dünyaya gəldiyi İncə dərəsi məkanı (Qaymaqlı, Aslanbəyli, Kəmərli kəndlərində) Azərbaycan poeziyasına Davud Nəsib, Ağamalı Sadiq, Məmməd İlqar, Akif Səməd, Aslan Kəmərli, Məhəmməd Aslanbəyli, Məmməd Dəmirçioğlu, Rəfail İncəyurd, Mahmud Vəli, Avdı Qoşqar kimi istedadlı şairlər bəxş edib. İbrahimin bu şairlərdən ən çox Akif Səmədlə şair qohumluğu, ürək qohumluğu olub.

          

          Qorxu olmaz, – dedi, – türkün qanında,

          Qılınctək sıyırdı qələmi qından.

          Millətin ruhunda, yurdun canında

          Talanlar öldürdü Akif Səmədi.

 

          Şuşaya dönərik, – dedi, – gün gələr,  

          Qəhr olar yağılar – qalxar süngülər.

          Qaçqınlı, köçkünlü tinlər, döngələr,

          Dalanlar öldürdü Akif Səmədi.

 

          Şairlər tanıdı-yaramaz, yaltaq,

          Könlündə darğalıq, boynunda xalta.

          Həqiqət deyənin dilinə balta

          Çalanlar öldürdü Akif Səmədi.

 

Akif Səməd İbrahim İlyaslının kitablarının birinə yazdığı “Ön söz”də görün nə deyib: “İbrahim İlyaslı rahatsızdır ki, mövzuları Ağamalı Sadiqə, Məmməd İlqara, Məhəmməd Aslanbəyliyə, mənə, daha doğrusu, bizim mövzulara oxşayır. Ancaq gərək zərrəcə rahatsız olmasın bu oxşarlıqdan, bu bənzərlikdən. Əksinə, bənzəməsəydi, soruşardıq ki, “ayə, biz İncə dərəsini yazırıq, ölüm-itim, səbri-qəbri, dağ-aran köçünü, mürid cezvini yazırıq. Bəs sən nə yazırsan?” Yaxşı ki, İbrahimin şeirləri də Cəlalın, Kərəmin halal sazının köynəyindən keçib. Kökü Molla Gülüstanın oxuduğu “Quran”dan su içir İbrahimin ilhamının. İbrahimin  rahatsızlığı bizə, sözə, saza sevgisindəndir. Görəcəksiniz ki, oxşar olduğu qədər orijinaldır. Dünyada eyni iki barmaq izi yoxdur, O, barmaq izi qədər oxşardır. İki eyni qar dənəsi yoxdur, qar dənəsi qədər oxşardır. İki eyni tut yarpağı yoxdur, tut yarpağı qədər oxşardır. Oxşarlığıynan orijinaldır. Orijinallığıyla oxşardır”.

İncə dərəli şairlərdən Məmməd Dəmirçioğlu və Akif Səməd ürfan, təsəvvüf şeirinə meyil etmişlər. İbrahim İlyaslının şeirlərində eynən bu meyli hiss etdim. O da haqqa gedən yolun yolçusu olmaq istəyindədir:

        

          “Yox”dan  yola çıxdım, yol məni getdi,

          Kəm məni kəsdirdi, bol məni getdi.

          Mən sağı getdikcə sol məni getdi,

          Axır ki, sol nədi, sağ nədi, bildim.

 

          Doldu piyalələr, boşaldı camlar,

          Sərxoş damağımı  dəyişdi tamlar,

          Qaranlıq könlümdə yandıqca şamlar,

          Ürəkdən əriyən yağ nədi, bildim.

 

          İbrahim İlyaslı, budurmu qanmaq?

          İşin-peşən oldu tutuşub-yanmaq.

          Haqqı buluncaymış fələyi danmaq,

          Bildim nahaq nədi, haqq nədi, bildim.

 

 İbrahim İlyaslı, mənim fikrimcə, müasir poeziyamızda Məstan Günərdən sonra ən gözəl QOŞMA yaradan şairlərimizdən biridir. O, qoşmanı məhz QOŞMA kimi yazır – onun əsrlərdən bəri yaşanan forma gözəlliyini saxlamaqla yanaşı, həm də məzmununa yenilik gətirir. Öz kəndinə həsr etdiyi qoşmadan iki bəndə diqqət yetirək:

 

          Yenə səni andım, sinəm göynədi,

          Başıma hərləndi Yer, Aslanbəyli.

          Hər daşın, hər qayan  bir kitabədi,

          Təpədən dırnağa sirr, Aslanbəyli.

 

          Sən donan heyrətim, yanan ahımsan,

          Üzümə açılan hər sabahımsan,

          Andımsan, qibləmsən, qibləgahımsan,

          Ocaq Aslanbəyli, Pir Aslanbəyli.

 

İbrahim İlyaslı həm də gözəllik şairidir. Bu, o deməkdir ki, o, klassik aşıq-şairlərin və Molla Pənah Vaqifin yolunu davam etdirir. Amma təbii ki, onları təkrar etmir, çalışır, o gözəlləmələr sırasına bir yenisini qata bilsin:

                   

          Tanrım, bu gözəli Sən yaradıbsan,

          Nurdan yoğurubsan mah camalını.

          Tullayar tacını ayaqlarına,

          Görsə dərgahında şah camalını.

 

          Onu görənlərin gün deyil günü,

          Görürsən ərşdəki fəryadı, ünü...

          Meh vurub oynadır qara zülfünü,

          Gah köksünü örtür, gah camalını.

 

          Məni bu heyrətdə bir az da əylə,

          Ahımı xəncər et, bağrımı teylə.

          Qanımı qaşına vəsməlik eylə,

          Bəzəsin çəkdiyim ah camalını.

 

Mən İbrahim İlyaslı adlı istedadı aşıb-daşan bir şairdən söz açdım. Onun şeirlərini siz də oxuyun…

 

“Ədəbiyyat və incəsənət”

(03.09.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.