“Yoxluğum daş kimi çökər çiyninə, peşmanlıq içində yandırar səni” Featured

Habil Yaşar,

“Ədəbiyyat və incəsənət” portalının Ədəbiyyat şöbəsi

 

Yenidən Təqdimat rubrikasındayıq. İstəkli oxucularımıza gənc yazar Gülər Nizamiqızının bir neçə şeirini təqdim edirik. Gülər poeziyada ilk addımlarını atır. Odur ki onun şeirlərini bir həvəskar şeir sevdalısının şeirləri olaraq qəbul edin, onda nöqsan axtarmağa çalışmayın. Şeirlər ümidvericidir, onlarda gələcəkdə yazılacaq yaxşı şeirlərin rüşeymləri aydın görünür. Ona uğurlar arzulayırıq.

Xoş mütaliələr.

 

Gülər Nizamiqızı

Darıxmaq

 

Gəl birlikdə darıxaq, tək darıxmaq bağırır,

Səssiz-səmirsiz çökən bu darıxmaq yandırır.

Gözlərimdə quruyan o son damla yaş belə

Sənsizliyin içində darıxmağa çağırır.

 

Belə darıxmaq olmur, bu darıxmaq dondurar,

Bütün şirin xəyalı içimizdə soldurar.

Mən bu ağır həsrətin yükünü daşıyarkən,

Sənin soyuq sükutun dünyamı utandırar.

 

Darıxmaq ruhu dən-dən, parça-parça aparar,

Darıxmaq hər addımda bir ümidi qopardar.

Mən günəşdən incidim, gəlməyən sabahlardan,

Bu dəhşətli darıxmaq bənd-bənd məni qopardar.

 

Özüm Uydurmuşam

 

Sən demə xəyalmış, uydurmuşam mən,

Özüm bəzəmişəm bu boş sevgini.

Mən səni sevmişəm candan, ürəkdən,

Sən demə heç zaman sevmədin məni...

 

Gözümdə böyüdüb bir dağ eylədim,

O soyuq daşlara ürək bələdim.

Nə bir iz buraxdın, nə bir hissi verdin,

Mən özüm-özümə nağıl bəslədim.

 

Yalanmış baxışlar, yalanmış hər söz,

Alovsuz, tüstüsüz yandırdı bu köz.

İndi bu həqiqət göynədir canı:

Yox imiş bu eşqin heç bir ünvanı...

 

Axtararsan məni

 

Gecənin zülməti ruhunu sıxsa,

Ağrılar sinəndə tonqal qalansa,

Çarəsiz baxışın yollarda qalsa,

O soyuq otaqda axtarsan məni.

 

Ətrafda çox insan olar, bilirəm,

Amma ki, bir qəlbi tapmazsan daha.

Dərdini bölüşmək istəyən zaman

Özünə bir həmdəm tapmazsan daha.

 

Yoxluğum daş kimi çökər çiyninə,

Peşmanlıq içində yandırar səni.

Gözün tək qaldığın o son nöqtədə,

İtirən tərəfdə axtarsan məni...

 

Görünməz oldum

 

Gözünün önündə durmuşam yenə,

Baxırsan, amma ki, görmürsən məni.

Nə vaxtsa bir ömür verirdim sənə,

İndi yad bir kəs də sanmırsan məni.

 

Uzaqda olsaydım, arardın bəlkə,

Həsrətin qəlbində yanardı közü.

Yaxında olmağım bağışlanmaz səhv,

Görməzə vurursan qarşında bizi.

 

Nə bir kəlmə dindir, nə halımı sor,

Körpülər uçulub, yollar bağlandı.

Gözünün önündə görünmək də zor,

İçimdə son ümid belə yalandı...

 

Özüm uydurmuşam

 

Sən demə xəyalmış, uydurmuşam mən,

Özüm bəzəmişəm bu boş sevgini.

Mən səni sevmişəm candan, ürəkdən,

Sən demə heç zaman sevmədin məni...

 

Gözümdə böyüdüb bir dağ eylədim,

O soyuq daşlara ürək bələdim.

Nə bir iz buraxdın, nə bir hissi verdin,

Mən özüm-özümə nağıl bəslədim.

 

Yalanmış baxışlar, yalanmış hər söz,

Alovsuz, tüstüsüz yandırdı bu köz.

İndi bu həqiqət göynədir canı:

Yox imiş bu eşqin heç bir ünvanı...

 

Bu şəhər gözümdə

 

Bu şəhər gözümdə bir zindan oldu,

Qaçdım, arxamca da yürüdü dərdim.

Darıxmaq ruhumu yandırdı, yaxdı,

Amma ki biir daha sənə dönmədim.

 

Ömür dözmür daha bu ağır yükə,

Xatirən hər küncdə qarşıma çıxır.

Gedirəm, bu şəhər qalsın yiyəsiz,

Məni həsrət deyil, sənsizlik yıxır...

 

“Ədəbiyyat və incəsənət”

(28.08.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.